“Tənbəl media”nı daha
da tənbəlləşdirən karantin
"Jurnalistin təkcə
düşünən beyni yox, eyni zamanda qaçan
ayağı da olmalıdır”
Karantin günləri, əslində, tarixi bir hadisədir. Elə bir
hadisə ki, bizdən sonrakı nəslə "siz bilməzsiniz,
bizim dövrümüzdə belə hadisələr
yaşanırdı” kimi deməyə mövzumuz var. Karantin
günləri bizə bir çox mətləbləri daha
yaxından tanıtdı. Yerli mətbuatın
da evdə qalaraq onlayn şəkildə işləmək vərdişini
genişləndirdi. Tədbirlərə gedərək
materiallar hazırlayan qələm əhli evdə kompüter
qarşısında oturaraq onlayn şəkildə materiallar
hazırlamağa və müsahibələr almağa
başladı. Bu da media nümayəndələrində
bir öyrəncəklik, alışqanlıq yaradır. Etiraf edək ki,
onlayn şəkildə müsahibə almaq həm müsahib, həm
də jurnalist üçün ən rahat və asan
üsullardan biridir. Di gəl ki, onlayn şəkildə
hazırlanan bu materiallardan o ruhu, emosiyanı, hissi, duyğunu
almaq mümkün olmur. Biz də mediada müxtəlif vəzifələrdə
çalışan qələm əhli ilə söhbət etdik, onların,
onlayn jurnalistikanın sonrakı iş prinsipimizə necə təsir edə biləcəyi
ilə bağlı fikirlərini öyrəndik.
APA TV-nin
baş redaktoru Cavid İsmayıl bildirdi ki, karantin günlərindən
çox-çox əvvəl Azərbaycan jurnalistikası
onlayn rejimə keçib: "Uzun müddətdir ki, qəzet
və saytlarda çalışan jurnalistlərimiz müsahibələri
telefon vasitəsilə alaraq yeni bir formata keçid ediblər.
Xüsusən də, jurnalistlər oturaq iş rejiminə meyl
ediblər. Bu da Azərbaycan mediasında tənbəl
jurnalist nəslinin, yaxud telefon jurnalistikasının yetişməsinə
zəmin yaradıb, reportyorluq, faktiki olaraq tənəzzülə
uğrayıb. Karantin günlərinin mənfi
tərəfi odur ki, tənbəllər daha çox tənbəlləşdi.
Müsbət tərəfi isə bundan ibarətdir
ki, insanlar evdə oturmaqdan yoruldular, eyni zamanda yeni ideyalar və
layihələr üzərində düşünməyə
vaxtları çox oldu. Bu baxımdan hesab
edirəm ki, pandemiya bəşəriyyətin inkişafına
təkan verəcəksə, intibah edəcək sahələrdən
biri də, şübhəsiz ki, media olacaq. Əgər
biz karantin dövründə həm Azərbaycan tarixinin ən
baxımlı AzTV-sini görə bildiksə (Azərbaycan
Televiziyasının karantin dövründəki fəaliyyətini
birmənalı olaraq yüksək qiymətləndirirəm),
demək ki, gələcəklə bağlı yalnız müsbət
düşüncələrdə ola bilərik”.
Musavat.com
saytının baş redaktoru Xalid Kazımlı onlayn şəkildə
çalışmağın jurnalistlərin işinə mane
olduğunu bildirir: "Onlayn müsahibələr canlı
müsahibənin yerini vermir. Amma onlayn müsahibədə
də üzbəüz söhbət etmək
mümkündür. Məcbur deyil ki,
insanlar üz-üzə oturub çay içsinlər. Bir-birilərinin jestlərini, mimikalarını
görə, rahat şəkildə fikir mübadilələri
edə bilirlər. Onlayn müsahibə və
belə material hazırlamaq jurnalistə müsahibə almaq
üçün bu o qədər də çətinlik
törətmir. Pandemiyanın bu cür
davam etməsi ondan xəbər verir ki, biz gələcəkdə
də bu cür işləməli olacağıq. Ola bilər ki, illərlə yaxın təmaslardan
qaçası olacağıq. Azərbaycan
jurnalistləri də karantin günlərində həkim və
polislər qədər fədakarlıq etdilər”.
"Yeni
Sabah” saytının redaktoru Seymur Verdizadə canlı
müsahibələrin, tədbirlərin, hazırlanan
materialların özəlliyinin bir başqa olduğunu
vurğulayır: "Məcburiyyət qarşısında
qalıb onlayn iş rejiminə keçmişdik. Karantin qaydaları yumşaldıqdan sonra redaksiyalarda
əvvəlki ab-hava bərpa olunub. Onlayn
çalışmağı bir o qədər də qənaətbəxş
hesab etmirəm. Onlayn işləmək biz
jurnalistlərdə bir qədər tənbəllik yaradıb.
Əməkdaşlarımız və digər
jurnalist həmkarlarımız onlayn rejimdə işləməkdə
maraqlıdırlar. Mən mətbuata
ötən əsrin 90-cı illərində gəlmişəm.
O vaxt bir xəbər üçün paytaxtın bu
başından o başına gedirdik.
Ancaq indi 10 min işarəlik müsahibələri
də jurnalistlər telefonla almağa
çalışırlar. Nəinki
telefonla müsahibə alır, sualları yazılı şəkildə
göndərirlər. Hansı ki, canlı
müsahibədə yeni nüanslar ortaya çıxara bilər
və maraqlı fikir mübadiləsi aparmaq olur. Canlı müsahiblər
zamanı daha fərqli detallara varmaq mümkün olur. Onlayn şəkildə
material hazırladıqda isə bu da tədricən arxada
qalır. Bu da ondan irəli gəlir ki,
operativlik peşəkarlığı üstələyir.
Çalışırlar ki, ilk xəbər və
müsahibələri daha tez çatdırsınlar, bir
neçə dəqiqə də olsa həmkarlarını
qabaqlasınlar. Bu məsələləri
göz önünə gətirdikdə isə peşəkarlıq
arxa plana keçir. Onlayn şəkildə
işləməyin mətbuatımıza faydalı
olacağını düşünmürəm. Hesab edirəm ki, onlayn rejimdə işləmək
jurnalistlərimizi bir qədər tənbəlləşdirir.
Onları mövzulardan canlı iş rejimindən uzaq
salır. Jurnalistin təkcə düşünən
beyni yox, eyni zamanda qaçan ayağı da olmalıdır.
Biz ancaq düşüncə hesabına fəaliyyətimizi
davam etdiririk və belə olduğu halda,
ayaqlarımızın funksiyası tədricən itir. Bu, mətbuatımıza heç də yaxşı
perspektiv vəd etmir. Təəssüflər
olsun ki, koronavirus dövründə bizim tənbəlləşən
xislətimiz bir qədər də tənbəlləşdi”.
"Mədəniyyət”
qəzetinin müxbiri Gülcahan Mirməmməd
özünü müsahibələrə meylli müxbir hesab
etmir və karantin günlərini səmərəli istifadə
edənlərdəndir: "Daha çox araşdırma, tarixi
mövzuda yazılar yazmağa meyl göstərirəm. Bu iki ay yarım ərzində deməzdim ki, evdə
qalıb darıxdım. Düzdür, tədbirlər
olmadı, tamaşalara getmədik, canlı görüşlər
keçirilmədi, ancaq yaxşı tərəfləri də
çox oldu. Biz mədəniyyət
müxbirləri davamlı olaraq tədbirlərdə
iştirak etməyə və materialları operativ şəkildə
hazırlamağa öyrəşmişik. Bu baxımdan karantin günlərində
bir az sıxıntımız oldu. Ancaq evdə
qaldığımız günlərdə araşdırma
yazılar hazırladım. Hansı ki, bu yazıları uzun müddət
idi ki, tamamlamağa çalışırdım. Kitabxanaya gedib araşdırma edərək yazdığım
yazılarda daha maraqlı məqamlara toxuna bilərdim.
Ancaq kitabxanalarda
Azərbaycan dilli internet resurslarımız tam əhatə
olunmayıb. Təsəvvür edin ki, Azərbaycan
teatrına dair məşhur albomlar var və onlar milli
kitabxananın resurslarında yoxdur. Bu, bizim
işimizi axsatsa da, yenə də araşdırma yazdıq.
Pandemiya ilə bağlı bir neçə
yazı işlədim. Bir az əziyyətli,
adama xoş gəlməyən olaylar da olsa, zaman-zaman kinoda, bəşəriyyət
tarixində pandemiyalar öz bədii əksini tapıb. Bunlar haqqında materialları zərrə-zərrə
topladım. Ağır da olsa, maraqlı bir iş idi. Evdə oturmazdan əvvəl başladığım
bir neçə silsilə yazım var idi ki, onları hələ
də hazırlamağa davam edirəm. Filmlərə
çəkilən müğənnilər, opera artistləri,
müğənnilərlə bağlı araşdırmalar
edirəm. Bir neçə tərcümələrim
var ki, onların üzərində rahat şəkildə
çalışıram. İki pyes üzərində
çalışır, redaktəsini başa
çatdırmağa səy göstərirəm”.
"Yeni
Çağ" Media Qrupunda müxbir Gülşən Şərif
texnologiya inkişaf etdikcə, işçi qruplarının əlaqə
imkanlarının daha da artdığını bildirir:
"Deməzdim ki, karantindən öncə bütün
müsahibələr məhz canlı şəkildə
alınırdı. Ən azından öz təcrübəmdən
deyə bilərəm ki, karantindən öncə də bəzi
müsahibələri və açıqlamaları telefon
bağlantısı vasitəsilə alırdım. Müsahibin vaxt məhdudiyyəti olanda bu cür
hallar yaşanır. Karantin rejiminin
yaratdığı şərait isə onlayn əlaqəni
daha da inkişaf etdirdi. Karantin dövründə
bütün müsahiblərdən telefon, "facebook”,
"whatsapp”, "zoom” vasitəsilə açıqlamalar və
müsahibələr almağa başladıq. Hətta
onlayn seminarlar da keçirildi. Pandemiya
dövrü bitəndən sonra da onlayn jurnalistikanın indiki
- yeni xətt üzrə davam edəcəyini
düşünürəm. Müsbət tərəfi
vaxt itkisinin az olmasıdır. Çünki istənilən müsahibə, tədbir
və ya seminar üçün gedən jurnalist, istər-istəməz,
yolda vaxt itirir. Onlayn şəkildə məhsuldarlıq
daha çox olur. Digər tərəfdən,
mətbuat sahəsində də texnoloji yeniliklərə
açıq olmaq vacibdir. Bu, ölkə mətbuatının
inkişafı və beynəlxalq aləmdə müəyyən
yer tuta bilməsinə səbəb ola bilər.
Artıq insanlar informasiya əldə etmək
üçün daha rahat metodlara üstünlük verirlər.
Bizdə də yeniliyə açıq olmaq
müsbət haldır. Mənfi tərəfi
isə canlı ünsiyyət və əyani
tanışlığın olmamasıdır. Elə müsahib və jurnalistlər var ki, qiyabi
şəkildə bir-birilərini tanıyırlar, ancaq real həyatda
üz-üzə gələndə tanımırlar.
Onlayn iş rejiminin mətbuat işçilərinin fəaliyyətinə
mənfi təsir göstərəcəyini
düşünmürəm. Çünki işini sevən hər
kəs şəraitdən asılı olmayaraq,
iş prinsiplərinə sadiq olur”.
Xəyalə Rəis
Kaspi 2020.- 21 may.-
S.12.