Fəxriyyə Xələfova çox bahalı geyimlərə üstünlük vermir

 

"İstəyirəm dünya brendi olum"

 

"Tez-tez məndən geyim butikimin olmaması, eyni zamanda jurnal çap etdirməməyimin səbəblərini soruşurlar. Bunun üçün ən başlıcası sərmayə lazımdır. Əvəzində isə heç qazanmayacağımı əminliklə söyləyirəm. Bu gün nəşr olunan dərgilərin əksəriyyəti reklam hesabına yaşayırlar. Mən isə moda jurnalının içində makaron, pendir, spirtli içkilər reklamları yerləşdirməyi sevmirəm. Orada butiklərin reklamları olmalıdır. Mən bu işləri həyata keçirə bilərəm, amma mənim buna vaxtım sərmayəm gedəcək". Bu sözləri deyən Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova hələlik modadan danışan verilişin yayımı ilə kifayətlənir. Bu ideya onda çoxdan yaransa da, həlli son aylara təsadüf edib: "Sevinirəm ki, heç olmasa bununla bağlı ANS telekanalında verilişim var. Dəfələrlə efirdən səslənmişəm ki, moda verilişinin olması zəruridir. Ancaq mənim bu təşəbbüsüm qəbul olunmur heç kim yerindən tərpənmirdi. Sonra telekanallardan biri mənə bu təklifi etdi belə bir veriliş hazırladıq. Bu ancaq moda ilə bağlı informasiya verən bir verilişdir. Həmin veriliş canlı yayınlanmır, ancaq düşünürəm ki, mən canlı veriliş apara bilərəm. Qonaqların suallarını özüm hazırlayıram. Mən bir stadionda insanların qarşısına çıxıb nitq söyləyə bilərəm. Ümumiyyətlə, kütləviliyi çox sevirəm".

Şou-biznes yaranandan bəri sənət adamlarının geyimləri müzakirə predmeti olmaqda davam edir. Lakin Fəxriyyə xanım televizora nadir hallarda baxdığından əksəriyyətinin zövqünü qiymətləndirmək istəmədi: "Televizora çox az hallarda baxıram. İzlədiyim verilişlər isə əcnəbi telekanallara məxsusdur. Lakin yerli sənətçiləri efirdən izləməsəm , onlarla əməkdaşlıq edirəm. Məsələn, bir müddət əvvəl Aygün Kazımovanın üç tədbirinə geyimlər hazırlamışam. Zeynəb Xanlarova, İlhamə Quliyeva, Aygün Kazımova, Brilliant Dadaşova ilə əməkdaşlıqda heç zaman problem yaranmır. Gənclərdən çox müraciət edirlər, ancaq onlarla bir az çətindir. Çünki onlar hələ özlərini tapmayıblar. Neçə illər eyni şəkildə ideal qalmaq mümkün deyil".

Modelyerdən hansı geyimlərə üstünlük verdiyini soruşanda əsasən öz əməyindən bəhrələndiyini öyrəndik: "Gecə geyimləri ancaq özümə məxsusdur. Mən idman üslubunda geyimləri çox sevirəm. Türk mallarını sevirəm. Deyim ki, dünya brendlərinə müracət edirəm, yox. Çünki nəticə etibarı ilə o geyimlər çox baha olur. Mən geyimimi bilən insanam. Tanınmış brendin istehsalı olan cins paltar 300 avroya satılırsa, eyni cins türk malı 50 dollaradır. Düzdür, fərq var. Brend anlayışı çox güclü anlayışdır. Ona görə də türk mallarına daha çox üstünlük verirəm".

Büdcədə qənaət prinsipinə əməl edən Fəxriyyə Xələfovanın bəzən sosial məsələlərə meyil etdiyi söylənilir. Bu barədə fikirlərini bölüşən modelyer maraqlı mövqe bildirdi: "Əslində mən özüm üçün bir nazirlik icad etmişəm. Hərçənd dünya praktikasında belə bir şey yoxdur. Ancaq düşünürəm ki, bu, reallıq təşkil etsəydi, heç pis olmazdı. Həmin nazirlik ölkənin piarına xidmət edərdi orada peşəkarlar fəaliyyət göstərə bilərdi. Bir müddət əvvəl diplomat xanımlarımız mənimlə görüş keçirmək istəklərini bildiriblər. Onlar üçün bu, artıq zəruridir. Çünki ölkəmizi təqdim edən diplomatlarımız zahiri görünüşlərini necə tamamlamalarının yollarını bilməlidirlər. İnanın ki, bu, çox böyük irəliləyişdir. Buna çox sevinirəm. Bizim siyasətçilərimiz, millət vəkillərimizə mütləq bu lazımdır. Bir müddətdən sonra artıq imic mübadiləsi başlayacaq. Sualınıza cavab olaraq onu da bildirim ki, siyasətçi, millət vəkili olmaq iddiasında deyiləm. Mən ölkəmə xalqıma bacardığım xidməti göstərdim. Bəlkə bu, geniş şəkildə dərk edilmir, amma mən az görməmişəm. İndi isə istəyirəm ki, moda biznesində uğur qazanım. İstəyirəm dünya brendi olum, bunun üçün səylər göstərməkdə davam edirəm".

 

 

S.İbrahimova

 

Kaspi.-2009.-29 aprel.-S.16.