"Xəbərin rəngi" təqdim olundu 

 

Nəsir İmanquliyev üçün ən qiymətli meyar oxucu rəyi idi

 

Dünən Milli Kitabxanada görkəmli jurnalist, dövlət xadimi, pedaqoq Nəsir İmanquliyevin həyatından, yaradıcı əməyindən, eyni zamanda, onun çağdaş mətbuatımıza örnək ola bilən meyarlarından bəhs edən "Xəbərin rəngi" adlı kitabın təqdimat mərasimi keçirildi. N.İmanquliyevin doğum günü gerçəkləşən mərasimə tələbələri, yaxınları, ziyalılar və KİV nümayəndələri qatıldı.

Qeyd edək ki, publisist Rəhilə Gülgünün qələmə aldığı "Xəbərin rəngi" kitabı Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin həyat və fəaliyyətindən, istedadlı insanların yaratdığı dəyərli irsdən bəhs edən "Silinməz izlər" seriyasından nəşr olunan ikinci kitabdır. Seriyanın "Göylər adamı" adlı ilk kitabı görkəmli yazıçı, pedaqoq Mir Cəlal Paşayevə həsr olunub.

Bədii publisistik üslubda yazılan "Xəbərin rəngi"ində vurğulanır ki, N.İmanquliyev milli yurnalistikamızı idarəetmə və yaradıcılıq istiqamətində zənginləşdirən dövlət xadimi, ustad redaktor olub. O, əla müxbir, siyasi hadisələrdən baş çıxaran, xalqın həyatını, adət və ənənələrini, ədəbiyyatını, mədəniyyətini dərindən bilən redaktor kimi yaddaşlarda yaşayır.

N.İmanquliyevin həyat və yaradıcılıq yolunu əks etdirən maraqlı məqalə və fotoşəkillərin toplandığı kitabın girişində yer alan bioqrafik məlumatda bildirilir ki, Nəsrulla (Nəsir) Əsəd oğlu İmanquliyev 1911-ci ildə Bakı şəhərində doğulub. Hələ Neft Texnikumunda oxuduğu vaxtlarda "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. 1942-ci ildə siyasi işçi kimi müharibənin Krım cəbhəsinə göndərilib, "Döyüşən Krım" qəzetində məsul katib və hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərib. Bir il sonra arxa cəbhəyə göndərilərək "Kommunist" qəzetində məsul katib işləyib və çoxsaylı vətənpərvər ruhlu yazılarla mətbuatda çıxış edib.

1947-ci ildən Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb, eyni zamanda universitetin filologiya fakültəsində təhsilini davam etdirib. Ustad redaktor N.İmanquliyev ötən əsrin 60-90-cı illərin mətbuat tarixində böyük rol oynamış "Bakı" və "Baku" qəzetlərinin yaradıcısı və baş redaktoru olub.

Yazıçılar Birliyinin katibi Rəşad Məcid mərasimi giriş sözü ilə açaraq N.İmanquliyevin Azərbaycan jurnalistikasında müstəsna rol oynadığını vurğuladı: "Nəsir müəllim qeyri-adiliyi ilə seçilirdi. Mənə də onun mühazirələrinə qulaq asmaq xoşbəxtliyi nəsib olub. Nəsir İmanquliyev yaddaşlarda "Bakı" və "Baku" qəzetlərində 30 il redaktor olmuş bir insan kimi qalıb. Heç şübhəsiz, bu tarixi yaddaşlarda yaşatmaq böyük zəhmət və istedadın nümunəsidir. Yəqin ki, bu, yaxın illərdə də hər baş redaktora qismət olmayacaq".

"Kitabın qəhrəmanının siması ad günündə ictimaiyyətə yenidən qaytarılır"- deyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğuladı ki, N.İmanquliyev haqqında danışarkən, ilk növbədə onun yaşadığı dövrü xatırlamaq lazımdır: "Nəsir müəllimin rəhbərlik etdiyi qəzetlər 1960-cı illərdə işıq üzü görüb. Yaşlı nəslin nümayəndələri həmin illər haqqında gözəl xatirələr danışırlar. Çağdaş Azərbaycan mədəniyyətinin simalarının formalaşmasında o illərin böyük rolu var. Nəsir müəllimin o illər qələmə aldığı məsələlər bu gün də aktualdır. Kitabda yer alan məqalələr Nəsir İmanquliyevin iş prinsipini və metodlarını açıq-aydın göstərir. Kitabı vərəqlədikcə gözümün önünə görkəmli alim Aida İmanquliyevanın xatirəsinə həsr olunan beynəlxalq simpozium gəlir. Dünyanın ən ünlü ərəbşünaslarının qatıldığı bu konfransda qeyd olundu ki, Azərbaycan elmi düzgün yoldadır. 60-cı illər mühiti bir körpüdür. Bu körpünün sütunları üzərində bir ailənin yetirmələri durur". Ə.Qarayev vurğuladı ki, Nəsir müəllimin fəaliyyəti jurnalistika fakultəsində geniş tədris olunmalıdır və "Xəbərin rəngi" bu baxımdan böyük əhəmiyyətə malikdir.

BDU-nun jurnalistika fakultəsinin dekanı Yalçın Əlizadə N.İmanquliyevin pedaqoji və jurnalistlik fəaliyyətini Azərbaycan jurnalistikasında epoxa adlandırdı: "Elə adam ola bilməz ki, jurnalistika sahəsində 55 il fəaliyyət göstərmiş olsun. Nəsir müəllimin məhsuldar əməyi qəzetdə informasiya xidməti statusunu təmin eləməyi ilə bağlı idi. O, məhz informasiya statusunu bərpa etməklə "Bakı" qəzetini bərpa edib. Hər gün səhər saat 5-dən köşklərin qarşısında bu qəzeti almaq üçün növbələr yaranırdı. Biz də tələbəlik illərində ölkənin həyatından xəbər tutmaq üçün bu qəzeti alırdıq. Bu qəzet bizim üçün informasiya mənbəyi idi və bu xəbərlərin məna tutumu var idi. Nəsir müəllim həm istehsalçı, həm də istehlakçı idi. O, institutda tələbələr hazırlayır, sonra isə onları qəzetdə işə cəlb edirdi. Bu gün məhz ona görədir ki, Azərbaycan jurnalistikasının aparıcı nümayəndələri onun tələbələridir".

"Ülfət" qəzetinin baş redaktoru Aqil Dadaşov "Bakı" qəzetində işlədiyi dövrü xatırladı: "Biz Nəsir müəllimə həsəd aparırdıq. O özünə baxmağı, səliqəli geyinməyi sevən insan idi. Ona baxanda azərbaycanlı olmağımızla fəxr edirdik. Zaman ötdü, özümüzə həyatda yer tutub, müxtəlif vəzifələrə yiyələndikcə başa düşdük ki, Nəsir müəllimin təcrübəsini həyatda tətbiq etmək çox çətindir. Biz o vaxt qəzetə gələndə həddən artıq məsuliyyət hiss edirdik. İnstitutu qurtaranda məni təyinatla Xanlar rayonuna göndərdilər. O isə bundan xəbər tutunca məni yanına çağırıb "Xəbər" şöbəsində işə götürdü. Təsəvvür edin, diplomunu hələ almayan bir tələbəni ştatla təmin etdi. Nəsir müəllim mənim həyatımı dəyişmiş insandır. Həm də təkcə mənim yox, mənim kimi onlarla tələbənin həyatını dəyişib. Ailə qurmağımızda, ev almağımızda bizə kömək edib. Nəsir İmanquliyev sovet cəmiyyətinin xarakterini gözəl bilirdi və bu cəmiyyətə qarşı onun içində ciddi bir irad var idi. O, bu iradını bildirməkdən çəkinmirdi. Nəsir müəllimin gözəl keyfiyyətlərindən biri də o idi ki, heç zaman öz işçilərini ayağa verməzdi. Buna görə də çoxlu ürəkli insanlar yetişdirdi. Mən indi də bir çətinliyə düşəndə, bir problemlə qarşılaşanda gözümün önünə gətirirəm ki, görəsən, bu anda Nəsir müəllim necə hərəkət edərdi? Biz ömrümüz boyu ondan öyrənəcəyik".

Publisist Zemfira Məhərrəmli çıxışında "Xəbərin rəngi"ndən danışaraq kitabın axıcı dildə, publisistik qaydalara tam riayət olunaraq yazıldığını diqqətə çatdırdı. Z.Məhərrəmlinin sözlərinə görə, kitabda N.İmanquliyevin yaradıcılıq yolunun hər məqamına işıq salınıb: "Kitabı oxuduqca Nəsir müəllimin auditoriyada bizə dərs dediyi illəri, onun mühazirələrini xatırlayıram. O, tələbələri ilə çox səmimi idi. Həmişə bizim qayğılarımızla maraqlanır, onları həll etməyə çalışırdı. Nəsir müəllimin hər auditoriyada tələbə müxbirləri vardı. O, onların yazıları ilə maraqlanır, diqqətdən kənarda saxlamırdı. Nəsir müəllim təpədən dırnağacan jurnalist idi. Bizim nəsil jurnalistləri analitik yazılara diqqət göstərirdi. Evdə oturub məqalə yazmaq olmazdı. Nəsir müəllim həmişə deyirdi: "Elə yazı yazın ki, mis kimi səs salıb cingildəsin". Bu gün çağdaş jurnalistikaya da belə yazılar lazımdır. Nəsir müəllimin rəhbərlik etdiyi qəzetlərdə Bakının bütün həyatı əks olunur, elm, sənət, mədəniyyət adamlarına geniş yer verilirdi. Tanınmış adamlar daim qəzetin qonağı olurdu. Nəsir müəllim baş redaktor kimi qəzetin oxucusunun mədəni səviyyəsinin yüksəlməsinə çalışırdı. Arzu edərdim ki, həmin ənənələr bu gün də qəzetlərdə yer alsın".

Qocaman yurnalist Əli İldırımoğlu qələm dostunu bütöv şəxsiyyət kimi dəyərləndirib, onu Azərbaycan jurnalistikasının dayağı və təəssübkeşi adlandırdı: "Nəsir müəllim məni arxasız, köməksiz görüb kömək elədi. Əgər o, müəllim olmasaydı, mənim bügünkü yaradıcılığım olmazdı. Nəsir İmanquliyev ədalətli adam idi. Biz bu gün o nəsli ona görə təbliğ etməliyik ki, qoy bugünkü nəsil bilsin, ədalət, insana dayaq olmaq necə olar".

Xalq şairi Zəlimxan Yaqub da özünü N.İmanquliyevi dinləyən xoşbəxt insanlardan adlandırdı: "O şəxsiyyətlər ki, xalqın tərcümeyi-halını yaradır, onlar öz istedadı və zəhməti ilə xalqın tərcümeyi-halına çevrilir. O insanlar Tanrının xoşbəxt bəndələridir. Bu cür insanların haqqında cəmiyyətdə fenomen, korifey, dədə sözləri işlədilir. Nəsir İmanquliyev də belə şəxsiyyətlərdən olub. Nəsir müəllim bu dünyaya qışda gəlib. Ona görə həyat onu bərkidib - müharibədən, çətinliklərdən qorxmayıb. Nəsir müəllim bu dünyadan yazda köçüb. Ona görə sizin kimi ətri heç zaman solmayan gülüstan yaradıb - mənəviyyat gülüstanı. Nəsir İmanquliyev korifey olub və görkəmli adamların əhatəsində yaşayıb-yaradıb. Mən onu əkinçiyə bənzədirəm. Onun torpağı qəzet idi, vaxtında suladı, əkdi, becərdi və bəhrəsini gördü. Mən köhnə kişi, ancaq əməlləri həmişə təzə olan o mötəbər insanın ruhu qarşısında baş əyirəm".

Millət vəkili Sabir Rüstəmxanlı isə çıxışında son vaxtlar məşhur adamlar haqqında çoxlu kitab yazıldığını, hətta bunun dəb halına çevrildiyini bildirdi. Millət vəkili bildirdi ki, o kitablardan fərqli olaraq "Xəbərin rəngi" istedadlı qələmin məhsulu, haqqı çatan adamın yazısıdır. "Bu əsər mötəbər bir insanın ruhuna sayğıdan doğub. Hərdən adama elə gəlir ki, o insanlar ayrı bir planetdən gəlmişdilər".

S.Rüstəmxanlı tələbəlik illərində "Bakı" qəzetinin onların ən çox oxuduğu qəzet olduğunu xatırladı: "Bu, əsl xəbər qəzeti idi, siyasəti yaxın buraxmazdı. Bu gün həmin qəzet Azərbaycan mətbuat tarixinə bir örnəkdir. Nəsir müəllim Azərbaycan jurnalistikasında tanınmış bir nəsil yetişdirib. O, jurnalistika fakultəsində yetişdirdiyi tələbələri sonra qəzetdə öz ətrafına yığırdı. Onun qayğıkeşliyi və zəhməti nəticəsində gözəl bir jurnalist ordusu yetişdi".

Mərasimin digər iştirakçıları da N.İmanquliyev haqqında xoş xatirələrini danışdılar. Tədbir iştirakçıları üçün bir daha görkəmli jurnalist və pedaqoqun əsl portreti yarandı.

"Nəsir müəllim üçün ən qiymətli meyar oxucu rəyi və bu fonda mətbuatın ortaya qoyulan təsir gücü idi" - deyə vurğulayan kitabın müəllifi Rəhilə Gülgün kitabı oxucuların ixtiyarına verdiyini bildirdi.

 

 

Məhərrəmova Təranə

 

Kaspi. -23 dekabr. -2009. –S.11.