Hacı Xanməmmədov Soltan Hacıbəyovun yubileyləri keçirilib

 

Tədbir Azərbaycan Milli Konservatoriyasında təşkil edilib

 

Ötən gün Azərbaycan Milli Konservatoriyasında elmi-nəzəri konfrans keçirilib. Konservatoriyanın Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə təşkil edilən konfransın əsas mövzusunu bəstəkarlar Hacı Xanməmmədov Soltan Hacıbəyovun 90 illik yubileyləri təşkil edib. Cəmiyyətin sədri Nərgiz Qulamovanın təşəbbüsü ilə keçirilən tədbirə konservatoriyanın professor müəllim heyəti qatılıb. Konfransı açan professor Vaqif Əbdülqasımov yubilyarların həyat yaradıcılığından danışıb. Eyni zamanda, o, H.Xanməmmədovla bağlı xatirələrini bölüşüb. V.Əbülqasımov məktəbin musiqişünaslarının tədbir üçün hazırladığı musiqili proqramı müsbət qiymətləndirib.

Daha sonra musiqişünaslar Nəbiyeva Fazilə, Rzayeva Pərvanə, Əliyeva Şəva "Tar və simfonik orkestr üçün konsert", "Soltan Hacıbəyov - Üzeyir Hacıbəyov ənənələrinin davamçısı" və s. mövzularda çıxış ediblər. Bunun ardınca Milli Konservatoriyanın tələbələrinin iştirakı ilə yubilyarların mahnı yaradıcılığından seçmələr səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyasının yeni binasının olmaması məsələsi burada nəzərdə tutulan bu və ya digər tədbirlərin keçirilməsinə mane olmur. Lakin tədbirlərin şəraitsiz mühitdə keçirilməsi də diqqətdən yayınmırdı. Xatırladaq ki, Konservatoriya müvəqqəti olaraq İncəsənət Gimnaziyasında yerləşib. Məktəb üçün ayrıca binanın inşası nəzərdə tutulsa da, uzun müddətdir tikinti işləri başa çatdırılmır.

Tədbirin sonunda çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi tələbələrin çıxışlarının təqdirəlayiq olduğunu vurğuladı. O, bu cür mərasimlərin keçirilməsinin vacibliyini qeyd etdi.

 

 

S.İBRAHİMOVA

 

Kaspi.-2009.-29 aprel.-S.15.