Zərifə
Əliyeva - ana, qadın, alim
Görkəmli
oftalmoloq alimin anım mərasimi keçirilib
Dünən
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin
Təkmilləşdirmə İnstitutunda Səhiyyə
Nazirliyinin təşkilatçılığı ilə
oftalmoloq - alim Zərifə Əliyevanın anım mərasimi
keçirilib. APA-nın məlumatına görə, tədbirdə
çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev
bildirib ki, oftalmoloq və ictimai xadim Zərifə Əliyevanın
anadan olmasının 86-cı ildönümü tamam olur:
"1947-ci
ildə Tibb İnstitutunu bitirdikdən sonra Zərifə Əliyeva
bütün ömrü boyu oftalmologiya sahəsində xidmət
göstərib. Zərifə Əliyeva traxoma xəstəliyinin
son dərəcə geniş yayıldığı bir
dövrdə onun Azərbaycanda ləğv olunması istiqamətində
böyük xidmətlər göstərib. Peşə xəstəlikləri
ilə göz xəstəliklərinin əlaqəsini
araşdıran ilk alim kimi Zərifə Əliyeva sənayedə
göz xəstəliklərini aşkar edən laboratoriya
yaradıb".
Nazir bildirib ki, Z.Əliyeva 12
monoqrafiyanın və 150-dən artıq elmi məqalənin
müəllifidir. O.Şirəliyev onu da deyib ki, oftalmoloq
SSRİ Tibb Elmləri Akademiyasının nüfuzlu Averbax
adına mükafatına layiq görülən ilk qadın
alim olub.
Zərifə
Əliyevanın anadan olmasının 86-cı
ildönümü ilə bağlı digər tədbir alimin
adını daşıyan məktəbdə keçirilib. Tədbirdə
çıxış edən təhsil müəssisəsinin
direktoru Məhəbbət Vəliyeva məktəbin fəaliyyətə
başladığı 7 ay ərzində görülən
işlərdən danışıb. O, məktəbdə tədrisin
səviyyəsinin yüksəldilməsi məqsədilə
elm və texnikanın son imkanlarından istifadə edildiyini
söyləyib. Sonra məktəbin internet saytının təqdimatı
keçirilib və bildirilib ki, veb-sayt vasitəsilə dərs
prosesini izləmək mümkün olacaq. Tədbir "Zərifə
Əliyeva - ana, qadın, alim" mövzusunda ədəbi-bədii
gecə ilə davam etdirilib. Tədbirdə iştirak edən təhsil
naziri Misir Mərdanov məktəbin gələcəyinə
inandıqlarını və buradakı tədrisin səviyyəsinin
daha da inkişaf edəcəyini vurğulayıb. Nazir Z.Əliyevanın
həyatı və elmi fəaliyyəti haqqında da
danışıb.
Kaspi.-2009.-29 aprel.-S.3.