Avropa azərbaycanlıları Frankfurtda toplaşıb

 

Natiq Ağamirov: "İndiki mərhələdə diaspor işi könüllülüklə yanaşı, peşəkarlıq tələb edir"

 

Dünən Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresinin III Qurultayı işə başlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən qəzetimizə məlumat verilib. Məlumatda deyilir ki, qurultaya Avropanın 25 ölkəsində nümayəndə və qonaqlar qatılıb.

 Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Azərbaycan Milli Məclisinin deputatı, DAK həmsədri Sabir Rüstəmxanlı, AAKn üzvü olan diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak edirlər. Qurultayı giriş sözü ilə açan AAK prezidenti Natiq Ağamirov deyib ki, Avropa Azərbaycanlıları Konqresi təsis edilərkən Avropada yaşayan soydaşlarımız arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi, onların təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycanla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərin görülməsi qarşıya əsas məqsəd kimi qoyulub. Ötən dövr ərzində AAK öz imkanları daxilində Avropada güclü Azərbaycan diasporunun formalaşdırılmasına səy göstərib, soydaşdarımızın təşkilatlanması istiqamətində tədbirlər görməyə çalışıb. AAK Avropadakı Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya edilməsi, onların ictimai-siyasi proseslərə təsir imkanlarının artırılması, azərbaycanlıların hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra işlər görüb. N.Ağamirovun sözlərinə görə AAK doğma Vətənin milli maraqlarının müdafiəsi, onun zəngin mədəni irsinin təbliği sahəsində səylərini əsirgəməyib, Azərbaycanda gedən sosial-iqtisadi inkişaf prosesləri, onun qarşılaşdığı problemlər barədə Avropa ictimaiyyətini məlumatlandırmağa çalışıb.

Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra söz DİDK-nın sədri Nazim İbrahimova verilib. N.İbrahimov qurultay iştirakçılarına prezident İlham Əliyevin salamlarını çatdırıb. Azərbaycan dövlətinin diaspor siyasətindən ərtaflı danışan Dövlət Komitəsinin sədri AAK-ın fəaliyyətini yüksək qiymətləndirib və bundan sonrakı işində quruma uğurlar arzu edib. Komitə sədri bu qurultayın çox önəmli dövrə təsadüf etdiyini də vurğulayıb. N.İbrahimov deyib ki, Azərbaycan ətrafında və ümumiyyətlə, dünya siyasətində baş verən bugünkü hadisələr diasporumuzun bundan da sıx birləşməsini və daha da güclənməsini zəruri edir.

DİDK sədrinin çıxışından sonra "Biz 50 milyonluq xalqıq" sənədli filmi göstərilib. Filmin nümayişindən sonra AAK prezidenti Natiq Ağamirovun II qurultaydan ötən müddət ərzində Avropada yaşayan soydaşlarımızın təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər sahələrdə görülmüş işləri barədə hesabat məruzəsi dinlənilib. O bildirib ki, 2007-ci ilin mart-may aylarında AAK-ın II qurultayının qətnaməsinə uyğun olaraq Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illəri əhatə edən fəaliyyət proqramının layihəsi hazırlanıb. Sənəd həmin il iyulun 6-da Almaniyanın Mayns şəhərində Avropa Azərbaycanlıları Konqresi İcrayyə Komitəsinin iclasında müzakirə edilərək təsdiqlənib və qərara alınıb ki, bu sənəddən irəli gələn tədbirlər planı hazırlansın.

N.Ağamirov hesabat məruzəsində qeyd edib ki, 2007-ci ilin əvvəlində Fransadakı "Azərbaycan evi" cəmiyyətinin yeni ofisi açılıb. Aprel ayının 10-da isə Fransanın Strasburq şəhərində Azərbaycanlı Tələbələrin Avropa Forumunun Strasburq şöbəsi yaradılıb. 2007-ci il may ayının 14-də Brüssel şəhərində Azərbaycanlı Tələbələrin İkinci Avropa Forumu keçirilib. 2007-ci il iyul ayının 6-da Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birgə toplantısında Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının Məşvərət Şurası təsis edilib. Məşvərət Şurası Almaniyadakı Azərbaycan icmalarının fəaliyyətini koordinasiya etmək məqsədilə yaradılıb. 2007-ci ilin oktyabr ayında Berlində "AZİZ-Almaniya" Beynəlxalq Assosiasiyası təsis edilib. Təşkilatın əsas məqsədi Almaniyada yaşayan on minlərlə azərbaycanlını bir araya gətirmək, onların fəaliyyətini əlaqələndirmək, Azərbaycan və Almaniya arasında mədəni, elmi və iqtisadi əməkdaşlığın inkişafında bu ölkəyə Azərbaycan miqrasiya etmiş yəhudilərin də fəal iştirakını təmin etməkdir. N.Ağamirovun sözlərinə görə, 2007-ci il ərzində Avropa ölkələrində yaşayan azərbaycanlı qadınları öz ətrafında birləşdirən bir neçə təşkilat yaradılıb. Sentyabr ayında Danimarkada "Azərbaycan qadını Danimarkada" adlı yeni bir təşkilat təsis edilib. Noyabr ayında Londonda fəaliyyət göstərən Azərbaycanlı Gənclər Klubunun təsis etdiyi "Sara Xatun" Qadın Cəmiyyəti fəaliyyətə başlayıb. 2007-ci ilin mühüm hadisələrindən biri də Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) lobbi təşkilatı kimi Avropa Parlamentində rəsmi qeydiyyatdan keçməsi olub. Qeyd edək ki, bu, ATAF-a Avropa Parlamentinin bütün sessiyalarında, toplantılarında iştirak etmək hüququ verir. Xüsusi vurğulanıb ki, ATAF Avropa Parlamentində akkreditə olunmuş ilk və hələlik yeganə diaspor təşkilatıdır.

AAK prezidenti məruzəsinə davam edərək deyib ki, 2008-ci il dekabr ayının 18-19-da Bakı şəhərində AAK-ın fəal iştirakı ilə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantısı keçirilib. toplantıda Azərbaycan həqiqətlərinin təbliği, lobbi quruculuğu, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyası, ictimai-siyasi proseslərdə daha fəal iştirakının təmin olunması ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. toplantı çərçivəsində "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" layihəsi də geniş müzakirə edilib, rəy və təkliflər nəzərə alınmaqla qəbul olunub. AAK sənəd layihəsinə dair təkliflərini təqdim edib və bu təkliflərin böyük əksəriyyəti nəzərə alınıb. Lobbi quruculuğu barədə danışan N.Ağamirov bildirib ki, 2007-ci ildə Litva hökuməti nəzdində fəaliyyət göstərən Milli İcmalar Şurasının üzvləri ilə keçirilmiş görüşdə "Litva-Azərbaycan mədəniyyətlərarası dialoqu" layihəsi baş nazir Gediminas Kirkilasa təqdim olunub. 2007-ci ilin mayında isə Mayns Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Mayns şəhər bələdiyyəsinin başçısı Yens Boytelin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri təşkil edilib. 2007-ci il iyunun 11-12-də Fransanın Qrenobl şəhərində fəaliyyət göstərən "Təhsil və Tədqiqatların İnkişafı Üzrə Fransa - Azərbaycan Tələbə Assosiasiyası" Pyer Mendes Fransa Universitetinin dəstəyi ilə "Azərbaycanın Avropaya inteqrasiyası" mövzusunda beynəlxalq elmi-praktiki konfrans təşkil edib. Həmin ilin sentyabr ayının 20-də Alman-Azərbaycan Forumunun fəxri İdarə Heyətinin Berlin parlamentinin binasında keçirilmiş ilk iclasında Bundestaqın bir neçə üzvü, müxtəlif alman şirkətlərinin nümayəndələri, elm, mədəniyyət xadimləri, Azərbaycan diasporunun fəalları iştirak ediblər. 2008-ci ilin mart ayının 27-də Avropa Azərbaycanlıları Konqresinin fəal dəstəyi ilə Azərbaycan və Türk diaspor təşkilatları Koordinasiya Şurasının illik iclası olub. toplantıda Azərbaycan və Türk diaspor təşkilatlarının qarşısında duran vəzifələr müzakirələr edilib, bir sıra mühüm qərarlar qəbul olunub. Bundan başqa, 2008-ci ildə Niderlandın Rotterdam şəhərində Avropada yaşayan Türkdilli xalqların diaspor nümayəndələrinin iştırakı ilə simpozium keçirilib. Tədbirdə Azərbaycan diasporunun təşkilatlanması və lobbiçilik istiqamətində atdığı addımlar, Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AAK prezidenti çıxışının sonunda deyib ki, Avropada diaspor təşkilatlarımız tərəfindən keçirilmiş bir çox tədbir məhz Dövlət Komitəsinin hərtərəfli dəstəyi ilə reallaşdırılıb. "Bu bizim işimizi daha keyfiyyətli qurmağımıza kömək edən başlıca amillərdən biridir. Avropa Azərbaycanlıları Konqresinə və Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına davamlı və ardıcıl dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığımı bildirmək istərdim"- deyən N.Ağamirov məruzəsinin sonunda belə bir təklifi də diqqətə çatdırıb: "Ötən dövrün təcrübəsi göstərir ki, AAK-a üzv təşkilatların fəaliyyətinin koordinasiyası bəzi hallarda müəyyən çətinliklərlə müşayiət olunur. Bu çətinliklərlə gələcəkdə qarşılaşmamaq məqsədilə yaxşı olardı ki, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirmək məqsədilə digər Avropa ölkələrində də AAK-a üzv təşkilatların fəaliyyətini əlaqələndirən koordinasiya mərkəzləri yaradılsın və mərkəzə bir nəfər əlaqələndirici şəxs təyin edilsin." N.Ağamirov məruzəsini təkliflə tamamlayıb: "İndiki mərhələdə diaspor işi könüllülüklə yanaşı, peşəkarlıq tələb edir. Bu peşəkarlığın ortaya qoyulmasında isə ən böyük ümidimiz gənclərədir. Sevindirici haldır ki, belə bir nəsil artıq yetişib. Əsas məsələ budur ki, onların peşəkar kimi formalaşması üçün hər cür şərait və imkan var. Arzu edərdim ki, DİDK-nin, Bakı Dövlət Universitetinin və ya XİN yanında Diplomatiya Akademiyasının nəzdində bu peşəkarların hazırlanması məqsədilə təhsil mərkəzi yaradılsın".

Hesabat məruzəsi məqbul hesab edildikdən sonra Mandat Komissiyasının məlumatı dinlənilib.

 

 

Kaspi.-2009.-15 aprel.-S.5.