Ceyhun
Dadaşov: “Bədən aktyorun alətidir”
"Aktyorun
əyninə plaş geyindirib, başına şlyapa qoymaqla əsər
müasirləşmir”
Onu pantomimçi kimi tanıyırdım. Daha sonra
teatrlarda hazırlanan tamaşaların afişalarında plastik
həll üzrə rejissor kimi görməyə
başladım. Hansı teatra gedirdimsə,
qarşıma yenə də o çıxırdı. Hətta yaradıcı kadrlar yetişdirən Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində belə qarşıma çıxırdı.
Sonralar öyrəndim ki, o, həm də bu ali
təhsil ocağında pedaqoq kimi fəaliyyət göstərir.
Artıq zamanı yetişmişdi. Onunla görüşmək qərarına gəlmişdim.
Bu dəfə o mənim qarşıma
çıxmayacaqdı, mən onu qarşılayacaqdım.
Beləliklə, müsahibim istedadlı
pantomimçi, plastika mütəxəssisi, "Rebus”
teatrının rəhbəri, aktyor, rejissor Ceyhun Dadaşovdur.
- Plastika
nədir və ümumiyyətlə plastikadan harada, necə
istifadə etmək lazımdır?
- Plastika
bu gün teatrımızın bəlalı problemlərindən
biridir. Hələ də Azərbaycanda tamaşanın plastik həllinin
nə olduğunu anlamayan aktyorlar və rejissorlar var.
- Plastik həll,
sadəcə, rəqsdən və xoreoqrafiyadan ibarətdirmi?
- Əsla. Bu, sadəcə, rəqsdən ibarət
deyil. Tamaşanın
plastik həlli aktyorla sıfırdan işləmək,
rejissorla müştərək iş deməkdir. Aktyor səhnəyə çıxıb, hər
hansı bir obraz yaradırsa, həmin obrazın
davranışı, hərəkətləri və
özünəməxsus plastikası olmalıdır. Plastik həll üzrə rejissor aktyora obraza uyğun
hərəkətləri nizama salmağa kömək etməlidir.
- Sizdə
bu təməl, plastikanın alt qatı məhz Pantomima
teatrında qoyulub?
- Pantomima
teatrının yaradıcısı Bəxtiyar Xanızadə
bu təməl üçün zəmin yaradıb. Mən ondan çox şey öyrənmişəm.
Uşaq olduğumuz vaxtlarda müxtəlif dərnəklər var idi. Mən rəqs
dərnəyinə gedirdim. Bir il Xoreoqrafiyada oxudum. Ancaq Pantomima teatrı mənim üçün bir məktəb
oldu. Mən ora gələndə plastika ilə
bağlı kifayət qədər məlumatım yox idi.
- Bu
gün Ceyhun Dadaşov olmağınızda Pantomima
teatrının rolu və yeri nə qədərdir?
- Ceyhun Dadaşov olmağımda Pantomima teatrının
rolu ölçüyə gəlməz dərəcədə
böyükdür. Baxmayaraq ki, teatrdan uzaqlaşmışam,
hələ də mənə "bu pantomimçidir” deyirlər.
Pantomima Teatrı ilə adımın qoşa
çəkilməsi mənim üçün
qürurvericidir.
- Aktyor səhnədə
mükəmməl performans göstərmək
üçün öz bədəninə nə qədər
hakim olmalıdır?
- Aktyor bədəninə
yüzdə yüz hakim olmalıdır. Fərqi
yoxdur, opera, dram, pantomima, kukla aktyorudur. Çünki
bədən aktyorun alətidir. Aktyor bədəni
ilə işləyir. Stanislavski deyir ki,
aktyor səhnəyə gələndə yeriməyi də
öyrənməlidir, baxmayaraq ki, ömrümüz boyu
yeriyirik.
- Burda istək
nə qədər rol oynayır?
- İstəyin olması "sən peşəkar
aktyorsan” demək deyil. Əgər mən məşq etməmişəmsə,
öyrənməmişəmsə, milyon dəfə də istəsəm,
onu edə bilmərəm. Çünki bədənim
hazır deyil, aktyor sənəti də elədir. Əsas odur ki, aktyor o hissi tamaşaçıya
çatdıra bilsin. Aktyorun nə hiss etdiyini görmək
üçün vizual ifadə lazımdır. Bu
da aktyorun gözü, mimikası, jesti, hərəkəti və
dediyi sözdür. Sözün özü
də fiziki hərəkətdir. Səs telləri,
ağız quruluşu, dilin ağız boşluğunda hərəkəti
və s. hamısı gəlib texniki vərdişlərin
üzərində dayanır. Əgər aktyor səhnəyə
çıxıb "c” "ç” problemi yaşayırsa, təbii ki,
tamaşaçı ona güləcək.
- Bu
gün teatrlarımızda hind ritmləri əsasında
hazırlanan tamaşadan zövq almaq mümkündürmü?
- Bu, kəmiyyət
və keyfiyyət məsələsidir. Tamaşa
yalnız danışıq üzərində qurulmur.
Aktyor səhnəyə çıxıbsa, göz
üçün də
çalışmalıdır. Tamaşaçı
üçün vizuallıq da lazımdır. Sizin qeyd etdiyiniz məqam isə teatrın və
rejissorun zövqündən asılıdır. Nəyinsə
xatirinə ara mahnılarını teatra gətirib
kassa doldurmaq zövq üçün nəzərdə
tutulmayıb. Plastikanın bundan xəbəri
yoxdur (gülürük). Bəzən olur
ki, nəinki musiqilər, hətta tamaşada istifadə edilən
mətn də səviyyəsiz zarafatlardan ibarət olur. Hərdən elə olur ki, məşq prosesində
bir zarafat edirik, bu zarafatı bəyənib məşqə
salırıq. Sonra onu tamaşaya salmaq istəyən an düşünürük ki, bu bizim
zarafatımızdır, biz bunu öz aramızda edib
gülürük. Ancaq bunun
tamaşaçıya aidiyyatı varmı və bu zarafat
tamaşaçı üçün nə qədər
maraqlıdır? Hər nə qədər
aktual yumor olsa da, bu yumor bizə lazımdırmı? Edilən zarafatlar Cəlil Məmmədquluzadənin,
Mirzə Fətəli Axundovun səviyyəsindədirmi?
-Klassiklərdən
söz düşmüşkən, teatrlarımızın
repertuarındakı klassik əsərlər bu gün öz
aktuallığını itirib. Sizcə, səhnəyə
müasir geyimlə çıxmaq tamaşanın
müasirliyindənmi xəbər verir?
- Paltar dəyişdirməklə
tamaşa müasir olmur. Biz "Hamlet”
tamaşasına quruluş verəndə səhnəyə qara
şalvar, qara köynəklə çıxdıq. Ona görə yox ki, belə daha gözəldir.
Ona görə ki, mənim nəzərdə
tutduğum libas çox xərc tələb edirdi. Müstəqil teatr olaraq, bu xərcləri
qarşılamağa imkanımız çatmırdı.
Ancaq dövlət teatrlarında belə bəhanəni
qəbul etmirəm. Aktyorun əyninə
plaş geyindirib, başına şlyapa qoymaqla əsər
müasirləşmir. Əsərin
müasirləşməsi üçün ya orada stilistika dəyişməlidir,
ya da baxış bucağı, əgər bunlar olmursa, klassik əsər
hansısa müasir mövzu ildə bağlanmalıdır.
Təbii ki, teatrda klassik tamaşa
olmalıdır. Hansısa bir xarici gələndə
Şekspirə, Dümaya deyil, yerli klassiklərə baxmaq istəyir.
Bəli, bu gün həmin klassik əsərlər
aktual deyil.
- Sizcə,
bu gün teatrlar məktəb rolunu oynayırmı?
- Mən
heç vaxt teatrı məktəb kimi görməmişəm.
Teatra həmişə zövq və ləzzət
kimi baxmışam. Düşünməmişəm
ki, nümayiş etdirdiyim tamaşa ilə seyrçiyə nə
isə öyrədəcəyəm. Həmişə
istəmişəm ki, tamaşaçı baxdığı
tamaşada nəyisə hiss etsin. Səhnədən
birbaşa olaraq tamaşaçıya deməyim ki, "sən
bu qızı oxutmadın, gedib bədbəxt oldu”. İstəyim odur ki, tamaşaçı həmin qəhrəmanın
çəkdiyi əzab-əziyyəti özündə hiss
etsin. Məncə hisslər izləyiciyə
daha çox təsir edir.
-
Teatrlarımız oturuşmuş bir planla işləyir. Onlar öz qəliblərini sındıra bilmirlər
ya da istəmirlər.
-
Teatrlarımızda janr və istiqamət problemi mövcuddur. İstərdim ki, teatrlarımızda müasir yerli və
xarici əsərlər səhnələşdirilsin. Xarici ədəbiyyat deyəndə gedib Molyerdə,
Dostoyevskidə qalırıq. Teatrlar
üçün də müasir pyeslər yazılmır.
Məsələ burasındadır.
- Məsələ,
pyes də deyil. Bu gün elə ətrafımızda
yaşanan gündəlik hadisələrin özü bir
pyesdir. Kiçik hekayələrin əsasında
da tamaşa hazırlamaq olar. Vacib deyil ki,
iki saatlıq tamaşa olsun.
- Dediklərinizi
səhnələşdirməyin özü də çətin
bir prosesdir. Hər kəs öz işi ilə məşğul
olmalıdır. Rejissor dramaturq deyil. Əslində, bu mövzunu müzakirə edirsən,
çox boş bir söhbətə gəlib
çıxır. Teatrlar deyir ki, müəllif
yoxdur, dramaturqlar isə yazdıqlarını heç kimin səhnələşdirmədiyini
bildirirlər. Bunların hamısı
bir-birinə bağlıdır və bütün bu suallar
içərisində insan çaşıb qalır.
- "Rebus” müstəqil teatrının rəhbəri
olaraq, bu teatrdan gözləntiləriniz nədir? Gəlir əldə
edə bilirsinizmi?
- Sənətə
gəlir mənbəyi kimi baxanda teatr bağlanmağa məhkum
olur. Özəl teatr 30 nəfəri
yığıb, iki ay sərf edərək tamaşa
hazırlayır, tamaşadan əldə olunan gəlirlə 30
nəfəri saxlaya bilməz. Bu heç
vaxt olmayacaq. Çox nadir hallarda tamaşa
tutur.
- Məsələn, hansı hallarda?
- Əgər sənin tamaşanda məşhur simalar
varsa, tamaşaçı ona görə gəlib baxacaq. Məşhur
simalar yoxdursa, o zaman şou göstərməlisən. Bu gün heç bir teatr öz hesabına yaşaya
bilməz. Müstəqil teatrlar
çabalayır. Onlar aktyora maaş
vermək gücündə deyillər. Teatr
prosesinin canlandırılması üçün müstəqil
teatrların olması müsbət haldır. Müstəqil teatrlar sərbəstdir, istədiyi hər
sözü deyə bilirlər.
- Ceyhun bəy,
heç zaman adınızı qalmaqallarda görməmişik.
Niyə məşhur olmaq istəmirsiniz?
- Qalmaqal
məşhur adamlarla olur, mən o qədər də məşhur
biri deyiləm. Heç kimlə konfliktə
girmirəm. Uzağı, bir az
söhbət edərəm, görsəm ki, konflikt yaranır,
oradan uzaqlaşaram. Əgər nəyisə
öyrənmək, ya da hansısa şübhəli bir məqamı
dəqiqləşdirmək istəyirəmsə, o zaman
müzakirədə iştirak edərəm. Əgər görsəm ki, qarşı tərəf
mübahisə edib qalmaqal yaratmaq istəyir, ona o şəraiti
yaratmaram. Qarşı tərəf
özünü ağıllı kimi sübut etmək istəyirsə,
qoy, elə ağıllı görünsün. Bəlkə kiminsə mənimlə problemi var, amma mənim
heç kimlə problemim yoxdur. Sözlərim
bəzən kiminsə xətrinə dəyir. Ancaq hər zaman çalışmışam ki,
heç kimin şəxsiyyətinə toxunmayım. Səhv etdikdə isə kiçikliyindən, yaxud
böyüklüyündən asılı olmayaraq,
"bağışla” deməyi bacarmışam.
- Boş
zamanlarınızda gitarada ifa edir, şeir, hekayə
yazırsınız. Sizcə, bu
bekarçılığın əlamətidir, yoxsa bir
istedaddır?
- Əvvəla, onu deyim ki, heç birinə iddialı
deyiləm. Mən nə müğənni, nə şair, nə
də musiqiçi olmaq arzusunda olmamışam. Rejissorluğa və aktyorluğa iddiam var.
Özümü yaradıcı şəxs hesab edirəm.
Kimsə xətrimə dəyirsə,
özümdən asılı olmayaraq, içimdəkiləri
şeirlə ifadə edirəm. Hansısa
hadisə ilə rastlaşıramsa, həmin hadisəyə
uyğun hekayə yazıram. Bu mənim
düşdüyüm əhvaldan asılıdır.
- Azərbaycanda
ilk pantomim aktrisalarından olan Nargilə Qəribova ilə ailəli
olmağın avantajları nələrdir?
- Hərdən sənətdən də söhbət
edə bilirik (gülürük). Evlilikdə avantaj
düşünmək doğru deyil. Əgər bir insanı nəyə
görə sevdiyini bilirsənsə, orda düşünmək
lazımdır. Mənim üçün sevgi o zaman dəyərli
olar ki, onun səbəbini bilmirsən. Nargilə ilə
çox yaxşı yola gedirik və bir birimizi
anlayırıq. Bəzən olur ki, mən hansısa fikirlə
razı olmuram, o mənə kömək edir, mən onun fikirlərindən
yola çıxaraq, nələrisə özüm
üçün aydınlaşdırmış oluram. Biz
onunla eyni "operanı oxuyuruq”.
- Sizcə, "Cırtdan şou”
teatrlarımıza rəqibdirmi?
- Dünyada da bu üslubda hazırlanan belə
böyük şoular var. Hər zaman təmiz rəqabətin
tərəfdarı olmuşam. Heç kim kimsənin
ayağını dartmır, qarşısını kəsmir,
ortaya məhsul qoyur. Tamaşaçı kimi bəyənirsə,
ona da üstünlük verir. "Cırtdan şou”nun yeni ildə
Bakıda göstərdiyi
şouda 79646 bilet satılıb. Əvvəla, onu deyim ki,
"Cırtdan” tamaşa deyil, şoudur. Bunu hansısa
teatrın tamaşası ilə müqayisə edə bilmərik.
Oradakı ifaçılar da bizim teatrlarda çalışan
aktyorlarımızdır.
- Bu da onu göstərir ki, teatrların özləri
də şou yarada bilərlər. Amma təbii ki, istəsələr.
Madam ki, oradakı aktyorlar bizim teatrların aktyorlarıdır.
Niyə də olmasın?
- Əlbəttə ki, əvvəllər
xaricdən "Maşa və ayı” kimi xarici animasiya filmlərin
qəhrəmanları gətirilirdi və onların biletlərinin qiyməti 50 manatdan başlayırdı.
"Cırtdan şou” isə bizim öz məhsulumuzdur və
öz nağıl qəhrəmanımızdır. Bunun
özü belə sevindirici bir haldır.
Xəyalə Rəis
Kaspi.- 2020.- 30
yanvar.- S.12