"Televiziyalarımızın kadr
problemi geniş müzakirə olunmalıdır"
Nizami Cəfərov:
"Bu müzakirələr bəzi təhsil müəssisələrimizə də siqnal olmalıdır"
Son vaxtlar
Azərbaycanda əsas
müzakirə mövzusu
olan problemlərdən
biri də telekanallardakı verilişlərin
keyfiyyəti ilə bağlıdır. Bu məsələ cəmiyyətin
bütün təbəqələrini
narahat etməkdədir.
Xüsusilə də özəl telekanallarda milli mənəvi dəyərlərin qorunması,
peşəkarlıq baxımından
problemlərin olduğu
vurğulanır. Problemin
həlli ilə bağlı müxtəlif
təşəbbüslər irəli sürülüb,
tənqidi yanaşmalar
olub, amma bu sahədə hər hansı irəliləyiş gözə
dəymir. Milli Məclisin Mədəniyyət
məsələləri komitəsi
də problemi diqqətdə saxlayır.
Bu yaxınlarda komitənin təşkilatçılığı
ilə problemlə bağlı geniş tərkibdə müzakirələrin
keçirilməsi təşəbbüsü
irəli sürülüb.
Komitənin sədri, millət vəkili Nizami Cəfərov deyir ki, tədbir
ya gələn ayı sonu, ya da iyunun
əvvəlində keçiriləcək.
- Nizami müəllim, komitənizin ötən
iclaslarından birində Azərbaycanda fəaliyyət göstərən
telekanallarda yaranmış vəziyyətlə bağlı həmin
telekanalların, Milli Televiziya və Radio Şurasının
(MTRŞ) rəhbərliyinin, komitə üzvlərinin
iştirakı ilə geniş ictimai müzakirələrin
keçirilməsi təklifi səsləndi və həmin təklif
məqbul sayıldı. Bu baxımdan bilmək istərdik ki,
bu təklifin reallaşdırılması ilə bağlı
məsələlər nə yerdədir?
- Sözün düzü, biz gözləyirdik ki, İctimai Televiziyaya (İTV) yeni baş direktor seçilsin, bundan sonra sözügedən təklifi reallaşdıraq. Biz İTV-siz bu müzakirəni aparmaq istəmirdik və məqsədəuyğun saymırdıq. Çünki İTV belə demək mümkünsə, bizim ən ictimai kanalımızdır. Yəni artıq İTV-yə baş direktor seçildikdən sonra bu geniş ictimai müzakirəni reallaşdırmağı və gerçəkləşdirməyi planlaşdırırdıq. Bu baxımdan çox güman mayın axırları, iyunun əvvəllərində bu tədbir gerçəkləşdiriləcək. Amma konkret tarix də demək olmur. Çünki konkret vaxt desək, yalançı çıxa bilərik. Biz bu tədbirə teleradio məkanımıza rəhbərlik edən şəxsləri, bu sahəylə məşğul olan teleradio jurnalistlərimizi, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimlərini və digər şəxsləri dəvət etmək fikrindəyik və edəcəyik. Bu tədbirin hamımız üçün faydası olacaq. Teleradio sahəsindəki problemlərimizi qabardacaq və onların həlli yollarını topmağa çalışacağıq.
- Yeri gəlmişkən, bu yaxınlarda
Azərbaycanda Teleradio Akademiyasının yaradılması təklifi
də irəli sürülb.
-
Bəli, biz həqiqətən də belə bir maraqlı təklif
almışıq. Düzdür, respublikanın əksər
universitetlərində jurnalistika fakültələri
var. O cümlədən Mədəniyyət
və İncəsənət
Universiteti mövcuddur
ki, burada da televiziyalar üçün mütəxəssislər
hazırlanır. Amma elə sahələr
var ki, görürsən,
bəziləri yurnalistikanı
və yaxud Mədəniyyət və
İncəsənət Universitetini
bitirməyib. Televiziyalarda işləyənlərin
bir çoxu Prezident yanında Dövlət İdarəçilik
Akademiyasını - politologiyanı
qurtarıblar, amma gəlib teleradio jurnalistikası
ilə məşğul
olurlar. Bu mənim son vaxtlardakı müşahidələrimdir. Bu isə o deməkdir
ki, çoxları jurnalistikanı,
telejurnalistliyi gəlib
daha çox televiziyalarda öyrənirlər.
Bu günlərdə bizim bütün televiziyalarımıza işləmək
üçün yox, hələlik öyrənmək
üçün gələnlər
var. Çox təəssüf
ki, onları da işə məmnuniyyətlə qəbul
edirlər. Teleradio sahəsində
təcrübəsi olmayan
bu gənclər bəzən verilişlər
çəkir, çəkilişlərdə
iştirak edirlər və sair. Televiziya rəhbərləri də
peşəkar kadr çatışmazlığından şikayətlənir, onları
işə götürmək
məcburiyyətində olduqlarını
bildirirlər. Bütün bunları
aradan qaldırmaq üçün ortalığa
bir Teleradio Akademiyası yaratmaq ideyası gəlib. Hələlik həmin ideyanın
müəllifinin adını
deməyəcəyəm. Ancaq məncə, gələcəkdə
bu məsələyə
baxıla bilər.
- Şəxsən siz özünüz bu
ideyanın reallaşmasına ehtiyac
görürsünüzmü?
-
Hər halda mənə elə gəlir ki, bu ideya ən
azından müzakirə olunmalıdır. Eyni zamanda, bu
müzakirələr bizim hazırda mütəxəssis
hazırlayan bəzi təhsil müəssisələrimizə
də siqnal olmalı, onların işinə təsir göstərməlidir.
Keçirilməsi nəzərdə tutulan ictimai müzakirələr
zamanı televiziyalarımızın kadr problemi geniş
müzakirə olunmalıdır. Bundan başqa, həmin
müzakirələr zamanı telekanallarımızdakı mədəniyyət
və incəsənətlə bağlı yayımlanan
verilişlər ətrafında geniş fikir mübadiləsi
aparılmalıdır. Çünki bu verilişlərlə
bağlı cəmiyyətin mövqeyi heç də birmənalı
deyil. Bu cür problemlər isə heç də qanunla tənzimlənə
bilməz. Yəni bu, bir ixtisas, məslək işidir. Biz bu
cür problemləri müzakirələrlə, birgə
işləməklə, əməkdaşlıq etməklə
həll edə bilərik. Son olaraq onu bildirmək istərdim
ki, bu müzakirələr "Mədəniyyət
haqqında" qanuna edilməsini nəzərdə
tutduğumuz köklü dəyişikliklər
üçün bir məlumat bazası rolunu oynaya bilər. Yəni
biz müzakirələr zamanı səsləndirilən
faydalı təklifləri bu qanunda da nəzərə ala bilərik.
- İTV-dən söz
düşmüşkən, siz İsmayıl Ömərovun
yenidən həmin qurumun baş direktoru seçilməsini və
ümumiyyətlə, onun dörd illik fəaliyyətini necə
qiymətləndirirsiniz?
- Çox yüksək qiymətləndirirəm. Şəxsən mən zəruri bildim ki, İsmayıl Ömərov yenidən İTV-nin baş direktoru seçilsin. Çünki o, dörd il ərzində həqiqətən də gözəl bir televiziya yaratdı. Yəni İTV ən azından başqa televiziyalarımıza oxşamır. İndi bəzən bizim müxalifətçilər deyirlər ki, onlar İTV-yə daha çox ümid bəsləyirdilər, amma ümidləri müəyyən mənada doğrulmadı. Amma belə deyil. Məsələn, müxalifətçi millət vəkili Pənah Hüseyn də bunu deyir, amma İTV-nin üstün cəhətlərini də qeyd edir. Yəni İTV-nin üstün cəhətlərini müxalifətçilər də etiraf edirlər. Demək istəyirəm ki, İTV sözün hər əsl mənasında televiziya oldu, işlədi. Onun ən mühüm xüsusiyyəti də bu oldu ki, beynəlxalq teleradio qurumları ilə əlaqə saxlaya bildi. Məsələn, Macarıstanın İctimai televiziyası ilə yaradılan əlaqələri çox yüksək qiymətləndirirəm. Eyni zamanda, İTV-nin Türkiyənin TRT və TRT-AVAZ telekanalları ilə əlaqələrinin intensivləşdirilməsi istiqamətində işlər mütəmadi şəkildə aparılır. Məncə, bunlar da çox təqdirəlayiqdir. Güman edirəm ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək.
- Bütün hallarda İTV-nin əsl
ictimai televiziya olduğunu, öz adını
doğultduğunu tam qətiyyətlə söyləmək
olarmı?
-
Şübhəsiz, belə söyləmək olar. İndi
bizim ictimaiyyətimiz, ictimai istedadımız nədirsə,
sosial, ideoloyi və digər sahələrdə nəyiksə,
İctimai televiziyamız da odur. Bəzən biz İctimai
televiziyanın ictimai səviyyəmizdən yuxarı
olmasını da istəyirik. Amma bu, düzgün yanaşma
deyil.
- Məqamı düşmüşkən,
deputat həmkarlarınızdan olan Elmira Axundova bir sıra
ölkələrdə olduğu kimi, Azərbaycanda da
İTV-nin ikinci kanalının yaradılmasına ehtiyac
olduğunu bildirib. O, hətta buna nümunə kimi qonşu
Gürcüstanı göstərib.
-
Vallah, ikincisi də yaradıla bilər,
üçüncüsü də. Bilirsiniz, Elmira xanım bir
az romantik adamdır, bir də görürsən ki, elə məsələləri
qaldırır ki, onların heç də hamısını
birdən-birə reallaşdırmaq mümkün olmur. Yəni
Elmira xanım çox zaman vaxtından əvvəl nəyisə
gündəmə gətirir, on il bundan sonra olacaq məsələləri
indidən deyir. Bu da görünür, onun uzaqgörənliyi
ilə bağlıdır.
- Nizami müəllim, parlamentdə tez-tez
gündəmə gətirilən məsələlərdən
biri də əksər qanunların dilindəki
qüsurların aradan qaldırılması ilə
bağlı Milli Məclisin Dil Komitəsinin
yaradılmasıdır. Bir komitə sədri
olmaqla siz bu təklifə necə yanaşırsınız?
-
Bu təklif mənim çox ürəyimcədir. Şəxsən
mən çox istərdim ki, Milli Məclisdə belə bir
komitə olsun. Ən azı dilçi olduğuma görə
belə düşünürəm. İndi mən də desəm
ki, belə bir komitəyə ehtiyac yoxdur, bunu heç kim ciddə
qəbul etməz. Bu cür yanaşma ən azından mənim
məsləkimə, əqidəmə uyğun gəlməz. Hazırda
parlamentdə dil məsələləri bağlı problemlər
Mədəniyyət komitəsinin səlahiyyətindədir.
Eyni zamanda istərdim ki, dil universal bir məsələ
olduğu üçün tək Mədəniyyət komitəsində
yox, o biri komitələrdə də diqqət mərkəzində
olsun. Hazırlanın qanun layihələrinin dövlət
dilinin tələblərinə tam
uyğunlaşdırılması məsələsinə daha
ciddi yanaşılsın. Hazırda bizim bununla bağlı
müəyyən problemlərimiz var. Müxtəlif qanun layihələrinin
dilçilik baxımından mükəmməl
hazırlanmadığı parlamentdəki müxtəlif
müzakirələrin gedişində zaman-zaman dilə gətirilir.
Məncə, biz bu problemi birdəfəlik həll etməliyik.
Bundan əlavə, qanunların icrası, bütün dövlət
orqanlarında Azərbaycan dilinin qorunması məsələsinə
də ciddi fikir verilməlidir.
İlham
QULİYEV
Kaspi.-2009.-21 aprel.-S.5.