Ermənistan səfalət içində batır 

 

Avstriya qəzeti ölkədəki ağır durumu faktlarla işıqlandırıb

 

Avstriyanın nüfuzlu "Kurier" qəzeti Ermənistana həsr edilmiş "21-ci əsrdə 3 milyon insan səfalət içində ömür sürür. Yaşamaq uğrunda gündəlik mübarizə" sərlövhəli geniş reportaj dərc edib. "Bir vaxtlar gözəl günlərim vardı" rubrikası altında verilmiş reportajda Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə əhalinin acınacaqlı vəziyyəti təsvir olunur. 1988-ci ildə baş vermiş zəlzələnin nəticələrinin hələ aradan qaldırılmaması, insanların yarıuçuq binalarda, konteyner şəhərciklərində yaşaması, əli tutanların ölkəni tərk etməsi, şaxtalı qışda insanların acınacaqlı həyatı qəzetin redaktoru Yohanna Haqerin əsas diqqət mərkəzində saxladığı məqamlardır. Yurnalistin ilk müsahibi 97 yaşlı qadın Balasan Yeğikyandır. Evində temperatur müsbət on dərəcəni keçməyən günün əksər hissəsini nisbətən isti yataqda keçirən qarı avstriyalı jurnalistə öz vətəninin taleyi ilə oxşar həyatından bəhs edərək söyləyir: "Bir zamanlar mənim gözəl günlərim vardı... O vaxtlar Ermənistan Sovet İttifaqının tərkibində idi". Şəhər barədə məlumat verən qarı qeyd edir ki, Gümrü şəhərində yalnız burada doğulmuş insanlar yaşayır, çünki heç kəs könüllü olaraq belə yerdə yaşamaz.

Ermənistanın coğrafi mövqeyinin əlverişsizliyini oxucusuna çatdırmaq istəyən yurnalist yazır: "Dənizə çıxışı olmayan dağlıq ölkə, xəritə üzərində dünyanın unutduğu bir parça torpaq."

Y.Haqen ölkə barədə daha ətraflı təsəvvür yaranması üçün yazır: "1988-ci ildə baş vermiş 6,8 bal gücündə zəlzələ, Sovet İttifaqının dağılması qonşu Azərbaycanla aparılan Dağlıq Qarabağ münaqişəsi ölkəni 20 ildir iflic vəziyyətində saxlayır. Statistikaya görə, ölkədə işsizliyin səviyyəsi 80 faizdir, ümumdaxili məhsulun üçdən iki hissəsi ölkəyə xaricdən idxal olunur. Daxil olan vəsaitin böyük hissəsi Rusiyaya işləməyə gedən insanlar tərəfindən göndərilir". Müəllifin digər müsahibləri uşaq evinin sakinləridir. Anaları dünyasını dəyişəndən sonra ataları həmişəlik Moskvaya üz tutan 18 yaşlı Tamara 16 yaşlı Lamara bacıları Avstriyanın ən böyük xeyriyyə cəmiyyəti "Karitas"ın himayədarlıq etdiyi "Ümid" uşaq evində sığınacaq tapıblar. Hər iki bacının ən böyük arzusu isə ələ düşən ilk fürsətdə ölkəni həmişəlik tərk etməkdir. Bacıların geriyə dönməklə bağlı da dəqiq təsəvvürləri var: "Mümkündür ki, haçansa Ermənistana geri dönmək istəyək, ancaq yalnız müvəqqəti olaraq!" Reportajın sonunda oxuculardan "Karitas" cəmiyyətinin Ermənistana yardım kampaniyasını dəstəkləmək qeyd edilən bank hesabına pul köçürmək xahiş olunur.

 

 

Azər Nuriyev.

 

Kaspi.- 2009.- 3 fevral.- S. 3.