Pandemiya dönəmində
"Azərbaycan"
jurnalı
Uzunömrlü tarixi və şərəfli
yol keçən jurnallardan biri də Azərbaycan
Yazıçılar Birliyinin
aylıq ədəbi-bədii orqanı "Azərbaycan”
jurnalıdır. Jurnal 1923-cü ildən etibarən nəşr
olunur.
Həmin dövrdə jurnal "İnqilab
və mədəniyyət” adı altında ədəbiyyat və
mədəniyyətimizdə gedən prosesləri əks
etdirir, klassik və çağdaş müəlliflərin əsərlərini
yayımlayırdı. Sonrakı illərdə adı
"Maarif və mədəniyyət”, "Revolyusiya və kultura”, "Vətən
uğrunda” olsa da, 1953-cü ildən bu günümüzə
kimi "Azərbaycan” jurnalı adı altında nəşr
olunaraq cəmiyyətə təqdim olunur. Qeyd etmək istərdim
ki, jurnal ilk dəfə Tağı Şahbazi Simurğun 1997-ci
ildən isə İntiqam Qasımzadənin baş
redaktorluğu ilə nəşr olunur.
"Azərbaycan” Jurnalı fəaliyyət
göstərdiyi bu 97 il ərzində
tarixin çətin, ən odlu-alovlu dönəmlərindən
keçib, ağır illərin şahidi olub. 2020-ci ildə
dünyanı koronavuris epidemiyası bürüdü. Bu
pandemiyanı bəzən tarixdə kütləvi tələfatla
yadda qalan vəba dəhşəti ilə də müqayisə
edirlər. Pandemiya dönəmi dünyada və eləcə də
ölkəmizdə bir çox sahələrə çox
böyük ziyan vurdu. Demək olar ki, heç bir sahə bu xəstəliyin
təsirindən uzaqda qala bilmədi. "Azərbaycan”
jurnalı pandemiyanın ağır vaxtında fəaliyyətini
dayandırmadı, oxucuları ilə görüşlərini
davam etdirdi, hər sayında bir-birindən maraqlı, yeni, rəngarəng
materialları ilə onları sevindirdi. Bütün
dünyanın və həmçinin Azərbaycanın #evdəqal həştağı
altında yaşadığı, sosial məsafə
saxladığı, işdən-gücdən xeyli asudə
vaxt tapa bildiyi bir dönəmdə jurnal aktiv fəaliyyət
göstərərək cəmiyyətimizə gözəl ədəbi
nümunələr təqdim etdi. Bu işdə baş redaktor
İntiqam müəllimlə yanaşı, onunla birlikdə
baş redaktor müavini Südabə Ağabalayeva və məsul
katib Vüsal Nuru da əllərindən gələni əsirgəməyiblər.
Çox böyük məsuliyyət və diqqətlə
çalışıblar. Məlum məsələdir ki,
mütaliə üçün zaman, vaxt lazımdır.
İndiki dövrün dinamikası ilə insanların
çoxu mütaliə etmək üçün bir o qədər
də vaxt ayıra bilmirdi. Və bir qədər sanki bu vərdişdən
uzaqlaşmışdı da. Amma karantin günlərindəki
asudə vaxtda insanlarda yenidən mütaliə vərdişi
dirçəlməyə başladı. Və deyərdim ki,
"Azərbaycan” jurnalının da bu işdə rolu
heç də az olmadı.
Jurnalın fevralda işıq
üzü görən nömrəsində poeziyamızın ən çox
sevilən, ən çox oxunan nümayəndələrindən
biri Musa Yaqubun son illərdə qələmə
aldığı şeirləri var. Şair şeirlərində
gah gileylənir, gah ömürdən şikayətlənir,
gah payız durnasını axtarır, gah aclığın rəngini
sezməyə çalışır, gah da günəşə
nəfəs verir. Oxuduqca insan düşüncəsinin ən
xırda qırışlarında belə tərpənişlər
duyulur. Sanki indiyə kimi gördüklərimizi yenidən
misra-misra, indi də başqa cür – sözün içində
yaşayır insan. Jurnalın nəsr bölməsi də rəngarəngdir.
Səyyad Aranın "Başdaşı” romanı, Nurəddin Ədiloğlunun
"Bumeranq” povesti, Aydın Tağıyevin "İsrailin
Suru hekayəsi, esse həvəskarları üçünsə
Anarın "Güneydən gələn səs” essesi təqdim
olunub. Həmin nömrədə uşaq ədəbiyyatı
da əziz balalara töhfəsini verib. Ələmdar Quluzadə,
Ələsgər Əlioğlu, Nuranə Nur, Rəfiqə
Abbasova, Sabir Şirvan, Ədalət Salmanın şeirləri,
Sevinc Nuruqızının hekayələri, Qəşəm Nəcəfzadənin
"Yeni uşaq söhbəti”, Elnarə Akimovanın
"Uşaq ədəbiyyatının yeni qəhrəmanları”
ilə görüş var. Bu bölümdə şeir, hekayə
sevənlər əsərləri, əsərlərin təhlilini
sevənlər isə əsərlər haqqında yazılarla
tanış oldular. Bədii tənqidlə
maraqlananlar üçün Fərid Hüseyn, Yeganə Məmədova,
Günel Səfərova və Vaqif Yusiflinin müəllif
yazıları vardı.
Jurnalın mart-aprel
buraxılışı görkəmli dramaturq Cəfər
Cabbarlının 120 illik yubileyi ilə əlaqədar
Anarın "Azad bir quşdum” adlı iki seriyalı bədii
filmin ədəbi ssenarisi ilə açılırdı. Bu əsərdə
hadisələr Xızının meşəli
dağlarında baş verir. Cəfər Cabbarlının
ömür yolu dörd-beş yaşlarından başlayaraq ta
ölüm anına qədər davam edir.
Nəsr
bölməsində Zahid Sarıtorpağın "Köhnə
mücrüyə elegiya” romanı, Azər Abdullanın
"Çat” romanı, "Nəzər nöqtəsi"
bölümündə Əlirza Balayevin "Apostrof”,
"Ədəbi düşüncələr" bölməsində
Arif Buzovnalının
"Çün "Əhsəni-təqvim” idi”, "Tənqid
və ədəbiyyatşünaslıq" bölümümdə
isə Qorxmaz Quliyev və Vaqif Yusiflinin müəllif
yazıları yer almışdı.
"Azərbaycan” jurnalının zəhmətkeş
əməkdaşları
mövcud vəziyyətlə bağlı çətinliklərə
baxmayaraq, jurnalın may-iyun buraxılışını da
böyük sevgi və oxucuya ehtiramla
hazırlamışdılar. Belə ki, jurnal Xalq şairi Rəsul
Rzanın 110 illik yubileyinə həsr olundu. Əhməd Qəşəmoğlunun "Rəsul Rza” poemasından
parçalar jurnalın ilk səhifələrində
işıqlanıb. Daha sonra Eşqanə Babayevanın "Dəniz
Rəsul Rza və Fazil Hüsnü Dağlarca poeziyasında”
adlı müəllif yazısı, "Yeni tərcümlər"
bölməsində Yeremey Aypinin (Xantı
yazıçısı) "Mənim şahzadəm” və
Yuri Solovyovun (Mari yazıçısı) "Gözlənilməz
görüş” adlı hekayələri təqdim
olunmuşdu.
İyul-avqust nömrəsi də
gözəl yazıçımız Sabir Əhmədlinin 90
iliyinə həsr olunmuşdu. Və bu xüsusda Elnarə
Akimovanın "Sabir Əhmədli – yaralarına
sığınıb yaşayan adam" adlı yazısı
jurnalın ən maraqlı yazılarından oldu. Bundan
başqa, "Nəsr bölməsində" Əli
Əmirlinin "Mələk əmi" novellası, Günel
Natiqin "Gözəl günlər naminə" hekayəsi,
"Yeni tərcümələr" bölməsində Sadiq
Hidayətin "Hacı ağa" romanı da xüsusi maraq
doğurub. "Həyat Allahın yaratdığı
filmdir" – kinorejissor Vaqif Mustafayevlə sənətşünas
Əlisəfdər Hüseynovun müsahibəsi, Rüstəm
Kamalın "Rübail: şeirin və ömrün dörd fəsli",
Möhsün Nağısoylunun "Dədə Qorqud – eposun
yeni variantı" adlı yazıları da oxucuların
gözündən yayınmayıb.
Sentyabr nömrəsi də
"Poeziya” bölməsində Kəramət
Şükürov, Ağacəfər Həsənli, Məhmməd
Turan, İslam Sadıq, Valeh Bahaduroğlu, Qismət Məsim,
Hikmət Məlikzadə, Elnur Badıyev, Heydər Ələddinoğlunun
şeirləri düzülüb. "Nəsr" bölməsində
Vüsal Nuru, Şahanə Müşfiq, Xanım Aydın,
Alpay Azər, Firuz Mustafanın yeni hekayələri, həmçinin
Elçin Vələdoğlunun "Ruh müsafiri” povesti,
"Yeni tərcümələr” bölməsində Sait Faik Əbasıyanığın
hekayələrini Əjdər Olun tərcüməsində təqdim
olunub. Bunlardan başqa, Vaqif Yusifli, Paşa Əlioğlu, Aysel
Talıbova və digər müəlliflərin yazıları
da oxucuların nəzərinə çatdırılıb.
"Covid-19" pandemiyasının
aylarla davam edən ağrılı-acılı günlərində
"Azərbaycan" jurnalının bu qədər gərgin
fəaliyyəti diqqətdən yayına bilməzdi. Jurnal
dayanmadan, yorulmadan biri birindən gözəl, son dərəcə
maraqlı əsərlər, müəllif yazıları ilə
oxucuların qarşısına çıxıb. Onlarda mütaliəyə maraq və həvəs
oyadıb. Yarandığı dövrdən ta indiyə kimi ədəbi
prosesə bələdçilik edən, klassik ədəbiyyatın
öyrənilməsi, müasir ədəbiyyatın
tanıdılması, ədəbiyyatşünaslıq, tənqid
və tənqidin inkişafı, dilçilik, dünya
xalqlarının ədəbi-mədəni irsini
xalqımıza tanıtmaq yolunda əvəzsiz işlər gərən
"Azərbaycan" jurnalı bu günə kimi yüzlərlə
ədibin ədəbi tribunası olub. Bu gün də
yazıçı, şair, tənqidçi kimi tanınan bir
çox müəlliflərin yaradıcılığında
jurnal əvəzsiz rol oynayır. O həm ədəbiyyatçılara,
həm də oxuculara ürəklə, əzmlə, təmənnasız
xidmət edir.
Xanım Aydın
Kaspi.- 2020.- 10 oktyabr.- S.15.