Nizami sözümüzün və ədəbiyyatımızın
Qarabağıdır
Şuşanın
Azərbaycanın mədəniyyət mərkəzi, 2021-ci ilin "Nizami İli” elan edilməsi sənətkarları
böyük işlər görməyə
sövq edəcək
"Dünya ədəbiyyatının
görkəmli nümayəndəsi, dahi
Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvi bəşəriyyətin
bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng
sənətkarın xalqımızın mənəviyyatının
ayrılmaz hissəsinə çevrilmiş
parlaq irsi əsrlərdən
bəri Şərqin misilsiz mədəni
sərvətlər xəzinəsində özünəməxsus
layiqli yerini qoruyub saxlamaqdadır”. Prezident
İlham Əliyevin Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi
İli” elan edilməsi
haqqında Sərəncamında yer alan bu fikirlər dahi şairin irsinin bundan sonra da tədqiq və təbliğ
olunmasının vacibliyini gündəmə
gətirib.
Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyidir. "Nizami Gəncəvinin geniş şöhrət tapmış "Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir” deyə sənəddə qeyd edilib. Nizami dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğu qeyd edilən sərəncamda ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görüldüyü də əksini tapıb: "Nizaminin, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir”.
Ədəbiyyatçılar, mədəniyyət və incəsənət adamları bildirirlər ki, dövlət başçısının sərəncamı Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmaq, dahi şairin adını dünyada daha da tanınması baxımından böyük əhəmiyyətə malikdir. Bu baxımdan, ölkə başçısının sərəncamı mütəfəkkir şairin 880 illiyinə layiqli töhfədir.
Zamandan-zamana keçən klassik
Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov hesab edir ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin "Nizami İli” elan olunmasının böyük mənası var: "Biz böyük bir sınaqdan çıxdıq. Dağlıq Qarabağı işğaldan azad etdik. Dünyaya sübut etdik ki, mədəni şəkildə müharibə aparmağı bacarırıq. Bu o demək idi ki, biz dərin mədəni köklərimiz, adət-ənənəmiz, insani dəyərlərimiz olan bir xalq olduğumuzu dünyaya nümayiş etdirdik”. B.Xəlilovun sözlərinə görə, bundan sonra artıq ölkədə ikinci bir mərhələ - dirçəliş, quruculuq mərhələsi başlayır. Bu mərhələləri müvəffəqiyyətlə aparmaq üçün biz mütləq yaddaşa qayıtmalıyıq: "Prezident bütün dünyaya mesaj edir ki, mənəvi dəyərlər, insanın kamilliyi Azərbaycan insanı üçün prioritet istiqamətlərdəndir. Kamil olmaq üçün mütləq Nizami Gəncəvi kimi böyük şəxsiyyətləri oxumaq, onlardan öyrənmək lazımdır. Çünki Nizaminin özü bir tarixdir. Biz Nizami Gəncəvini təkcə bir klassik kimi öyrənmirik, onun yaradıcılığından tariximizi, mədəniyyətimizi, etnoqrafiyamızı, məişətimizi öyrənirik. Bunların hamısı o deməkdir ki, biz Nizami Gəncəvi vasitəsilə dünyaya "Görün, 880 il bundan qabaq bizim necə bir düşüncə sahibimiz olub və dünyaya çıxa bilib” deyə mesaj edirik”.
Nizami Gəncəvinin əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə olunduğunu deyən alim bildirir ki, Prezident bu sərəncamla Nizaminin əsərlərinin yenidən dünyanın bütün dillərinə tərcümə olunmasını mesaj edir. Belə ki, böyük mütəfəkkirin əsərləri dünya dillərinə tərcümə olunmalıdır ki, bizi həm də zəngin mədəniyyəti, mədəni nümunələri olan bir xalq kimi tanıda bilsin: "Fars dilində yazmaqla Nizami türk mədəniyyətini, tarixini, həyat tərzini, etnoqrafiyasını, müxtəlif elmlərlə bağlı öyrəndiklərini, həyat təcrübəsini təbliğ edib. Bu, əslində bir azərbaycanlının o dövrün ədəbiyyat dilini bilməyi deməkdir. Bu mənada Nizami Gəncəvi fars dilində yazmaqla türk düşüncəsi, mənəviyyatı və əxlaqının kamilliyini ortaya qoymaq istəyirdi. Çünki o dövrdə yazı və oxunaqlı dil fars dili idi. Dahi şair məhz bu dil vasitəsiylə türk dilinin keyfiyyətlərini dünyaya və farsdilli oxuculara yaya bildi. Ona görə biz Nizami Gəncəviyə konkret olaraq bir tarixi dövrün klassiki kimi baxa bilmərik. O, zamandan-zamana, dövrdən-dövrə keçən və Azərbaycan xalqının mədəni səviyyəsini əks etdirən klassikimizdir”.
Filoloq qeyd edir ki, vaxtilə Nizami Gəncəvinin yubileyi münasibəti ilə ulu öndər Heydər Əliyev görkəmli şairin əsərlərini rus dilinə tərcümə etdirib: "Hətta Heydər Əliyev "mən Nizaminin əsərlərinin tam şəkildə tərcümə olunmasına vaxt tapa bilmədim” dedi. Çünki o, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsinə təyin olunmuşdu. İkinci dəfə hakimiyyətə qayıdanda qeyd edirdi ki, Nizaminin əsərlərinin tərcüməsi sona yetməyib. Sevindirici haldır ki, yarımçıq qalan bu iş Prezident İlham Əliyevin verdiyi sərəncam əsasında həyata keçiriləcək”.
Alim Nizaminin
əsərlərinin yenidən rus dilinə
və dünyanın müxtəlif dillərinə tərcümə olunmasının vacibliyini qeyd edir. Belə ki, bu, bir daha
Azərbaycan xalqının əxlaqi-mənəvi keyfiyyətlərini
ortalığa çıxaracaq: "Nizami
İli” hər bir Azərbaycan
vətəndaşının üzərinə məsuliyyət
qoyur. Bu o deməkdir ki, hər birimiz öz sahəmizdə
kamilliyə doğru can
atmalıyıq. Bundan sonra
peşəkarlıq üzdə olmalıdır. Mənim
fikrimcə, Prezident bu
sərəncamla həmçinin Azərbaycan cəmiyyətində
hər bir kəsin öz
sahəsində peşəkar, kamil
olması məsələsini də ortalığa qoyur. Bu baxımdan, bizim ziyalıların, alimlərin üzərinə
ciddi vəzifələr düşür.
Ədəbiyyatşünaslar yenidən Nizamini
tədqiq edib öyrənməlidirlər.
AMEA-nın müvafiq bölmələri bu istiqamətdə ciddi fəaliyyət
göstərməlidir. Biz Nizamini
olduğu kimi dünyaya təqdim etməliyik”.
Ədəbiyyatşünas alim qeyd edir ki, ölkə başçısının sərəncamı həmçinin Azərbaycanın mədəniyyətin beşiyi olduğunu dünyaya göstərən sənəddir: "Gəncə şəhəri mədəniyyətin beşiyi olub - orda Nizami kimi dahi doğulub. Hətta bədxah qonşularımız Nizamiyə də daş atmaq, onu özününküləşdirmək istəyirlər. Ona görə də keçmişi, bu günü olan bir xalqın gələcəyə doğru gedən yolunu aydın görmək üçün Nizami kimi dahi insanlara söykənməli, onları tədqiq edib öyrənməliyik. Bu mənada Prezidentin sərəncamı dünyaya təqdimatımız üçün mühüm rol oynayan sənəddir”.
"Nizamisi olan
bir xalqa...”
Tənqidçi Əsəd Cahangir
"Nizami İli”ni Azərbaycan ədəbiyyatının, mədəniyyətinin
dünyada təbliği kimi
dəyərləndirir: "Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının
dünya ədəbiyyatı meridianına
çıxış nöqtələrindən biridir. Nizaminin əsərləri
hələ sağlığında bütün
Şərq aləmində, sonralar da Qərb dünyasında tanınıb və
yüksək qiymətləndirilib. Onun təsiri
ilə Şərqin bir sıra ölkələrində
və qərbi Avropa ölkələrindəki
şairlər əsərlər yazıblar. Bu
gün Azərbaycan xalqının mədəniyyətinin,
ədəbiyyatının dünyada təbliği
bizim nə qədər qədim mədəni
və ədəbi ənənələrə malik
olduğumuzu göstərir. Biz düşməni olan
ölkəyik. O düşmən bütün
gücünü işə salaraq guya bizim
hər cür mədəniyyətdən uzaq, barbar vəhşi bir xalq olduğumuzu
dünyaya sübut etmək
istəyir. Biz Nizamini
və bu qəbildən olan
ədəbiyyat və mədəniyyət
adamlarımızı dünyada təbliğ
etməklə qədim mədəniyyətə
malik xalq olduğumuzu sübut edirik. Dünyaya bildiririk ki, bizim Nizami kimi
dünya miqyasında tanınan dahimiz olub. Nizamisi
olan bir xalqa vəhşi xalq demək
olarmı?”
Tənqidçi məsələnin bu kimi siyasi tərəfi ilə yanaşı, sırf mədəni, ədəbi və mənəvi tərəflərini də olduğunu bildirir: "Çünki dahinin əsərlərinin hər dəfə yenidən nəşri, yeni tərcüməsi, təbliği və tədqiqi onun mənəvi dünyası ilə yeni tanışlıq deməkdir. Ona görə dahilər vaxtaşırı tədqiq və təbliğ olunmalıdır. Onlara yenidən qayıdılmalıdır ki, hər bir yeni nəsil onunla yenidən tanış ola bilsin, yəni nəsillərin yaddaşında özünün silinməz izlərini qoysun”. Ə.Cahangirin sözlərinə görə, zaman keçdikcə dahilərlə tanışlığın da yeni səviyyəsi tələb olunur. Belə ki, dahi sonsuz idrak və mənəviyyat sahibidir: "Zaman keçdikcə ona hər dəfə müraciət olunması vacibdir. Amma məsələnin konkret olaraq bu günlə bağlı bir tərəfi də var. Bu da ondan ibarətdir ki, bizim təkcə torpaq iddiasında olan qonşularımız yoxdur, həm də ədəbiyyat və mədəniyyətimizə iddialı olan qonşularımız da var. Nizamini öz adlarına çıxmaq istəyirlər. Biz Qarabağ uğrunda döyüşdüyümüz kimi Nizami uğrunda da mübarizə aparmalıyıq. Nizami də bizim sözümüzün və ədəbiyyatımızın Qarabağıdır. Onu başqalarına vermək olmaz. Ona görə də Prezidentimiz tərəfindən "Nizami İli” elan olunması bir daha təsdiq edir ki, Qarabağ Azərbaycan olduğu kimi Nizami də Azərbaycandır. Ona görə də alimlərimiz, ədəbiyyat adamlarımız, bəstəkarlarımız ölkə başçısının verdiyi qərara uyğun olaraq hər biri öz sahəsində elə işlər görməlidirlər ki, bütün dünya "Nizami Azərbaycandır!” deyə təsdiq etsin”.
Yenidən "Xəmsə”yə müraciət
Xalq artisti Mərahim Fərzəlibəyov ilk növbədə işğalda olan torpaqlarımızın düşmən işğalından azad olunması ilə bağlı sevincini bölüşdü: "Sevinirəm ki, Qarabağımız düşmən işğalından azad oldu. Şuşanın Azərbaycanın mədəniyyət mərkəzi elan olunması isə məni ikiqat sevindirdi. O torpaqdan böyük xanəndələr, şəxsiyyətlər çıxıb. Xan qızı Natəvan ilk dədə rus canişini ilə görüşüb. Torpaqlarımız haqqında söhbət olanda "bir qarışını da verə bilmərik” deyib. Pənahəli xan, İbrahim xan kimi qəhrəmanlar yetişib bu yurdda. Mən onların haqqında əsərlər səhnələşdirmişəm. İbrahim xan haqqında da film çəkildi və o, bizim Qarabağın tarixini göstərən bir film oldu.
Xalq artisti qeyd edir ki, "Nizami İli”nin elan olunması dahi şairin əsərlərinin başqa dillərə tərcümə olunması, təkrar nəşri baxımından əhəmiyyətli olacaq. Belə ki, xalqımız yenidən böyük şairin "Xəmsə”sinə müraciət edəcək, nəsihətamiz sözləri bir daha yadlarına salacaqlar: "Nizami İli” bir daha dahi şairi dünya xalqlarına və öz insanlarımıza tanıdacaq. Sevinirəm ki, Məmməd Səid Ordubadinin "Qılınc və qələm” romanının "İnanc xatun” hissəsi haqqında tamaşa hazırlamışam. Əsərdə baş qəhrəmanlar Nizami və Fəxrəddindir. İndi isə Bakı Bələdiyyə Teatrının baş rejissoru kimi həmin romanın "Nizami-Fəxrəddin” hissəsini, yəni qələm və qəhrəman hissəsini səhnələşdirmək haqqında düşünürəm. Mənə elə gəlir ki, Nizamini bu yöndə tamaşaçılara çatdırmağımız dahi şairin həyatı, məhəbbəti, başqa insanlarla münasibəti haqqında insanlara geniş məlumat verəcək. Həmçinin Mehti Hüseynin "Nizami” adlı əsəri də var. Bu əsər 40-cı illərdə səhnələşdirilib. Yəqin ki, bu əsərlərdən birini səhnələşdirəcəyik”. Rejissorun fikrincə, bu yolla tamaşaçıları Nizaminin yaradıcılığı ilə tanış etmək olar: "Bizim nəsil Nizaminin əsərlərini oxuyub, onun haqqında məlumatlıdır. Hazırkı nəsil isə klassik şairlər haqqında o qədər də məlumatlı deyillər. Hesab edirəm ki, belə bir əsərin hazırlanması və tamaşaçılara göstərilməsi yaradıcılığını tanıtmaq baxımından mühüm addım olar. Ayrıca, həm Şuşanın mədəniyyət mərkəzi elan olunması, həm 2021-ci ilin "Nizami İli” elan edilməsi biz sənətkarları böyük işlər görməyə sövq edəcək”.
Təranə Məhərrəmova
Kaspi 2021.- 9 yanvar.- S.8.