Təqaüdçülər
turizmi
Və ya yaşlıların səyahətini
necə təşkil etməli?
Rusiyada yaşlı nəsl turizminin inkişafı ilə bağlı şərtlər müzakirə olunur. Belə ki, turizmin başqa növlərinə ölkə daxilində diqqət yetirilsə də, təqaüddə olan və bu yaşa çatan insanlara ünvanlanan turistik məhsullar, demək olar ki, yoxdur. Xüsusən ölkə əhalisinin sürətlə qocaldığı bir vaxtda buna ehtiyac olduğu qeyd edilir.
Rusiyada təklif irəli sürülüb
Rusiya statistikasına
görə, 2021-ci ildə yaşlı insanlar
əhalinin 26.7 faizini, daha
doğrusu 39.5 milyonunu
təşkil edəcək. 2030-cu ildə 60 yaşdan
yuxarı rusiyalıların sayı 32.2 milyon,
2050-ci ildə 37.1 milyon olacaq.
Buna görə də, bazarda
turizm biznesinin xüsusi təkliflərinə ehtiyac
yarana bilər. "Bizdə "Uşaq turizmi”
anlayışı var. "Turizmin inkişafı üzrə Strategiyada "Gənclik turizmi”
anlayışı da yaranıb. Ancaq heç yerdə
yaşlı adamların turizmi haqqında
danışılmır” - deyə Dövlət
Dumasının sədr müavini İrina Yakleva əlaqədar
təşkilatları təkliflər üzərində
işləməyə çağırıb. Onun
sözlərinə görə, əhalini ölkənin
daxilində istirahətə istiqamətləndirmək lazımdır:
"Hesab edirəm ki, bu, ölkənin bütün gözəlliklərini görmək,
vaxt tapıb gedə bilmədikləri ərazilərə
səyahət etmələri üçün
yaxşı fürsətdir. Əminəm ki,
onlar bu təklifi dəyərləndirəcəklər”.
Həmçinin sağlamlıq, mədəni, ekoturizm, dini, kruiz turizmləri yaşlı adamlar
üçün əlçatan ola bilər. "Səyahət – reabilitasiya üçün
unikal vasitədir. Maraqlar
üzrə ünsiyyət dairəni genişləndirmək, həyat
eşqini yüksəltmək, əhval
ruhiyyəni qaldırmaq üçün
yaşlı insanlara xüsusən
faydalıdır. Biz onlara
uzun illər gərgin əməklərindən
sonra istirahət təklif edirik.
Onlar dörd divar arasından çıxıb, baha olmayan qiymətə
ölkənin hüdudları çərçivəsində
səyahət edə biləcəklər. Bu,
onlara zövq verəcək.
Həmçinin ölkə turizminin
müxtəlif sahələrinin inkişafına yol açacaq. Nə üçün onlar termal sulardan istifadə,
meşələrdən, təbiətdən zövq
almaq üçün
ölkə xaricinə getsinlər? Bizdə turizm
üçün bütün
məhsullar var”.
Məlumatlara görə, Rusiya əhalisinin yaşlı nəslinin cəmi 12 faizi səyahət edir. Sorğular zamanı məlum olub ki, bu, təkcə onların maddi vəziyyətləri ilə əlaqəli deyil, həmçinin turoperatorların onları qane etməyən şərtləri ilə bağlıdır. Ölkə hazırda qocalıq turizminin az-çox mövcudluğuna görə, hələ sovet dövründən qalan sanatoriya və istirahət evlərinə minnətdardır. Həmçinin Moskva təqaüdçüləri üçün çay kruizləri və Moskva ətrafına tanışlıq turları mövcuddur.
Artıq Kareliyada qocaların səyahətinə dəstək istiqamətində ilkin addımlar atılıb. Turizm şirkətləri təqaüdçülərə müəyyən güzəştlər nəzərdə tutan paketlər hazırlayıb. Bir-iki gün davam edən marşrutlar təşkil olunub. Hətta mərkəzdə Kareliya üzrə 800-dən artıq təqaüdçünü birləşdirən "Səyahətçilər klubu” yaradılıb ki, onların rahatlığını və təhlükəsizliyini təmin etməyə kömək etsin.
Bundan əlavə, Rusiyada "Yaşlı nəsil - 2020-2024 federal layihəsi də işlənir ki, məqsəd bu kateqoriyadan olan vətəndaşların həyat keyfiyyətlərini yüksəltmək və onlara mənəvi dəstək olmaqdır. Hələlik bu cür proqramın hansı məbləğə başa gələcəyini söyləmək çətindir. Ona görə, proqramı reallaşdırmaq üçün öncə pilot layihə həyata keçiriləcək.
Bəs bizim təqaüdçülər?
Bizim təqaüdçülərlə bağlı vəziyyət
necədir? Ömür boyu
özünü ailəsinə -
övladına, nəvələrinə həsr edən
insanlarımız, heç olmasa ahıl yaşa çatandan - təqaüdə
çıxandan sonra səyahət etmək
haqqında düşünürlərmi?
Bir neçə 65 yaş üstü təqaüdçülərlə
söhbət edib onların istirahətlərini
necə keçirmələri ilə maraqlandıq. Cavablar birmənalı
olmadı. Səyahətə "yaşa
və ya xəstəliyə görə”
gedə bilmədiklərini deyənlərlə yanaşı, maddi vəziyyəti, turizm
marşrutlarının büdcələrinə uyğun olmaması, sərfəli paketlərin
yoxluğu və turizmin,
xüsusən regionlarda yaxşı təşkil
edilməməsinə görə istirahətdən vaz keçdiklərini söyləyənlər
oldu. Aralarında, evində istirahətə
üstünlük verdiklərini deyənlər
də tapıldı.
67 yaşlı Feyruz Quliyev ta sovet
dövründən səyahət etməyi
xoşladığını deyir:
"Tikintidə mühəndis işləmişəm. Məzuniyyət
vaxtları ailəmlə Yaltaya, Soçiyə,
Krıma, Truskavetsə istirahətə gedərdim. Həm
müalicə alardıq, həm də o səfalı
məkanları gəzərdik. Demək olar
ki, uzun illər o yerlərə istirahətə getmişik. Sonra vəziyyət
dəyişdi, SSRİ dağıldı, bir
çox iş yerləri
də bağlandı. Bəzi "ənənələrimizlə”
də vidalaşdıq. İndi
vaxtımı daha çox
nəvələrimlə keçirirəm. Əlbəttə, pul olsa yenə gedərəm,
amma daha o imkan yoxdur.
Təəssüf ki, sovet
dövründə sanatoriyalara getmək daha asan idi,
indi buna şərait
də yoxdur. Qocaların bu
sarıdan çətinliyi var”.
70 yaşlı Züleyxa Nəcəfova tibb sahəsində çalışıb. Rəfiqələri və ailəsi ilə xarici ölkələrə səyahətlər edib. İndi xəstəliyi üzündən heç yerə gedə bilmir: "Bütün postsovet ölkələrini gəzmişəm. Avropa ölkələrində də çox olmuşam. Səyahət etməyi həmişə həyatımın ayrılmaz hissəsi hesab etmişəm. Bu, məni qocalmağa qoymayıb, cavan və gümrah saxlayıb. Təəssüf ki, artıq yaş öz sözünü deyir. Səhhətimdə problem olduğu üçün uzaq yol gedə bilmirəm. Yayda övladlarımla İsmayıllı, Oğuz, Masallı rayonlarını gəzməyə gedirik”. Z.Nəcəfova deyir ki, ölkəmizin səfalı bölgələri çoxdur. Turizm marşrutları inkişaf etsə, ölkə daxilində hərəkət edə bilərlər: "Elə bölgələrimiz var ki, görməmişik. Amma oralara getmək çətinliyi var. Bəzən adi marşrut tapmaq olmur. Gecələmək üçün "harda qalasan ki, ucuz başa gəlsin” deyə düşünürsən. Belə problemlər həll olunsa, biz də təqaüdümüzə uyğun marşrutlar seçərik”.
Rüstəm Əliyev isə yaşının
72 olmasına baxmayaraq aktivdir.
Pedaqoji işlə məşğul olub. Bu gün
də ölkə daxilində
istirahət etməyi xoşlayır. Amma
ölkədə turizmin təşkili onu qane etmir:
"Xarici ölkələrə çox səyahət etdiyimdən, mənim üçün müqayisə aparmaq asandır. Bizim çox füsunkar rayonlarımız var.
Onların turizmini inkişaf
etdirmək olar. Gedirsən, heç bir şərait olmur. Otellər çox
bahadır. Evlərin də şəraiti, bəzən uyğun gəlmir. İnsanların cibinə uyğun ucuz hotellər
olmalıdır. Yaxşı olar ki, sağlamlıq turizminin
inkişafına daha çox
fikir verilsin.
Masallıda istisu boşuna
axıb gedir. Lənkərandakı termal otel isə çox bahadır. İnsanlarımız bu cür müalicələr
almaq üçün
Ukraynaya, Türkiyəyə, Sloveniyaya gedirlər. Bu sərvətlərin
hamısı özümüzdə var,
onları inkişaf etdirmək
lazımdır ki, insanlar
istifadə etsin”. R.Əliyev ümid edir ki, işğaldan azad edilən torpaqlarımızda tezliklə turizm inkişaf etdiriləcək.
"Qarabağın dilbər guşələrinə istirahətə
gedərik. Biz yaşlı insanların
artıq ölkə daxilində gəzib istirahət etməsi
məqsədəuyğundur. Bunun üçün də təkliflər
olmalıdır. Sanatoriyalara, rayonlara və s. paketlər
təqdim olunmalıdır”.
68 yaşlı Sərvinaz Süleymanova
ümumiyyətlə, səyahət etməyi xoşlamır. Onun üçün ən
gözəl istirahət evində olmaqdır: "İnstitut qurtarsam da, heç vaxt işləməmişəm. Özümü ailəmə, uşaqlarıma
həsr eləmişəm. İndi də
nəvələrimin qayğısını çəkirəm.
Onlarla vaxt keçirmək
mənim üçün dünyanın ən
gözəl istirahətidir”.
Aktual turizm
istiqaməti
Sual yaranır: bəs
ölkə turizminin inkişafı istiqamətində
görülən işlərdə əhalinin bu
kateqoriyasına şamil edilən
hansısa güzəştlər yer
alırmı? Və ya turizm şirkətləri
öz fəaliyyətlərində
yaşlı insanlarımızı nəzərə alan güzəştlər edirlərmi? Bizim turizm
marşrutları arasında sırf qocalar
üçün nəzərdə tutulan məhsullar varmı?
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev yaşlıların turizm marşrutunu hal-hazırda aktual turizm istiqaməti adlandırır: "Eyni zamanda qeyd edim ki, müxtəlif ölkələr - məsələn Skandinaviya ölkələri, Avropa ölkələri yaşlı nəslin istirahəti üçün müəyyən addımlar atır. Biz bunu "bütün yaş qrupu turizmi” adlandırmışıq. Yaşı 65 üzərində olan təbəqə üçün müxtəlif ölkələrdə sosial paketlər nəzərdə tutulur. Həmin vətəndaşların ölkə daxilində və xaricdə istirahətlərini təşkil edirlər. Bizim də hədəfimiz ondan ibarətdir ki, orta və yaşlı nəslin sağlamlığı ilə bağlı Naftalan, İstisu, Qalaaltı və s. istiqamətlərdə istirahət etmələri üçün paketlər, turizm marşrutları təşkil olunsun. Eyni zamanda, daxili turizmdə yaşlı təbəqə üçün marşrutların yeni bir istiqamət kimi işlənməsi vacibdir. Biz də düşünürük ki, klassik dəyərlərə sadiq qalaraq, innovativ yanaşmalarla yeni markalaşma siyasətinin həyata keçirilməsinə çalışaq. Ümumiyyətlə, hesab edirik ki, hər bir turizm növündə nəsillərarası bölgüyə imkan vermək olmaz. Bunların hamısı paralel məhsullar və eyni bazara xitab edir”.
"Luna Travel” Turizm Agentliyinin direktoru, hüquqşünas Rəhman Quliyev məsələyə optimist yanaşır: " Ümumiyyətlə, nəzərə alsaq ki, yaxın gələcəkdə işğaldan azad olunan bölgələrimizdə termal sular ətrafında müalicəvi sanatoriyalar inşa ediləcək, onda məsələnin həllinə ümidlə baxmaq olar. Eyni zamanda, hazırkı termal sanatoriyaların fəaliyyətinin, bir növ yaşlı nəslin turist marşrutuna salınması məqsədəuyğun olardı”. Turizmçi hesab edir ki, bununla yanaşı, yaşlı nəsil arasında sorğu keçirib turizmin daha hansı növündən istifadə etmək istəklərini öyrənmək yaxşı olar: "Yaşlı insanların istəklərini öyrənib gələcəkdə onlara uyğun proqramlar hazırlamaq olar”.
Təranə Məhərrəmova
Kaspi 2020.- 5 dekabr.-
S.14.