Azərbaycan regionun enerji və nəqliyyat mərkəzindən əlavə həm də rəqəmsal mərkəzinə çevrilir  

Azərbaycan Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq birliyin layiqli üzvünə çevrilib. Multikulturalizm və tolerantlıq məkanı olan Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən ölkə kimi də tanınıb. Bununla bərabər, neft kapitalının insan kapitalına çevrilməsi, təbii sərvətlərdən, həmçinin onlardan əldə edilən gəlirlərdən düzgün istifadə edilməsi, həyata keçirilən mühüm layihələr sayəsində Azərbaycan bir neçə istiqamət üzrə tranzit ölkəyə, mühüm qovşağa çevrilib. Buna nümunə kimi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi iri neft-qaz layihələrini qeyd edə bilərik. Bu kəmərlər vasitəsilə Azərbaycan sadəcə öz neftini, qazını deyil, eyni zamanda digər ölkələrin enerji resurslarını da beynəlxalq bazara çıxara bilir. Digər tərəfdən, Azərbaycan öz əlverişli coğrafi yerləşməsinə görə AsiyaAvropa qitələri arasında körpü rolunu oynayır, Avrasiya məkanında aparıcı rola malik olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində önəmli yer tutur. Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaq, bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək məqsədilə böyük sərmayələr qoyur, ölkə daxilində və regionda iri miqyaslı infrastruktur layihələrini həyata keçirir. Buna uğurlu misal kimi, Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər layihələri qeyd etmək olar.

Üçüncü bir vacib məqam Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsi istiqamətində atılan addımlardır. Buna misal olaraq, ölkəni beynəlxalq internet şəbəkəsinə bağlayan AzerTelecom şirkəti tərəfindən həyata keçirilən "Azerbaijan Digital Hub” layihəsini qeyd edə bilərik ki, bu layihə çərçivəsində həm ölkə daxilində, həm də xaricdə işlər – infrastruktur quruculuğu işləri aparılır. Bu istiqamətdə ilk olaraq, AzerTelecom və Azərbaycan Dəmir Yolları QSC arasında mövcud dəmir yollarının qorunma zolağı boyunca dayanıqlı magistral fiber-optik kabel xətlərinin çəkilməsi layihəsini qeyd etmək olar. Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilişi ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, ölkə boyu yeni davamlı infrastrukturun formalaşmasına və qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə, İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantılarının formalaşmasınabu infrastrukturların ölkəmizdə kəsişməsinə, eləcə də ölkədə telekommunikasiya sektorunun inkişafına mühüm təkan verəcək. Bu layihənin icrası Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan müxtəlif beynəlxalq telekom operatorlarının infrastrukturlarının ölkəmizdə kəsişməsinə gətirib çıxaracaq.

Azərbaycanıın regional rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən "Azerbaijan Digital Hub” layihəsi çərçivəsində Azərbaycanın gələcəkdə Cənubi Qafqaz, MDB, Yaxın Şərq, Orta və Cənub Asiya və ətraf regionları əhatə edən böyük bir regionun rəqamsal mərkəzinə çevrilməsi hədəflənir. Rəqəmsal mərkəz perspektivdə bu regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisinin ¼-i) internet və müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə şərait yaradacaq. Proqramın icrası nəticəsində Azərbaycanın telekommunikasiya ekosistemi ən qabaqcıl dünya standartları səviyyəsinə qalxacaq, ölkənin İnternetin alışında xarici ölkələrdən asılılığı minimuma endiriləcək, Bakı şəhəri yeni internet mübadilə mərkəzinə çevriləcək və dünyanın İnternet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam, Dubay ilə yanaşı Bakı da əlavə olunacaq. Proqramın icrası ümumilikdə ölkədə rəqəmsal ekosistemin qurulmasına gətirib çıxardacaq.

Həmçinin, proqram çərçivəsində AzerTelecom tərəfdən ölkə xaricində də layihələr aparılır ki, bunlar arasında Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzərin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsini göstərmək olar. Xəzərin dibi ilə fiber-optik kabel xətləri iki marşrutda icra ediləcək. Birinci marşrut Azərbaycan-Qazaxıstan, ikinci marşrut isə Azərbaycan Türkmənistan marşrutudur. Onu da əlavə edək ki, Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilişi üzrə Qazaxıstanla Azərbaycan arasında dövlətlərarası saziş imzalanıb və ötən ilin noyabr ayında Aktauda Qazaxıstanda işlərə başlanmasına dair təntətənil tədbir baş tutub. Azərbaycan-Qazaxıstan marşrutu Azərbaycan tərəfdən AzerTelecom, Qazaxıstan tərəfdən isə TranstelecomKazTransCom telekommunikasiya operatorları tərəfindən icra edilir. Magistral xəttin uzunluğu təqribən 400 km. təşkil edəcək, məlumat ötürmə gücü isə 4-6 terabit/s-dən az olmayacaqAvropadan Azərbaycan vasitəsilə Orta Asiya və Çinə data trafikinin daşınmasına imkan verəcək. Transxəzər fiber-optik kabel xətti layihəsinin ikinci istiqaməti olan Azərbaycan-Türkmənistan istiqaməti üzrə isə ötən ilin sonunda Aşqabadda dövlətlərarası saziş imzalanıb. Uzunluğu təqdirən 300 km. olacaq bu kabel xəttini də Azərbaycan tərəfdən AzerTelecom şirkəti, Türkmənistan tərəfdən isə Türkməntelekom telekommunikasiya operatoru reallaşdıracaq. Bu marşrut Avropadan internet trafikinin Azərbaycan vasitəsilə Orta və Cənubi Asiya ölkələrinə (Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistran, Hindistan) çatdırılmasını təmin edəcək. Ümumilikdə Transxəzər fiber-optik kabel xətti layihəsi Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək rəqəmsal ipək yolunun (Digital Silk Way) formalaşmasına səbəb olacaq. Magistral xətlər layihəni icra edən ölkələr üçün strateji vacib layihə olacaqAvropa ilə Asiya arasında tranzit ehtiyaclarını tamamilə ödəyəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili mövzu ilə bağlı açıqlamasında deyib ki, bu gün dünyada əmtəə mübadiləsi ilə bərabər, informasiya mübadiləsi kifayət qədər önəm daşımağa başlayıb. Millət vəkilinin sözlərinə görə, informasiyanın getdikcə həcminin və mübadilə sürətinin artması bu informasiyanı tranzit edən ölkələrin kifayət qədər gəlir əldə etməsinə səbəb olur: "Əgər nəzərə alsaq ki, Azərbaycanın yerləşdiyi Avrasiya materikində informasiyanın istehsalı, yaxud məzmununun üçdə ikisi Avropa qitəsində, istehlakçıların isə üçdə ikisi Asiya qitəsindədir, o zaman AvropaAsiya arasında çox ciddi informasiya mübadiləsinin baş verdiyini aydın təsəvvür edə bilərik. Hazırda bu mübadilə ya Rusiya ərazisindən, ya da cənubda okeanın dibindən çəkilmiş optik xətlər vasitəsilə həyata keçirilir ki, hər iki istiqamətdə yerləşən dövlətlər bu tranzitdən yüz milyonlarla dollar gəlir əldə edirlər. Eyni zamanda, bu yeni iqtisadi modelə öz dəyərlərini əlavə etməklə, prosesdən ciddi şəkildə faydalanırlar”.

T.Mirkişili bildirib ki, artıq Xəzər dənizinin dibi ilə yeni bir xəttin çəkilməsi gündəmdədir. Bu, Azərbaycanla Türkmənistan və Qazaxıstanı birləşdirəcək optik xətt layihəsidir. Biz buna digital dəhliz deyə bilərik. Bunun tamamlanması XXI əsrdə Azərbaycan iqtisadiyyatında – informasiya iqtisadiyyatında mühüm rol oynayacaq”.

Millət vəkili söyləyib ki, iqtisadi baxımdan burada kifayət qədər mühüm gəlirlər var: "Həm Avropadan Asiyaya informasiyanın tranzit olunması, həm də Xəzər dənizinin Şərq sahilindəki ölkələrin informasiya ilə təmin olunması, kontentin Azərbaycanda yerləşdirilə bilinməsi imkanı, ölkəmizdə data mərkəzin tikilməsi, digital hab yaratmaqla elektron bankinq, elektron xidmətlər infrastrukturuna sahib olması ciddi şəkildə bu istiqamətlər üzrə gəlir əldə edilməsinə geniş imkanlar yaradacaq. Siyasi baxımdan yanaşsaq, Azərbaycanın regionda nüfuzu kifayət qədər böyükdür. Nüfuzun böyük olması, sabitliyin hökm sürməsi, Azərbaycan Prezidentinin dünyada nüfuzlu, sürətli islahat aparan lider kimi tanınması ölkəmizin müasir iqtisadiyyat qurmaq kimi bir yolda sürətlə irəliləməsinə imkan yaradır. Müasir iqtisadiyyatın əsas əmtəəsi təbii ki, informasiyadır. Məsələyə bu aspektdən yanaşsaq, Azərbaycanın belə bir rəqəmsal layihəni həyata keçirməsi ölkəmizin nüfuzunun həm Qərb, həm də Şərq istiqamətində artmasına imkan verəcək. Bu gün dünyada informasiyaya kim sahibdirsə, gələcəkdə onun sözünün çəkisi daha böyük – ağır olacaqdır. Bütün bunları nəzərə alsaq, Azərbaycanın həyata keçirdiyi bu layihə gələcəkdə ölkəmizin regionda sözünün, nüfuzunun artmasına, milli maraqlara xidmət edəcək yeni layihələrin də həyata keçirilməsinə şərait yaradacaq. Sözügedən və həyata keçirilən layihə Azərbaycanın daha müasir iqtisadiyyat qurmasına, qeyri-neft sektorundan əldə etdiyi gəlirləri artırmasına, insan resurslarının və kapitalının inkişafına gətirib çıxardacaq və gələcək iqtisadi modeldə, iqtisadi münasibətlərdə öz rolunuyerini daha da gücləndirəcəkdir”.

İqtisadiSosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov da deyib ki, Azərbaycanın digital haba çevrilməsi, Avropadan Asiyaya internet xətlərinin ötürülməsinin ölkəmiz üzərindən həyata keçirilməsi mühüm məsələsidir: "Azərbaycan üzərindən internet xətlərinin daşınması baxımdan ölkəmiz regionun habına çevrilmək imkanına malikdir. Böyük ehtimalla yaxın gələcəkdə bu, reallaşacaq”.

İqtisadçı alim bildirib ki, rəqəmsal haba (digital hab) çevrilmək Azərbaycan üçün bir neçə istiqamətdə vacibdir: "İlk növbədə bu, Azərbaycan üçün əlavə gəlir deməkdir. Nəticə etibarilə internet qovşağına, rəqəmsal haba çevrilmək ölkənin valyuta gəlirlərini artıracaq. İxrac baxımdan daha innovativ, həm də çox asan, fiziki baxımdan tutumu olmayan məhsulla xidmət ixracatıdır. Bu da qeyri-neft sektorundan kənar ölkəyə daxil olan valyutanın strukturunun şaxələnməsi, diversfikasıyası baxımdan əhəmiyyət daşıyır. Digər tərəfdən, rəqəmsal haba çevrilməklə Azərbaycan regional mövqeyini möhkəmləndirir. Bu kontekstdən yanaşanda da, sözügedən məsələnin ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olması bir daha aydın olur. Rəqəmsal haba çevrilmək Azərbaycan üçün digər innovativ sahələrin inkişafına da təkan verəcək. Çünki rəqəmsal haba çevrilmək yan sahələrin inkişafına avtomatik təsir göstərir. Rəqəmsal haba çevrilmək fonunda Azərbaycanda qeyri-neft sektorunun digər sahələrinin təşviq edilməsini, inkişafını müşahidə edəcəyik. Azərbaycan artıq innovativ hesab edilən sahələr üzrə də regionda liderliyi ələ almağı hədəfləyən ölkələr sırasındadır. Hesab edirəm ki, Azərbaycanın rəqəmsal haba çevrilməsi fonunda daha innovativ sektorların inkişafını müşahidə edcə biləcəyik”.

Rufik İSMAYILOV

 Kaspi  2020.- 24 yanvar.- S.9.