Müjdə, Şuşam,
biz gəlirik!
Eşit ay elim, ərənim,
Qalam, bürcüm, səngərim.
Gözü yol çəkənlərim,
Müjdə, Şuşam, biz gəlirik!
Yenəmi o dağa qar yağır?
Bilirmi İsa bulağı?
Yox olsun göz yaşı, ağı,
Müjdə, Şuşam, biz gəlirik!
Ay dağlar, ay meşələr,
Ay intizar bənövşələr,
Ruhu yaşayan kişilər,
Müjdə, Şuşam, biz gəlirik!
Düşmən haqqdan cəza bulur,
Yetməyə yollar durulur,
Turan birliyi qurulur,
Müjdə, Şuşam, biz gəlirik!
Bu gün axşama yetərik,
Zəfər bayrağın dikərik,
Yurda qəhrəman dönərik,
Müjdə, Şuşam, biz gəlirik!
Şəhid balası
Ağlama,
içim göynədi,
Çəkə bilmərəm bu yası.
Tanrı
da taxtında təkdi,
Ağlama, şəhid balası.
Ağlama,
torpaq sərindi,
Ovudar, kiridər
dərdi.
Torpaq qurban diləmişdi,
Tanrı sevdiyin göndərdi.
Ata başımıza tacsa,
Vətən tacdan da ucadı.
Atan qoruyan torpaqdan
Çinar kimi sən ucaldın.
Ağlama,
sən tək deyilsən,
Bu dərdi ellər
çəkəcək.
Torpaq bir şəhid qanından,
Min-min oğul göyərdəcək.
Anamızsa qara torpaq,
Müqəddəs örpəyi bayraq.
Bu torpağı, bu bayrağı
Şəhid qanı qoruyacaq.
Ağlama,
çinar balası,
Yaran dərindi,
dərindi.
Bu da bir haqq
ucalığı,
Tanrım sənə göndəribdi.
Orada
Orada bir evim var,
qapısını bağlayıb,
açarı ələ
keçməsin deyə
ürəyimdə gizlətmişəm.
Min ildir ömrümü götürüb
o evdən səfərə
çıxmışam.
Orada mənim bir evim var,
şamlarını yanılı
qoymuşam, –
qayıdan yollarıma
işıq düşsün...
Orada mənim bir evim var,
qapısında gülləri
qayıdacağımı eşidib,
təzədən çiçəkləyib.
Yuxuda o gülləri öpən
küləklər
müjdəyə gələr,
gözləyən var,
tələs,
tələs – deyər.
O evdə bir beşiyim
var,
əvvəl mənim
olub,
indi körpəsiz yellənir.
Körpəliyimin ağlaması
hər gün yuxuma gəlir.
Orada bir evim var,
qapısında hörümçəklərin
yazdığı
ayrılıq dastanı,
görən tapılacaqmı
bu xəttin oxuyanı?!
Orada tək qoyub gəldiyim,
gözləri yol çəkən,
məndən küsən
bir evim var.
Bağında hüt-hüt quşu oxuyar.
Deyirlər məni çağırar:
– İtən yolu
tapdın?
– Yox!
– Gəlib çıxdın?
– Yox!
– Bu evin açarını tapdın?
– Yox!
Biri sual, biri cavab,
ömrüm beləcə,
otaylı, butaylı
sual-cavab.
Gərək vaxtında çatam,
çatmasam,
o qapını kim açacaq?
Çatmasam, o evdəki
divarda xalı üstəki
qılınc da paslanacaq.
O qılınc sıyrılan
gün
Şuşadan Təbrizə
yol görünəcək.
Sonra, sonra
bu qılınc Tanrıdan
dualı don geyəcək,
Üçrəngli bayrağa
dönəcək,
Şuşada yellənəcək,
Savalanı öpəcək.
"Oxay!” deyəcək
bütövləşən torpaq,
sağalan torpaq...
Orda bir evim var,
Eheyy! Açılan yollar,
yaxınlar,
gözü yolda qalanlar!
Orda min ildir məni gözləyən
ruhumun evi var.
Tanrım,
möhlət ver mənə,
ömür ver mənə,
gedim, evimi görüm,
evimdə ömür
bitirim.
Sona Vəliyeva
Kaspi.- 2020.- 10 oktyabr.- S.15.