Hökumətin siyasətinin əsas istiqaməti sosial problemlərin həllidir

 

İlham Əliyev: "Bizim siyasətimiz düzgündür, bu siyasət Azərbaycan xalqına xeyir gətirir"

 

Dünən prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası keçirilib. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı İlham Əliyev iclasda giriş nitqi ilə çıxış edib. Prezident 2009-cu ilin Azərbaycan iqtisadiyyatı üçün yeni inkişaf dövrü olduğunu vurğulayıb. Onun sözlərinə görə, 2004-2008-ci illərdə Azərbaycan iqtisadiyyatında qazanılmış uğurlar dünya tarixinə düşüb. Prezident qeyd edib ki, böhran şəraitində bir çox ölkədə problemlər yaşanmasına baxmayaraq, 2009-cu ilin I-ci rübü də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub: "Son 5 il ərzində Azərbaycan iqtisadiyyatı 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə, büdcə xərcləri təxminən 10 dəfədən çox artıb. 2003-2008-ci illərdə 2 minə qədər məktəb, yüzlərlə səhiyyə, mədəniyyət və digər sosial obyektlər tikilərək istifadəyə verilib, yüz minlərlə yeni iş yeri yaradılıb. Minimum əmək haqqı və pensiyalar, maaşlar xeyli artıb".

Prezident deyib ki, dünya maliyyə böhranının bütün ölkələrə təsir etməsinə baxmayaraq, ölkəmizdə son 5 il ərzində aparılan uğurlu siyasət 2009-cu ilin ilk rübündə də sabit sosial-iqtisadi inkişafı təmin edib: "Yanvar-mart ayları ərzində Azərbaycanda ÜDM ötən ilin analoyi dövrünün göstəricisinə nisbətən 4,1 faiz artıb. Bu, dünya maliyyə böhranı şəraitində böyük göstəricidir və qeyd etmək lazımdır ki, bütün problemlərə baxmayaraq, qeyri-neft sektorunun artımı birinci rübdə 14 faiz təşkil edib". Prezident əlavə edib ki, bütün bunlar Azərbaycan iqtisadiyyatının güclü olmasının sübutudur. Ölkə iqtisadiyyatının belə yüksək artım tempinə ancaq neft sektorunun hesabına deyil, güclü iqtisadi və siyasi islahatlarla nail olunub: "Bizim apardığımız islahatların uğuru dünya birliyi tərəfindən də qəbul edilir. Əgər belə olmasaydı, dünyanın ən böyük maliyyə qurumu olan Dünya Bankı bizi 2008-ci ilin bir nömrəli islahatçı ölkəsi elan etməzdi. Əgər belə olmasaydı, Azərbaycan Birləşmiş Millətlər Təşkilatı tərəfindən şəffaflıq sahəsində əldə edilmiş uğurlara görə təltif edilməzdi. Bizim uğurlarımız ancaq neft və qazla bağlamaq doğru deyil".

Prezident əlavə edib ki, Azərbaycan xarici sərmayədarlar üçün cəlbedici ölkə olaraq qalır. Sərmayədarlar Azərbaycana etibarlı tərəfdaş kimi baxırlar. Prezident buna nümunə kimi 300 milyon avroluq sement zavodunun tikintisini göstərib: "Məlumdur ki, hazırda dünyada bütün sənaye müəssisələri fəaliyyətini dayandırır, ixrac aşağı düşür, investisiya qoyuluşları məhdudlaşır, banklar kredit verilişini dayandırırlar. Amma belə bir şəraitdə Azərbaycana böyük miqdarda investisiya qoyulur". Prezident qeyd edib ki, Azərbaycan düşünülmüş şəkildə investisiyaların cəlbi və qorunması siyasətini həyata keçirir. Bunun nəticəsində ölkədə yaxşı investisiya mühiti yaradılıb.

Prezident qeyd edib ki, hökumət yerli sahibkarlığın inkişafına da böyük diqqət ayırır. Dünyadakı maliyyə böhranına, neftin qiymətinin bir neçə dəfə ucuzlaşmasına baxmayaraq, bu ilin dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsait artırılıb. Artıq fond sahibkarlara kreditlərin verilməsinə başlayıb: "Əminəm ki, yerli sahibkarlar bu kreditlərin hesabına yeni müəssisələr yaradacaqlar, yeni imkanlar əldə edəcək və ölkəmizin hərtərəfli inkişafına dəstək verəcəklər" - deyə prezident bildirib.

Dövlət başçısı böhran dövründə milli valyutanın sabitliyinin qorunub saxlanmasını da xatırladıb: "Azərbaycan manatının sabit kursunun saxlanılması Mərkəzi və Şərqi Avropa, eləcə də MDB ölkələrində milli valyutanın devalvasiyaya uğramasına baxmayaraq, müsbət faktordur".

Prezident qeyd edib ki, hökumət növbəti illərdə də mövcud kursa sadiq qalacaq. Özəl sektorun inkişafı üçün görülən tədbirlər davam etdiriləcək. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı bu yaxınlarda qəbul edilmiş dövlət proqramı nəzərdə tutulan işlərin həyata keçirilməsinə yardım göstərəcək: "Bu proqram çox ciddi bir sənəddir. Burada inkişafın əsas istiqamətləri müəyyən edilib, hansı tədbirlərin görüləcəyi açıq-aydın göstərilib. Beləliklə, mən şübhə etmirəm ki, növbəti 5 illik proqramın icrası nəticəsində Azərbaycanın qarşısında duran əsas sosial və iqtisadi problemlər tam şəkildə həllini tapacaq".

İlham Əliyev iqtisadi qüdrəti artan və müstəqil siyasət yürüdən Azərbaycanın regionda, həmçinin dünyada gedən proseslərə təsir gücünün artırdığını qeyd edib. Dövlət başçısı bildirib ki, siyasətdəki cəsarətli addımlar və regional əməkdaşlıqda konstruktiv mövqe beynəlxalq aləmdə Azərbaycanın mövqelərini gücləndirir: "Bu ilin ilk üç ayı bir daha göstərir ki, bizim siyasətimiz düzgündür, bu siyasət Azərbaycan xalqına xeyir gətirir, dövləti, müstəqilliyi daha da möhkəmləndirir".

Prezident deyib ki, hökumətin siyasətinin əsas istiqaməti əhalinin sosial problemlərinin həllidir: "Biz xalq üçün yaşayır, xalq üçün işləyirik. Elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Bunun üçün ötən 5 il ərzində dəfələrlə maaşlar, minimum əmək haqqı, minimum pensiyalar artırılıb. Biz bunu növbəti illərdə də davam etdirəcəyik. Bu sahə heç vaxt diqqətdən kənarda qalmamalıdır".

İclasda iqtisadi inkişaf naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdikləri qurumların ilin birinci rübündə gördüyü işlər barədə məlumat veriblər.

Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib. O, qarşıdakı illər üçün nəzərdə tutulmuş məsələlərin uğurlu həllinə və Azərbaycanın möhkəmlənməsinə əminliyini dilə gətirib. Prezident iclasda müzakirə olunan məsələlərin gerçəkləşməsi üçün konkret proqramlar, icra mexanizmi və maliyyə resurslarının olduğunu bildirib.

Ailə-uşaq problemlərini mühüm mahiyyət daşıdığını bildirən prezident xalqımız üçün əvəzolunmaz ali dəyərlərin yaşaması və inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.

Prezident yollar, su kəmərləri, energetika və meliorasiya obyektlərinin tikintisində, həmçinin ölkə üçün vacib digər infrastruktur layihələrin həyata keçirilməsində ləngimələrə yol verilməməsi ilə bağlı konkret tapşırıqlar verib.

Kənd təsərrüfatı sahəsində görülən işlərdən danışan prezident deyib ki, Azərbaycanda istehsal olunan məhsullar ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Aqrar sahənin inkişafına təkan verən əsas amil isə fermerlərə güzəştli şərtlərlə yanacaq, toxum və gübrələrin verilməsi, subsidiyaların ayrılmasıdır.

Eneryi təhlükəsizliyi baxımından özümüzü tam arxayın hiss edirik və Azərbaycanın eneryi resurslarına maraq getdikcə artır" - deyən dövlət başçısı ölkənin neft-qaz siyasətini milli maraqlara və xalqın mənafeyinə xidmət etdiyini vurğulayıb.

Ölkə başçısı ölkədə maliyyə intizamının gücləndirilməsinin vacibliyini də vurğulayıb. Dövlət başçısı bildirib ki, iqtisadi böhran bir sıra qonşu ölkələrin iqtisadiyyatını iflic vəziyyətə salsa da, Azərbaycanda bu, hiss olunmur: "Bu böhran bir daha göstərdi ki, kim nəyə qadirdir, hansı ölkə hansı imkanlara malikdir. Azərbaycan öz hesabına yaşayır, daxili imkanlarına güvənir. Azərbaycan xalqının istedadına, imkanlarına, iqtisadiyyatının gücünə arxalanır, öz siyasi gücünə, bölgədə əldə edilmiş mövqeyə, müstəqil siyasətə arxalanır. Bu yol uğurlar yoludur, sübut olunur ki, bu yolla gedən ölkələr həmişə uğur qazanacaq, onların üzü ağ, alnı açıq olacaq".

Dövlət başçısı çıxışında Bakı şəhərində ağacların kəsilməsi faktlarına da etirazını bildirib. "Bundan sonra Bakıda ağacların kəsilməsi qadağandır" - deyə prezident İlham Əliyev vurğulayıb. Dövlət başçısı bununla bağlı icra orqanlarına qəti tapşırıq verib. Prezident həmçinin ekoloyi proqramların icrası və yaşıllıq zolaqlarının salınması ilə əlaqədar tədbirlər planının hazırlanması ilə bağlı göstəriş də verib. "Bakıda və şəhər ətrafında ən azı 3 milyon ağac əkilməlidir. Bununla bağlı təkliflər planının hazırlanması üçün Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıqlar vermişəm. Bakının ekoloyi xəritəsi təsdiq edilməli, konkret tədbirlər planı hazırlanmalıdır" - deyə prezident vurğulayıb. Prezident onu da deyib ki, Bakıda hansısa obyektin və ya binanın tikintisi zamanı ağacların kəsilməsi faktları barədə məlumatlıdır. "Yerlər alınır, hasarlanır, sonra həmin ərazidəki bütün mövcud ağaclar məhv edilir"-deyən prezident əlaqədar qurumlara və iş adamlarına sonuncu dəfə xəbərdarlıq edib.

 

 

İ.Quliyev

 

Kaspi.-2009.-23 aprel.-S.1-2.