“Dərsliklər
tez-tez dəyişməməlidir”
Professor Bədirxan Əhmədli: “Orta məktəb dərsliklərinə bu qədər xərc çəkilir, amma ali məktəb dərsliklərinə bir manat da xərclənmir. Təkcə dərslik deyil, dərs vəsaitləri, metodik vəsaitlər, proqramlar da həmçinin...”
Yeni tədris ili başladı. Özü ilə bərabər ənənəvi və hazırkı dövrdən doğan çoxlu suallar da gətirdi. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Xəzər Universiteti Dillər və Ədəbiyyatlar Departamentinin müəllimi, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli ilə müsahibəmizdə hazırkı orta və ali təhsil, o cümlədən elm mühitimizə nəzər salmağa çalışdıq:
“Uşaqları bir az çox
yükləyirik”
- Bədirxan müəllim, yeni tədris ili başlayıb. Müsahibəmizə
ibtidai siniflərdən
başlayaq: tez-tez valideynlərin şikayətləri
eşidilir. Uşaqlar
bel çantasının
yükü altında
əzilir, onların bu qədər dərsliyi daşımasına
ehtiyac yoxdur. Sizin yanaşmanız necədir?
- Məncə də uşaqları bir az çox yükləyirik. Həm qohumlardan, həm tanışlardan bu barədə eşidirəm. Nəvəm Avropada yaşayır, onlar dərsə çox kitab aparmırlar. Uşaqlar məktəbə gedirlər, məşğul olurlar, heç nəyi evə gətirmirlər. Biz həm orta, həm ali məktəblərdə Avropa üsullu tədrisə keçmişik. Əgər keçmişiksə, buna azərbaycansayağı yox, avropasayağı keçmək yaxşı olar. Biz isə bir hissəsini keçirik, bir hissəsini sonraya saxlayırıq. Nəticədə hər hansı həqiqətə 50 ildən sonra gəlib çatırıq, halbuki ona daha tez çata bilərik.
“Tələbələr dərsliklərin surətini
çıxarıb oxuyurlar”
- Elm və
təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı
keçirdiyi brifinqdə
“oturub uşaqlara normal dərslik yazmaq lazımdır”, - deyib.
- Mən naziri
müxtəlif tədbirlərdə
dinləmişəm. Çıxışlarında
çox gözəl məsələlər qaldırır.
Amma problem ondadır ki, bu məsələlərin heç
biri həyata keçmir. Hər il yeni dərsliklər yazılır.
Bilinmir o dərsliklər
necə ortaya çıxır. Dərsliklərə
böyük pullar xərclənir, müəlliflərə
qonorarlar verilir. Niyə sonunda ortaya pis dərsliklər
çıxır? Məncə,
bu barədə düşünmək lazımdır.
Görünür, doğru
müəllif seçilmir.
Tələbələrim olmuş,
indi isə orta məktəblərdə
işləyən ədəbiyyat
müəllimləri ilə
söhbət edirəm,
onların hamısı
dərsliklərdən narazıdır.
Ədəbiyyat dərsliklərinin
yazılmasında heç
vaxt AMEA-nın Ədəbiyyat İnstitutu
iştirak etməyib. Orta məktəb dərsliklərinə bu qədər xərc çəkilir, amma ali məktəb dərsliklərinə bir manat da xərclənmir. Təkcə dərslik deyil, dərs vəsaitləri, metodik vəsaitlər, proqramlar da
həmçinin... Bu, çox
düşündürücü məsələdir. Təhsil
təhsildir. Mənə
elə gəlir ki, ali təhsil nazirliyin marağında deyil. 25-30 ildir ki, ali məktəbdə dərs deyirəm, mühazirə oxuyuram, eləcə də magistraturada dərs deyirəm. Belə görürəm ki, nazirlik
ali məktəblərdə
təhsillə ya maraqlanmır, ya da az maraqlanır. Və yaxud ali
məktəblərlə maraqlansa
da, dərsliklərlə maraqlanmır.
Kim nə istəyir yazır. Yaxşı dərsliklərə nə
universitet rəhbərləri,
nə QHT Agentliyi tərəfindən dəstək
verilir. Bir dərsliyin
yazılması dəstək
tələb edir. Ayrı-ayrı müəlliflər
dərslik yazır,
100-200 nüsxə çap
edirlər. O dərsliklər
bir-iki ilə bitir, sonrakı nəsillər də ondan xəbərsiz olurlar. Tələbələr
dərsliklərin surətini
çıxarıb oxuyurlar.
Onlar çox zaman ali təhsili kitabsız başa vururlar. Həmişə tələbələrə məsləhət
görürəm ki, öz
kitabxananız olsun, surət çıxarmayın.
Bu mənada hesab edirəm ki, ali məktəblərdə proqramların
yazılmasına nazirlik,
universitet rəhbərliyi
dəstək olsun. Dünyanın tanınmış
universitetlərində kitab çatışmazlığı yoxdur. Bizim universitetlərdə
isə tələbələr
dərslik sarıdan çox əziyyət çəkirlər. Həmişə
də bununla bağlı şikayətlənirlər.
Kitab yoxdursa, məcbur
qalıb məlumatları
“Vikipediya”dan götürəcəklər. Orada
da əsasən ümumi
məlumatlardır. Beləliklə,
tələbələrin təsəvvürü
orta məktəbdə
öyrəndikləri olacaq,
təfəkkürləri inkişaf
etməyəcək.
- Tələbələr dərsə
kitab əvəzinə mobil
telefonla gedirlər. “Dəftər-kitabın hanı?”
soruşanda “hamısı
buradadır”, - deyə
telefona işarə edirlər. Doğrudanmı,
məlumatların hamısı
bir tətbiqdədir?
- Yox, hamısı bir tətbiqdə deyil. Orada o zaman olar ki, onların hamısını yerləşdirəsən.
Bütün Azərbaycan
ədəbiyyatının xəzinəsi
orada necə ola bilər? Onu kim, nə vaxt
yerləşdirib? Bunun üçün
fundamental iş görülməlidir.
Azərbaycanın həm
elmi, həm bədii ədəbiyyatı
hələlik tam olaraq
internetdə yoxdur. Bu materialların tam elektron bazasını yaratmaq üçün uzun zaman və çalışma lazımdır.
“Öz pulumuzla kitab çap etdiririk”
- Əslində sovet dövründə də ali təhsil müəssisələrində dərslik, metodik vəsait çatışmazlığı
olub. Sizcə, bu məsələ niyə köklü həllini tapa bilmir?
- Mən Azərbaycan Dövlət Pedaqoji Universitetində oxumuşam.
O vaxt müəllimimiz
akademik Feyzulla Qasımzadənin “XIX əsr
Azərbaycan ədəbiyyatı
tarixi” kitabı çap olunmuşdu. Biz
250 tələbə idik.
Hamımız onun kitabını aldıq.
Kitab təxminən 20 min tirajla
çap olunmuşdu.
O, uzun müddət işləməsəydi də,
həmin kitabın qonorarı ilə dolana bilərdi. Biz isə heç bir qonorar almırıq,
aldığımız cüzi
maaşı isə proqram, dərs vəsaiti və dərsiliklərə xərcləyirik.
- Demək, motivasiya da yoxdur…
- Heç bir motivasiya yoxdur. Öz pulumuzla kitab çap etdiririk. Ondan sonra tələbələri
dərsliklə tanış
etmək lazımdır.
Amma bizim belə imkanımız yoxdur. Tələbəyə kitab satmaq
olmaz, universitetlər,
kitabxanalar, Elm və Təhsil Nazirliyi də dərslikləri almır. Sən də düşünürsən
ki, kimin üçün,
nə üçün
yazırsan? Əgər
səndə motivasiya olsa, onu yenidən
işləyər, təkmilləşdirər,
5-10 ildən bir yenidən çap etdirərsən. Dərslik
ayrıca bir janrdır, monoqrafiya deyil. Mən üç cildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi”
nəşrində dərsliklə
monoqrafiyanı birləşdirmişəm.
Bu, həm də magistrantlar üçündür.
Kitabı məndən
doktorantlar, tədqiqatçılar
da istəyir. Bu da onu göstərir ki, cəmiyyətin
bu cür dərsliklərə ehtiyacı
var.
- Sizcə, dərsliklər neçə ildən bir yazılmalıdır?
- Məncə, dərsliklər
tez-tez dəyişməməlidir.
Heç olmasa 10-15 ildən bir yazılsa, yaxşı olar. Çünki müəyyən bir nəsil gəlir. O nəsil eyni təfəkkürlə böyüməlidir.
Bizdə isə hər yeni nazir gəldikdə
dərsliklər də
dəyişir. Bu, bəzən
hər il, bəzən
də 2-3 ildən bir olur. Hər
il test kitabları yenilənir.
Bunun nə mənası
var? Kimlərsə bunda
maraqlıdır, yeni bir
şeyi testə əlavə edir, köhnələr atılır,
yenisi çap edilir. Hamısı kağız və vaxt itirməkdən və xərcdən başqa bir şey deyil.
- Müəlliflər və
sifarişçilər bunu
adətən tez-tez dəyişən hadisələr,
dünyadakı qlobal yeniliklərlə və s.
izah edirlər…
Ədəbiyyatda hansı qlobal dəyişikliklər baş
verib ki? Baş versə, o hadisələr
əvvəlcə ədəbiyyata
daxil olmalı, öz təsdiqini tapmalı, sonra onu dərsliyə və ya testə
daxil etməliyik.
“Tələbələr universitetlərdə
kitabla görüşə
bilmir”
- Qeyd etmisiniz ki, “bir çox fənlər üzrə dərslik yazılmır”.
Bunlar əsasən hansı fənlərdir? O
fənlərin diqqətdən
kənarda qalmasını
nə ilə əlaqələndirirsiniz?
- Bütün universitetlərdə
filologiya fakültələrində
tələbələr “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi”ni
Feyzulla Qasımzadənin
kitabından oxuyurlar.
Bu kitab bizim tələbə
olduğumuz dövrdə
- 1970-ci illərdə yazılıb.
O vaxt Azərbaycanda ictimai-siyasi vəziyyət,
ideoloji sistem başqa idi. Feyzulla müəllim böyük tədqiqatçı
idi. Amma yazıldığı
dövr ideoloji idi, bu üzdən
kitab da başdan-ayağa ideologiya
idi. O vaxtdan 50 il keçib. Bu müddətdə
nə qədər ədəbi hadisələr,
şəxsiyyətlər, faktlar
üzə çıxıb.
İndiki tələbələr
həmin dərsliyi oxuyarkən yeni ədəbi
hadisə və faktlardan xəbərləri
olmur. Bu, çox pis tendensiyadır. Bəs niyə yazılmır? Çünki
kimsə fikirləşir
ki, gecəsini gündüzünə
qatıb yazacaq, sonra öz hesabına
çap etdirəcək,
sonra da kitab əlində
qalacaq. İndi tələbələr
universitetlərdə kitabla
görüşə bilmir.
Bu görüşü təşkil
etmək lazımdır.
Universitet deyəndə
bizdə bir bina tapıb içərisinə tələbə
doldurmaq başa düşülür. Onun
maddi-texniki bazası və s. heç kimə maraqlı deyil. Əslində universitet işlək bir orqanizm olmalıdır.
Tələbələri təkcə
auditoriyaya salmaq yox, daim yeniliklərlə,
müəlliflərlə, alimlərlə,
Nobel mükafatçıları ilə görüşdürmək
lazımdır. Klassik
üslubda mühazirə
demək dövrü çoxdan keçib. Mən Türkiyədə
- Qars Qafqaz Universitetində dərs deyəndə orada mühazirə-seminar anlayışı
yox idi, ancaq dərs var idi. Dərsdə də yaxşı müzakirələr gedirdi.
“Gənclərin elmə marağı çox azdır”
- Müasir tələbələrin
kitabxana ilə münasibətləri necədir?
- Çox yaxşıdır.
Elmi-tədqiqat işimlə
bağlı bəzən
Milli Kitabxanaya gedirəm.
Axtarış aparan tələbələr görürəm.
O gün kitablarımın
hərəsindən bir
nüsxə kitabxanaya
verdim. Düşünürəm
ki, kitab universitet kitabxanalarında
olmalıdır. Nə
üçün universitet
kitabxanası ola-ola tələbə
vaxt itirib Milli Kitabxanaya getməlidir? Bizdə hələ də dünya ədəbiyyatı dərsliyi
yoxdur. Dünya ədəbiyyatı anlayışı
özü dağınıqdır,
sistemli bir dərslik yazılmayıb.
Kimsə bu işin altına girib onu sistemli
şəkildə tələbələrə
təqdim etməlidir.
- Bəs gənclərin elmə marağı nə qədərdir?
- Gənclərin elmə marağı çox azdır. Çünki hamı nəticəni fikirləşir. Düşünürlər
ki, müdafiə edəndən
sonra kim olacağam, harada işləyəcəyəm və
nə qədər maaş alacağam? Ona görə gənclər bu sahəyə az maraq göstərirlər.
Gələnlərin də
95 faizi xanımlardır.
Elmi təfəkkürün
formalaşması üçün
yeni bir yol xəritəsi hazırlanmalıdır.
“Biz hər şeyin günahını ədəbiyyatda
görürük”
- Yenə də nazirin brifinqdəki fikirlərinə qayıdıram.
O qeyd etdi ki, müəllimlər ənənəvi
tədris sistemini dəyişməlidir. Açıq
şəkildə bildirdi
ki, “müəllim şagirdə
şeiri əzbərlətməklə
onu əmək bazarına hazırlamır”.
Əmək bazarına
daxil olmaq üçün lazım olan fənlər sırasında ədəbiyyatın
adı çəkilmir…
- Mənə elə gəlir ki, son 20 ildə indiki dərsliklərin yazılmasında elə məhz bu yönləndirmə
əsas tutulub: orda nə şeir,
nə bədii düşüncə var. Kim deyir
ki, kompüteri öyrənən
adam şeir bilməməli və ya əzbərləməməlidir?
Bu, bədii-estetik zövqdür.
İnsanın formalaşmasında
ədəbiyyatın çox
böyük rolu var. Dünyada başqa xalqların orta məktəb dərsliklərinə
nəzər salanda orada da şairlər, şeirlər görürsən.
Elə bilirik ki, şeirləri ancaq biz öyrədirik. Bəzən
hər şeyin günahını ədəbiyyatda
görürük. Qətiyyən
elə deyil. Ədəbiyyat həmişə
olmalıdır. Ədəbiyyat
insan, vətəndaş
formalaşdırır. Biz tədrisdəki
səhvlərimizi ədəbiyyatın
boynuna qoya bilmərik.
- Çağdaş, müasir
dünya ilə, süni intellektlə ayaqlaşmağa nə qədər hazırıq?
- Ayrı-ayrı fərdlər
hazırdır, ancaq bütövlükdə cəmiyyət
hələ hazır deyil. Çox istedadlı gənclərimiz
var. Azərbaycandan kənarda
istənilən universitetə
daxil olur, hətta həmin ölkənin vətəndaşlarından
da böyük uğurlar
əldə edirlər.
Çatışmayan odur
ki, o istedadlar üçün
vətəndə şərait
yarada bilmirik. Çoxunun ixtisası üzrə ölkədə
iş yoxdur. Orada öyrəndikləri
təcrübəni gətirə
bilərlər. Mənim
ümidim onlaradır.
- Təcrübəli alim kimi
sadalanan problemlərdən
çıxış yolunu
nədə görürsünüz?
- Universitetlərə kompleks
münasibət dəyişməli,
müəllimlərə sərbəstlik
verilməli, dərs vəsaitləri, dərsliklər,
proqramlar nazirlik və ya universitetlər
hesabına çap edilməlidir. Vəsaitlər
çox ciddi şəkildə oxunmalı,
keyfiyyət tələb
olunmalıdır. Dərsliklər,
vəsaitlər tələbələr
üçün əlçatan
olmalıdır. Tələbələrlə
müəllimlərin münasibətində
yeni bir mərhələ
yaşanmalıdır.
Təranə Məhərrəmova
Kaspi.- 2025.- 27 sentyabr,
¹37.- S.8-9.