Yeddi müəllif
Bu səfər yenə də musiqi haqqında
danışacağıq. O musiqi ki, yaradılışı ən
maksimal səviyyədə təmsil edir. Musiqinin müqəddəsliyi
müqəddəsliyin musiqisindən yaranmışdır.
Bir əhvalat danışmaq, bəlkə də
uydurmaq istəyirəm. Deyirlər, Tanrı musiqini bir
işıq topu kimi göylərdə tuturdu. Sonra bir alman
dahisi onu elə göylərdə yaxaladı və bizə tərəf
çəkməyə başladı. Bu dahinin adı, heç
sözsüz ki, İohan Sebastian Bax idi!
Mövzu seçimimizdəki
unikallıq ondan ibarətdir ki, önümüzdəki
bütün maneələr, o cümlədən din, milliyyətçilik
və bu tip digər təəssübkeşlik divarları
çox asanlıqla yıxılaraq, öz yerini gözəlliyin
həqiqətinə, dolayısı ilə, həqiqətin
gözəılliyinə verir. Heç burada məğlubiyyətin
etirafına da gərək qalmır. Sərhədlər,
maneələr elə gözəl, elə rəvan bir şəkildə
yıxılır ki, adamın həmin o "dinçilərə",
"milliyyətçilərə" və bütün
pataloji təəssübkeşlərə, sadəcə
yazığı gəlir. Çünki,
zamanında Sebastian Baxın ən böyük düşmənləri
elə alman xristianları idi. Onların da təxminən
yüz il sonrakı etirafı da daldan
atılan gül dəstəsi kimi topuğa dəydi. Bəli,
nə az, nə çox, yüz il lazım oldu ki, Feliks
Mendelson ortaya çıxsın və "Matfeyin əzabları"
adlı tarixin ən böyük incəsənət nümunəsini
ifa edərək, bütün Dünyaya sübut etsin ki, bir
zamanlar Bax adında dahi bir bəstəkar olub. Özü də
bu yüz il, Baxın ölümündən
sonrakı yüz ildi. Yəni, onun həyatını da bu
yüz ilin üstünə gəlin və görün,
Tanrıya nə qədər bağlı olasan ki, nə
sağlığında, nə də ölümündən
yüz il sonra səni
tanıyacaqlarını bilə-bilə yazasan, yaradasan! Bu, insana məxsus bir güc deyil. Bunu ancaq
Tanrı bacarar! Məçhur bir misal var, deyərlər
ki, ən böyük bəstəkar Motsartdır. Bəs
Bax?! O bəstəkar deyil, katibdir! Bəli,
İohan Sebastian Bax heç nəyi öz iradəsi və
öz gücü ilə yazmadı. O sadəcə, diqtə
olunanı kağıza və oradan da klavirə
köçürdü.
Bu gün dünyada Baxsız bir saniyə belə
keçmir. Dünya buna mexaniki olaraq məcburdur. Çünki, heç nə olmasa belə, ibtidai
musiqi məktəblərindən tutmuş, ən nəhəng
profesional ifaçılıq müsabiqələrinə qədər,
Baxın əsərləri "məcburi proqram" deyilən
bir prosedurdur. Allah eşqinə, siz söyləyin,
başqa hansı yaradıcıya nəsib olar ki, onun əsərlərini
həm beş yaşında uşaq, həm
də dünya şöhrətli beynəlxalq müsabiqələr
qalibi ifa etsin?! Bu sifət ancaq və ancaq bir
yaradıcı olaraq, Tanrıya məxsusdur. Yalnız Onun əsərlərini hər kəs eyni
susuzluqla həzm edə bilir. Baxa qədər
musiqi yox idi desək, yalnızca üzdə yanılmış
olarıq. İçdə isə, yerdən
göyə qədər haqlıyıq. Yuxarıda
dediyimiz qızıl top məsələsinə bir də
qayıdaq. Bax təkcə temperasiyanı
yaratmadı. O həm də musiqini, yəni
Tanrının səsini anlaşılan hala gətirdi. Onu bizə yaxınlaşdırdı, onu əlçatan
elədi. Bu mənada hər şey Baxdan
sonra başladı. Nə hikmətdisə,
üzərindən üç yüz ildən artıq zaman
keçib, ancaq Dünya musiqisi hər yeni doğan planet kimi o
Günəşin, yəni Sebastian Baxın cazibəsindən
çıxa bilmir. Onun cazibəsindən çıxan hər
şey məhv olur demirik, çünki dedik ki, heç nə
onun cazibəsindən çıxa bilmir!
Musiqi hər yerdə mövcuddur. Başqa
sözlə desək, hər yerin öz musiqisi var. Hər evin
öz adəti, öz yeməyi, öz qoxusu olan kimi. Çinin də, İslam Şərqinin də, Rusiya
və Qıpçaq çöllərinin də, antik Yunan və
Balkanların da. Lakin, milli və dinsəl
təəssüb buraya qədər işə yarayır.
Bundan o tərəfi isə, sadəcə
aqressiyadır. Heç kimsə "bizim
musiqimiz Dünyadakı hər şeyin üstündədir"
deyə bilməz. Deyirlər, ancaq belə
bir haqqa, belə obyektivliyə sahib deyillər. Onlar sadəcə, sözün nə dərəcədə
ucuzlaşa biləcəyini nümayiş etdirirlər.
Çünki işin içində "bizim" var. Bəlkə
də "mənim" kəlməsi "bizim" kəlməsindən
daha üstündür. Zira, fərdi eqonu yenə
nə iləsə izah etmək olar. Ancaq toplumsal
üstünlük dəliliyə belə sığmr!
"Folklor" xalq sənəti deməkdir. Fəqət
profesional musiqi xalq sənəti yox, Haq sənətidir. Yəni,
toplumun dayazlığa məhkum olan ümumiləşmiş
duyğularını deyil, fərdin dərinliyə sahib olan
xüsusiləşmiş duyğularıdır. Bu duyğular
Tanrı tərəfindən bağıraraq söylənilməz.
Ümumiyyətlə, Tanrının bacarmadığı yeganə
iş zordur! O özünü qulaqlara və oradan qəlblərə
əmanət etmişdir. Şərqin sufiləri demişkən,
sözünü xəlq içində yox, xülq içində
söylər. Yəni, xilqətin əslinə, batininə
xitab edər. Elə buna görə də seçilmişlərin
heç nəyi, hətta adları belə, nəinki təsadüfi
deyil, hətta hesablanmış bir teologiyadır. Məsələn,
elə Baxın öz adına, daha doğrusu, o məşhur
soyadına nəzər salaq. Anqlo-sakson əlifbası ilə,
bu ad BACH şəklində yazılır. Latın
qrafikasında da bir növ ərəb əlifbasındakı əbcədə
bənzər, ancaq çox sadə bir rəqəmsal sistem
vardır. Belə ki, hərfləri təmsil edən rəqəmlər
onların əlifbadakı yeri ilə mütənasibdir. B hərfi
2, A hərfi 1, C hərfi 3, H hərfi isə 8 rəqəmini
ifadə edir. Bunların toplamı isə 14 edir ki, bu rəqəmin
də demək olar ki, bütün mədəniyyətlərdə,
o cümlədən də monoteist dinlərdə xüsusi yeri
və simvolikası vardır. Məsələn, islamiyyətdəki
14 məsumdan tutmuş, hürufilikdəki 14 xət və
cizgiyə qədər bir çox şey bu rəqəmlə
qeyri-təsadüfi şəkildə simvolizə edilir. Eləcə
də xristianlığın özündə Tanrı, İsa
və on iki həvvari olaraq, 14 rəqəmi müqəddəslik
artibutu sayılır. Eləcə də bu sıralamanı
Tanrı, Məcdəlili Məryəm (Mariya Maqdalena) və on
iki həvvari kimi yorumlayanlar da var. Ümumiyyətlə isə,
Baxın bütün əsərləri rəqəmsal simvolika
ilə elmi şəkildə izah edilir. Onu da qeyd
edək ki, təxminən eramızın 4-cü əsrinə
dayanan mənbələrə əsasən, tarix boyu musiqi bir
incəsənət nümunəsi olaraq yox, rəqəmləri
təmsil edən dəqiq mexanika kimi qəbul və dərk
edilmişdir. Cəsarətlə demək olar ki, Sebastian
Bax musiqini təkcə kilsənin monopoliyasından
çıxarmadı, həm də onu gözəlliyin və fərdi
insan ronantikasının sərhədlərinə
yaxınlaşdırdı və onu mümkün hala gətirdi.
Yəni, musiqini hesablama mexanikasına yardım edən bir
şeydən arta, yəni incəsənətə çevirdi.
Məhz Baxdan sonra, tərs məntiqlə
düşünsək, "bizim" musiqi anlayışı
formalaşmağa başladı. Belə ki, Baxdan sonra "bizim" olmayan, hər kəsin
musiqisi yarandı. O zamana qədər Şərqdə də,
Qərbdə də Tanrının səsi başqaydı,
xalqın foklorik estetik məfkurəsi başqa. Yox, Sebastian
Bax onları birləşdirmədi. O, Tanrını insan
səsiylə dilləndirdi.
Baxın adındakı rəqəmlərlə,
hərflərlə və onların səslərlə
bağlantısıyla əlaqədar başqa bir gözəl
və əsrarəngiz məqama da nəzər yetirmək istərdik.
Almancadakı BACH kəlməsini oktava daxilindəki səslərin
başqa adlarıyla, yəni C (Do), D (Re), E (Mi), F (Fa), G (Sol), A
(Lya), H (Si) ilə assosiasiya edək; belə ki, orta əsrlər
Avropasında birinci səs Do yox, Lya hesab edilirdi. Necə ki,
bütün Şərq məqam musiqisində birinci pərdə
"Rast" olaraq, Sol notu olmuşdur və profesional Şərq
muğam nəzəriyyəsində bu, indi də belədir.
Beləliklə, B Si bemol, A Lya, G Do, H Si olaraq, dörd səsdən
ibarət gözəl bir melodiya alınır. Yanında musiqi
aləti olanlar elə indicə bu anı praktik sınaqdan
keçirə bilərlər. Bu melodiya təkcə gözəl
deyil, həm də klassik barokkonun təməl melodik törəmələrinin
ana xəttini təşkil edir. Bu estetikanın ülviliyi və
Tanrısallığı, ancaq eyni zamanda əlçatan
insaniliyini o qədər gözəl, o qədər cazibədardır
ki, deyirlər Baxı sevməyən, ümumiyyətlə,
musiqidən heç nə anlamır! Kobud səslənsə də
həqiqətdir və yuxarıda söylədiyimiz kimi, məğlub
olanların üzücü etirafına da ehtiyac qalmır.
Bu səfər yenə də musiqinin ciddi və
qəliz tərəfindən söz açdıq. Lakin mən
hər zaman israr etmişəm ki, qeyri-ciddi və asan musiqi
yoxdur. Daha doğrusu, onlar musiqi deyil! Yenə də
hər zaman hayqırdığım kimi, nə
üçün hər kəs rəssam, memar və ya heykəltəraş
ola bilmir, ancaq təhsilsiz, xüsusi olaraq illərini və zəhmətini
sərf etməyən, azacıq musiqi duyumu olan istənilən
şəxs musiqiçi ola bilir?! Mən bu dillemmanı
heç cür çözə bilmədim. Musiqi kimi dərin,
Tanrısal və gerçəkdən də ciddi bir incəsənət
növü necə olur ki, belə asanlıqla populyar
kültürün bir parçasına çevrilə bilir?
Ancaq gözəl və məntiqli bir təsəlliyə də
sahibəm ki, yuxarıda qeyd etdiyim kimi, onlar musiqi deyil.
Çünki, məsələnin kökü kifayət qədər
dərindədir. Necə ki, Lenardo Da Vinçi rəssamlığı
ikonalığın əlindən aldı, eləcə də
Bax musiqini kilsənin hakimiyyətindən xilas etdi. Da
Vinçinin o qədər məsum olmayan heyrətamiz Məsihi,
Baxın mühafizəkar dindarların qulaqlarını
cırmaqlayan "kafir" harmoniyalarına nəinki bənzəyir,
hətta məna və məzmun etibarilə onlarla eyniyyət təşkil
edir. Ancaq Da Vinçi də, Sebastian Bax da rəngləri və
musiqini insaniləşdirmədi, əksinə, Tanrını rəngləndirdi
və musiqiləşdirdi. Baxa qədər insanlar Tanrı
üçün oxuyurdular. Baxdan sonra Tanrı insanlar
üçün oxumağa başladı. Təkcə
ifaçı Baxı ifa etmir, həm də Bax onu ifa edir. Məşhur
Rus bəstəkarı və pianoçusu Sokolovun qəribə
bir xatirəsi var. Deyir ki, gənc yaşlarımda
yaşadığım qəsəbədəki evimizin
qonşuluğunda 13 yaşlı bir qız uşağı
piano dərsinə gedirdi. Bir gün anasından izin alıb ona
baş çəkmək istədim. Və gördüm ki, bu
qızcığaz başqa bəstəkarların pyeslərini
elə-belə, ibtidai təhsil səviyyəsində
çalır, ancaq Baxın prelüdlərini olduqca ürəkdən
və profesionalca ifa edir. Halbuki, ikincilər daha çətin əsərlərdi.
Anası mənim bu heyrətimi anlayaraq, yavaşca
pıçıldadı ki, mənim qızım tez-tez kilsəyə,
dua etməyə gedir və ona görə Baxı belə
yaxşı çalır. Əlbəttə on üç
yaşlı qızcığaz bunu məqsədli və
şüurlu şəkildə etmirdi. Sokolov deyir, mən
başa düşdüm ki, o uşaq ümumiyyətlə
heç nə etmir. Nə edirsə, Bax özü edir. Yəni,
sən onu dərk etdiyin kimi, o da səni dərk edir. Lakin onun
səni ifa etməsi üçün, sənin içində
musiqidən, yəni profesional ifaçılıqdan başqa
şeylər olmalıdır. Bu mənada Bax təkcə musiqi
deyil! O pərgarın iynəsi kimi bir şeydir. Tanrı isə
pərgarın özüdür. Baxdan sonra musiqi nə qədər
genişlənir genişlənsin, həmin pərgarın
özü qədər açılacaq. Tanrı isə, nə
qədər geniş, nə qədər sonsuz pərgar olsa da,
onun məlum bir nöqtəyə dikilmiş iynəsi
vardır. Deməli, hər şey o iynəyə, yəni
İohan Sebastian Baxa bağlıdır!
Bütün bu deyilənləri toparlasaq, belə bir qənaətə gəlmək olar ki, musiqinin müəllifi təkcə bəstəkar deyil. Ortaq düşüncələrdən doğan təxmini hesablamalara görə, musiqinin aşağı-yuxarı yeddi müəllifi vardır. Onlardan birincisi, əlbəttə ki, Tanrının özüdür. Buna başqa nə ad verirsəniz verin, müəllif deyə tanıdığımız bəstəkar ilkin və təməl səsləri özündən yox, başqa bir mənbədən alır ki, yazı müəllifi olaraq, bayaqdan sürdürdüyümüz məntiqə zidd getməyərək, bu mənbənin Tanrı olduğunu iddia edirik. İkinci müəllif təbii ki, bəstəkarın özüdür. Onun əsas fiqur görünməsinin əsas səbəbi isə, özündən sonra gələn beş müəllifin deyil, özündən əvvəl gələn tək müəllifin, Tanrının görünməməsidir. Necə deyərlər, hər şeyi görən Tanrını görməz, çünki hər şey Tanrı deyil. Tanrını görən hər şeyi görər, çünki Tanrı hər şeydir! Üçüncü müəllif notlardır. Məşhur Qvido de Arestonun əvvəl dördxətli və rəngli olub, az sonra rəngsiz beşxətli sistemi həqiqətən də əsas müəlliflərdən biridir. Çünki not bir əlifbadır. Dolayısı ilə, məchulun məluma dönüşməsini təmin edən müqəddəs yazıdır, səmavi kitablara bənzər bir şeydir. Üstəlik, bir bəstəçi olaraq, onu da qeyd edim ki, musiqi notlara töküldüyü zaman müəyyən dərəcədə dəyişilir. Bəstəkarlar çox zaman bu yarımçıqlıqdan şikayət edir. Bu paranormal fenomeni isə çözmək hələ ki, mümkün olmayıb. Dördüncü müəllif isə, gözlənildiyi kimi, ifaçıdır. Bəstəkarın Tanrıdan alıb, notlara çevirdiyini gerçəkləşdirən fiqur. Yəni, eşidilməsi gərəkən görüntünü öz məqsədinə çatdıran bir isim. Burada üç mərhələli bir proses gedir. Musiqi öncə eşidilir - ancaq yalnızca bəstəkar tərəfindən. Sonra isə, o səs yazıya, yəni səsdən görüntüyə çevrilir. Üçüncü mərhələdə isə, bu görüntü təkrar səsə çevrilir. Lakin onu bu dəfə təkcə bəstəkar yox, hamı eşidir. Dördüncü müəllifin, yəni ifaçının incə ayrıntısı, dolayısı ilə müəllifliyi bundan ibarətdir ki, onun interpritasiyasında musiqi tamamilə özünəməxsus və hər dəfə, hər kəsin ifasında yeni əsər olaraq səslənir. Beşinci müəllif musiqi alətidir. Bu çox mühüm və bir qədər də texnika ilə ruhun təmasını ehtiva edən faktordur. Hər musiqini hər alətdə ifa etmək olmaz. Hətta bir musiqini iki eyni alətdə belə ifa etmək çətinliyi də vardır ki, bu da məsələnin çox daha incə məqamlarıdır. Altıncı müəllif akustikadır. Yəni, daha geniş anlamda desək, məkan. Məkanın vacibliyi hətta musiqi janrlarının əmələ gəlməsinə də səbəb olub. Hətta akustika o qədər incə məsələdir ki, bir dəfə dahi Qustav Maler öz simfoniyasının ifa ediləcəyi zalda öncədən məşq edərkən, bir çox alətləri partituradan çıxarmışdı ki, onlar bu zalda səslənməyəcək (yəni pis səslənəcək). Və hələ ki, sonuncu, yəni yeddinci müəllif tamaşaçı, daha doğrusu, dinləyicidir. Bəli, bu müəllif elə-belə dayanmayıb yekun mərhələdə. Əsərin taleyi, yəni onun ömrü, uğuru və uğursuzluğu bu müəllifdən çox asılıdır. Əlbəttə ki, söhbət hazırlıqlı, təhsilli və ciddi dinləyicidən gedir ki, belə bir amil həqiqətən də ciddi bir müsiqinin həmmüəllifi olmağa layıqdir.
Mən isə sonda bütün bəşəriyyətin yaxın aqibətinə ciddi və Tanrısal musiqi arzulayıram. Başqa bir şey əlimdən gəlmir və məncə, bundan başqasına da ehtiyac yoxdur...
Fəxrəddin
Salim
Kaspi 2020.- 20 may.- S.15.