Ramiz Mirişli 75 yaşını
geridə qoydu
Ötən gün Xalq artisti,
bəstəkar Ramiz Mirişlinin 75 yaşı
tamam olub. Yubileyini ailə
üzvləri ilə birlikdə kiçik çevrədə qeyd edən bəstəkarı
sənət dostları
və dövlət nümayəndələri bu
gün təbrik edəcəklər. Bəstəkarın
"Kaspi"yə bildirdiyinə
görə, aprelin
17-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
yubiley tədbiri keçiriləcək. Gecədə mədəniyyət və
turizm nazirinin çıxışından sonra
bədii hissə başlayacaq. İlk hissədə Ramiz Mirişlinin simfoniyaları,
kantataları, daha sonra tar üçün yazdığı simfonik əsərləri və
"Oxu tar" balladası
səsləndiriləcək. Sonuncu kompozisiyanı Xalq artisti Alim Qasımov
və qızı Fərqanə Qasımova ifa edəcəklər.
Ramiz Mirişlinin əlavəsinə
görə, həmin gün onun mahnı
yaradıcılığına yer ayrılmayacaq. Bunu bir konsert proqramına sığdırmağın mümkünsüz
olduğunu deyən bəstəkar daha bir yaradıcılıq gecəsinin bu ilin mayında eyni adlı konsert salonunda təşkil ediləcəyini
bildirdi. Qeyd etdi
ki, həmin gün onun yalnız
mahnı yaradıcılığına
yer ayrılacaq. Bugünkü proqram başa
çatandan bir neçə gün sonra bəstəkar növbəti konsert proqramının repertuarını
müəyyən edəcək.
Söhbət əsnasında öyrəndik
ki, aprelin 19-da yubiley münasibəti ilə Musiqili Komediya Teatrında bəstəkarı Ramiz Mirişli olan "Qısqanc ürəklər"
tamaşası nümayiş
etdiriləcək. Yaxın aylarda
isə Ramiz müəllimin musiqi həyatı verdiyi "Kürəkən" tamaşasının
premyerası keçiriləcək.
Kaspi.-2009.-17
aprel.-S.10.