"Məni məhz o səslər cəlb etdi”
Yarışlarda o idmançı qalib
gəlir ki, özü
ilə mübarizə
apara bilir. Gərək idmançı
kənarda olan heç nəyə reaksiya verməsin, dəstək üçün
gələnlərin alqış,
qışqırıq səslərini
eşitməsin, hərəkətdə
olan heç kimi və heç
nəyi görməsin,
fikri tam hədəfdə
olsun. Bu gün Azərbaycanda bütün
sahələr, o cümlədən
idman sahəsi xüsusi inkişaf dövrünü yaşayır”.
Bu sözləri “Kaspi” qəzetinə Stend atıcısı, beynəlxalq
dərəcəli SSRİ idman
ustası, Əməkdar
bədən tərbiyəsi
və idman xadimi, Azərbaycan Atıcılıq Federasiyasının
vitse-prezidenti və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti,
Olimpiya, Avropa və Dünya çempionu Zemfira Meftahətdinova ilə atıcılıq idman növü haqqında danışarkən deyib.
Atıcılıq üzrə zəngin
idman tarixi
Atıcılığa həvəsi evlərinin yanındakı
atıcılıq poliqonundan
gələn atış
səslərindən yaranan
çempionumuz deyir
ki, “məni məhz o səslər cəlb etdi, o gündən atıcılıqla məşğulam”.
Zemfira xanım bu idman növünün
tarixindən və bu günündən danışdı: “Azərbaycanın
atıcılıq üzrə
zəngin idman tarixi var. Sonuncu SSRİ Xalqlarının Spartakiadasında
Azərbaycanın kişilərdən
ibarət komandası çempion olub. Tarix boyu idmanın
bu növü üzrə dünya çempionlarımızla fəxr
etmişik. Amma buna baxmayaraq,
o vaxtlar atıcılıq
elə də kütləvi deyildi. Bildiyimiz kimi, Olimpiya oyunları ən möhtəşəm
yarışdır. İdman
yarışlarının zirvəsidir.
Bütün idmançılar
orada çıxış
etməyə çalışır.
Olimpiada yarışlarından
sonra dövlətin bu idman növünə
göstərdiyi diqqət,
verdiyi dəstəklə
çox geniş auditoriyaya çıxdı.
O vaxta qədər ölkəmiz üçün
ənənəvi olmayan
atıcılığa maraq
daha da çoxaldı.
Mətbuatdan da çox
işıqlandırdılar. Bütün xalq onu izlədi və azarkeşlik etməyə başladı.
Qayda belədir ki, hansı idman növü qalibdirsə, onunla daha çox
maraqlanırlar. Beləliklə,
atıcılığa gələn
uşaqların sayı
artmağa başladı.
Ona qədər mən
dünya çempionu
da olmuşam, Avropa çempionu da. Amma bunu ancaq yaxın adamlar və idman sahəsində olanlar bilirdi. Cəmiyyət, ölkə
olaraq məni Olimpiadadan sonra tanıdılar, həmçinin
də sahəmi. İstər-istəməz bu
idman növü populyarlaşdı, axın
çoxaldı. İndi də
atıcılığa maraq
azalmayıb, valideynlər
uşaqları həvəslə
gətirirlər”.
“Yaxşı nəticələr
göstərmək üçün...”
“Bu idman növünə uşaqları 12-13 yaşından
götürürlər”, - deyir Zemfira xanım:
“Uşaq bir az böyüməli, sümükləri bərkiməli,
orqanizmi möhkəmlənməlidir.
Çünki silah ağırdır. Ağırlıqdan
skolioz ola, sümüklərdə
əyilmə baş verə bilər. Atıcılıq elə bir idman növüdür
ki, ona çox zaman ayırmaq lazımdır. Bizim dövrdə asudə vaxtımız sanki daha çox
idi, idmanla məşğul olmaq üçün də vaxtımız daha çox olurdu. İndiki dövrdə uşaqlar artıq yuxarı siniflərdə yaxşı universitet qazanmaq üçün daha çox dərslərlə məşğul
olur. Amma bu rejim bizim növümüzdə
çətinlik yaradır.
Çünki atıcılığın
hər iki növü – güllə və stend atıcılığında
yaxşı nəticələr
göstərmək üçün
davamlı və uzunmüddətli məşğələlərə
ehtiyac var”.
Atıcılığın əsas tələbləri
Çempion xanım deyir
ki, idmançı mütləq
nizam-intizamlı olmalıdır:
“İntizamsız insandan
idmançı olmaz. Əslində bu, hər sahədə belədir. İnsan gərək nizamlı ola.
Yoxsa ondan heç bir işin peşəkarı
çıxmaz. Bizim idman növü səbir, diqqət tələb edir. İnsan nizam-intizamlı, səbirli, diqqətli, çalışqan, verilən
tapşırıqları düzgün
yerinə yetirən olsa, ondan çox
yaxşı atıcı
alınacaq. Atıcılığın
əsas tələbləri
bunlardır”.
Səbir
və diqqət
“Güllə atıcılığı
yarışlarında idmançı
bir saat yarım ərzində dayanır, bir atışa səbirlə
hazırlaşır”, - deyir
idmançı: “O, həm
də çox diqqətli olmalıdır.
Tətiyi azca tez və ya
gec çəksə,
atış uğurlu alınmayacaq. Stend atıcılığında da idmançı dayanır və üç saniyə ərzində uçacaq hədəfi gözləyir. Hədəf
birinci saniyədə də uça bilər, ikinci və ya üçüncüdə
də. Bax, bu üç saniyə ərzində ani
bir fikir yayınıqlığı olsa,
atış uğursuz
alınacaq. Məhz bu anlarda çox
səbirli, diqqətli
olmalısan. Gözləməli,
tələsməməli, amma
gecikməməlisən də.
Yarışlarda o idmançı
qalib gəlir ki, özü ilə mübarizə apara bilir. Gərək idmançı kənarda olan heç nəyə reaksiya verməsin, dəstək üçün gələnlərin
alqış, qışqırıq
səslərini eşitməsin,
hərəkətdə olan
heç kimi və heç nəyi görməsin, fikri tam hədəfdə olsun. İdmançının
texniki göstəriciləri
tam yüksək, psixoloji
durumu zəif olsa, o, uduza bilər. Ona görə də atıcılıqda
idmançının psixoloji
durumu da yerində olmalıdır”.
“Eynən musiqidəki kimi idmanda da takt var”
Çox
təmkinli, səbirli
olan Zemfira xanım deyir ki, onu özündən çıxartmaq çox çətindir: “Ona görə
daha çox həzin, lirik musiqi ruhuma yaxındır.
Yarışlar vaxtı
da fikrimdə bu cür melodiya səslənir sanki. Amma idmançılar var ki, dəli-dolu,
qaynardırlar. Onlar da
yəqin ki, coşqulu
bir musiqi dinləyirlər. Bu, xarakterlə
bağlıdır. Amma mən
gündəlik həyatımda
da lirik musiqiləri çox sevirəm. Təəssüf ki, özümün
musiqi duyumum yoxdur, mahnı oxuya bilmirəm. Hətta oğluma layla oxuyanda ağlayırdı. Deyirdi,
ana, oxuma. Amma yaxşı
dinləyiciyəm. Daha
çox klassik Azərbaycan estrada musiqisini dinləyirəm. Gərgin iş rejimində dincliyimi də bu cür
musiqilərlə tapıram.
İdmanla musiqinin oxşarlığını metronomla
ölçülən taktda
görürəm. Eynən
musiqidəki kimi idmanda da takt var. Onu pozmaq olmaz”.
“Mənim üçün Skarlet bir etalon idi”
Şeir
dinləməyi çox
sevən Zemfira xanım deyir ki, özünə görə
yaxşı kitabxanası
olub: “Əvvəllər
mütaliəni çox
sevirdim. Sanki bizim üçün bir prioritet idi yeni çıxan kitabları oxumaq, müzakirə etmək. Hətta kitab almaq üçün makulatura yığıb verirdik. Amma təəssüf
ki, indi zamanımız
çox dardır və əvvəlki kimi kitab oxumağa imkanımız yoxdur. Vaxt edib arada
yenə də oxuyuram. Ən sevdiyim əsər Marqaret Mitçellin “Küləklə sovrulanlar”
romanıdır. Soruşa
bilərsiniz nəyə
görə? Mənim üçün Skarlet bir etalon idi. Çox müsbət qəhrəman olmasa da, onun mübarizliyi, heç vaxt geri çəkilməməyi,
sona qədər getməyi çox xoşuma gəlirdi”.
Xanım Aydın
Kaspi.- 2023.- 8 iyul. S. 15.