“Həyatımı
yalnız bu şəkildə dəyişə biləcəyimi
dərk edirdim”
“44 günlük
müharibədən sonra gənclərin də, sanki özlərinə
inamı artdı, öz kimlikləri ilə bağlı fikirləri
formalaşdı. Onlar dərk etdilər ki, dünya gənclərindən
bir addım belə geridə deyillər. Bu da “hansı sahədə
olursa-olsun uğur qazana bilərik” inamı
formalaşdırdı gənclərdə. Mən bunu hiss edirəm”.
Tələbələri
onu innovativ tədris üsullarını tətbiq edən, öyrəndiklərini, əldə
etdiyi təcrübəni onlarla bölüşən, eyni
zamanda həyat dərsi keçən müəllim kimi sevirlər.
Azərbaycan Diplomatiya Akademiyasının (ADA) İnformasiya texnologiyaları və
mühəndislik fakültəsinin professoru Gülməmməd
Məmmədovun həyat hekayəsi maraqlı olduğu qədər
də, gənclərə örnəkdir.
“Kaspi” qəzeti professor Gülməmməd
Məmmədovla hazırladığı maraqlı müsahibəni
təqdim edir
Ən əlamətdar an
- Gülməmməd müəllim,
başa çatan tədris ili sizi yaxşı mənada təəccübləndirəcək
hansı hadisə ilə yadda qaldı?
- Ən yadda qalan məqam onlayn dərslərdən
ayrılıb auditoriyada tələbələrlə
üz-üzə görüşməyimiz oldu. Bildiyiniz kimi,
pandemiya dövründə dərsləri onlayn qaydada
keçirdik, amma keçən akademik ildə bu formatdan
ayrıla bildik. Tələbələrimiz üçün
çox darıxmışdıq. Onları auditoriyada
üz-üzə, maskasız görmək çox xoş oldu.
Mənim yanaşmama görə, tələbə ilə dost
kimi ünsiyyət qurulur və bu konteksdə tədris prosesi
baş verir. Ona görə tələbələrimi
auditoriyada görməyimə çox sevindim. Bunu tədris
ilinin ən əlamətdar anı və müsbət məqamı
kimi qeyd etmək istəyirəm.
- Bu gün təhsil dövlətin əsas
prioritet istiqaməti olmaqla bərabər, cəmiyyətin də
üzdə olan, həmçinin daim giley və tənqidlərlə
müşayiət olunan həssas nöqtəsidir. Sədr
müavini olduğunuz Təhsil Nazirliyi yanında İctimai
Şura bu sahə ilə bağlı səslənən
haqlı və ya haqsız məqamların ayırd
olunmasında nə qədər dəstək göstərə
bilir?
- Əslində uzun illərdir Azərbaycanda
təhsil prosesinin daha da yaxşılaşdırılması
istiqamətində özfəaliyyət formasında müəyyən
işlər görmüşəm, layihələrdə,
maarifləndirmə işlərində iştirak etmişəm.
Bu işlərdən təhsilə bağlı insanlar xəbərdar
idi. Beləcə, mənim İŞ-da təmsil
olunmağım ideyası yarandı. Təhsildə
hamını narahat edən məsələlərlə
imkanlarımız daxilində məşğul olmağa
çalışmışıq. İŞ böyük bir
resursu olan qurum deyil. Könüllü, ictimai əsaslarla fəaliyyət
göstəririk. Buna rəğmən təhsil proseslərinə
müsbət töhfələr verməyə
çalışmışıq. Son vaxtlar məşğul
olduğumuz məsələlərdən biri məktəb-valideyn-icma
münasibətlərinin təkmilləşdirilməsidir. Təhsil
sahəsindəki problemlər ən çox bununla əlaqələndirilir.
Düşündük ki, bu sahədə problemləri öyrənək
və həlli istiqamətində məhsuldar işlər
görək. İşlər artıq yekun mərhələdədir,
konkret addımlar və nəticələr var. Bununla
bağlı ictimaiyyətə geniş məlumat veriləcək.
Təhsil sahəsində çoxlu problemlər var. Bunlar, əslində
illər öncə təhsil sahəsində verilmiş
yanlış qərarların nəticəsidir. İndi elə
addımlar atmalıyıq ki, bir neçə il sonra müsbət
nəticələr olsun. Təhsil sahəsində verilmiş qərarlar
dərhal nəticə vermir. Bu sahə asta inkişaf edən, ətalətli
sahədir. Ona görə də, ümid edirik ki, indi
verilmiş qərarlar yaxın gələcəkdə nəticəsini
göstərməyə başlayacaq.
44 günlük müharibədən
sonra
- Hazırkı gənc nəslin təhsilə
marağı, hazırlıqları sizi qane edirmi?
- Son 6 ildə Azərbaycanın təhsil
sektorunda çalışmışam. İllər
keçdikcə fərqlilik hiss edirəm. ADA-ya gələn tələbələr
dünyagörüş baxımından daha yetkin təəssürat
bağışlayır. Dil bacarıqlarının geniş
olması, xüsusən ingilis dilini bilmələri, media, ya
sosial media onlara təsir edən amillərdəndir. Onlar dil
vasitəsilə qloballaşmış dünyanın dəyərlərini,
müasir trendlərini mənimsəyə və dəyişə
bilirlər. Biz Azərbaycanın fərqli inkişaf dövrlərində
yaşamışıq. Əvvəllər gənclərin
dünyagörüşü daha çərçivəli
idi. İndi daha tolerant, müxtəlifliyə açıq gənclər
görürəm. 44 günlük müharibədən sonra gənclərin
də, sanki özlərinə inamı artdı, öz kimlikləri
ilə bağlı fikirləri formalaşdı. Onlar dərk
etdilər ki, dünyada olan gənclərdən bir addım belə
geridə deyillər. Bu da “hansı sahədə olursa-olsun,
uğur qazana bilərik” inamını formalaşdırdı gənclərdə. Mən bunu hiss edirəm.
“Beyin axını”nın nümunəsi
- Tədbirlərin birində həmişə
gəncləri xaricdə oxumağa təşviq etdiyinizi
dediniz. Bəs “beyin axını” sizi narahat etmir?
- Tam səmimi desəm, “beyin
axını” məsələsi məni narahat etmir. Bu prosesin
özünü neqativ hal kimi qiymətləndirirəm. “Beyin
axını” dünyanın digər ölkələrinə də
ola bilər və baş verir. Eyni zamanda, nəzərə
almaq lazımdır ki, bu hal Azərbaycana da yaşanır. Elə
“beyin axını”nın bir nümunəsi də özüməm.
Vaxtilə mən gedəndə narahatlıq olmuşdu. 2006-cı ildə BDU-da bakalavr magistr təhsilinin
bir ilini bitirmişdim. Xaricə getmək niyyətimi
açıqlayanda fakültə rəhbəri və Fizika
İnstitutunun rəhbəri narahat oldular. Onlar burda qalıb
işləməklə bağlı alternativ yol təklif etdilər.
Amma mən xaricə gedib təhsil aldım və Azərbaycanı
imkanlarım daxilində təmsil etdim. Zaman göstərdi ki,
sonra Azərbaycana qayıtdım və öz ölkəmə
xeyir verirəm. Ona görə, düşünmürəm,
bu, bizi narahat edən məsələ olmalıdır. Yəni
bu gedişin bir qayıdışı da var. Xaricə təhsil
üçün gedən gənclərin vətəni Azərbaycandır.
Onların ailələri, kimliyi, mədəniyyəti
burdadır. Fiziki olaraq qayıtmayanlar öz imkanları çərçivəsində
vətənə xeyir verməyə çalışacaqlar.
- Uğur qazanmağın dəqiq formulu varmı?
- Mən düşünmürəm ki
uğurun universal bir sirri var. Uğurlu hesab ediləcək
insanların danışıqlarına qulaq asmışam, həyatlarını
öyrənmişəm. Uğur qazanmaq üçün insan
ilk növbədə özünə inanmalıdır. Buna
inanırsa, özünə uzaq və yaxın hədəflər
qoymalıdır. Təbii, insan həyatı elədir ki, son hədəflər
yoxdur. İnsan çalışmasa, özünə fürsətlər
yaratmasa, cansız əşya kimi yerində qalar. Özünə
fürsətlər yaratmağı bacaran insan ali mərtəbələrə
yüksələr. Gənclərimiz bunu nə qədər erkən
dərk etsələr, həyatları uğurlu hesab edilən
xətt üzrə gedər.
Uzaqdan görünən işıq
- Uşaq olanda, icmada yaşayanda sizi kim
inandırmışdı ki, haradasa uzaqda işıqlı bir
dünya var?
- Bu insan atam olub. O, ideallara çox inan
adam idi. Hətta o qədər idealist olub ki, onunla “həyat
düşündüyümüz qədər ideal deyil” deyə
mübahisə etdiyim məqamlar olub. Atamın məsələlərə
ideal yanaşması, təhsilə müqəddəs bir nemət
kimi baxması ailəmizə, insanın bilik qazanaraq hər yerə
gedə biləcəyi hissini aşılamışdı. Anamın
da rolu çox olub. Amma bu istiqamətdə aparıcı sima
atam idi. O, ixtisasca aqronom idi. Müəllimləri haqqında
hörmətlə danışırdı. Atamın tövsiyələrinə
qulaq asıb başa düşdüm ki, elm mütləq
lazımdır. Bu, kiməsə üstün gəlmək naminə
deyildi, həyatın çətinliyinə sinə gərmək
üçün idi. 1992-ci ildə Laçın rayonu
işğal olunanda 8 yaşım vardı. Biz oxumaq istəyirdik,
amma tədrisi verəcək məktəb yox idi. İcma
üzvləri Ağcabədidən qamış gətirib
Taxtakörpü deyilən çöllük ərazidə 4
otaqlı məktəb tikdilər. Müəllimlər müharibədə
idi. Əlifbanı öyrətməyi icmadan olanlar öz
üzərilərinə götürdülər. Biz
çöldə daş üstdə oturub əlifbanı
öyrəndik. Valideynlərimiz deyirdi ki, yalnız təhsillə
bu vəziyyətdən çıxmaq olar. Bu, qəlbən
inandığımız şey idi. Bu çətinliklər
fonunda təhsil bir işıq yolu idi. Mən də oxumaq istəyirdim,
həyatımı yalnız bu şəkildə dəyişə
biləcəyimi dərk edirdim.
Universitet partasındakı ilk gün
- Niyə məhz fizikanı seçdiniz?
- Uşaqlıqdan fizika ilə
maraqlanırdım. Texniki avadanlıqlara marağım
vardı. Kəndimizdə bir müəllim vardı, həmişə
deyirdi ki, fizikanı öyrənmək istəyirsinizsə,
riyaziyyatı oxumalısınız. Mən riyaziyyatı, sonra
Azərbaycan dilini, fizikanı daha sonra kimya və həndəsəni
öyrənməyə başladım. Humanitar yardımlar
zamanı paylanılan dərs vəsaitlərindən istifadə
edirdim. Dərs oxumaq üçün rahat şəraitim yox
idi. Ali məktəblərə qəbul imtahanına heç kəsin
köməyi olmadan özüm hazırlaşmağa
başladım. İmtahan verib universitetin fizika fakültəsinə
daxil oldum. Məcburi köçkün düşərgəsindən
çıxıb Bakı Dövlət Universitetində oxudum.
İcmada deyirdilər ki, bu uşaq istedadlıdır, qoy gedib
hüquqşünaslıq oxusun, həkim olsun. Amma mən
fizikanı seçdim. Məktəbli kimi parta arxasında əyləşdiyimi
ilk günü heç cür xatırlaya bilməsəm də,
ilk dəfə tələbə kimi Bakı Dövlət Universitetində
parta arxasında əyləşdiyim gün yaxşı
yadımdadır...
- Arzularınızın dalğası sizi
sonradan haralara aparıb çıxardı?
- Universitetin fizika fakültəsini bitirdikdən
və magistraturada bir il təhsil aldıqdan sonra
İtaliyanın Triest şəhərində Abdus Salam Beynəlxalq
Nəzəri Fizika Mərkəzində magistratura pilləsini
oxudum. Mərkəz yüksək enerjilər fizikası üzrə
dünyadan 10 nəfər qəbul etmişdi ki, biri də mən
idim. Bir il oxuduqdan sonra doktorluq pilləsində oxumaq
üçün professorların məsləhəti ilə Amerika
universitetlərinə müraciət etdim. Nyu-York Sirakuz
Universitetinə tam təqaüdlə qəbul aldım.
Hazırkı Amerika prezidenti Co Bayden də həmin universitetdə
təhsil alıb. Aldığım təqaüd (illik 50000 $)
isə universitetin ən nüfuzlu təqaüdü olmaqla
yanaşı, xarici vətəndaşlara verilməyən təqaüd
idi. Düşündülər ki, mənim nəzəri fizika
biliklərim çox yaxşıdır və bunu tibb sahəsinə
tətbiq etmək olar. Ona görə də mən biotibb
üzrə doktorluq dərəcəsi aldım. Paralel olaraq 8
ilə yaxın tədrislə məşğul oldum. Bir il Nyu-York
Tibb Universitetində tədqiqatçı kimi işlədim.
2016-cı ildə Azərbaycana qayıtmaq qərarına gəldim.
O vaxtdan ADA Universitetinin Mühəndislik və informasiya
texnologiyaları fakültəsində dərs deyirəm. Bu da
tələbələrlə elm və həyat təcrübəmi
paylaşmaq üçün yaxşı fürsətdir.
Fərqli mühitlərlə üz-üzə
- Xaricdə təhsil sizə nə verdi? Təkcə
bilikmi?
- Biliyi burda da almaq olar. Xaricdə təhsil
mənim tamamilə transformasiya olmağıma səbəb
oldu. Bizim klassik universitetlərdə tələbə həyatı,
demək olar yox dərəcəsindədir. ADA Universitetində
çalışmaq üçün mühit, klublar var.
Müasir universitetləri fərqləndirən əlamətlərdən
biri də bilik öyrətməkdən əlavə, bu
mühitin olmasıdır. 17-18 yaşlı tələbənin
formalaşması üçün mühitin olması vacibdir.
Bunun ümumi adı tələbə həyatıdır. Mən
universitetdə bilik öyrənsəm də, həyatımın
digər hissələri sanki natamam idi. Digər mədəniyyətlər
haqqında məlumatsızlıq vardı. Magistr pilləsində oxumaq üçün İtaliyaya
gedəndə ilk mədəniyyət şokunu yaşadım.
Anladım ki, fərqli dünya var. Tək olduğum
üçün məcburən o mədəniyyəti öyrənməli
idim. Bir il sonra Amerikaya gedəndə də fərqli mühitlə
rastlaşdım və yeni bir prosesi də orada yaşamalı
oldum. Bütün bunlar çətin proses idi, amma pozitiv izləri
qaldı. Tədris üçün bu transformasiya, fərqli mədəniyyət,
fərqli baxış bucağını dərk etmək və
ona tolerant yanaşmaq çox önəmlidir. Xüsusilə
Amerika kimi ölkədə tədrislə məşğul
olan insan auditoriyadakı tələbələrin sosial-iqtisadi,
irqi qruplardan formalaşdığını dərk edir və
onlarla ünsiyyət qurmaq rahat olur. Amerika universitetlərində
bu məqamlara çox önəm verirlər. Azərbaycana
qayıdanda da təbii ki, bu fərqliliyi proyeksiya etmişəm.
Hər bir tələbə ilə fərdi davranış mənə
normal gəlir. Belə olanda tələbə də müəllimin
qoyduğu tələbləri icra etmək istəyir.
Məhərrəmova,
Təranə.
Kaspi.- 2022.- 6 avqust.- S.
8-9.