"Azərbaycanda "beyin
axını" problemi yoxdur"
Mahmud
Kərimov: "Hələlik gənclərin elmə
marağı sönməyib"
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimovun
APA-ya müsahibəsi
- 9 min işçisi olan Azərbaycan
Milli Elmlər Akademiyasının ötən ilki fəaliyyətini
necə qiymətləndirirsiniz?
-
Ötən il AMEA üçün önəmli
il olub. 2008-ci ildə elmin inkişafın dair bir
neçə mühüm sərəncam imzalanıb.
Xüsusilə prezident İlham Əliyevin elm sahəsində
islahatların aparılması ilə bağlı
"2009-2015-ci illərdə Azərbaycan elminin inkişaf
strategiyası"na dair sərəncamını
qeyd etmək istəyirəm. Bu strategiyanın həyata
keçməsi üçün dövlət komissiyası
yaradılıb. Artıq strategiya
hazırlanaraq prezidentə təqdim olunub. Bu,
çox əhatəli bir sənəddir. Strategiyanı
həyata keçirmək üçün tədbirlər
planı hazırlanıb. Ardıcıl
olaraq hansı illərdə hansı işlərin
görülməsi müəyyənləşdirilib.
Ötən il arxeoloyi ekspedisiyaların
keçirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 1
milyon manat vəsait ayrılıb. Tarix Muzeyində əşyaların
bərpası və yeni materialların alınması
üçün də 1 milyon manat, Şamaxı Astrofizika Rəsədxanasının
təmiri və yeni avadanlıqların alınması
üçün 5 milyon manat vəsait ayrılıb. AMEA işçilərinin əmək haqları 25
faiz artırılıb. Bu sərəncamlar
ölkə prezidentinin elmə böyük diqqət
ayırdığını göstərir.
-
AMEA-da islahatlara nə vaxt start veriləcək?
-
Strategiyada elmi-tədqiqat institutlarının şəbəkəsinin
monitorinqini aparmaq da nəzərdə tutulub. Bu
bizə AMEA-da hansı struktur dəyişikliklərinin
aparılacağını müəyyənləşdirməyə
imkan verəcək. Strategiyada elmi
kadrların hazırlanması, maddi-texniki bazanın
yaxşılaşdırılması ilə bağlı da
maddələr nəzərdə tutulub. Strategiya
və tədbirlər planı təsdiq olunsa, biz dərhal
AMEA-da islahatlara başlayacağıq. Bunun
üçün əvvəlcə bugünkü elmi vəziyyət
öyrənilməlidir. Hər bir elmi-tədqiqat
institutunun fəaliyyəti və əldə olunan nəticələri
qiymətləndirilməlidir. Elmi-tədqiqat
institutlarının effektivliyi yoxlanılmalıdır. İslahatlarla əlaqədar olaraq, bir neçə
normativ hüquqi sənədlər də qəbul
olunmalıdır. Bu sənədlər
yaxın zamanlarda hazırlanacaq. Çünki
islahatlar yeni qanunların qəbul olunmasını tələb
edir.
-
İslahatlar zamanı müəyyən ixtisarların da
aparılması nəzərdə tutulub...
- Bəli,
ancaq biz belə hesab edirik ki, ixtisarları ixtisar naminə etmək
olmaz. İxtisarları aparmaq üçün
onu əsaslandırmaq lazımdır. Çünki
ixtisarları aparmaq üçün bizdə mexanizmlər
yoxdur. Alimlərin attestasiyası buna imkan
vermir. Attestasiya nəticəsində bir vəzifədən
digərinə keçirmək mümkündür. Attestasiya yolu isə işdən azad etmək
mümkün deyil. Bunun üçün
yeni hüquqi sənədlər qəbul olunmalıdır ki
bu, bizə ixtisarları aparmaq üçün hüquqi əsas
versin. Digər tərəfdən, biz
özümüz üçün müəyyən etməliyik,
bu ölkənin elmi işçilərinin sayı nə qədər
olmalıdır. YUNESKO-nun tövsiyələrinə
əsasən, inkişaf etmiş ölkələrdə hər
10 min nəfər əhaliyə düşən elmi
işçilərin sayı 50 nəfər olmalıdır.
Azərbaycanda isə bu rəqəm hər 10 min
nəfərə 20 elmi işçidir. Bu
elmi işçiləri ixtisar etsək, deməli, həmin rəqəmi
daha da aşağı salacağıq. İnkişaf
etmiş dövlət qurmaq istəyiriksə, bu, nə dərəcədə
məqsədə uyğundur? Əgər
biz özümüzü savadlı, inkişaf etmiş xalq kimi
görmək istəyiriksə, elmi qorumalıyıq və elmi
işçilər üçün hər cür şərait
yaratmalıyıq.
-
Hazırda AMEA-da çalışan alimlərin orta aylıq əmək
haqqı nə qədərdir?
-
Alimlərin orta aylıq maaşları hazırda 150 manatdan
aşağıdır. Mən hesab edirəm ki,
bu, dözülməz faktdır.
-
Sizcə alimlər bu maaşla dolana və normal elmi fəaliyyətlə
məşğul ola bilər?
- Bu
maaşla alim nə dolana, nə də səmərəli
işləyə bilər. Ona görə də
bu gün alimlər başqa bir yerdə də
çalışıb pul qazanmağa məcburdur. Onlar bunu məcburiyyət qarşısında edirlər.
Əgər alimlərin maaşları,
iş şəraitləri normal qaydada olsaydı, onlar başqa
işlə məşğul olmaz istəməzdilər. Maddi vəziyyətləri çətin olduğundan
alimlərin bəzisi başqa yerlərdə dərs deyir, bəzisi
tələbə hazırlayır. Bəzən
bizi günahlandırırlar ki, işçilər səhər
saat 9.00-dan axşam 18.00-a kimi işdə olmurlar. Əgər onlar bütün günü akademiyada
otursalar, öz ailələrini dolandıra bilməzlər.
Hesab edirəm ki, bu məsələdə tədricən
dəyişikliklər olacaq. Çünki
ilbəil maaşlar da artırılır. AMEA-nı
hazırda bu vəziyyətdən xilas edən beynəlxalq əməkdaşlığımızdır.
Bu əməkdaşlığın hesabına
biz əlavə vəsaitlər qazana bilirik. Qrantların hesabına alimlər əlavə əmək
haqqı ala bilirlər. Birgə proqramlarda iştirak etməklə
onlar həm əlavə maaş alırlar,
həm xarici ezamiyyətlərə gedə bilirlər, həm
də elmi tədqiqat işlərini apara bilirlər. Ötən
il 600 nəfərə yaxın elmi
işçi müxtəlif elmi konfranslarda iştirak etmək
üçün xaricə ezam olunub. Əvvəllər
bizdə elə imkan yox idi.
-
Bir neçə il əvvəl Azərbaycanda
"beyin axını" tendensiyası sürətlənmişdi.
Bu problem indi hansı səviyyədədir?
- Bu
tendensiya azalıb. İndi də ölkədən
gedənlər olur, ancaq onların sayı çox azdır.
Tək-tük alimlər ölkədən həmişəlik
gedirlər. Bu gün Azərbaycanda
"beyin axını" problemi yoxdur. Əskinə,
gənc alimlərin xaricə getməsini
stimullaşdırırıq. Təbii ki,
qayıtmaq şərti ilə. İstəyirik
ki, onlar aparıcı elm mərkəzlərində
çalışıb, təcrübə toplasınlar.
-
Amma nədənsə AMEA-da cavanlaşma prosesi hiss olunmur. Son illərdə AMEA-ya nə qədər gənc
alim gəlib?
- Hələlik
gənclərin elmə marağı sönməyib. Hər dəfə aspiranturaya qəbul zamanı
böyük rəqabət olur. Elə olur
ki, bir yerə 5-6 nəfər sənəd verir. Gənc alimləri işə cəlb etmək istəyirik,
amma bizdə vakansiyaların sayı çox azdır. Bizim boş yerimiz olmur ki, gənc alimləri işlə
təmin edək. Əgər biz
yaşlı alimləri təqaüdə göndərə
bilsək və onların yerinə gənc elmi işçi
götürə bilsək, bu, çox yaxşı olardı.
Amma indi yaşlı alimləri təqaüdə
göndərə bilmirik. Çünki
onların təqaüdləri çox aşağıdır.
Əgər onların təqaüdləri
heç olmasa əmək haqlarının 80 faizi qədərində
olsaydı, bir çox yaşlı alimlər özləri təqaüdə
çıxardılar. Əfsuslar olsun ki, indi Akademiyada
yaşlı alimlərin sayı az deyil.
-
Akademiyada çalışan ən yaşlı alimin neçə
yaşı var?
-
Akademiyanın ən yaşlı üzvünün 96
yaşı var. Hətta institut direktorları arasında da
yaşı 80-i keçmiş alimlər var. Bu, əlbəttə
ki, o qədər xoşagələn hal deyil. Yaxşı
olardı ki, Akademiyaya daha gənc və fəal alimlər gəlsinlər.
Ancaq dediyim səbəblərdən
yaşlılar işdən çıxmağa həvəs
göstərmirlər. Ümumiyyətlə, AMEA-da qocalma
prosesi var. 20 il əvvəl elmlər namizədlərinin
orta yaşı 35-40 yaş idisə, indi bu göstərici 50-yə
çatıb. Elmlər doktorlarının orta
yaşı isə 60-70 yaş arasındadır.
-
Yeni hazırlanacaq strategiyada yaz senzinin tətbiqi nəzərdə
tutulurmu?
- Bəli,
Strategiyada bununla bağlı müəyyən tədbirlərin
görülməsi nəzərdə tutulur. Akademiyanın
cavanlaşma siyasətini aparmaq üçün müəyyən
tədbirlər görülməlidir. Lakin
bunun üçün ilk növbədə alimlərin sosial təminat
və müdafiə məsələləri həll
olunmalıdır. Mən hesab edirəm ki,
hər halda rəhbər vəzifəni tutmaq üçün
ən yuxarı hədd 65-70 yaş olmalıdır. Bu yaşdan yuxarı rəhbər vəzifəni
tutmaq olmaz. Bu məsələyə həm
də fərdi yanaşma olmalıdır. Yaşdan
asılı olmayaraq alimin elmi nəticələri, məktəbi
varsa, qoy işləsin.
-
Gənc alimlərin mənzil problemlərinin həlli ilə
bağlı ölkə prezidentinə müraciət qəbul
olunmalı idi.
- Bu
bizim ən ağrılı problemlərimizdən biridir. Təkcə gənc alimlərin deyil, yaşlı
alimlərin də mənzil problemi ağır problem olaraq
qalmaqdadır. Bu problemin həlli
yollarını bilmirik. Bizim bir dənə
yataqxanamız var. Yataqxana da artıq demək olar ki, nəzarətdən
çıxıb. Biz ora nə gənc
alimləri yerləşdirə bilirik, nə kimisə oradan
çıxara bilirik. Ona görə vəziyyət
ağırdır. Bu məsələ
hansısa formada öz həllini tapmalıdır.
-
Azərbaycan alimlərinin beynəlxalq aləmdə erməni təbliğatına
qarşı mübarizəsi sizi qane edir?
- Bu
məsələdə daha da fəal olmaq olar. Amma
Tarix İnstitutu indi də internet vasitəsilə böyük
təbliğat işləri apara bilir. İnsan
Hüquqları İnstitutu, Fəlsəfə və
Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu bu məsələdə
kifayət qədər fəaldır.
- Amma Akademiyanın ən strateyi
institutlarının - Tarix, Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq
kimi institutlarının hələ də öz saytları
yoxdur.
-
Hansısa institutun saytının olmaması anormal haldır. Təbiət elmləri ilə bağlı
institutların əksəriyyətinin saytları var. Əgər
sayt yoxdursa, bu onlara başucalığı gətirmir. Mən tələb edirəm ki, hər bir institutun
saytı olsun. Bu gün sayt olmasa, normal fəaliyyət
göstərmək mümkün deyil.
-
26 Bakı komissarı ilə bağlı araşdırmalar nə
yerdədir? Bu istiqamətdə AMEA-nın yeni tapıntıları
var?
- Bu
istiqamətdə araşdırmalar davam edir. Yaxın
zamanlarda Tarix İnstitutunun bununla bağlı bir neçə
məqaləsi dərc olunacaq. Çox
maraqlı yeni faktlar, teleqramlar, yazışmalar üzə
çıxıb. Aparılan
araşdırmalarla bağlı televiziya verilişi də hazırlanır.
Mən bu barədə geniş açıqlama
vermək istəmirəm.
- "Sahil bağı"nda
aşkarlanmayan cəsədlərin şəxsiyyəti müəyyənləşib?
-
Kütləvi məzarlıqda Şaumyanın cəsədinin
olmadığı artıq dəqiqdir. Digər
iki nəfərin kimliyi isə hələ dəqiqləşməyib.
-
Qubada aşkarlanmış kütləvi məzarlıqla
bağlı AMEA-nın gördüyü işin də nəticəsi
təhlükə altındadır. Ötən il
orada aşkarlanmış quyulardan birini sel aparıb. AMEA kütləvi məzarlığın üzərində
muzey tikilməsi ilə bağlı müvafiq orqanlara
müraciət edə bilməzmi?
-
Akademiya dəfələrlə müraciət edib və təkliflərini
verib. Bu məsələdə AMEA-dan
asılı bütün məsələlər həll olunub.
Əlbəttə, çox acınacaqlı
haldır ki, aşkar etdiyimiz kütləvi məzarlıqda
indiyədək muzey yaradılmayıb. Yaxşı
olardı ki, məzarlığın qorunması ilə
bağlı işlər görülsün. Bunu etmək mütləq lazımdır. Hətta mən təklif edirəm ki, kütləvi məzarlıqda
aşkarlanan faktlarla bağlı cinayət işi
açılsın. Bu məsələ
daha dərindən araşdırılmalı və ona qiymət
verilməlidir.
-
Magistrlərin hərbi xidmətə çağırılması
ilə bağlı AMEA-nın prezidenti olaraq hansı fikirdəsiniz?
- Mənim
münasibətim birmənalıdır. Magistrlərin
hərbi xidmətə aparılmasının əleyhinəyəm.
Onlara möhlət hüququ vermək olar. Qoy magistratura və aspiranturanı bitirəndən
sonra dövlətə öz borclarını versinlər.
Elmi iş elədir ki, orada fasilə yaransa, bunun çox
ağır və mənfi nəticələri olur. Magistrlərin orduya aparılmasının orduya nə
xeyri olduğunu bilmirəm, amma elmə ancaq zərəri var.
-
Hazırda dövlət büdcəsindən elmə nə qədər
vəsait ayrılır? Bu vəsait sizi qane
edirmi?
- Əvvəlki illərlə müqayisədə elmə
ayrılan vəsaitlərdə kəskin artım var. Amma bu
artım yenə də kifayət qədər deyil. Elmin
inkişafının öz qanunları var. Əgər elmə
ayrılan vəsaitlər ümumi daxili məhsulun 2 faizindən
azdırsa, elmin iqtisadiyyata heç bir təsiri olmur. Bizdə
isə bu vəsait ümumi daxili məhsulun 0,2
faizi qədərdir. Biz əgər istəyiriksə
ki, elmimiz iqtisadiyyatımıza səmərə versin, onda onun
müvafiq büdcəsi olmalıdır. Avropanın
aparıcı dövlətlərində bu rəqəm
artıq iki faizi keçib. Bu cür maliyyələşmə
ilə, elmi istənilən səviyyəyə qaldırmaq
olmaz.
-
Fikrinizcə, hazırda Akademiyada hansı elm sahələri yüksək,
hansı sahələr isə zəif inkişaf edib?
-
Akademiyada yer elmləri sahəsi həmişə güclü
olub, indi də güclüdür. İnformatika
sahəsində də geri qalmırıq. Humanitar
elmlərdən dilçilik, ədəbiyyatşünaslıq,
fəlsəfədə güclüyük. O sahədə
ki, güclü elmi baza və cihazlar olmalıdır,
hazırda o sahələr bir balaca geri qalır. Fizika, kimya sahəsində
istedadlı alimlərimiz az deyil. Əgər güclü maddi-texniki baza və maddi təminat
olsa, doğrudan da yüksək səviyyədə elmi tədqiqatlar
aparmaq olar. Ümidverici fakt kimi onu da deyim
ki, artıq ikinci ildir ki, elmi cihazların alınması
üçün Akademiyaya vəsait ayrılır. Bu məqsədlə
ötən il 2 milyon manat ayrılmışdı.
Biz artıq bu avadanlıqları
almışıq, yay aylarında onlar ölkəyə gətiriləcək.
Bu il isə yeni cihazların
alınmasına 10 milyon manat vəsait ayrılıb.
- Bəzən Ali Attestasiya
Komissiyasının (AAK) fəaliyyətindən və alimlik dərəcələrinin
verilməsinin yubadılmasından şikayətlər edilir. AMEA prezidenti
kimi belə hallara münasibətiniz necədir?
- Bəzən
biz Ali Attestasiya Komissiyasını
günahlandırırıq. Amma hər bir
dissertasiya işinin qiymətləndirilməsini ilk növbədə
Müdafiə Şuraları aparır. Şuralar
hər hansı zəif işi müdafiəyə
buraxırlar, sonra da biz Ali Attestasiya Komissiyasını
günahlandırırıq. Elm sahəsində
aparıcı alimlər Akademiyada fəaliyyət göstərir.
Amma hansısa səbəblərdən Müdafiə
Şuralarının çoxu ali təhsil
ocaqlarının tabeliyindədir. Bu məsələlər
bizi haqlı olaraq narahat edir. Ötən il
Akademiya alimləri tərəfindən 18 doktorluq, 127 namizədlik
işi yazılıb. Problemlərdən biri odur ki, bir
çox dissertasiya bu günə kimi Ali Attestasiya
Komissiyasında yatıb qalır, orada bu prosesə çox ləng
baxılır, proses süni surətdə uzadılır. Bəlkə
də onların öz siyasətləri var. Hesab edirlər ki,
bir ölkənin bu qədər elmlər doktorları ola bilməz, bunu tənzimləmək,
sayını azaltmaq lazımdır. Bizi narahat edən
problemlərdən biri də odur ki, hazırda iqtisadiyyat,
hüquq, ədəbiyyat kimi sahələrdə dissertasiyalar
daha çox müdafiə olunur, nəinki dəqiq elmlərlə
bağlı. Bunun səbəblərindən
biri də odur ki, həmin sahələr üzrə elmi-tədqiqat
işi aparmadan dissertasiya müdafiə eləmək
mümkündür. Bu da sirr deyil ki, bir
çox dissertasiya pulla yazılır. İndi
hər bir məmur, hətta millət vəkili alim olmaq istəyir.
Ancaq özləri elmi-tədqiqat işi
aparmağa qadir deyillər. Buna görə
də dissertasiyaları pulla yazdırırlar. Bu yolla Ali Attestasiya Komissiyasına təqdim edilən
dissertasiyaların sayı artırılır.
Kaspi.-2009.-21
aprel.-S.8-9.