Torpaq Bankı yaradılıb
Bu, torpaq sahələrinin təyinatı üzrə
istifadəsinə nəzarəti
gücləndirəcək
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində (DƏİEDK) "Torpaq sahələrindən səmərəli istifadə və onların özəlləşdirilməsinin təşkili" mövzusunda növbəti treninq keçirilib. Tədbir çərçivəsində dövlət mülkiyyətində olan torpaq sahələrinin idarə edilməsinin istiqamətləri, belə torpaq sahələrindən səmərəli istifadəyə nəzarətin təşkili üsulları müzakirə edilib. Eləcə də treninqdə torpaqların özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində sənədlərin hazırlanması, ekspertizası və təqdim olunması qaydaları, bu sahədə mövcud qanunvericiliyin maddələri izah edilib. Bu barədə qəzetimizə komitənin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Qurumdan qeyd edilib ki, DƏİEDK-in əsasnaməsinə və digər normativ hüquqi aktlara əsasən, dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin idarə edilməsi, onların təyinatı üzrə səmərəli istifadəsinə nəzarət komitə tərəfindən həyata keçirilir. Belə torpaq sahələrinin başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verilməsi, həmin torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılması, onların təyinatının dəyişdirilməsi komitənin razılığı əsasında həyata keçirilir. Bununla yanaşı, mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi, habelə özəlləşdirilməsi, onların üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələrin verilməsi komitənin səlahiyyətindədir. Dövlət torpaqlarında, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakının əldə edilməsinə dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi də komitə tərəfindən həyata keçirilir.
Treninq çərçivəsində dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsi və icarəyə verilməsi zamanı müvafiq sənədləşdirmə işlərinin aparılması, torpaq özəlləşdirilməsinə dair sənədlərin ekspertizası qaydaları, torpaq sahələri özəlləşdirilərkən onların qiymətləndirilməsi metodikası ilə bağlı bilgilər də verilib. Eləcə də bu sahədə müvafiq qanunvericiliyin maddələri, dövlət mülkiyyətində olan torpaq sahələri üzərində mülkiyyət, istifadə və ya icarə hüquqlarına xitam verilməsi halları barədə məlumat verilib.
Dövlət mülkiyyətində olan torpaq sahələrinin əsassız istifadəsi ilə bağlı monitorinqlərin keçirilməsi qaydaları, belə monitorinqlərin keçirilmə subyektləri barədə də təlimlər keçirilib. Komitədən söylənilib ki, belə monitorinqlər zamanı dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrindən istifadənin hüquqi əsasları, istifadədə olan torpaq sahələrinin hüdudları, təyinatı, torpaq sahəsi üzərində olan məhdudiyyətlər və servitutlar, torpaq sahələrinin başqa hüquqi və fiziki şəxslərə verilməsi, əsassız istifadə halları araşdırılır. Həmçinin monitorinqlər nəticəsində torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılma vəziyyəti, icarə müqaviləsi şərtlərinə riayət edilməsi və icarə haqlarının ödənilməsi vəziyyəti öyrənilir.
Treninq iştirakçılarının nəzərinə ölkə prezidentinin "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" fərmanı da çatdırılıb. Belə ki, bu fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nda özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrindən təyinatı üzrə səmərəli istifadə olunması, dövlət torpaqlarından əsassız istifadə hallarının qarşısının alınması məsələləri öz əksini tapıb. Bu baxımdan, komitə tərəfindən dövlət torpaqlarının idarə edilməsinin effektivliyinin daha da artırılması və təkmilləşdirilməsi, habelə istifadəsinə nəzarətin həyata keçirilməsi, dövlət torpaqlarının idarə edilməsinin informasiya bazasının formalaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Belə ki, dövlət mülkiyyətində olan torpaq sahələrinin mövcud istifadə vəziyyətinin araşdırılması və təhlili, dövlət torpaqlarından səmərəli istifadəyə nəzarətin həyata keçirilməsi istiqamətində aparılan işlərin daha da gücləndirilməsi məqsədi ilə komitə tərəfindən müvafiq Torpaq Bankı yaradılıb. Torpaq Bankına torpaqlar və onların üzərində olan əmlak, onların təşkilati-hüquqi və mülkiyyət forması, sahibkarı, iqtisadi göstəriciləri, ünvanı, torpaq sahələrinin hüdudları və ölçüləri barədə qrafik və digər zəruri məlumatlar daxil edilib. Bu, ilk növbədə dövlət, habelə özəlləşdirilən, eləcə də qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin təyinatı üzrə istifadəsinə nəzarəti daha da gücləndirəcək. Eləcə də Torpaq Bankı torpaq sahələri üzərində idarəetmənin təkmilləşdirilməsi, torpaq sahələri barədə dolğun və dürüst informasiya əldə edilməsi məqsədilə etibarlı, şəffaf və səmərəli qeydiyyat sisteminin qurulmasına zəmin yaradacaq.
HƏQİQƏT
Kaspi.-2009.-28 aprel.-S.6.