"Kənd təsərrüfatı sektorunda inkişaf getdikcə daha çox hiss olunur"

 

İsmət Abasov: "Azərbaycan kənd təsərrüfatı məhsullarına daxili tələbatı yerli istehsal hesabına 90-95% səviyyəsində ödəyir"

 

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun "APA-Economics"ə müsahibəsini ixtisarla təqdim edirik.

- Bu ilin I rübünün yekunları əsasında Azərbaycanın kənd təsərrüfatı sektorunun durumunu necə qiymətləndirirsiniz? Cari ildə aqrar sektorda hansı yeniliklər gözlənilir?

- Azərbaycanın kənd təsərrüfatı sektorunda inkişaf getdikcə daha çox hiss olunur. Xüsusilə də son illər dövlətin birbaşa yardımları sayəsində bu sektorda dirçəlmə, məhsul istehsalında artım müşahidə edilir. Ötən il kənd təsərrüfatında ilk dəfə olaraq məhsul istehsalında 6,1% artım qeydə alınıb. Bu ilin birinci rübündə isə artım 4,3% olub. Nəzərə alsaq ki, əsas məhsul istehsalı ikinci və üçüncü rüblərə düşür, tam əsasla bu il artımın ötən ilkindən çox olacağı gözlənilir. Proqnozlarımız ilin sonuna bu artımın ən azı 7%-dən çox olacağını deməyə əsas verir. Bu il Azərbaycan bəzi məhsullara olan tələbatını demək olar ki, tam şəkildə yerli istehsal hesabına təmin edəcək.

- Azərbaycan hazırda hansı kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin edir? Ölkənin ərzağa olan tələbatı nə zaman yerli istehsal hesabına tam şəkildə ödəniləcək?

- Bu gün Azərbaycan daxili tələbatı yerli istehsal hesabına 90-95% səviyyəsində ödəyir. O cümlədən, kartof iki dəfə artıq istehsal olunur. Meyvə, tərəvəz, bostan bitkiləri ilə yerli tələbat tam ödənilməklə yanaşı, bir hissəsi ixrac olunur. Növbəti ildən ölkə yerli buğda ilə tam təmin olunacaq. Damazlıq heyvanların ölkəyə gətirilməsi və özəl sektorda bu sahəyə maraq nəticəsində yaxın illərdə heyvandarlıq məhsullarına olan tələbat da tam təmin olunacaq. Əsas problem quşçuluq sahəsindədir. Bu gün Azərbaycan özünü quşçuluq məhsulları ilə tam təmin edə bilmir. Hesab edirəm ki, bu sahənin inkişafı üçün kompleks tədbirlər həyata keçirilməlidir. Fikrimcə, yeni Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekununda Azərbaycanın kənd təsərrüfatı yerli istehsal hesabına ölkəni ərzaq məhsulları ilə tam təmin edəcək, yerli istehsalın əsas hissəsi isə hətta ixrac olunacaq.

- Ötən il fermerlər istehsal etdikləri məhsulların bir hissəsini sata bilməyib. Bu problemin aradan qaldırılması üçün hökumət hansı işlər görmək niyyətindədir?

- Biz Kənd Təsərrüfatı Nazirliyi olaraq bu məsələdən xəbərdarıq. Fermer məhsulu becərir, buna üçün xərc çəkir. Amma sata bilmədikdə, növbəti il həmin məhsulu becərməyə maraq göstərmir. Bu problemi həllə etmək üçün hökumət müəyyən addımlar atmalı, məhsulun bir hissəsini istehsalçılardan almalıdır. Bir sıra ölkələrdə bu işlərlə məşğul olan dövlət şirkətləri və ya səhmdar cəmiyyətləri var. Həmin qurumlar məhsulun bir hissəsini fermerlərdən alır, lazım olanda daxili bazara çıxarır və ya ixrac edir. Azərbaycanda da belə səhmdar cəmiyyəti və ya dövlət şirkətinin yaradılması yaxşı olardı. Biz bu məsələnin daha tez həllini tapmasını istəyirik.

- Necə hesab edirsiniz, aprelin 30-dan Azərbaycana idxal edilən buğda və una əlavə dəyər vergisinin yenidən tətbiqi ölkədə un və buğdanın qiymətinə təsir göstərəcəkmi?

- Ötən ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə buğda idxalı bir il müddətinə ƏDV-dən azad olunub. Tam əminliklə deyirəm ki, bu gün Azərbaycanda ərzaq buğdası qıtlığı yoxdur və gələcəkdə də olmayacaq. Kifayət qədər ehtiyatımız var. Bir neçə aydan sonra yerli istehsala başlanılacaq. Bu il 1,6 mln. ton ərzaq buğdası istehsalı gözlənilir. Azərbaycanda adambaşına illik buğda istehlakı 180 kq-dan nəzərə alınarsa, yerli istehsal tələbatı tam təmin edir.

- Aqrar sektora dövlət yardımlarının göstərilməsi proseduralarının təkmilləşdirilməsinə dair təkliflər hazırlanırdı. Bu təkmilləşdirmə tədbirləri nədən ibarət olacaq?

- Dövlət başçısı bu günədək aqrar sektorun dəstəklənməsinə dair çoxlu sayda fərman və sərəncamlar imzalayıb. "Aqrolizinq" vasitəsi ilə texnikaların, mineral gübrələrin, hətta cins qaramalın alınıb fermerlərə lizinq yolu ilə satılması buna misaldır. Bu gün artıq ölkədə kənd təsərrüfatı texnikasının çatışmazlığı problemi yoxdur. Ötən il "Aqrolizinq"ə Prezidentin Ehtiyat Fondundan ayrılmış 25 mln. manat hesabına Azərbaycana Rusiyanın Krasnodar vilayətindən ən yüksək reproduksiyalı toxumlar gətirilib. Bu il həmin toxumlardan R2 reproduksiyalı 50-55 ton toxumun əldə olunması planlaşdırılır. Düşünürük ki, bu il və gələn il Azərbaycanı yüksək reproduksiyalı toxumlarla tam təmin etməyə nail olacağıq. Bundan başqa, hər il büdcədən ayrılan 80 mln. manat hesabına hər 1 hektar sahənin becərilməsi üçün istifadə olunmuş yanacaq və motor yağlarına görə 40 manat yardım verilir. Buğda istehsalçılarına isə əlavə olaraq 40 manat (1 ha sahəyə ümumilikdə 80 manat - APA-Economics) subsidiya verilir. Həmçinin hər il Sahibkarlığa Kömək Milli Fondundan kənd təsərrüfatı layihələrinə müəyyən miqdarda vəsait ayrılır. Yeri gəlmişkən qeyd edim ki, bu il dövlət büdcəsindən Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə ayrılan vəsaitlərin həcmi iki dəfə artırılaraq 10 mln. manata çatdırılıb. Bununla yanaşı, dövlət yardımlarının verilməsi qaydalarının təkmilləşdirilməsi nəzərdə tutulur. Biz artıq subsidiyaların hektara görə deyil, məhsul istehsalına görə verilməsini təklif edirik. Hesab edirəm ki, növbəti illərdən bu qaydaların tətbiqi daha səmərəli olacaq

- Toxumçuluq sahəsində hər hansı güzəştlər tətbiq ediləcəkmi?

- Bu gün toxumçuluqda müəyyən güzəştlər tətbiq olunur. "Oriyinal", "Superelit" "Elit" növ toxumlara 100% dövlət dəstəyi verilir. Dövlət özəl toxumçuluq təsərrüfatlarında isə R1 R2 reproduksiyalı toxumlar müvafiq olaraq 40% 30% dövlət tərəfindən subsidiyalaşdırılır. Bu, növbəti illərdə davam etdiriləcək. Azərbaycan toxumçuluq sahəsini inkişaf etdirməyi qarşıya məqsəd qoyub.

- Bu il cins qaramalın lizinqə verilməsinə başlanılıb. Bu proses davamlı olacaqmı?

- İlin əvvəlindən dövlət büdcəsindən ayrılmış vəsait hesabına "Aqrolizinq" ASC xaricdən cins heyvanlar gətirərək fermerlərə lizinqlə satışına başlayıb. Azərbaycanda heyvandarlığın baş sayına görə inkişaf etdirilməsi mümkün deyil. Buna yüksək məhsuldar cins mal-qaranın ölkəyə gətirilməsi ilə nail ola bilərik. Bu günədək Almaniyadan 500 başdan artıq yüksək məhsuldarlıqlı heyvan gətirilib. Xatırladım ki, heyvandarlığın inkişaf etdirilməsi üçün süni mayalandırma proqramı da həyata keçirilir. Bu proqram çox vacibdir davamı olaraq "Aqrolizinq" tərəfindən ölkəyə törədici heyvanlar da gətiriləcək. Bildirim ki, lizinqə verilən heyvanların qiymətinin 50%-i dövlət tərəfindən ödənilir. Qalan hissənin 25%-i əvvəlcədən, qalan hissəsi isə 5 il müddətinə ödənilir. Bu il Avropa ölkələrindən Azərbaycana 1 150 başadək heyvan gətiriləcək.

- Şərabçılıq, pambıqçılıq tütünçülük kimi spesifik sahələrin inkişafında hələ gerilik müşahidə olunur. Bir neçə il əvvəl pambıq əkininə maraq göstərən istehsalçılar qiymətin aşağı olmasına görə bundan imtina edir.

- Şərabçılıq sahəsində görülən işlər bizi qane edir. Son illər yeni şirkətlər yaranıb. İstehsalın artması ilə əlaqədar üzüm sahələri genişlənir. Amma bir neçə sahə var ki, orada inkişafa nail olunmayıb. Bunlar, pambıqçılıq tütünçülükdür. Bu sektorda istehsalçılar əsasən müvafiq səhmdar cəmiyyətlərlə işləyir. Həmin cəmiyyətlər fermerlərin bu sahələrə cəlb edilməsi üçün stimul yaratmalıdır. Şübhəsiz ki, məhsulun alış qiyməti aşağı olarsa, fermer buna maraq göstərməyəcək.

 

 

Kaspi.-2009.-29 aprel.-S.4.