Qəndab Quliyeva səs yazılarının sayını
artırmaq istəmir
Xanəndə
piratların hədəfinə çevrilməkdən ehtiyat
edir
Səsi lent yazılarından eşidilən Xalq artisti, xanəndə Qəndab Quliyevanın adının unudulan sənətkarlar siyahısına düşdüyünü desək, yanılmarıq. Buna haradasa xanəndənin özü də səbəb olub. Televiziya proqramlarına çıxmayan, müsahibələrdən çox hallarda imtina edən Qəndab xanımı daha çox yaşlı nəslin nümayəndələri tanıyırlar. Q.Quliyeva bizimlə söhbətində səs imkanlarının qaydasında olduğunu və istənilən zaman ikinci oktavada sərbəst oxuya bildiyini söylədi. Lakin o, fondda qorunan səs yazılarının sayını artırmağı düşünmür: "Çalışdığım qədər musiqi tarixinə öz payımı verə bilmişəm. İfamda xalq mahnıları və bir çox muğam dəsgah şəklində yazılaraq fonda yerləşdirilib. Dəfələrlə səsyazma studiyalarının rəhbərliyindən disk çıxarmaq təklifləri alıram. Amma bu mənim marağımda deyil. Çünki studiyanın yazdığı bir əsər başqalarının əlinə düşərək pirat yolu ilə çoxaldılır və ucuz qiymətə satılır. Bu isə lent yazısının keyfiyyətini aşağı salır. İstəmirəm ki, ifam dinləyicilərə belə bir şəkildə çatdırılsın".
Vətənpərvər ruhda olan muğamlara hər zaman vurğun olduğunu deyən Q.Quliyeva "Qatar", "Heyratı", "Mahur-hindi"ni repertuarından əskik etmədiyini söylədi. O, bu muğamlara bir qədər yanğı qatır ki, bunun da səbəbi var: "Torpaqlarımızın işğal altında olması məni hər zaman narahat edən problemlərdəndir. Ona görə də həmin muğamları bir qədər yanğı ilə oxuyuram. Arzu edirəm ki, torpaqlarımız işğaldan azad olunsun və mən uzun fasilədən sonra ən böyük ifamı Qarabağda səsləndirim".
Xanəndə xanımın səhnədə görünməməsinin başqa səbəbləri də var. Ənənələrin dəyişdiyini söyləyən Qəndab xanım bildirdi ki, müasirlik adı ilə zövqləri korlayan müğənnilərlə bir səhnəni bölüşmək istəmir: "Arada məni məclislərə, konsert proqramlarına dəvət edirlər. Soruşuram ki, tədbirdə kimlərin iştirakı gözlənilir. Siyahı təqdim olunanda təklifdən imtina edirəm. Düşünürəm ki, ora mənim yerim deyil. Mən hər şeyə göz yumacaq qədər özümü zəif hesab etmirəm. Lazım gələndə sanballı konsertlərdə görünürəm. Bu isə nadir hallarda baş verir".
Azərbaycanda keçirilən Beynəlxalq
Muğam Festivalı barədə də danışan Qəndab xanım fikirlərini nikbin notlar üzərinə
köklədi: "Mən
Azərbaycan muğamı
qədər insanın
ruhuna yol tapan ikinci yanr
tanımıram. Televiziyadan
festivalın proqramını
izləyirdim. Hər bir ölkənin özünəməxsus milli
musiqisi var. Lakin Azərbaycan muğamları və gənc muğam ifaçılarının uğurlu
çıxışı məndə
sevinc hissləri oyatdı. Düşünürəm
ki, muğam sənətimiz bu cür ifaçıların
sayəsində uzun illər yaşayacaq".
Kaspi.-2009.-14 aprel.-S.15.