Mənzil Məcəlləsi
yenidən işlənib
Amma layihədə
yenə də narahatlıq doğuran məqamlar yer alır
Milli Məclisin birinci oxunuşda qəbul etdiyi Mənzil Məcəlləsi tamamilə yenidən işlənib. Bu barədə dünən Milli Məclisin Sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət və İnsan hüquqları daimi komissiyalarının birgə iclasında Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli məlumat verdi. O qeyd etdi ki, məcələnin yeni variantında daha çox vətəndaşların maraqları ön plana çəkilib. Daimi komissiya sədri xatırlatdı ki, ölkənin hər bir vətəndaşı üçün önəmli olan məcəllənin qəbulu xeyli aktualdır. Çünki son illərdə Azərbaycanın mənzil fondu 5 dəfə artıb. Mənzil münasibətlərində xeyli rəngarənglik yaranıb. İndi özəl, kooperativ, bələdiyyə və dövlət mülkiyyətində olan mənzillər var. Eyni zamanda, son illər ərzində kirayəçi institutu da yeniləşib.
Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov layihəyə edilən dəyişikliklər barədə məlumat verdi. O qeyd etdi ki, layihəyə ümumilikdə 100-dən artıq dəyişiklik edilib. Bu zaman vətəndaşların mənzil toxunulmazlığı hüququ əsas götürülüb. Daimi komissiya sədrinin sözlərinə görə, son illər ölkədə mənzillərlə bağlı mülkiyyət münasibətləri dəyişib. Bu sahədə bir pərakəndəlik mövcuddur. Qanunlarda boşluq olduğundan bəzi dövlət orqanları və vətəndaşlar tərəfindən qanun pozuntularına yol verilib. Layihəyə edilən dəyişikliklər barədə məlumat verən Ə.Hüseynov bildirdi ki, birinci oxunuş müzakirələri zamanı deputatların əsas narazılığı yaşayış sahələrinin yenidən qurulması və planlaşdırılması ilə bağlı müddəalarla əlaqədar olub. Bu müddəalarda mənzilində təmir işləri aparan vətəndaşın mütləq müvafiq icra hakimiyyəti orqanından icazə alması əksini tapıb. Deputatlar bu maddənin gələcəkdə evində təmir işi aparmaq istəyən vətəndaşlara problem yaradacağını vurğulayıblar. Yeni variantda hansı kateqoriyalı təmir işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanından icazə almanın məcburi olduğu konkretləşdirilib. Yəni evlərində cari təmir işləri aparan vətəndaşlar bunun üçün icazə almayacaqlar. İcazə yalnız əsaslı təmir işləri aparılan zaman tələb olunacaq.
Məcəllədəki digər mübahisə doğuran məsələ qəza vəziyyətində olan evlərdə yaşayanların köçürülməsi ilə bağlı olub. Ə.Hüseynov dedi ki, birinci oxunuşda qəbul olunan layihədə qəzalı vəziyyətdə olan evdə yaşayan vətəndaşın hüququ tam nəzərə alınmayıb. Yəni həmin varianta görə, əgər vətəndaş qəzalı vəziyyətdə olan mənzilini təmir etdirə bilmirsə, həmin mənzil açıq hərraca çıxarılır və təmiri aparmaq iqtidarında olan digər vətəndaşa satılır. Yeni variantda bu mexanizmin təbii fəlakətlərdən sonra qəzalı vəziyyətə düşmüş mənzillərin sahiblərinə şamil edilməməsi qərara alınıb. Layihədə göstərilir ki, dövlət təbii fəlakətdən sonra qəzalı vəziyyətə düşmüş mənzillərin sahiblərinə kompensasiya verir. Digər hallarda isə qəzalı vəziyyətə düşən evlər əvvəlki prosedura uyğun olaraq hərraca çıxarılır və satılır.
Məcəllədə digər mübahisə doğuran məsələ torpaqların və mənzillərin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi mexanizmi ilə bağlı olub. Ə.Hüseynov dedi ki, yeni variantda mənzil sahiblərinin hüquqlarının qorunması məsələsi prioritet kimi götürülüb. Layihədə qeyd olunur ki, mənzillər və torpaqlar dövlət ehtiyacı üçün özgəninkiləşdirilirsə, burada yaşayan vətəndaşın yaşayış hüququ mütləq təmin olunmalıdır. Yəni onun mənzilinin dəyəri müəyyənləşdirilərkən bazar qiymətləri əsas götürülməlidir. Üstəlik, vətəndaşa yeni mənzilə köçməsi ilə bağlı əlavə xərcləri qarşılamaq üçün kompensasiya verilməlidir. Vətəndaşın üçüncü şəxs qarşısında öhdəliyini sona qədər yerinə yetirə bilməməsi də nəzərə alınmalıdır. Bunun üçün də əlavə kompensasiya hesablanmalıdır. Digər tərəfdən, yeni mənzilə köçmək üçün vətəndaşa iki il vaxt verilməlidir.
Ə.Hüseynov dedi ki, birinci oxunuşdan sonra məcəlləyə yeni bölmələr də əlavə olunub. Layihədə Dövlət Mənzil Fondundakı mənzillərin özəlləşdirilməsi ilə bağlı məsələlər də əksini tapıb. Həmçinin məcəllənin bu il martın 15-dən qüvvəyə minməsi barədə bənd layihəyə əlavə edilib. Komissiya sədri dedi ki, layihənin son variantında da müəyyən boşluqların olmasını istisna etmir. Buna görə də səsləndirilən bütün təkliflər diqqətlə öyrəniləcək: "Biz özümüz bilərəkdən müzakirələrə bu sahəyə bağlı olan dövlət strukturlarının nümayəndələrini dəvət etməmişik. Burada məqsəd odur ki, məcəllə qəbul olunarkən sahəvi maraqlar deyil, vətəndaşların maraqları nəzərə alınsın. Bu sahədə Milli Məclisin daha çox aktivlik nümayiş etdirməsini istəyirik".
İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə məcəllənin qəbulunun ölkədə mülkiyyətçi hüquqlarının qorunmasına təkan verəcəyini bildirdi. Onun sözlərinə görə, son illər yeni tikilən binaların ümumi mənzil fondundakı xüsusi çəkisi artır. Buna paralel olaraq bu sahədəki problemlər də çoxalır. Komissiya sədrinin fikrincə, məcəllədə dövlətin rolu ön plana çəkilməlidir. Dövlətin insanların mənzil hüquqlarının qorunması sahəsində rolu artırılmalıdır.
Millət vəkili Vahid Əhmədov məcəllənin qəbulunun həddən artıq gecikdiyini bildirdi. Onun sözlərinə görə, layihədə yaşayış sahələrində sənaye istehsalına icazə verilməməsi əksini tapır. Amma indiyədək mənzillərin çoxunda sənaye istehsalı həyata keçirilir. Qanun geriyə şamil edilmədiyindən məcəllədəki məhdudiyyət həmin müəssisələrə şamil edilməməlidir. V.Əhmədov çoxmərtəbəli binaların yalnız birinci mərtəbəsinin qeyri-yaşayış məqsədilə istifadəsinə icazə verilməsini təklif etdi. Onun sözlərinə görə, əvvəllər Bakıda ofis üçün şərait olmadığından yaşayış binalarının üçüncü, dördüncü mərtəbələrindən də qeyri-yaşayış məqsədilə istifadə olunub. İndi isə vəziyyət dəyişib. Şəhərdə ofis kimi istifadə etmək üçün çoxsaylı obyekt var. Ona görə də çoxmərtəbəli binaların yalnız birinci mərtəbəsindəki mənzillərdən ofis kimi istifadəyə icazə verilməlidir.
Millət vəkili Qüdrət Həsənquliyev məcəllə layihəsində dövlət ehtiyacları üçün torpaqların və mənzillərin satın alınması qaydalarının keçən il Mülki Məcəlləyə edilən dəyişikliklərlə ziddiyyət təşkil etdiyini bildirdi. Onun sözlərinə görə, Mülki Məcəlləyə edilən dəyişiklikdə vətəndaşların hüquqları məhdudlaşdırılıb. Həmin qaydalara görə, dövlət vətəndaşdan istədiyi obyektə qiyməti özü qoyur. Vətəndaş bununla razı olmayanda məhkəməyə müraciət etməlidir. Mənzil Məcəlləsində isə vətəndaşın təklif olunan qiymətlə razılaşmamaq hüququ tanınır. Belə olarsa, məhkəməyə dövlət orqanı müraciət etməlidir: "Mən o vaxt da Mülki Məcəlləyə edilən dəyişikliyin əleyhinə çıxmışdım. Hesab edirəm ki, Mənzil Məcəlləsində nəzərdə tutulan variant daha ədalətlidir. Biz Mülki Məcəlləni də Mənzil Məcəlləsinə uyğunlaşdırmalıyıq".
Millət vəkili Fazil Qəzənfəroğlu yaşayış sahələrinin qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə verilməməsinin problemlər yaradacağını bildirdi. Onun sözlərinə görə, belə olarsa, minlərlə diş həkimi, mənzillərində müxtəlif xidmətlər göstərən sahibkarlar çətin vəziyyətdə qalacaq.
Millət vəkili təklif etdi ki, məcəllədə dövlətin imkan daxilində mənzil münasibətlərinin tənzimlənməsindən kənarda saxlanılması təmin olunsun. Çünki mövcud reallıqlar da göstərir ki, dövlət orqanlarına müxtəlif vasitələrlə yol tapan işbazlar vətəndaşların hüquqlarını kobud şəkildə pozurlar. Çünki qərarlar qəbul olunarkən həmin ərazidə yaşayan vətəndaşların mövqeyi nəzərə alınmır.
F.Qəzənfəroğlu mövcud qanunvericiliyə görə, vətəndaşların mülkiyyət hüququnu təsdiq edən sənədləri alma mexanizminin də kifayət qədər mürəkkəb olduğunu bildirdi. Onun sözlərinə görə, vətəndaş torpağa görə ayrı, həmin torpağın üstündə tikdiyi evə görə isə ayrı sənəd alır. Hətta vətəndaş şəxsi mülkiyyətində olan torpağın üzərindəki evi uçurub onun yerində yenisini tikərkən də icra hakimiyyətindən yeni sərəncam almalıdır. Bu isə ciddi problemlər yaradır: "Elə mexanizm yaratmalıyıq ki, mülkiyyət hüququnu təsdiq edən sənədin alınması "bir pəncərə" vasitəsilə həll olunsun".
Müzakirələrdən sonra məcəllənin ikinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alındı.
İlham Quliyev.
Kaspi.- 2009.- 4 fevral.- S. 1,5.