Milli Məclisin yaz sessiyası başladı
Sessiya dövründə
parlament 4 hesabat dinləyəcək, 5 məcəllə
qəbul edəcək
Dünən Milli Məclisin yaz sessiyası işə başladı. İclası açıq elan edən spiker Oqtay Əsədov sessiyanın iş qrafikinin kifayət qədər gərgin olacağını bildirdi. O qeyd etdi ki, sessiya çərçivəsində parlament 4 hesabat dinləyəcək. Belə ki, hökumətin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin və bələdiyyələrin işinə inzibati nəzarəti həyata keçirən qurumun hesabatları təqdim olunacaq. Martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun keçiriləcəyini xatırladan O.Əsədov deputatların bu prosesdə aktiv iştirak edəcəklərini bildirdi.
Bundan sonra cari məsələlərin müzakirəsi başlandı.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi barədə məsələnin yaz sessiyasının gündəliyinə daxil edilməsini təklif etdi. O qeyd etdi ki, indiyədək bu qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı millət vəkilləri, siyasi partiya təmsilçiləri tərəfindən çoxsaylı təkliflər səsləndirilib. Hətta hakim partiyanın təmsilçiləri, Prezidentin İcra Aparatının nümayəndələri də qanuna əlavə və dəyişikliklərin edilməsinə tərəfdar olublar. Millət vəkili təklif etdi ki, Milli Məclis daimi komissiyalardan birinə "Siyasi partiyalar haqqında" qanunun təkmilləşdirilməsi ilə bağlı tapşırıq versin. İ.Ağazadə Milli Məclisdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesinin müzakirəsini də təklif etdi. O bildirdi ki, parlament 8 ildir danışıqların gedişi barədə məlumatsızdır.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu Milli Məclisdə dünyadakı iqtisadi böhranın Azərbaycana təsirinin aradan qaldırılmasını nəzərdə tutan qapalı dinləmələrin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. O qeyd etdi ki, hazırda bütün dünya ölkələri böhrandan əziyyət çəkməkdədir.
Müsavat deputat qrupunu təmsil edən millət vəkili İltizam Əkbərli Az.TV-də parlamentin işi ilə bağlı nümayiş etdirilən verilişdə və "Parlament" jurnalında müxalifətçi deputatlara yer ayrılmamasından şikayətləndi. Onun sözlərinə görə, parlamentin rəsmi orqanı olan jurnalda müxalifətçi deputatların heç şəkilləri də verilmir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev referenduma qədər Mərkəzi Seçki Komissiyasının tam formalaşdırılmasını təklif etdi. Onun sözlərinə görə, komissiyada müxalifətə ayrılan bir yer hələ də boşdur. Üstəlik, bitərəflərin müxalifətlə razılaşdırılmaqla təyin edilməli olan nümayəndəsi də hələ məlum deyil.
Millət vəkili Məylum Şükürov yerli taxıl istehsalçılarının ciddi problemlə üzləşdiklərini bildirdi. Onun sözlərinə görə, bu mövsüm taxılçılığa xüsusi diqqət ayıran fermerlər xeyli miqdarda buğda istehsal ediblər. Amma hazırda kəndlilər taxıllarını sata bilmirlər. Çünki taxılın 1 kiloqramının qiyməti 10 qəpiyə düşüb. Bu isə kəndlilərə sərf etmir. Əgər belə davam edərsə, gələn il ölkədə taxıl əkini xeyli azalacaq. Millət vəkili vəziyyətdən çıxmaq üçün ölkəyə taxıl idxalına əlavə dəyər vergisinin bərpa olunmasını təklif etdi. Onun sözlərinə görə, hökumət bütün vasitələrdən istifadə edərək daxili bazarı qorumalıdır. Çünki ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması hökumətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Millət vəkili ölkəyə gətirilən kənd təsərrüfatı texnikasına tətbiq olunan rüsumların yanvarın 1-dən bərpa olunmasının da problemlər yaratdığını bildirdi. Belə ki, bu rüsumların tətbiqi ilə ölkəyə gətirilən kənd təsərrüfatı texnikasının qiymətləri təxminən 36 faiz bahalaşacaq. Bu isə ölkənin ərzaq təhlükəsizliyinə təsir edən amilə çevriləcək. "Hesab edirəm ki, hökumət bu kimi məsələlərdə diqqətli davranmalıdır. Ölkəyə gətirilən kənd təsərrüfatı texnikası üçün rüsumlar ləğv edilməlidir" - deyə millət vəkili vurğuladı.
Bitərəf millət vəkili Qənirə Paşayeva şəhid ailələrinin statusu ilə bağlı qanunvericilik aktına bir qədər əvvəl təklif etdiyi əlavə və dəyişikliklərin yaz sessiyasının iş planına daxil edilməsini təklif etdi. Onun sözlərinə görə, şəhid övladlarına şəhid ailəsi statusundan 18 yaşa qədər istifadə hüququnun verilməsi qanundan çıxarılmalıdır. Şəhid övladları ömürlərinin sonuna qədər imtiyazlardan istifadə etməlidirlər. Həmçinin Qarabağ müharibəsi əlillərinin imtiyazlarından istifadə qaydaları da dəyişdirilməlidir. Mövcud qanuna görə, əlillər sağ olarkən ailə üzvləri onların imtiyazlarından istifadə edə bilirlər. Əlillər dünyalarını dəyişəndən sonra isə ailə üzvləri - xanımları və övladları onlar üçün müəyyənləşdirilən imtiyazdan istifadə hüququndan məhrum olurlar. Millət vəkili qanunvericilikdəki bu müddəanın dəyişdirilməsi xahişi ilə parlamentin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbliyə müraciət etdi. O əlavə etdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu dəyişiklikləri dəstəkləyir.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Televiziya və Radio Şurasının ölkə telekanallarında türk seriallarının dublyajla verilməsi barədə qərarını pislədi. O qeyd etdi ki, Azərbaycan və türk dilləri bir dilin ayrı-ayrı ləhcələridir. Bir ləhcədən digər ləhcəyə dublyaj isə yersizdir: "Bu ona oxşayır ki, Böyük Britaniyada çəkilmiş film Amerikada nümayiş olunanda onun Amerika ingiliscəsinə tərcüməsi tələb olunur". Azərbaycan xalqının türkdilli olduğunu vurğulayan millət vəkili dedi ki, ölkənin bayrağındakı rənglərdən biri də türkçülüyün rəmzidir. Bundan başqa, ümummilli lider Heydər Əliyev Türkiyə və Azərbaycanı bir millət adlandırıb. Bir millətin isə iki dili ola bilməz. Millət vəkili türk seriallarının həm də mənəvi və etik baxımdan insanların ailələri ilə birgə baxa biləcəkləri ekran işləri olduğunu bildirdi. O, bu baxımdan telekanallarda türk seriallarının nümayişinin dayandırılmasının doğru olmadığını vurğuladı.
Sonra deputatlar gündəlikdəki məsələlərin müzakirəsinə başladılar. Əvvəlcə parlamentin yaz sessiyası üçün qanunvericilik işləri planı təsdiqləndi. Plana əsasən, yaz sessiyasında 23 qanun layihəsinə baxılması nəzərdə tutulur. Bunlardan 5-i məcəllə olacaq.
Yaz sessiyasının ilk iclasında millət vəkilləri parlamentin İntizam və Hesablayıcı komissiyalarını yenidən təşkil etdilər. Eyni zamanda, Milli Məclisin daimi komissiyalarının tərkibində də dəyişiklik edildi. İndiyədək parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında təmsil olunan millət vəkili Çingiz Əsədullayev İqtisadi siyasət daimi komissiyasının üzvü seçildi və bu komissiyanın sədr müavini oldu.
İclasda "İmiqrasiya haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara əlavə və dəyişikliklər edilməsi barədə məsələyə də baxıldı.
Deputatlar "Arıçılıq haqqında" və "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" qanunları ikinci oxunuşda qəbul etdilər.
İlham Quliyev .
Kaspi.- 2009.- 3 fevral.- S. 1,5.