Yaxşı kadr olmaq imtahanda

toplanan baldan asılıdır, yoxsa...

 

Mütəxəssislər deyirlər ki, 200 balla universitetə qəbul olmuş tələbənin 500 bal toplayan şəxsdən yaxşı kadr olması mümkündür

 

 2020-2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri, daha dəqiq desək, universitetlərə qəbul balları müzakirə mövzusu oldu. "Biz əvvəl bu ixtisaslara daha yüksək balla qəbul olmuşduq, bu il aşağı bal toplayanlar ora qəbul ola biliblər”. "Yaxud 200 balla universitetlərə qəbul olanlar gələcəklə nə kadr olacaqlar?” və s. tipli fikirlər səsləndirildi.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında mümkün 700 balı toplamaq kimi bir rəqabət də var və bunu reallaşdıranlar da olur. Yüksək nəticə yaxşıdır, bəs bu, sonra necə bir kadr olmağımıza nə dərəcədə təsir edir?

 

Aşağı balla qəbul olubsa...

 

Memarlıq və İnşaat Universitetinin prorektoru, texnika elmləri doktoru Ülkər Səttarova deyir ki, tələbənin qəbul imtahanlarında topladığı bal, onun hazırkı bilik və bacarıqlarının obyektiv göstəricisidir. Ancaq bu nəticə sonra necə bir kadr olmaqla bağlı yüz faizli göstərici kimi fikir formalaşdıra bilməz: "Bəzən tələbə çox yüksək bal toplayaraq qəbul olur, amma daha sonra universitetdə qiymətləri aşağı düşür, az aktivlik nümayiş etdirir və heç bir qeyri-adi inkişaf müşahidə olunmur. Bəzən isə 200-300 bal toplamış bir tələbə universitetdə öz inkişafını artırır və özünü çox parlaq tələbə kimi göstərə bilir. Hər iki variantın dəfələrlə şahidi olmuşam. Tələbənin qəbul imtahanında topladığı balın gələcək karyerasına təsirinin necə olması ilə bağlı araşdırılmalar aparılıb ortaya ümumi nəticələr çıxarılsa, yaxşı olar. Bildiyim qədəri ilə Azərbaycanda indiyə qədər belə bir sosioloji və ya analitik islahat aparılmayıb. Ona görə də bu məsələyə birmənalı yanaşmaq, kimsə aşağı balla qəbul olubsa, gələcəkdə onun uğursuz kadr olacağını iddia etmək əsassızdır. Düşünürəm ki, belə bir araşdırma aparılsa, universitetə qəbul balının, özünü karyerada göstərmək nisbəti 90-100 faiz kimi yüksək rəqəmlər olmayacaq”.

  

Təhsilin əlçatanlığında problemlər olduğu vaxt...

 

Ü.Səttarovanın sözlərinə görə, universitetə qəbulda göstərilən aşağı nəticə heç də həmişə şəxsin bilik və bacarıqsızlığından qaynaqlanmır: "Aşağı nəticənin səbəbləri müxtəlif ola bilər. Ailədə problemləri olar, keyfiyyətli təhsilə əli çatmaya, maddi çətinlikləri ola və ya imtahan vaxtı özünü pis hiss etdiyi üçün bildiklərini də yazmaya bilər. Məsələyə builki nəticələr əsasında fikir bildirsək, pandemiya dövrünü nəzərə almalıyıq. Pandemiya başlayandan distant təhsilə keçdik, internetə çıxış imkanı məhdud olan abituriyentlər az deyildi. Bu cür faktorlar distant təhsili də çətinləşdirir və göstəricilərə mənfi təsir edə bilir. Digər tərəfdən, distant təhsil ənənəvi təhsilin yerini yüz faiz vermir. Bütün bunlar özlüyündə göstərilən nəticələrə təsir etdi. Təhsilin əlçatanlığında problemlər olduğu bir vaxtda yüksək bal yığmayan abituriyentlərin nəticələrini əvvəlki ilin abituriyentlərinin nəticələri ilə müqayisə etmək düzgün deyil”.

Prorektor qeyd etdi ki, əgər abituriyent özündən asılı olmayan səbəblərə görə aşağı nəticə əldə edirsə, amma universitet təhsili zamanı sonra öz üzərində işləyirsə, onun imtahandakı nəticəsi karyerasına mənfi təsir etməyəcək: "İnsan ömrünün dörd ilini universitetdə keçirir və həmin müddət ərzində yeni biliklər və səriştələr əldə etməyə kifayət qədər vaxtı olur. İnsanın özündən çox şey asılıdır. Pandemiya ilə bağlı karantin dövründə müşahidələrim göstərdi ki, bir çox gənc bu dövrü dəyərləndirməyə çalışdı, evdə otursalar da, vaxtlarını boşuna keçirmədilər. Bir çoxları fərdi inkişaf proqramlarına və onlayn kurslara qoşulur və distant təhsilə də kifayət qədər məsuliyyətlə yanaşırlar”.

 

"İntellektual kamilliyini yox, nizam-intizamını yoxlayır”

 

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov bildirdi ki, imtahan nəticələri abituriyentlərin sonrakı həyatını müəyyən etmir: "Ümumi imtahanların birinci məqsədi ölçmə, seçmə və yerləşdirmədir. Təklif az, tələb çox olanda, imtahanlar qaçılmazdır. İmtahanlar abituriyentlərin sonrakı həyatı ilə əlaqədar bir şey demir və onu müəyyən etmir. Sadəcə onun çalışmasını, nizam-intizamını və valideynlərinin göstərdiyi diqqəti və yatırdığı investisiyanı müəyyən edir. Sürüşdürmə və digər oxşar hallar istisna olmaqla, bu imtahanlar şagirdlərin intellektual kamilliyini yoxlamasa belə, onun nizam-intizamını yoxlayır. Onların əqli səviyyəsinə hər hansı bir diaqnoz qoya bilməsə də, bu imtahanlar şagirdin çalışqanlığına və dərsləri oxumuş olmasına rəy bildirir və qiymət verir. İmtahan nəticələrinə əsasən də abituriyentlərin yerləşdirilməsi aparılır.

Ancaq təkcə imtahan nəticəsinə baxmaqla, biz şagirdin gələcəyinin nə olacağını deyə bilmərik. Bunu həmin şagird özü müəyyən edəcək. Şagirdin 200 balla universitetə daxil olub 500 ballıq tələbədən daha yüksək uğur göstərməsi mümkündür. Ona görə də, 200 bal yığmış tələbəni "bundan nə kadr olacaq” deyib qınamaq olmaz. Biz onun potensialını bilmirik. Ola bilər ki, onun potensialı 10-11-ci siniflərdə kəşf edilməyib, sonradan kəşf olunacaq. Çünki ya mühit, ya da valideyn qayğısızlığı ucbatından onun potensialı kəşf olunmayıb”.

 Q.Məhərrəmov bildirdi ki, universitetlərin təklifi çox olanda, qəbul balının yüksək olması önəm kəsb etmir: "Təklif az olanda, onu qazanmaq üçün yüksək bal toplamalısan. Əvvəllər təklif az, tələb çox olduğunda, qəbul tələbləri daha yüksək götürülürdü. Amma ali məktəblər artdığı üçün təklif də çoxalıb və dünyada ali məktəblər də strategiyalarını dəyişir. Bu strategiya "universitetin giriş qapısını geniş, çıxış qapısını isə dar tutmaq”dan ibarətdir. İstəyən hər kəs ali məktəbə gələ bilsin. Beləliklə, yaxşı və orta oxuyanlar yaxşı və orta nəticələrlə məzun olacaq, oxumayanlar isə məzun ola bilməyəcək və universiteti buraxmaq məcburiyyətində qalacaq. Ona görə də ali məktəblər "kimin istəyi və imkanı varsa, gəlsin” düşüncəsindədirlər. Bizdə qəbul balının aşağı düşməsi prosesi gedir. Keçid balları aşağı düşür. Çünki qəbul olmaq istəyən də çoxdur, təklif də. Yerlər dolmadığı üçün daha aşağı balla ali məktəblərə qəbul olmaq mümkündür”.

 

Həll yolu

 

Q.Məhərrəmovun sözlərinə görə, ümumi təhsil baxımından yanaşanda isə aşağı nəticə heç də yaxşı deyil. Keçid balları bu qədər düşürsə, deməli, ali məktəbə gedənlərin çoxunun çalışqanlıq (zəka səviyyəsi yox) səviyyəsi aşağıdır. O, problemin həlli üçün öz təklifini də bildirdi: "Balların aşağı düşməsi, mümkün balın 20 faizini toplayaraq universitetə qəbul olmaq yaxşı deyil. Bu durumu yaxşıya doğru dəyişmək üçün orta məktəblərdə 9-11-ci sinif şagirdləri qruplara görə bölünməlidir. Ali məktəbə qəbul imtahanlarına istiqamətləndirilmiş tədris təşkil olunmalıdır ki, abituriyentlər orta məktəb dərslərinə əlavə yük kimi yanaşmasın. Adətən abituriyentlər "imtahana hazırlaşıram, müəllim isə məni dərsdə oturmağa məcbur edir, qrupumda olmayan fənnin dərsinə niyə girim?” deyirlər. Sistemdə köklü dəyişikliklər edilməlidir ki, son siniflərdə şagird, qrupuna uyğun dərslərə girsin və orta məktəbdə ali məktəbə hazırlaşa bilsin. Əks halda müəllimlər də tədrisi təşkil edə bilmir və şagirdlərdən əllərini üzürlər. Valideynlərinin qazancı yüksək olan şagirdlər yaxşı hazırlaşır, olmayanlar isə ya çətinliklə hazırlaşa bilir, ya da heç hazırlaşmır. Bu da təhsilin iqtisadi sinifləşdirmə meydana gətirməsinə və mövcud şəkildə saxlamasına səbəb olur. Siniflər arasındakı uçurmu daha da dərinləşdirir”.

İnsan Resursları mütəxəssisləri bəzən iş müsahibəsində universitetə qəbul balını da soruşurlar. Q.Məhərrəmov qeyd etdi ki, gənc, tələbə vaxtı yaxşı CV formalaşdırsa, işə qəbulda ondan qəbul balını soruşmazlar: "İnsan Resursları mütəxəssisləri, adətən verməyə sual tapmayanda, namizədin neçə bal yığdığı ilə maraqlanırlar. Əgər namizədin özünü yetişdirmə sertifikatı yoxdursa, yenicə məzun olubsa, hər hansı bir yerdə fəaliyyətdə və ya təcrübədə olmayıbsa, bu insanı tanımaq üçün attestat ballarını da soruşa bilərlər. Bu da həmin tələbənin problemidir ki, universiteti bitirənə qədər hər hansı bir könüllülük və ya təcrübə proqramında olmayıb, əlavə bacarıq qazanmayıb. Tələbə ali məktəbi bitirənə qədər dolğun bir CV əldə etsə, İR mütəxəssisi onun TQDK balı ilə maraqlanmaz, çünki bu, çox geridə qalmış hadisədir. Yeni məzunlardan, daha çox hansı universiteti bitirmələri, könüllülük fəaliyyətləri, təcrübə proqramları və onlarda hansı bilik və bacarıqları əldə etdiklərini soruşurlar. Amma olimpiadada yer tutmaq və ya 680-700 bal kimi qeyri-adi uğurları CV-də qeyd etmək olar. Başqa hallarda isə balı soruşmağın və ya CV-də qeyd etməyin mənası yoxdur”.

 

Aygün Asimqızı

 

Kaspi.- 2020.- 10 oktyabr.- S.16.