Böhrana davamlı iqtisadiyyat
Azərbaycan iqtisadi inkişaf baxımından
istənilən məsələni
həll edə bilər
Dünyadakı qlobal maliyyə böhranı Azərbaycan
iqtisadiyyatının davamlılığını
bir daha sübut etdi. Böhran başlayandan dünyanın inkişaf etmiş ölkələrinin
əksəriyyəti ciddi
itkilər verməkdədir.
MDB-nin bir sıra ölkələrinin
iqtisadiyyatı isə
çökməkdədir. Bir sıra respublikaların
milli valyutaları dəyərini sürətlə
itirir. Bir vaxtlar Azərbaycana nümunə kimi göstərilən Qazaxıstanda
da böhranın ciddi nəticələri müşahidə olunur. Rusiya kimi nəhəng
dövlət böhranın
qarşısında duruş
gətirə bilmir. Amma Azərbaycan iqtisadiyyatı bütün
baş verənlərə
baxmayaraq, inkişafdadır.
MDB-nin digər respublikalarından fərqli
olaraq Azərbaycanda iqtisadi inkişaf tempi hələ də qorunub saxlanılıb.
Böhran bir həqiqəti də üzə çıxartdı. Məlum oldu ki, Azərbaycan iqtisadiyyatının yalnız neftdən asılı olması barədə səsləndirilən bəyanatların heç bir əsası yoxdur. Çünki keçən ilin yayından bugünədək neftin qiyməti təxminən 3 dəfə ucuzlaşsa da, proseslər Azərbaycan iqtisadiyyatına ciddi təsir etmədi. Dövlət Statistika Komitəsinin məlumatları da göstərir ki, 2009-cu ilin birinci rübündə Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) artımı davam etməkdədir. Özü də bu göstərici qiymətlərin ucuzlaşması ilə yanaşı, ölkədə neft hasilatının azaldığı bir dövrdə qeydə alınıb. Bunun əsas səbəbi qeyri-neft sektorunda müşahidə olunan 14 faizlik iqtisadi artımdır. Böhran dövründə dünyanın bütün ölkələrinin ixracatında azalmalar müşahidə olunmaqdadır. Lakin Azərbaycan bu problemdən də yan keçə bilib. Birinci rübün yekunlarına görə, ixracatda 20 faiz artım müşahidə olunub.
2008-ci ilin birinci rübünün yekunları onu da göstərdi ki, hökumətin hələ ilin əvvəlindən müəyyənləşdirdiyi antiböhran tədbirləri paketi uğurlu nəticələrini verməkdədir. Prezident İlham Əliyev böhranın ilk dövrlərində hökumətə verdiyi tapşırıqlarda maliyyə böhranının ölkə iqtisadiyyatına təsirinin minimuma endirilməsini, əhalinin itkilərdən sığortalanmasını əsas istiqamətlər kimi müəyyənləşdirmişdi. Birinci rübün nəticələri göstərir ki, prezidentin bu tapşırıqları icra olunub. Sənayedəki 2 faizlik azalmanı nəzərə almasaq, ölkə iqtisadiyyatının bütün sferalarında dinamik inkişaf davam edib.
Böhranın sadə insanların həyatına təsiri də minimuma endirilib. Neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, Azərbaycan hökuməti öz üzərinə götürdüyü sosial öhdəlikləri də intizamla yerinə yetirməkdədir. Pensiyalar, əmək haqları vaxtlı-vaxtında ödənilir. Böhran başlayandan dünyanın bir sıra ölkələrinin üzləşdiyi nağd pul çatışmazlığı problemi Azərbaycanda müşahidə olunmur. Böhran başlayandan inflyasiyanın tempi də xeyli aşağı düşüb. Son üç ayda Azərbaycanda qiymətlərin ucuzlaşması müşahidə olunur. Əhalinin gəlirləri isə sabit şəkildə artmaqda davam edir. Bütün bunlar sadə vətəndaşların real gəlirlərinin artmasına, sosial vəziyyətlərinin yaxşılaşmasına səbəb olur.
Ölkədəki iqtisadi inkişafın davamlılığı Azərbaycana investisiya axınını da qoruyub saxlaya bilib. Heç kimə sirr deyil ki, hazırda dünya iqtisadiyyatı maliyyə qıtlığı ilə üz-üzədir. Dünyanın əksər bankları iflas təhlükəsi ilə üz-üzə qalıblar. Böhranın nə vaxt başa çatacağı məlum olmadığından banklar hər hansı investisiya layihəsinə maliyyə ayırmaqdan yayınmağa çalışırlar. Belə bir vaxtda Azərbaycan investisiya qoyuluşları üzrə hələ keçən il müəyyənləşdirilən proqnozları artıqlaması ilə yerinə yetirib. İlin əvvəlindən əsas kapitala investisiya qoyuluşu 15 faiz artıb. Bu yaxınlarda 70 faizi xarici mənbələrdən cəlb edilmiş vəsaitlər hesabına həyata keçirilən və ümumi dəyəri 350 milyon avroya yaxın olan "Qaradağsement" Səhmdar Cəmiyyətinin müasir texnologiyalar əsasında yenidən qurulması layihəsinə başlanılıb. Bu layihənin icrasına 30-dək yerli şirkət cəlb ediləcək, 1100-dək yeni iş yeri açılacaq və ekoloyi vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. Bundan əlavə, hazırda respublikanın regionlarında sənaye, tikinti, məişət, yeyinti və kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində 60-a yaxın müəssisənin tikintisi aparılmaqdadır. Bu müəssisələrdə də 15 mindən çox yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
2008-ci ilin birinci rübünün yekunları göstərir ki, Azərbaycan dünyadakı maliyyə böhranına psixoloyi baxımdan da qalib gəlməyi bacarıb. Böhranın ilk aylarında əhalinin banklara olan inamında azalma müşahidə olunurdusa, son aylarda bu problem də həllini tapıb. Keçən ilin sonlarındakı bir aylıq fasilədən sonra əhalinin banklardakı əmanətlərinin miqdarı yenidən stabil şəkildə artmağa başlayıb. Psixoloyi baryerin aşılması milli valyutanın möhkəmlənməsində də özünü göstərməkdədir. Əgər bu ilin əvvəlində bazarda dollara tələbat artmışdısa, son vaxtlarda bu tendensiya aradan qalxmaqdadır. Əhalinin banklara milli valyuta ilə qoyduğu əmanətlərin artması da bunu sübut edir.
Azərbaycanın dünyadakı qlobal böhrana uğurla davam gətirməsini təkcə ölkə rəsmiləri vurğulamırlar. Beynəlxalq maliyyə qurumları da Azərbaycanın böhrandan ən az əziyyət çəkən ölkələr sırasında olduğunu vurğulamaqdadırlar. Dünya Bankının mart ayı üçün tərtib etdiyi hesabatda Azərbaycanın başqa ölkələrlə müqayisədə böhranın təsirinə çox az məruz qaldığı əksini tapır. Hesabatda Azərbaycanın böhranın təsirindən yayındığı xüsusi vurğulanır.
Eyni mövqeyi "Fitch Ratings" agentliyi də nümayiş etdirir. Agentliyin proqnozlarına görə, bu il Avropanın 21 ölkəsindən 19-da ÜDM azalacaq, bir ölkədə isə sabitlik qorunub saxlanılacaq. Yalnız Azərbaycanda iqtisadi artım olacağı proqnozlaşdırılır.
Asiya İnkişaf Bankı da böhran dövründə belə Azərbaycan iqtisadiyyatının inkişafda olacağını proqnozlaşdırır. Bankın hesablamalarına görə, bu il Azərbaycanda iqtisadi artım 8 faiz olacaq.
Avropa Yenidənqurma və İnkişaf Bankı da dünyadakı qlobal böhran şəraitində Azərbaycandakı vəziyyətin qonşu dövlətlərə nisbətən daha yaxşı olduğunu bildirib. Bu günlərdə Bakıda səfərdə olan AYİB-in Cənubi və Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələri üzrə biznes-qrupunun direktoru Olivye Dekamp bildirib ki, bunun səbəbi vaxtilə hökumət tərəfindən görülən qabaqlayıcı tədbirlərdir. AYİB təmsilçisi bildirib ki, böhran şəraitində Azərbaycana kömək edən Dövlət Neft Fondunun yaradılması, neft-qaz sektorunun optimallaşdırılması, rəqabətqabiliyyətli bank bazarının yaradılması olub. Bütün bunların formalaşdırılması üçün xeyli iş aparılıb. Bundan əlavə, hökumətin böhran öncəsi yürütdüyü konservativ maliyyə siyasəti nəticəsində də ölkənin ciddi problemlərlə üzləşməsinin qarşısı alınıb. Belə ki, son illər ərzində Azərbaycan hökuməti daxili və xarici borclara konservativ yanaşıb. Eyni zamanda, özəl bank sisteminin xarici kreditlərdən asılılığı nəzarətdə saxlanılıb.
Bunun nəticəsidir ki, 2009-cu ildə Azərbaycana 14-15 layihə üzrə 220 mln. dollar kredit ayırmağı planlaşdırır. Yəni bu il Azərbaycana ayrılan kreditlərin həcmi keçən ilkidən xeyli çox olacaq. Bu proses qarşıdakı illərdə də davam edəcək. "Biz 2010-cu ildə Azərbaycana 2009-cu ilə nisbətdə daha çox sərmayə yatırmağı planlaşdırırıq" - deyə O.Dekamp bildirib. O əlavə edib ki, 2009-cu ilin yekununda AYİB-in Azərbaycan üçün təsdiq etdiyi sərmayələrin ümumi həcmi 1 mlrd. dolları ötəcək. Bank Azərbaycanda daha çox iqtisadiyyatın bank və real sektoruna, kiçik və orta sahibkarlığa və elektroenergetikaya vəsait ayırmağı planlaşdırır. AYİB vəsaitləri 5 ildən 15 ilədək müddəti əhatə edən uzunmüddətli maliyyələşdirmə hesabına ayırmağa hazırlaşır.
Yuxarıda qeyd olunanlar Azərbaycanda son 5 ildə aparılan islahatların həqiqətən
uğurlu olduğunu bir daha sübut
edir. Böhran şəraitində sübut
oldu ki, son 5 il ərzində
iqtisadiyyatın şaxələndirilməsi
istiqamətində atılan
əməli-praktiki addımlar hədər getməyib. Bütün bunlar Azərbaycan iqtisadiyyatının doğrudan
da yeni inkişaf
dövrünə qədəm
qoyduğunu göstərdi.
İ.ABBASQULUOĞLU
Kaspi.-2009.-28 aprel.-S.5.