Oqtay Rəcəbov növbəti oratoriyasını yazır

 

Əsərin təqdimatı Filarmoniyada keçiriləcək

 

Ötən il "Heydər" oratoriyasını təhvil verən Xalq artisti, bəstəkar Oqtay Rəcəbov növbəti əsəri gələn ilin noyabrında dinləyicilərinin ixtiyarına verəcək. Bəstəkarın "Kaspi"yə bildirdiyinə görə, bu, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevə həsr olunub. Partiturası hazır olan oratoriyanın söz müəllifi Aqşin Babayevdir. Simfonik orkestrin müşayiəti və xor kopellasının ifasında məşqləri gedən oratoriyanın təqdimat mərasiminin Azərbaycan Dövlət Filarmoniyasında təşkili nəzərdə tutulub.

Yaradıcılıq planlarının geniş olduğundan danışan Oqtay Rəcəbov daha sonra Abdulla Şaiqin məşhur "Tık-tık xanım" musiqili əsərinə müraciət etdiyini söylədi: "Bir çox teatrın repertuarında yer alan, həmçinin eyni adlı cizgi filmindən azyaşlılara tanış olan əsərə yenidən mənim baxışımdan musiqi həyatı verilir. Ssenari müəllifi Əydər Ağayev olan əsər sentyabrda gerçək həllini tapacaq. Qeyd edim ki, hazırda "Bənövşə" uşaq xorunun, 8 nömrəli musiqi məktəbinin kollektivinin və İncəsənət Gimnaziyasının şagirdlərinin iştirakı ilə musiqili tamaşanın məşqləri gedir. 3 aydan sonra bu əsər televiziyada səhnələşdiriləcək. Onu da əlavə edim ki, "Tık-tık" xanım bu versiyasında həm müasir, həm də milli elementləri özündə birləşdirəcək".

Uzun illərdir pedaqoyi fəaliyyətlə məşğul olan Oqtay Rəcəbov yeni çıxan dərsliklərdən söz açdı. Bildirdi ki, bu günlərdə Təhsil Nazirliyinin dəstəyi ilə onun müəllifi olduğu "Musiqi məktəbləri" adlı dərslik işıq üzü görüb. 1,2,3,4 və 8-ci siniflər üçün nəzərdə tutulan dərs vəsaitləri yüksək sayda tiraylanıb və toplular Azərbaycan və rus dillərini əhatə edir. Bundan əlavə, həmsöhbətim Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ilə birlikdə "Fortepianoda çalmaq üzrə" adlanan antalogiyanın 1,2,3,4-cü nömrələrini hazır edib. Bu günlərdə işıq üzü görən toplunun növbəti - 5 və 6-cı nömrələrinin bu həftə hazır olacağı nəzərdə tutulub. Oqtay müəllimin əlavəsinə görə, kitabların hazırlanmasında İncəsənət Gimnaziyasının müəllimi Sevda Ağayeva və Bakı Musiqi Aakademiyasının dekanı Nərminə Quliyevanın da əməyi danılmazdır: "Sözügedən əsərlər fortepianoda 4 əllə çalmaq üçün nəzərdə tutulub və bu dərsliklər musiqi məktəblərinə bir yenilik olaraq daxil olub. Yaxın həftələrin birində topluların satışı da planlaşdırılır".

Mahnı yaradıcılığına da diqqət yetirən bəstəkar əsasən gənc müğənillərlə çalışdığını söylədi. Sözünə əlavə olaraq bildirdi ki, hazırda müğənni Aygun İsgəndərli ilə birlikdə 15 dəqiqəlik soprano və simli orkestr üçün konsert proqramı üzərində çalışır. Yaxın günlərdə əsər lentə köçürüləcək.

Sonda öyrəndik ki, yaradıcılığı diqqətdən kənarda qalmayan bəstəkar haqqında Azərbaycan Televiziyası 1 saatlıq "Bəstəkar, pedaqoq və alim" adlanan filmin çəkilişlərini nəzərdə tutub. Reyissoru Ənvər Əbluc olan filmin ssenarisi hazırlıq prosesini keçir. Yaxın aylarda çəkilişinə start veriləcək filmin Bakıda və Moskvada lentə alınması planlaşdırılır.

 

 

S.İbrahimova

 

Kaspi.-2009.-28 aprel.-S.16.