Bələdiyyələrin maddi-texniki bazası məhduddur

 

Arif Rəhimzadə: "Növbəti seçkilərə kimi bələdiyyələrin bir hissəsi birləşə bilər"

 

Növbəti seçkilərə kimi bələdiyyələrin bir hissəsi birləşə bilər. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib. O, YAP-ın internet saytına müsahibəsində vurğulayıb ki, birləşmə ilə bağlı beynəlxalq təcrübə mövcuddur. Bəzi ölkələrdə əhalisi, bəzilərində isə ərazisi baxımından bələdiyyələrin birləşməsi prosesi gedir.

- Arif müəllim, martın 18-də keçirilmiş referendum zamanı xalqımızın böyük dəstəyi ilə qəbul olunmuş Konstitusiya dəyişiklikləri sırasında bələdiyyələrlə bağlı da bəzi məsələlər mövcuddur. Ümumiyyətlə, bu dəyişikliklər yerli özünüidarəetmə orqanlarının inkişafı baxımından kimi əhəmiyyətə malikdir?

- Öncə qeyd edim ki, referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklər dövlətçiliyimizin möhkəmlənməsinə, bütövlükdə hər bir ölkə vətəndaşının maraqlarına xidmət edir. Konstitusiyaya bələdiyyələrlə bağlı edilmiş dəyişiklikləri isə ilk növbədə yerli özünüidarəetmə orqanlarına kömək, dəstək kimi qiymətləndirirəm. İndiki şəraitdə bələdiyyələrin inkişafı üçün dövlət tərəfindən müəyyən işlər görülür bu məsələ demokratik institut kimi onlara diqqətin ifadəsidir. Hazırda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət var. Ancaq hesab edirik ki, inzibati nəzarət daha da təkmilləşdirilməlidir. Bu inzibati nəzarət daha çox bələdiyyələrdəki nöqsanları araşdırır. Amma nöqsanların səbəblərini, bələdiyyələrin işində çatışmazlıqları aradan qaldırmaq üçün inzibati nəzarətdə konkret mexanizm yoxdur. Güman edirəm ki, bu baxımdan Konstitusiyaya edilən dəyişikliklər bələdiyyələrin fəaliyyətinə kömək olacaq.

- Konstitusiyanın tələblərinə görə, bələdiyyələr parlament qarşısında hesabat verəcəklər. Sizcə bu, bələdiyyələrin fəaliyyətinə hansı yeniliklərə səbəb olacaq?

- Şübhəsiz ki, bələdiyyələrin işinə nəzarət gücləndikcə onların fəaliyyətinin effektivliyi artacaq. Məsələn, hesabatlarını dinləyəndə bələdiyyələrin fəaliyyətindəki çatışmazlıqların, nöqsanların səbəbləri araşdırılacaq. Düşünürəm ki, ondan sonra Milli Məclisin qərarı aidiyyəti təşkilatlara göndəriləcək o təşkilatlar problemlərlə əlaqədar tədbirlər görməyə məcbur olacaqlar. Bu mənada, bələdiyyələrin hesabat vermələrini müsbət hal kimi qiymətləndirirəm. Qaldı ki dövlət nəzarətinə, qeyd etməliyəm ki, bələdiyyələrin işinə dövlət nəzarəti hal-hazırda da var. Dövlət bələdiyyələrə ayrılan vəsaitlərin məqsədli xərclənməsinə nəzarət edir. Konstitusiyaya əlavə edilib ki, bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz. Bu da çox vacib mühüm müddəadır.

- Maraqlıdır, ölkədə minlərlə bələdiyyə var və belə olan şəraitdə hesabatlar necə hazırlanacaq, bunun üçün bir mexanizm, forma varmı?

- Hesabatların mexanizmi ayrıca qanunla müəyyənləşəcək.

- Bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsi ilə bağlı müxtəlif fikirlər səslənməkdədəir. Bir müddət öncə Milli Məclisdə bununla əlaqədar qanun layhəsi müzakirəyə çıxarılmışdı. Ümumiyyətlə, hansı istiqamətlərdə bələdiyyələrin səlahiyyətləri artırıla bilər?

- Bu istiqamətdə işlər gedir müvafiq qanun layihəsi birinci oxunuşda qəbul edilib. Amma bu layihə haqqında bir sıra təklif iradlar olub. O cümlədən, Avropa Şurasının Yerli Regional Hakimiyyətlər Konqresi müxtəlif təkliflər səsləndirib. Bütün təkliflər nəzərə alınmaqla layihə yenidən işlənir. Mən hesab edirəm ki, bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir. Amma bu, birdəfəlik akt kimi ola bilməz. Bələdiyyələrin səlahiyyətini artırmaq üçün bir çox məsələ nəzərə alınmalıdır. İlk növbədə dəqiqləşdirilməlidir ki, bələdiyyələr həmin səlahiyyətləri öz üzərinə götürməyə hazırdırlarmı? Bu səlahiyyətləri onlara verməklə işləri yaxşılaşdıracağıq, yoxsa çətinləşdirəcəyik? Açığını deyək ki, bələdiyyələrin maddi-texniki bazası, kadr potensialı, onların maliyyə imkanları məhduddur. Onlar konkret aparmaq imkanında deyillər. Bu məsələlər öz həllini tapmamış onlara böyük səlahiyyət vermək çətin məsələdir. Bu məsələlərə bələdiyyələrin imkanları kontekstindən yanaşmaq lazımdır. Hazırda bu mexanizmi qanun formasında işləmək çox çətindir.

- Bu yaxınlarda Milli Məclisdə bələdiyyələrin birləşdirilməsini nəzərdə tutan qanun layihəsi qəbul edildi. Sizcə bu proses yerli özünüidarəetmə orqanlarının işinə müsbət təsir göstərəcəkmi bələdiyyələr birləşməklə yerli sosial məsələləri daha çevik şəkildə həll edə biləcəklərmi?

- Bu məsələ ilə bağlı qanunvericilik bazası artıq yaradılıb bu istiqamətdə işlər aparılır. Bir çox bələdiyyə birləşmək arzusunu ifadə edib. Güman edirəm ki, növbəti seçkilərə kimi bələdiyyələrin bir hissəsi birləşə bilər. Birləşmə ilə bağlı beynəlxalq təcrübə mövcuddur. Bəzi ölkələrdə əhalisi, bəzilərində isə ərazisi baxımından bələdiyyələrin birləşməsi prosesi gedir. Biz hesab edirik ki, bu məsələni bələdiyyələr öz aralarında aydınlaşdırmalıdırlar. Bu o demək deyil ki, məsələn, Gədəbəyin ucqar dağ yerində olan kiçik bələdiyyə özündən 80 km uzaq olan bələdiyyə ilə birləşəcək. Onların ərazi yaxınlığı olmalıdır. Əsas prinsip odur ki, onların əhalisinin sayı, maliyyə imkanları artsın müəyyən sosial işləri görməyə qadir olsunlar.

 

 

K.HACIYEV

 

Kaspi.-2009.-15 aprel.-S.8.