Süni intellekt və təbiət gözəlliyinin vəhdətindən
yaranan turizm incisi...
Qarabağ regionu texnoloji investisiyalar üçün
maraq mərkəzinə çevriləcək
"Yaşıl enerji
zonası ilə bərabər, kənd təsərrüfatında
ən müasir texnologiyalar
tətbiq edilməlidir. Nəzərə alsaq ki, azad
edilmiş ərazilərdə torpaqlar çox münbitdir, həm bitkiçilik,
həm heyvandarlıq üçün çox böyük imkanlar var, orada
kənd təsərrüfatının ən müasir
texnologiyalar əsasında inkişafı
mütləq təmin edilməlidir. Biz
bu işi indidən
planlaşdırmalıyıq ki, məhsuldarlıq
yüksək olsun”.
Bu fikirlər Prezident İlham Əliyevə məxsusdur. Dövlət başçısı bildirib ki, azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər "smart-city”, "smart-village” - yəni "ağıllı şəhər”, "ağıllı kənd” konsepsiyası əsasında olmalıdır: "Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik”.
Davos Ümumdünya
İqtisadi Forumunda
iştirakı zamanı onlarla şirkət
rəhbərlərilə görüşlərinin olduğunu deyən Azərbaycan Prezidenti bildirib ki, onların böyük əksəriyyəti
texnoloji şirkətlərdir: "Bu görüşlər əsnasında
görürəm ki, dünyada
hansı yeniliklər var, hansı müsbət
inkişaf var və
çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim. Ona görə
"ağıllı şəhər”, "ağıllı
kənd” konsepsiyası işlənməlidir və tətbiq
edilməlidir”.
Doğurdan
da, "ağıllı kəndlər”in yaradılması
çox vacib addımdır və Azərbaycan bu istiqamətdə
fəal iş aparır. Bu kimi layihələr kənd təsərrüfatı
sektorunda qiymətlərə birbaşa təsir edən rəqəmsal
transformasiyanın sürətləndirilməsinə kömək
edir. Ancaq nəzərə
alınmalıdır ki, ağıllı
kəndlər ağıllı şəhərlərdən uzaq ola bilməz, çünki lazımi infrastrukturdan
istifadə etməlidirlər. Həmçinin
ağıllı kəndlərdə günəş enerjisindən
istifadə və müxtəlif innovasiyaların tətbiqinə
ehtiyac var. Bəs kəndlərdə
rəqəmsallaşdırmaya necə nail
ola bilərik? Mütəxəssislər hesab edir ki
məlumat bazası yaratmaq və
"ağıllı” kommunikasiyalardan
istifadə etmək lazımdır. Bundan əlavə,
həm hökumətdən, həm də özəl sektordan maraq tələb olunur.
"Ağıllı
kəndlər” kənd yerlərində ölkənin və digər
xarici ölkələrin elmi, texniki və yaradıcı
ziyalıları üçün cəlbedici xüsusi sahələrin
yaradılmasını, yüksək texnologiyalı şirkətlərin
qərargahlarının və inkişaf mərkəzlərinin,
tədqiqat laboratoriyalarının yerləşdirilməsini,
elmi və texniki mərkəzlərin, mədəni məhsulların
istehsalı üçün obyektlərin
yaradılmasını nəzərdə tutur.
Ağıllı kənd nədir?
"Ağıllı kəndlər” Avropa Birliyi siyasətinin yeni bir konsepsiyadır. Bu konsepsiya mövcud güclərinə, yeni fürsətlərin inkişaf etdirilməsinə əsaslanan kənd ərazilərinə və icmalarına aiddir. "Ağıllı kəndlər” ənənəvi və yeni şəbəkələr, xidmətlər, rəqəmsal, telekommunikasiya texnologiyaları, innovasiyalar istifadə edilməklə təkmilləşdirilir ki, orada yaşayan sakinlər və fəaliyyət göstərən bizneslər bundan faydalana bilsin. Rəqəmsal texnologiyalar və innovasiyalar həyat keyfiyyətini artırır, vətəndaşlar üçün ictimai xidmətlər, mənbələrdən daha yaxşı istifadəni təmin edir və ən əsası ətraf mühiti qoruyur.
Avropa Birliyində ağıllı şəhər və kəndlərin çoxalması üçün göstərilən təşəbbüslərə hərtərəfli dəstək verilir. Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) 10 ölkə daxildir. Sinqapur başda olmaqla bu ölkələr də "ağıllı şəhər” konsepsiyasına ciddi maraq göstərir. Onlar hətta bu istiqamətdə hətta bir çox Qərb ölkələrini də geridə qoyublar. Çin və Hindistan kimi əhalisinin sıxlığı ilə seçilən ölkələr də müasir texnologiyalara istinadən idarə olunan "ağıllı şəhərlər”i getdikcə daha çox ön plana çıxarırlar. ABŞ, Kanada, Avstraliya kimi ölkələrdə də bu konsepsiya ciddi uğur qazanıb.
"Cisco”, "Schneider Electric”, "IBM”, "Microsoft” kimi dünyanın ən nəhəng şirkətləri "ağıllı şəhər” konsepsiyasının daha da təkminləşdirilməsində xüsusi fəallıq göstərirlər.
Qarabağda "ağıllı kəndi
İşğaldan azad edilmiş ərazilərdə
həyata keçirilməsi nəzərdə tutulan
"ağıllı kənd” layihəsi ilk
olaraq Zəngilan rayonunun
Üçüncü Ağalı kəndində
reallaşdırılır. Ərazidə ilk
olaraq 200 fərdi evin tikintisi nəzərdə tutulub.
Bu, normal kəndlərdən
fərqlənəcək, modern, şəhərtipli
qəsəbə olacaq. Kənddə layihənin
icrası, əsasən, 5 komponent üzrə
aparılacaq: Yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd
təsərrüfatı”, alternativ enerji sahələri. 200 evdən ibarət kəndin
enerjiyə tələbatı yalnız alternativ
enerji mənbələri hesabına təmin
olunacaq.
İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
baş analitiki Günay Quliyeva bildirib ki, Prezident İlham
Əliyevin "azad edilmiş ərazilərdə qurulacaq
"smart-city”, "smart-village” - yəni "ağıllı
şəhər”, "ağıllı kənd” konsepsiyası
ilk növbədə dünyada baş verən qlobal
çağırışlara cavab verəcək. Onun sözlərinə görə, Qarabağ regionu texnoloji investisiyalar üçün maraq mərkəzinə
çevriləcək, həm də digər
regionlarımızda ağıllı şəhər-kənd
texnologiyalarının tətbiqi üçün
təcrübə rolunu oynayacaq:
"Müasir dünyada
"ağıllı şəhərlər”in
yaradılması qloballaşmanın və 4-cü sənaye
inqilabının yaratdığı bir çox problemləri də aradan
qaldıra bilər. Həmçinin, şəhərləri
daha davamlı, əhatəli və təhlükəsiz
hala gətirmək BMT-nin
Davamlı İnkişaf Məqsədlərindən
biri olaraq müəyyənləşib.
Ümumiyyətlə "smart city” konsepsiyasını işğaldan
azad olunmuş ərazilərdə
reallığa çevirmək üçün
ilk növbədə davamlı beynəlxalq
təcrübələri öyrənmək, növbəti
mərhələdə tətbiq və təşviq etmək üçün əsasən informasiya
və kommunikasiya texnologiyalarından geniş istifadə etmək lazımdır”.
Post-konflikt ərazilərdə "ağıllı kənd” layihəsinin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edən G.Quliyeva bildirib ki, beynəlxalq təcrübədə "smart village” dedikdə kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həlli və daha da önəmli olan kənd ərazilərində yeni iqtisadi imkanların yaradılması başa düşülür: "Ağıllı kənd” texnologiyası rəqəmsallaşma, kənd sərhədlərindən daha böyük düşünmə, kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatı deməkdir. İşğaldan azad olunmuş ərazilərdə "ağıllı kənd” texnologiyalarını tətbiq etməklə "azalma həlqəsinin” (circle of decline) yaranma ehtimalını da bloklaya bilərik. Həmçinin, "smart-village” texnologiyaların tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, startap tipli mikro və kiçik sahibkarlığın kənd əhalisi arasında geniş yayılmasına şərait yaradacaq. "Ağıllı şəhər” və "ağıllı kənd” texnologiyalarının tətbiqi Qarabağ regionunu dünyanın süni intellekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisinə və Azərbaycanın innovasiya-startap fabrikinə çevirə bilər”.
Kənd və şəhər fərqi faktiki olaraq...
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Toğrul Qafarbəyli açıqlamasında bildirib ki, bütün dünyada "Ağıllı kənd” layihələrinin həyata keçirilməsində əsas məqsəd kəndlərdən şəhərlərə axınının qarşısını almaqdır: "Yəni kənd yerlərində insanlara elə şərait yaradılmalıdır ki, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də rahat çıxış olsun. Eyni zamanda, insanlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaradılmalıdır. Üçüncü məqam isə kənd sakinlərinin dövlət xidmətlərinə çıxışının təmin olunması üçün tam şəraitin formalaşdırılmasıdır. Yəni, "Ağıllı kənd” konsepsiyasında xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər fərqi faktiki olaraq aradan qalxmış olur”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu infrastrukturun qurulması müxtəlif xarici şirkətlərlə birgə nəzərdə tutulur. Yaponiya, İtaliya, Böyük Britaniya şirkətlərinin bu prosesdə iştirakı gözlənilir: "Düşünürəm ki, aidiyyəti qurumlar, NRYTN, VXSİ Dövlət Agentliyi və digərləri bu sahənin inkişafı ilə əlaqəli konseptual məsələləri tez bir zamanda tamamlamalıdır. Maraqlı tərəflərlə, xarici ekspertləri dəvət etməklə müzakirələr aparılmalı, uğurlu təcrübələrdən istifadə olunmalıdır. Fikrimcə, bu infrastruktur uzunmüddətli "Rəqəmsal Azərbaycan” konsepsiyasının tərkib hissəsi olmaqla yanaşı, işğaldan azad olunmuş ərazilərin spesifik xüsusiyyətləri ilə tamamlanmalıdır. İşğaldan azad olunmuş ərazilərin spesifik xüsusiyyətləri nəzərə alınaraq "Ağıllı şəhər və kənd” layihəsinin icra olunacağı pilot ərazilər, "ağıllı” formaya keçiriləcək prioritetlər, İT infrastruktur, toplanacaq dataların tipləri emal mərkəzləri ilə işlənməlidir”.
Aygün ƏZİZ
Kaspi 2021.-27 fevral.- S.8.