Qobustan təəssüratları
Aprelin 18-də
"Beynəlxalq abidələr və tarixi yerlər
günü" münasibəti ilə bütün tarix-mədəniyyət
qoruqlarında tədbirlər və "Açıq
Qapı" günləri keçirildi. "Bakı İslam Mədəniyyətinin
Paytaxtı-2009" - Mədəniyyət İli çərçivəsində
Qobustanda keçirilən "Qobustan pirləri" adlı tədbirə
yerli və xarici qonaqlarla birlikdə media işçiləri də
dəvətli idi. Xaricilər deyəndə, Norveç səfirliyinin
nümayəndələri ilə 3-4 nəfər əcnəbidən
başqa gözə dəyən qonaqlar sırasında
üstünlüyü ictimaiyyət nümayəndələri
- uşaqlar, tələbələr, müəllimlər təşkil
edirdi.
Tədbir Qobustan
qoruğu ərazisinə tanışlıqla başladı. Ekskursiya təəssüratlarımıza
da YUNESKO-nun siyahısına daxil edilən unikal abidə ilə
tanışlıqdan başlayaq.
Ulu babalarımızın məskəni
Qobustan abidələri kompleksi uzunluğu 15-20 km, eni 2 km olan zolaqvari kiçik bir sahədə yerləşən Böyükdaş, Kiçikdaş və Cingirdağ ərazisindəki qayalıqlar arasındadır. Arxeoloyi qazıntılar Qobustanın 10 min ildən artıq bir dövrdə ibtidai mədəniyyət yaratmış insanların məskəni olduğunu göstərir. Qobustanı dünyaya tanıtdıran ilk növbədə onun qədim qayaüstü təsvirləridir. Bu təsvirlər barədə ilk məlumat 1938-ci ildə əldə edilib. 1966-cı il sentyabr ayının 9-da Qobustanda qədim qayaüstü təsvirlər saxlanmış və qədim arxeoloyi abidələr, düşərgələr qeydə alınaraq Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları və Yazılıtəpə ərazisi Nazirlər Sovetinin 509 saylı qərarı ilə Dövlət tarixi-bədii qoruğu elan edilib.
Qobustan qayaüstü təsvirlərini ilk dəfə məşhur arxeoloq, Azərbaycanın Əməkdar elm xadimi İsaq Cəfərzadə tapıb öyrənib. Ondan sonra Qobustan abidələrini arxeoloyi qazıntılar yolu ilə tədqiq edən Cəfərqulu Rüstəmzadənin (bu işi həm də onun həyat yoldaşı t.e.n. F.Muradova davam etdirir) fikirləri nadir qoruğun tarixi və bu gününü öyrənmək baxımından çox maraqlıdır. Onların Qobustanda apardıqları arxeoloyi qazıntı və tədqiqatların nəticələri göstərir ki, burada - Böyükdaş və Kiçikdaş dağları sahəsində qədim insanın yaşaması tarixi üst Paleolit dövrünün sonu, Mezolit (orta daş) dövrünün əvvəllərindən, ümumən 15 min il əvvəlki dövrdən başlayır. Onların tədqiqatına görə, ola bilsin ki, ondan da 3-5 min il əvvəl buraya insan ayağı dəyib və hələlik o dövrün düşərgəsi qayalıqların altında qalıb və ya sadəcə olaraq aşkar olunmayıb. Burada həyat Daş dövründən antik dövrə qədər xüsusən qaynar olub, orta əsrlərdən iqlimin dəyişməsi, rütubətin azalması, quraqlığın çoxalması, torpağın şoranlaşması, bitki örtüyü və heyvanat aləminin kasıblaması get-gedə yaşayış şəraitinin pisləşməsinə səbəb olub. Lakin Qobustanda həyat tam kəsilməyib, maldarlar üçün qışlaqlarda da olsa, XX əsrə qədər davam edib. Lakin XX əsrin ortalarına qədər Qobustanda qədim insan düşərgələrində torpaq altında qalan maddi mədəniyyət qalıqları nəinki elm aləminə məlum olmayıb, qayalardan bizə baxan qədim təsvirlər də heç kəsi maraqlandırmayıb. Onlardan bir qrupu - Yazılıtəpə təsvirlərinə görə, bu yerlər pirə çevrilsə də, bu haqda elm aləmi xəbərsiz olub.
Qobustanda
qayalar üzərində qeydə alınan 6 mindən çox
qədim təsvir və başqa abidələrlə
yanaşı "Ana zağa", "Ovçular
zağası", "Çardaq zağa", "Kənizə",
"Öküzlər", "Öküzlər-2",
"Maral", "IV sığınacaq",
"Daşaltı", "Ceyranlar", "Qaya
arası", "Firuz", "Firuz-2" və bu kimi ondan
çox Daş dövrü düşərgəsi,
"Böyükdaş", "Dairə",
"Çapmalı" kimi Tunc dövrü
yaşayış yerləri və 30-dan çox o
dövrün kurqan tipli qəbir abidəsi, antik və orta əsrlərə
aid bir sıra tikili və həyat qalıqları aşkar edilərək
arxeoloyi qazıntılarla öyrənilib.
Qobustan abidələri həyatla yanaşı yaranmağa başladığı kimi bu minillər ərzində hər cür təsirlərə də məruz qalıb, bir yandan yaranıb çoxalan abidələr bir yandan da korlanıb dağılıb, silinib. Əlbəttə, abidələrin saxlanmasına belə mənfi təsirlər həm insanlar (elə çox qədimdən, onların özlərinin dövründən indiyə kimi), həm də təbii qüvvələr (su, külək, günəş, soyuq, zəlzələ və s.) tərəfindən edilib və nəticəsi ondan ibarətdir ki, qayalar üzərində döyülmüş, sürtülmüş, qazılmış, cızılmış qədim rəsmlərdən bizə qədər gəlib çatanları (qeydə alınmışları) çox az faiz təşkil edir.
YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsi qədim abidəni bütün təhlükələrdən qorumağa kömək edir. Qoruğun direktoru Məlahət xanımın bildirdiyinə görə, mötəbər siyahıya daxil ediləndən sonra qoruğa gələn turistlərin sayı da xeyli çoxalıb.
Ancaq qoruğa aparan yollar da təmir olunsa və yaxın ərazisinə diqqət artırılsa, heç olmasa gələn turistlərin gözünü oxşayar. Qoruğun yaxın ərazisi kələ-kötür yollardan ibarətdir və antisanitar vəziyyətdədir.
İnsanların ümid yeri
Qobustan ərazisində yerləşən pirlər və ziyarətgahlarla da məşhurdur. Burada Şıxheyb baba, Diri baba, Sofi Həmid, Sofi Novruz, Qara atlı, Çörmə piri, Hürü qızları, Yel piri və s. pirlər və ziyarətgahlar var. Bu pirlərin bir qismi sufizm təriqəti ilə bağlıdır. XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə aid olan Görmə piri Kiçikdaş dağının ətəyində yerləşib. Fasad hissəsi Kiçikdaş dağına yönəldiyi üçün el arasında Görmə piri adlandırılıb.
Hürü qızları piri Əliqulu qışlağında yerləşir. Rəvayətlərə görə, burada Hürü qızları dəfn edilib. Xəstəliklərdən, baş ağrılarından qurtarmaq üçün bura çoxlu zəvvar və ziyarətçi gəlir. Hasara alınmış qəbrin ortasına su ilə dolu qab qoyulur. Ziyarətçilər qaba qəbrin ətrafındakı torpaqdan tökürlər və ağrıyan yerlərinə çəkirlər. Yaxud həmin qabdan su içirlər. Pirin qalıqları XIX əsrə aid edilib. Pirin qalıqları yaxınlığında yeni pir inşa olunub.
Sarıbaba piri Hacı qışlağında yerləşir. Dərisində yarası olanlar bura şəfa tapmaq üçün gəlir. Bu pirdə də qəbrin üstünə su ilə dolu qab qoyulub. Şəfa dalınca gələn zəvvarlar pirin torpağından götürüb suya qatır və bədənlərinə çəkirlər. Ordakı daşla kürəyə, yara olan olan yerə çəkirlər. Pirin qalıqları XIX əsrə aid edilir.
Yel piri Nəhər qışlağında yerləşir. Nəzir vermək, şəfa tapmaq üçün ora çoxlu ziyarətçi gəlir. Deyilənə görə, Bakının Buzovna kəndində olan bir nəfərin uşağı olmurmuş. Pirə gəlib nəzir edib ki, uşağı olsa, burada təzə pir tikəcək. Uşağı olan kimi gəlib pirin qalıqlarının yanında yenisini tikdirib. Köhnə pirin qalıqları XIX əsrə aid edilir. Burada da qəbrin üstünə su ilə dolu qab qoyulub. Zəvvarlar pirə gəlir və burada qurban kəsirlər. Pirin yaxınlığında XVIII əsrə aid qədim qəbiristanlıq var.
Sofi Novruz XIX əsrdə yaşayıb. Qobustan bölgəsinin
Nardaran kəndində anadan olub. Sonralar
Şamaxının Ərəbqədim kəndinə
köçüb. O, Nasırlılar nəslindən
Şıx Eyyub babanın nəvəsi və Sofi təriqətinin
davamçılarındandır.
Sofi Həmid piri isə Bakıdan 40 kilometr aralı Səngəçal
və Umbakı qəsəbələri arasında kiçik
dağlarla əhatələnmiş sahədə yerləşir. Sofi Həmid
piri müasir dövrümüzdə zəvvarların ziyarət
etdikləri yerlərdən biri hesab edilir. İndi
də işlərinin düzəlməsi, xəstəliklərdən
azad olmaq üçün bu pirə nəzir deyən və
ibadət edənlər çoxdur. Pirin
içərisində uşağı olmayan qadınlar tərəfindən
nənni (beşik) asılmasına da təsadüf olunur.
Kiçikdaş
dağının cənubunda isə Qara atlı
piri yerləşir.
Böyük Qobustan ərazisində pirlərin olması
təsadüfi deyil. Qədim zamanlardan bugünədək
Böyükdaş, Kiçikdaş və Cingirdağ müqəddəs
yerlər sayılır.
Məlahət xanımın dediyinə görə, pirlər
haqqında məlumatlar yerli sakinlərdən toplanıb. Yerli sakinlər
bildirirlər ki, təkcə qoruğun ərazisi deyil,
ümumilikdə böyük Qobustanın ərazisində hələ
də üzə çıxarılmayan pirlər mövcuddur.
"Jurnalistlər vaxtında gələydi!"
Qobustan
ərazisini gəzmək üçün vaxt qıtlığı
olduğundan tədbir iştirakçıları müqəddəs
yerlərlə "Qobustan pirləri" adlı fotosərgidə
və "Qobustan pirləri" adlı videoçarxın
nümayişi ilə tanış oldular. Qabaqcadan
məlumat verildiyi kimi qonaqlar öncə Qara Atlı pirini ziyarət
etməli olsalar da, bu ziyarət baş tutmadı.
Düzdür, nümayiş etdirilən şəkillər
və videoçarx iştirakçıların qismən də
olsa məlumat almasına kömək elədi. Amma qoruq
direktoru Məlahət xanım da rəhbərlik etdiyi əraziyə
yaxşı bələd olsaydı, bu,
iştirakçıların daha çox məlumat toplamasına
kömək edə bilərdi. Məsələn,
açılışı elan edən Məlahət xanım
nə qədər çalışsa da tədbirin
"Bakı İslam Mədəniyyətinin
Paytaxtı-2009" - Mədəniyyət İli çərçivəsində
keçirildiyini dilə gətirə bilmədi. İstər-istəməz adamda belə bir təəssürat
yarandı ki, bir cümlə ilə fikrini ifadə edə bilməyən
direktor gündən-günə çoxalan xarici turistlərə
qoruq haqqında hansı mükəmməl məlumatları
verə bilir?! Hətta onun Qobustan
haqqında hər hansı bilgiyə malik olması da
şübhə doğurdu. Bunu yurnalistlərin
ona ünvanladığı suallara səthi cavablarından da
duymaq çətin deyildi.
Qobustan haqqında yazımda yurnalistlərə göstərilən
"diqqət"ə və ümumi təşkilatçılığa
da toxunmağı vacib bilirik. Bunun üçünsə
bir qədər geriyə - yəni avtobusların əraziyə
yola düşməyə başladığı vaxtdan başlamalıyıq.
Ekskursiyaya dəvət alan qonaqlar həddən artıq çox olduğundan avtobuslarda yer çatışmazlığı yurnalistlərin başında çatladı. Tədbiri işıqlandırmağa dəvət alan media işçilərinin çoxu 70 km-lik yolu ayaq üstə getməli oldu. Hələ üstəlik, deyilən vaxtdan bir saat əvvəl Hökumət evinin qarşısını kəsdirən media işçiləri nazirliyin şöbə müdiri Rizvan Bayramovun "jurnalistlər vaxtında gələydi!" iradını da eşitməli oldular. Belə çıxdı ki, tədbir daha çox nazirlik işçilərinin dost-tanışları üçün nəzərdə tutulub və bunun da əzabını media işçiləri çəkməlidir. Belə münasibətə görə "bu nazirliyin tədbirində iştirakımız axırıncı dəfə olsun!"- deyən yurnalistlərin qınağı da təbii idi.
Media işçiləri qayıdanda da eyni laqeydliklə üzləşməli oldular. Tədbirdən hazırladıqları reportayı çatdırmaq üçün tələsən KİV nümayəndələri nazirlik işçilərinin rahat yeyib-içmələrini gözləmək üçün də azı bir saat yubanmalı oldular. Hələ üstəlik, minnətlə "nazirliyin marşrutu ilə gələndə bilmirdiniz ki, belə olacaq?" sözlərini eşitdilər. Qəribəsi budur ki, sonra da yurnalistləri qeyri-peşəkarlıqda, doğrunu qoyub əyrini yazmaqda günahlandırırlar.
Bütün bunlara görə Qobustan səfəri
yurnalistlər üçün qoruğa aparan yollar qədər
yöndəmsiz oldu. Təkcə unikal abidənin təəssüratlarından
başqa.
Məhərrəmova Təranə
Kaspi.-2009.-21 aprel.-S.10.