Uşaqların sevimli
babası
Zamanında çoxları Xalq artisti Hüseynağa Sadıqova “Xoruz baba” deyə müraciət edib. Amma o, bu sözə elə alışıb ki, heç kimdən inciməyib. Sənət dostları onu həm də təmənnasız yaxşılıqları ilə xatırlayırlar.
“Mən fəxr edirəm ki, aktyoram. Axşamlar çox rahat yatıram. Bilirəm ki, qapım döyüləndə, ya telefon zəngi çalınanda məni ya televiziyaya, ya kinostudiyaya, ya teatra çağırırlar. Həyatda nə qazanmışamsa, öz zəhmətim sayəsində olub”.
Xalq artisti Hüseynağa Sadıqovu tanıyanlar onun həqiqətən bütün ömrünü belə yaşadığı qənaətindədirlər: “O, daima gah teatra, gah kinoya, gah da televiziyaya tələsirdi...”, - deyə sənət yoldaşları xatırlayırlar.
Sənət, insanlıq və qayğı
Xalq artisti Tariyel Qasımov uzun illər Hüseynağa Sadıqovla bir səhnəni bölüşüb. Aktyor həmkarının gənclərə göstərdiyi qayğını heç vaxt unutmur: “Hüseynağa müəllim gənclərə qarşı çox diqqətli idi. Biz ondan həqiqətən çox şey öyrənmişik, xüsusən, sənəti, insanlığı və qayğını. Tamaşaçıların yaşlı və orta nəsli məşhur “Piri babanın nağılları” televiziya verilişini yəqin ki, yaxşı xatırlayırlar. Bilirsinizmi, çoxları ona o vaxtlar “Xoruz baba” deyə müraciət edib. Hüseynağa müəllim bu sözə elə alışıb ki, heç kimdən incimirdi. Yadımdadır, “Hacı Qəmbər”də Cəbini oynayırdı. O, mənim də üzərimdə işlədi. Dedi ki, sən əməlli-başlı komediya ustasısan. Mən o vaxta qədər ciddi rollar oynayırdım, komediya oynamağımda onun rolu oldu”.
“Bizə
tamaşaçı ilə üz-üzə ünsiyyəti
öyrətdi”
“Onu özümə ustad sayıram”, - deyə Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Yasin Qarayev xatırlayır: “İncəsənət İnstitutunu bitirib teatra gələndə Hüseynağa müəllim artıq 40 il idi ki, orada işləyirdi. Gülşən Qurbanova, Azər Qurbanov, Qətibə Mirzəyeva, mən və başqaları daxil olmaqla yeddi gənc teatra gəldik. Məni Süleyman Ələsgərov, Hüseynağa Sadıqov kimi sənətkarlar imtahan etdilər və bəyəndilər. Sonra Hüseynağa müəllim mənə dedi ki, bu teatrdan başqa heç yerə getmə, sənin bütün göstəricilərin bura uyğundur. O, mənim əlimdən tutdu. Hüseynağa müəllim istedadlı insanları çox sevirdi və ətrafına toplayırdı. İlk tanışlığımız “Hacı Qəmbər” tamaşasından başladı”. Y.Qarayev mərhum aktyoru uşaqların sevimli “Xoruz baba”sı kimi xatırlayır: “Hamı televizorun qarşısında oturub onun verilişinə baxır, radiodan qulaq asırdılar. Bu obrazlarla rayonlara qastrola gedir, uşaq və gənclərin könlünü fəth edirdi. Hüseynağa müəllimin üzünün mimikası çox güclü idi. Mən onu fransız aktyoru Lui de Fünesə oxşadırdım”. Y.Qarayev xatırlayır: “1978-ci ildə teatrı təmirə bağladılar. Truppanın rayonlara səfərləri başladı. Səyyar bir teatr əmələ gəldi. Biz qruplara bölündük. Tamaşaların ayrı-ayrı səhnələri ilə bütün Azərbaycanın bölgələrini gəzdik. O dəstələri yaradanlardan biri Hüseynağa Sadıqov oldu. Bizə tamaşaçı ilə üz-üzə ünsiyyəti öyrətdi, gözümüzü açdı, bizi aktyor kimi formalaşdırmaqla ustadımız oldu. Hüseynağa müəllimin çox yaxşı yoldaşlığı vardı. Yumor hissi həddən artıq güclü idi, zarafat etməyi xoşlayırdı. Tamaşaçılar, vəzifəli insanlar tərəfindən onun qədər sevilən ikinci bir adam tanımıram. Küçədə onun yüzlərlə adam salamlayırdı”.
Ustadın son xeyir-duası
Y.Qarayev mərhum aktyoru dar günün dostu kimi də yada salır: “O, adamlara çox kömək edirdi. Birinin problemi yarananda tez qabağa düşürdü. Aktyorlar rahat idi, bilirdilər ki, problemləri olanda Hüseynağa Sadıqov həll edəcək. Yadımdadır, mən İsi Məlikzadənin “Gəl, qohum olaq” əsərini Rafiq Hüseynovla hazırladım. İsi Məlikzadə o əsəri mənə ithaf eləmişdi. 1982-ci ildə tamaşanı Teatr Xadimləri İttifaqında oynadıq. Mən Hüseynağa müəllimi də tamaşaya dəvət etdim. O vaxt özünü yaxşı hiss eləmirdi, amma gəlib tamaşaya baxdı. “Necə idi?” soruşanda “xoşum gəldi” dedi. “Necə oynamışamsa, sizin öyrətdiklərinizi eləmişəm” dedim. Kövrəldi, məni öpdü və ağladı. Bu, onun mənə son xeyir-duası idi. 1983-cü il fevralı 23-də Hüseynağa müəllim dünyasını dəyişdi...”
Heyf ki, elə aktyoru
itirdik...
Əməkdar artist Suğra Bağırzadə
Hüseynağa Sadıqovla
ilk dəfə məktəbli
olanda verilişdə rastlaşdığını xatırlayır:
“Mən, Fuad Poladov və Ramiz Əzizbəyli onunla birlikdə verilişdə aparıcı
kimi iştirak edirdik. Kinostudiyanın dublyajında da
bizə kömək edirdi. Ən çox yadımda
qalan onun bizə qarşı mehribanlığı və
köməyidir. Biz məktəbli paltarında
çəkilirdik. O, müdrik
qoca kimi danışır və
biz məktəbli kimi
ona cavab verirdik. İndi uşaqlar üçün
elə sanballı verilişlər də yoxdur”. S.Bağırzadə
birgə rol aldıqları “Alma almaya bənzər” filminin çəkilişlərini də
xatırlayır: “Mən
kinostudiyadakı işimə
görə rayon çəkilişlərində
iştirak etmirdim. Ona görə də mənim səhnələrim
Bakıda çəkilirdi.
Hüseynağa müəllim də
buna razılaşmışdı.
Onunla çəkilişdə olmaq
adama zövq verirdi. Onun münasibətində o qədər hörmət və sadəlik vardı ki, bunu unutmaq mümkün
deyil. Heyf ki, 80-ci, 90-cı illərin elə aktyorlarını itirdik.
O vaxt “Xoruz baba”, “Huşsuz əmi” verilişləri çox məşhur idi. Biz hətta
sonralar da çaşıb ona “Xoruz baba” deyirdik.
Amma o, heç incimirdi”.
“Səsini qoru, bu, sənin çörəyindir”
Gənc
Tamaşaçılar Teatrının
aktrisası Şəfəq
Əliyeva da Hüseynağa Sadıqovu
yalnız xoş xatirələrlə xatırlayır:
“Mən onun hazırladığı tamaşada
oynamışam. Əvvəl isə
onunla dublyajda işləyirdim. Məktəb illərindən dublyaja gedirdim. Hüseynağa
müəllimlə də
kinostudiyada tanış
olmuşdum. O, çox
şən, pozitiv və məsuliyyətli bir insan idi.
Populyarlığına baxmayaraq, çox
sadə idi. Hüseynağa müəllim hamıya
əl tuturdu, sözü keçən bir insan idi.
Kimin nə problemi olurdusa qabağa düşür, təmənnasız
kömək edir və bundan zövq alırdı.
Hamı ona hörmət edirdi. O, bizim babamız idi. Azərbaycan Televiziyasında verilişi
vardı. Orda bütün
obrazların dili və mimikası ilə danışırdı.
Uşaqlar onu sevirdi.
Bir dəfə kinostudiyanın
dəhlizində məni
dondurma yeyən gördü. “Səsini
qoru, bu, sənin çörəyindir”,
- deyə məsləhətini
verdi”.
Təranə Məhərrəmova
Kaspi.- 2025.- 22 fevral (№ 07). - S.15.