Tamaşa
kimi ad günü
Elman Rəfiyev: "Pantomima
Teatrının 26 illiyini səhnədə qeyd edə bilməsək
də, bu ad günümüz qeyri-adiliyi ilə
yaddaşımıza həkk olundu”
Hər başlanğıc sevgi ilə bəslənir. Bir işə
sevərək, ürəkdən yanaşdıqda, insan
üçün daha doğma və dəyərli olur. Hələ onu sıfırdan özün
yaradırsansa, yıxılanda, bərkə-boşa düşəndə
əlindən tutmağı, təkbaşına ayaqları
üzərinə qaldırmağı, hər çətinliyinə
sinə gərməyi bacarırsansa, o sənin
üçün əvəzolunmaz bir varlığa
çevrilir. O varlıq böyüyür, həddi-bulluğa
çatır, ancaq sən yenə də onu körpə bir
uşaq kimi əzizləyirsən. Bu hər sahədə
belədir, ancaq yaradıcı işdə daha çox fədakarlıq
və səbr, dözüm, istək tələb edir. Sıfırdan teatr yaratmaq, əsasını qoymaq,
sözün əsl mənasında çətin məsələdir.
Hələ bu, yaşadığın məmləkətdə
bir ilkdirsə, sənin üçün daha çətin və
daha məşəqqətli günlərin
başlanğıcı deməkdir. Belə
ki, yeni cığır açmaq, yol-irz bilmədən o
cığırla irəliləmək, edilən qınaqlara, təzyiqlərə
rəğmən dik dayanmaq sizə asan görünməsin.
Bu gün Azərbaycan teatrında yeni cığır
açan və daim yaradıcı potensialı ilə gündəmdə
olan Azərbaycan Dövlət
Pantomima Teatrının 26 yaşı var. Mayın 16-da
növbəti yaşını qeyd edən yaradıcı heyət,
ilk dəfə idi ki, doğum gününü teatrda deyil,
kompüter arxasında keçirirdi. Karantin
günlərinə təsadüf etdiyi üçün
teatrın yaradıcı heyəti 26 yaşını online
şəkildə qeyd etdi. Ötən il
25 yaşlarını təntənəli şəkildə Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında
keçirən teatrın yaradıcı heyəti "bu da
keçər” deyib, şən əhval-ruhiyyədə 26
yaşını salamladı. Sosial şəbəkədə
paylaşılan rəsmləri ilə diqqət doğuran, hər
dəfə "məni öncə aktyor, sonra direktor kimi qeyd
edin” - deyə xahiş edən teatrın aktyoru, direktoru, Əməkdar
artist Elman Rəfiyevi teatrın yaranması günü
münasibəti ilə təbrik etdik.
- Elman müəllim, yəqin ki,
karantin vaxtı keçirilən doğum gününün
ayrı bir ab-havası var. Bu əlamətdar günü hər
il səhnədə qeyd edən
pantomimçiləri bu dəfə online şəkildə təbrik
etmək də ayrı bir hiss olmalıdır.
-
Bildiyiniz kimi, bu, Azərbaycan teatr tarixində ilk Pantomima
Teatrıdır. Teatrın bu növünün əsas
üstünlüklərindən biri onun beynəlxalq dilə
malik olmasıdır. Azərbaycanda Pantomima
Teatrının əsası Xalq artistimiz, dəyərli sənətkarımız
Bəxtiyar Xanızadə tərəfindən qoyulub. Pantomima Teatrı bu 26 ildə Azərbaycan
teatrında bir tarix yaradıb. O tarix ki, bizdən sonra gələn
nəsillər fəxrlə, qürurla vərəqləyə
biləcək. 26 yaşımıza gəlincə isə,
öncəliklə onu qeyd edim ki, hər il
Pantomima Teatrının doğum gününü
tamaşaçılar qarşısında qeyd edirdik. Bu dəfə bizim üçün fərqli və
qeyri-adi doğum günü oldu. Koronavirusun
yayıldığı bu dönəmdə evdə qalıb,
sağlam olmaq üçün biz də qayda-qanunlara əməl
etdik. Düzdür, tamaşaçılar
qarşısına çıxıb, doğum
gününü qeyd etmək tamam başqa bir duyğudur, nəinki
evdə oturub online şəkildə təbrikləri qəbul
etmək. Bu dəfə teatrın
bütün yaradıcı heyəti səhnəyə deyil,
kamera qarşısına yığışmışdı.
Onlar bayram əhval-ruhiyyəsində idilər.
Bu öncədən planlaşdırılan bir
doğum günü deyildi və şərait bunu tələb
edirdi. Biz teatr tariximizdə belə hadisə
yaşamamışdıq. Bu ad
günümüz qeyri-adiliyi ilə yaddaşımıza həkk
olundu. Necə ki, teatrımızın
janrı qeyri-adi və maraqlıdır, doğum
günümüz də bu səpkidə keçdi. Teatrın əsas özəyi
tamaşaçıdır. Tamaşaçı
olmayanda, aktyor bir qədər miskin olur. Mayın
16-da qeyd etdiyimiz teatrın ad günü fərqliliyi ilə
yadda qaldı. Pantomima teatr tarixində ilk dəfə
online şəkildə ad günümüzü qeyd etdik.
Bizim üçün bu doğum günü bir əlamətdar
hadisə olaraq yadda qaldı. Teatrımızın
26 yaşı ərəfəsində cənab prezident
İlham Əliyevin incəsənət xadimlərinə sənətdəki
xidmətlərinə görə verdiyi mükafatları
alanlar arasında aktyorlarımız oldu. Biz
əməkdaşlarımızın adını görəndə
çox sevindik. Belə ki,
teatrımızın yaradıcısı, təsisçisi Bəxtiyar
Xanızadəyə ömürlük prezident təqaüdü
ayrıldı. Bundan başqa,
teatrımızın aktyor heyətindən Nurlan Rüstəmov,
Səbinə Hacıyeva, Nargilə Qəribova Prezident
mükafatına layiq görüldülər. Bu mükafatlandırma bizim üçün elə
ad günü hədiyyəsi idi.
- Pantomima Teatrı 26 ildə nələrə
nail olub?
- 26 ildə
Pantomima Teatrı Azərbaycan tamaşaçısını
pantomimayla tanış edib və onu sevdirməyə
nail olub. Bu qeyri-adi teatr növü Azərbaycanda
yarananda, bəzi insanlar deyirdilər ki, "bu teatr nəyə
lazımdır, orda aktyorlar əl-qolla danışacaqlar?”
O dövrdə bu fikirləri səsləndirənlər
hazırda Pantomima Teatrının
tamaşaçılarıdır. Sevindirici
haldır ki, Pantomima Teatrına dövlət qayğı
göstərdi və teatrımıza dövlət statusu
verildi. Dünyada dövlət statuslu
Pantomima Teatrı, demək olar ki, yox dərəcəsindədir.
Bizim teatr yaranan gündən bu günə qədər
tamaşaçıların sevgisini qazanıb. Pantomima Teatrı bu illər ərzində bir tarix
yaratmaqla yanaşı, bu gün Azərbaycan mədəniyyətində
yenilikçi fikirlərlə çıxış edən,
tanınan və kifayət qədər intellektə sahib olan
savadlı aktyorlar yetişdirdi. Bəxtiyar
Xanızadənin tələbələrinin hər birinin
öz dəst-xətti var. Onlar Pantomima məktəbi
keçiblər.
- İnsanların düşüncəsində belə bir fikir formalaşıb ki, koronavirus uzun müddət bizi tərk etməyəcək və ona görə də hələ xeyli müddət insanların daha çox toplaşdığı məkanlardan uzaq gəzmək lazımdır.
- Mən
bu fikirlə tam razıyam. İnsanların
içində bir qorxu hissi yuva salıb. Bir müddət
tədbirlərdə iştirak etməkdən gen gəzəcəklər,
ta ki bu virus tamamilə yox olacaq. Bu həm teatr, həm
də digər sahələrdə kütləvi tədbirlərin
keçirilməsinə çətinlik yaradacaq. Pandemiyanın ən böyük zərbələrindən
biri də teatra dəydi. Amma inanıram ki,
teatra həvəsi olan insanlar yenə də teatra gələcək,
sevdikləri tamaşaları izləyəcəklər.
- Sosial
şəbəkələrdə olsa da, bildiyimiz qədər,
bu dəfə teatrın doğum gününü
azyaşlı tamaşaçılarla keçirmisiniz.
-
Teatrın yaradıcı heyəti ilə ad günü
görüşünü keçirməmişdən öncə
"Dəyanət” liseyinin şagirdləri ilə online şəkildə
görüşdüm. Bilirsiniz ki, karantin
günlərində məktəblərin, liseylərin
şagirdləri ilə online şəkildə
görüşür, onlarla Azərbaycan teatrı, kinosu ilə
bağlı fikir mübadilələri edirik. Bu da o görüşlərdən biri idi. Ancaq kamera qarşısına keçdikdə,
şagirdlər eyni vaxtda şəbəkəyə daxil olub,
alqışlamağa başladılar. Onlar
öncədən məlumatlı idilər. Pantomima Teatrının tarixi haqqında maraqlanıb,
tamaşalarımız barədə məlumat
toplamışdılar. Təbii ki,
uşaqlar tərəfindən sevilmək və
alqışlanmaq gözəl duyğu idi. Mənim
üçün saf və təmizlik simvolu olan uşaqlar tərəfindən
alqışlanmaq, gözəl sözlər eşitmək
sevindirici idi. Nə gözəl ki, mən
dünən həmin o alqışı uşaqlardan
eşitdim. Bu sevgini heç nəyə dəyişmərəm.
Pantomima Teatrı 26 yaşına qədəm
qoyan gecə sosial şəbəkələrdə məlumat
paylaşdım. Teatr yaranandan bəri əməyi
olan hər kəsə təşəkkürümü
bildirdim. Onların hər birinin zəhməti
sayəsində teatrımız 26 ildir tamaşaçılarla
görüşür. Onlar da öz səhifələrində
paylaşım etmişdilər. Hər kəs
bir-birini sanki bayram günü kimi təbrik edirdi.
Maraqlı məqam o idi ki, bu insanları birləşdirən
bir gün var. O da 16 may günüdür ki, köhnə
pantomimçilər və hazırda bizimlə
çiyin-çiyinə çalışan hər kəs
bir-birini axtarıb arayır, pantomimçilərin ümumi bir
bayramı kimi qeyd edirlər. Teatr artıq 26
ildir tamaşaçı qarşısındadır. Aktyorların əməyi, yuxusuz gecələri sayəsində
yaşayır, yaradır və tamaşaçı rəğbətini
qazanır.
- Pamtomimçilər karantin günlərini
necə keçirirlər?
- Təbii
ki, biz də qanunlara əməl edirik, evdə qalırıq. Ancaq evdə qalırıqsa, bu o demək deyil ki,
heç nə etmirik. Pantomima
Teatrının aktyoru daim hərəkətdə olmalı, bədənini
daim elastik saxlamaq üçün öz üzərində
işləməlidir. Aktyorlarımız da ev şəraitində öz üzərilərində
çalışırlar. Düzdür, hər
birimiz səbirsizliklə teatra geri qayıdacağımız
günü gözləyirik. Mövsümün nə
zaman başlayacağını heç kim
bilmir. Aktyorlarımızın hamısı
darıxır. Qeyd edim ki, karantindən əvvəl
Pantomima Teatrı "Yük” adlı əsər üzərində
çalışırdı. Sözügedən
tamaşanın son məşqləri gedirdi. Karantindən geri qayıdan kimi, iki həftə ərzində
tamaşanı hazırlayıb, təhvil verəcəyik.
- Bəs Pantomima
Teatrının təmir işləri hansı səviyyədədir?
- 2010-cu
ildə Mədəniyyət Nazirliyinin maddi bazası
hesabına təmir olunmuşdu. Binanın tam təmiri
isə gözlənilir. Bir az səbr
etmək lazımdır. İnşallah, növbə
bizə də çatacaq. Ümid edirəm
ki, böyük bir zalımız və səhnəmiz olacaq.
Xəyalə Rəis
Kaspi 2020.- 20 may.- S.12.