Azərbaycan xalçaları Fransada
Heydər Əliyev
Fondunun təşkilatçılığı ilə
UNESKO-nun baş qərargahında sərgi
açılıb
Heydər
Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi və
UNESKO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı
ilə Parisdə UNESKO-nun baş qərargahında Fondun “Yeni kəşflər:
Azərbaycan xalçaçılığında yeni motivlər”
adlı sərgisinin açılışı olub.
AZƏRTAC xəbər
verir ki, sərginin açılışında
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, UNESKO baş
direktorunun mədəniyyət
məsələləri üzrə
müavini Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı
səfiri Rəhman Mustafayev, UNESKO yanında daimi nümayəndəliyimizin
rəhbəri, səfir
Anar Kərimov, Fransada akkreditə olunmuş səfirlər,
UNESKO-dakı missiyaların
rəhbərləri, yerli
ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak
ediblər.
Heydər Əliyev
Fondunun icraçı
direktoru Anar Ələkbərov sərginin
açılışında çıxış edərək
“Yeni kəşflər:
Azərbaycan xalçaçılığında
yeni motivlər” adlı layihənin ərsəyə gəlməsindən
danışıb. Bildirib ki,
10 il əvvəl Azərbaycan xalça sənəti UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi
Mədəni İrsinin
Reprezentativ Siyahısına,
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında
isə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu baxımdan Şəki xalçalarının
UNESKO-nun baş qərargahında sərgilənməsi
böyük əhəmiyyət
daşıyır. O, sərginin
UNESKO-nun baş qərargahında təşkilinə
göstərdiyi dəstəyə
görə qurumun baş direktoru Odre Azuleyə təşəkkür edib.
Daha sonra sərginin
açılışında UNESKO baş direktorunun mədəniyyət məsələləri
üzrə müavini
Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri,
səfir Anar Kərimov da çıxış ediblər.
Çıxışlarda Azərbaycanın
Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna sərginin təşkilinə
görə təşəkkür
edilib.
Bildirilib ki,
bu sərgi Azərbaycan mədəniyyətini,
xalçaçılığını daha yaxından kəşf etməyə imkan yaradır. Xalça toxuculuğu Azərbaycanın kimliyini əks etdirir. Xalça toxuculuğunun nəsildən-nəslə ötürüldüyü
diqqətə çatdırılıb.
Şəkinin zəngin
mədəniyyət irsindən,
ipəkçiliyindən, Azərbaycan
memarlığının şedevri
olan Xan Sarayından danışılıb.
Xalça sənətinin
Azərbaycan xalqının
estetik və dünyagörüşünü, eləcə də plüralist baxışlarını
əks etdirdiyi bildirilib. Diqqətə çatdırılıb ki,
bu sənət Azərbaycan xalqının
həyatının ayrılmaz
hissəsidir.
Qeyd edilib
ki, mədəniyyət
irsinin qorunub saxlanması və nəsildən-nəslə ötürülməsi
UNESKO-nun missiyasıdır.
Azərbaycanın dövlət
nümayəndələrinə qurumun bu missiyasına
göstərdiyi dəstəyə
görə minnətdarlıq
bildirilib.
Tədbirdə sərgilənən xalçaların
toxucularından iki nəfəri, eləcə
də Kann sərgisindən ruhlanaraq Azərbaycana gəlmiş
və xalça toxumağı öyrənmiş
Filip Jüj də iştirak ediblər. Filip Jüj “Yeni kəşflər: Azərbaycan
xalçaçılığında yeni motivlər” adlı layihənin sakini olduğu Kann şəhərində
təşkil edilməsindən
məmnunluğunu bildirib
və elə həmin vaxtdan Azərbaycan xalçalarına
heyran olduğunu vurğulayıb. Diqqətə
çatdırıb ki,
xalçalarımıza bu
heyranlığı onu
həmin sərgini hər gün ziyarət etməyə sövq edib. Dəfələrlə sərgidəki
xalçaları seyr etdikdən sonra o, Azərbaycana gələrək
xalçaçılar yanında
təcrübə keçməsindən,
xalça toxumağı
öyrənməsindən danışıb.
Kanna qayıtdıqdan
sonra evində dəzgah qurduğunu və artıq iki xalça toxuduğunu deyib.
Sərginin rəsmi
hissəsindən sonra
tədbir iştirakçıları
nümayiş olunan xalçaları seyr edib və motivlər,
rənglərlə bağlı
fikirlərini bölüşüblər.
Qeyd edək
ki, Azərbaycan sənətçiləri, rəssamları
Şəki Xan Sarayındakı əsrarəngiz
ornamentlərdən, freskalardan
ruhlanaraq nəfis və zəngin əsərlər yaradıblar.
Sərgidə nümayiş
olunan xalçalar da məhz həmin
ornamentlərin, Şəki
motivlərinin əsasında
xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin eskizləri üzrə iki il ərzində
30 xalçaçı tərəfindən
toxunub.
Sərgi ilk
dəfə 2019-cu ildə
Heydər Əliyev Fondunun Kann şəhərində
keçirdiyi Azərbaycan
mədəniyyəti günləri
çərçivəsində təqdim edilib və bu il
ərzində onun bir çox fransız şəhərlərində
nümayişi nəzərdə
tutulur.
UNESKO-nun baş
qərargahında təşkil
olunan sərgi fevralın 4-dək davam edəcək.
Kaspi.- 2020.- 31 yanvar.-
S.3