Azərbaycanilə münasibətlərinə yenidən baxa bilər 

 

Səməd Seyidov qurumun ölkəmizə münasibətindən narazı qalıb

 

"İkili standartlar davam edərsə, Azərbaycan Avropa Şurası ilə münasibətlərinə yenidən baxa bilər". Bu bəyanatla Milli Məclisin dünən keçirilən iclasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış etdi. O qeyd etdi ki, Azərbaycan uzun illərdir təşkilatda çox aktiv konstruktiv fəaliyyət göstərir. Rəsmi Bakı qurum qarşısında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. İndiyədək qurum qarşısında götürülən öhdəliklərdən yalnız "nativ xidmət haqqında" qanun qəbul edilməyib. Qanunun qəbulunun ləngiməsi Azərbaycanın Ermənistanla müharibə şəraitində olmasıdır. "Buna baxmayaraq, Azərbaycan bu öhdəliyin yerinə yetirilməsində israrlıdır. Qanun layihəsi hazırda Avropa Şurasının ekspertləri ilə birgə işlənilir" - deyə nümayəndə heyətinin rəhbəri vurğuladı. O qeyd etdi ki, Azərbaycan Avropa Şurası qarşısında məsuliyyətini dərk etməklə yanaşı, qarşı tərəfdən analoyi mövqe gözləyir. Amma indiyədək Azərbaycan Avropa Şurasından tamamilə gözlənilməz, reallığa uyğun olmayan münasibət görməkdədir. S.Səmədov bildirdi ki, ölkəmizdə keçən il keçirilən prezident seçkiləri bütün beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Bu faktı tanınmış avropalı siyasətçilər və parlamentarilər də təsdiq ediblər. Amma buna baxmayaraq, Avropa Şurası Azərbaycanı öz ərazisində keçirilən seçkilər zamanı əks fikirli insanları öldürən, yüzlərlə şəxsi siyasi motivlərlə həbs edən, mətbuat orqanlarının fəaliyyətini dayandıran, vətəndaşların internetə çıxışını qapadan ölkələrlə bir sıraya qoyub. "Bu, qeyri-obyektiv və dözülməz münasibətdir" - deyə S.Seyidov vurğuladı. O əlavə etdi ki, AŞ PA-nın yanvar sessiyasında Ermənistanla bağlı məsələnin müzakirəsi zamanı qeyri-obyektivliyə yol verilib. Çünki Ermənistan Avropa Şurasında həmişə himayə olunub. Bu dəfə də istisna olmayıb. Müzakirələrdə qonşu ölkədə seçkilər zamanı 12 nəfərin öldürülməsi, 100 nəfərin siyasi motivlərlə həbs olunması qabardılmayıb. Heç bir əsas göstərilmədən Ermənistanın səsvermə hüququnun alınması arxa plana keçirilib. Əksinə, Avropa Şurası ikili standartlardan çıxış edərək inkişafda olan Azərbaycanı bütün demokratik azadlıqları məhdudlaşdıran Ermənistanla eyni sıraya qoyub. S.Seyidovun fikrincə, Avropa Şurası bu yolla Ermənistanın başını sığallayır və bu ölkədəki gərgin siyasi vəziyyəti gündəmdən çıxarmağa cəhd edir. Azərbaycanda isə müsbət prosesləri görməməklə yanaşı, problem axtarmağa çalışır.

Nümayəndə heyətinin rəhbəri dedi ki, Avropa Şurası yenidən Azərbaycanda siyasi məhbus məsələsini gündəmə gətirməyə çalışır. Qurum Azərbaycanda insan haqlarının pozulması və siyasi məhbus məsələləri üzrə məruzəçi təyin olunmasına cəhd edir. Ermənistanda siyasi motivlərlə həbs olunanlar isə siyasi məhbus adlandırılmır: "Azərbaycan nümayəndə heyəti bu haqsızlıqla bağlı ölkə prezidentinin və parlamentin mövqeyini Avropa Şurasına çatdırıb. Əgər siyasi məhbus məsələləri üzrə məruzəçi təyin olunarsa, Azərbaycan Avropa Şurası ilə münasibətlərini dəyişəcək. Hesab edirəm ki, Azərbaycanda görülən işlər yalnız bir təşkilatın predmeti ola bilməz. Bütün beynəlxalq təşkilatlar respublikada gedən prosesləri obyektiv qiymətləndirməlidirlər".

S.Seyidov dedi ki, AŞ PA-nın bəzi deputatları Azərbaycandakı reallıqları görmək istəmirlər. O cümlədən AŞ PA-nın prezidenti Luis Mariya de Puçun Azərbaycandakı vəziyyətlə bağlı son açıqlamalarındakı bəzi məqamlar da həqiqətə uyğun olmayıb. Millət vəkilinin fikrincə, Avropa Şurası məsələlərə yalnız demokratikləşmə prinsiplərindən yanaşmır. Qurum daha çox rəsmi Bakıya təzyiq etmək istəyir: "Biz bunu bilməliyik. Bilməliyik ki, Azərbaycan inkişaf etdikcə, regionda mövqelərini möhkəmləndirdikcə AŞ PA-dakı bəzi deputatlar, o cümlədən qurumun rəhbərliyində təmsil olunan bəzi şəxslər tərəfindən tənqid olunacaq. Bu gün biz Avropa Şurası ilə əlaqəli işləyirik, onlarla əlaqələrimizi də kəsmirik. Amma onlar da bilməlidirlər ki, Azərbaycanın bir mövqeyi var. Bizim də mövqeyimizə diqqət və hörmətlə yanaşılmalıdır".

S.Seyidov qeyd etdi ki, AŞ PA-nın son sessiyasında Azərbaycanda medianın vəziyyəti ilə bağlı narahatçılıq ifadə olunub. Nümayəndə heyəti bununla bağlı bəzi məsələləri təşkilat rəhbərliyinin nəzərinə çatdırıb. Qeyd olunub ki, Azərbaycanda xarici radiostansiyaların FM tezliyində yayımının dayandırılması Avropa Şurası ekspertlərinin iştirakı ilə qəbul olunan "Teleradio yayımı haqqında" qanunun icrası ilə bağlı olub. Bu qərarı qəbul edən Milli Televiziya və Radio Şurası da Avropa Şurasının tövsiyəsinə əsasən yaradılıb.

S.Seyidov qeyd etdi ki, martın 18-də keçiriləcək referendumla bağlı da Azərbaycandan Avropa Şurasına qeyri-obyektiv məlumatlar ötürülməkdədir. Artıq Avropa Şurası referendumu izləməklə bağlı qərar qəbul edib. Bununla bağlı Avropa Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək: "O ki qaldı Avropa Şurasının referenduma münasibətinə, nəzərə almaq lazımdır ki, referendum nəzərdə tutulan dəyişikliklərlə bağlı xalqın rəyinin öyrənilməsidir. Heç kim, o cümlədən Avropa Şurası Azərbaycanda xalqın rəyinin öyrənilməsinə etiraz edə bilməz".

 

 

İlham Quliyev 

 

Kaspi.- 2009.- 3 fevral.- S. 6.