Göstərdiyimiz tibbi xidmətin
keyfiyyəti artır
5 saylı klinik xəstəxanada yeni avadanlıqlar
quraşdırılıb
Müsahibimiz 5 saylı klinik xəstəxananın
baş həkimi Ziya Əsədovdur.
- Xəstəxanamız 1968-ci ildən etibarən fəaliyyət göstərir. Bura klinik xəstəxanadır. Burada Tibb Universitetinin və elmi-tədqiqat institutunun əməkdaşları da fəaliyyət göstərir. Bu da öz növbəsində işimizdə - istər xəstələrin müayinəsi, istərsə də müalicəsi zamanı daha çox yüksək nəticə əldə etməyə imkan verir. Xəstəxanamız çox böyük olmasa da, kiçik də deyil. Burada 500 çarpayı yerləşir. Cərrahiyyə şöbələri, terapevtik şöbələr, respublikada yeganə olan Poliomielit xəstəliklər şöbəsi və mərkəz adlandırılan Yanıq xəstəlikləri şöbəsi xəstəxanamızın tərkibindədir. Xüsusi olaraq qeyd etmək istərdim ki, xəstəxanamızda mədə-bağırsaq profilli xəstəliklərin müayinəsi və müalicəsi üçün əlahiddə mədə-bağırsaq xəstəlikləri (qastroentrologiya) şöbəsi fəaliyyət göstərir. Bundan başqa, xəstəxanamızda allergiya və bu tipli xəstəlikdən əziyyət çəkən xəstələr üçün ayrıca 25 çarpayılıq alleryioloyi şöbə fəaliyyət göstərir. Söylədiklərimdən görünür ki, respublikanın demək olar ki, bütün bölgələrindən istər yanıqla, istər alleryioloyi problemlərlə və istərsə də mədə-bağırsaq sistemi xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımız məhz bizim klinikaya müraciət edirlər. Bu artıq bir tendensiya halını alıb. Hal-hazırda xəstəxanamızda 100-ə qədər həkim fəaliyyət göstərir. Onların əksəriyyəti elmi dərəcəli və çox təcrübəli mütəxəssislərdir. Məhz xəstəxanamızda olan kadr potensialının və onların xəstələrə göstərdiyi qayğının nəticəsidir ki, 5 saylı klinik xəstəxanaya müraciət edən xəstələrin sayı daima çox olub. Bu, bir reallıqdır.
- Səhiyyə sahəsində mövcud olan vəziyyəti necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, bütün dünyada səhiyyənin durumu əhalinin sosial müdafiəsinin göstəricisidir. Səhiyyənin durumu yüksəkdirsə, deməli, əhalinin sosial müdafiəsi də yüksəkdir və ya əksinə. Səhiyyənin durumunun göstəricisi isə əhalinin imkansız hissəsi üçün səhiyyə xidmətinin hansı səviyyədə qurulması ilə əlaqədardır. Bildiyiniz kimi, ötən il fevral ayının 1-dən etibarən ölkədə, eləcə də paytaxt Bakıda bütün dövlət səhiyyə obyektləri pulsuz xidmətə keçib. Heç kimə sirr deyil ki, bir vaxtlar vətəndaşlarımız həkimlərə etibar etmirdilər. Həmin zamanlar onların əksəriyyəti müalicə almaq üçün müxtəlif əcnəbi ölkələrə yollanır, xarici mütəxəssislərə müraciət edirdilər. İmkanı olan şəxslər isə özəl sektora müraciət edirdilər. Kifayət qədər imkanı olmayan şəxslər isə dövlət səhiyyə obyektlərinə üz tuturdular. Lakin dövlət səhiyyə obyektlərində pullu tibbi xidmət göstərildiyi üçün həmin şəxslər lazımi müalicə ala bilmirdilər. Qeyd etmək lazımdır ki, səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamı məhz bir zamanlar diqqətdən kənarda qalan əhalinin bu hissəsini əhatə etdi. Artıq xəstələr tibb müəssisələrinə xəstəliyin son deyil, ilk mərhələlərində müraciət edirlər. Bu da onlara dövlət tərəfindən diqqət və qayğının yüksək səviyyədə olduğunu təsdiqləyir. Rəhbərlik etdiyim xəstəxanada bütün həkim heyətimiz əhalinin həkimlərə olan etimadını qaytarmaq üçün çalışır. Bizə müraciət edənlərin hamısına xəstəxanamızda keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün bütün səylərimizi davam etdiririk.
- Xəstəxanada aparılan son yeniliklər haqqında nə deyə bilərsiniz?
- Dünya təbabət institutları öz tədqiqatı ilə sübut etmişlər ki, sağlamlığa və səhiyyəyə sərf edilən vəsait öz iqtisadi səmərəsini verir. Yəni sağlamlıq, sağlam həyat tərzi iqtisadiyyatın inkişafına stimul verir. Müşahidə olunan sürətli və dinamik iqtisadi inkişaf ölkə həyatının bir çox sahələrində olduğu kimi, səhiyyə sahəsində də islahatların aparılmasını şərtləndirib. Bildiyiniz kimi, son illər ölkəmizdə aparılan quruculuq işləri səhiyyə sahəsindən də yan ötməyib. Yeni səhiyyə obyektləri tikilir, bir çox tibb müəssisələrində əsaslı təmir işləri aparılıb, səhiyyə obyektləri müasir tibbi avadanlıqlarla təchiz olunub. Əlbəttə ki, müayinə və müalicənin keyfiyyəti bir çox faktorlarla yanaşı, həm də yeni və müasir tibb aparatlarının olmasından asılıdır. Son iki ildə xəstəxanamıza məhz səhiyyə naziri O.Şirəliyevin xüsusi tapşırığı ilə çoxlu sayda yeni, müasir tibbi avadanlıqlar verilib. Onlardan endoskopik üsulla cərrahi əməliyyatların aparılması üçün Almaniya istehsalı olan müasir aparat, mədə-bağırsaq xəstəliklərinin müayinə edilməsi üçün endoskop aparatı, ultrasəs müayinənin edilməsi üçün aparat, bir neçə narkoz aparatını qeyd etmək olar. Bu yaxınlarda bizim xəstəxananın Yanıq şöbəsi də 2007-ci ilin oktyabr ayından etibarən aparılan əsaslı təmir işlərindən sonra əhalinin istifadəsinə verilib. Burada hər cür avadanlıqlarla təchiz olunan və müasir cərrahiyyə aparatları ilə təmin edilən 51 çarpayılıq şöbə açılıb. Bildiyiniz kimi, bu şöbəyə ən ağır xəstələr müraciət edir. Onlara lazımi səviyyədə qulluq göstərilməsi işində isə biz həkimlərin üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, bizim həkim heyətimiz bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlir.
- Son illər səhiyyə sahəsində aparılan islahatlar haqqında fikrinizi bilmək maraqlı olardı.
- Bildiyiniz kimi, son illər Bakı şəhərində bir çox səhiyyə obyektləri tikilib, təmir olunub. Səhiyyə müəssisələrinin müasir tibbi avadanlıqlarla təchiz edilməsi işi davam etdirilir. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar aparılır. Bundan əlavə, səhiyyə obyektlərində "Elektron sağlamlıq kartı"nın tətbiq edilməsinə başlanılıb. Bildiyiniz kimi, bu kartın ilk sahibləri yeni doğulan uşaqlar olub. Bundan əlavə, səhiyyə sahəsində infeksion xəstəliklərlə mübarizə ilə bağlı 9 Dövlət Proqramı həyata keçirilir. Bundan başqa, icbari tibbi sığortanın tətbiqi üzrə iş aparılır. Bundan əlavə, hesab edirəm ki, paytaxtımızda dövlət və özəl səhiyyə obyektləri arasında mövcud olan güclü rəqabət səhiyyənin inkişafına səbəb olur, eləcə də beynəlxalq standartlara uyğun tibbi xidmətin göstərilməsinə və tibbi xidmət mədəniyyətinin artırılmasına gətirib çıxarır. Bir vaxtlar özəl səhiyyə obyektləri bir sıra meyarlara, xüsusilə müasir tibbi avadanlıqlarla və yeni binalarla təchiz olunma, həmçinin göstərilən tibbi xidmət mədəniyyəti səviyyəsinə görə dövlət müəssisələrini qabaqlayırdılar. Lakin son illər səhiyyə sahəsində aparılan islahatlar nəticəsindədövlət səhiyyə obyektlərində də tibbi xidmət mədəniyyətinin səviyyəsi kifayət qədər yaxşılaşıb, həmçinin dövlət səhiyyə obyektlərinə müasir tibbi avadanlıqlar alınıb. Dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərinin artırılması bir çox səhiyyə obyektlərinin, o cümlədən bizim xəstəxananın maddi-texniki bazasının gücləndirilməsinə, həmçinin müasir tibbi avadanlıqlarla təchiz olunan yeni səhiyyə obyektlərinin tikilməsinə imkan verir. Qeyd etmək istərdim ki, aparılan son araşdırmalara əsasən, dövlət səhiyyə obyektlərində çalışan həkimlərin peşəkarlıq səviyyəsi kifayət qədər yüksəkdir, bu isə düzgün diaqnozun qoyulmasında və səmərəli müalicənin aparılmasında əhəmiyyətli rol oynayır. Bu gün ümumi səhiyyə sistemində gedən proseslər Azərbaycanda istənilən xəstəlikdən əziyyət çəkən xəstələrin tam müayinə olunmasını və keyfiyyətli müalicə almalarını mümkün edir. Bu gün Azərbaycanda tibb müəssisələri ilə əhali arasında sıx bağlılıq yaranmışdır. İnsanlar tibb müəssisələrinə, orada çalışan tibb işçilərinə daha çox inanır və etibar edirlər. Ən başlıcası isə bugünkü səhiyyəmiz xəstə insanların ümid yerinə çevrilib.
- Həkimlərimizin peşəkarlıq səviyyəsi sizi qane edir?
- İnsana sağlamlığı verən təbii ki, tibb işçisidir. Qeyd edim ki, kadr hazırlığı, onların elmin sirlərinə dərindən yiyənlənmələri istiqamətində mühüm addımlar atılır. Ali məktəblərdə təhsilin səviyyəsi yüksəlib. Ulu öndər Heydər Əliyevin hələ hakimiyyətinin birinci dövründə yüzlərlə gənc keçmiş ittifaqın ən nüfuzlu tibb ocaqlarına göndərilərək, təcrübə keçdilər. Bu gün də həmin ənənə davam etdirilir. Bildiyiniz kimi, bu sahə ilə bağlı Dövlət Proqramı da var. Təbii ki, bu sahədə problemlər də az deyil, lakin əsas məqsəd onları yüksək səviyyədə həll etməkdir. Hal-hazırda xəstəxanamızda bir çox xəstəlikləri müəyyənləşdirən müasir tibbi avadanlıqlar quraşdırılır, bu isə öz növbəsində ixtisaslı həkim üçün çox vacibdir. Bundan əlavə, ölkəmiz uğurla Avropaya inteqrasiya edir və bundan irəli gələrək səhiyyə sahəsində də bir sıra işlər görülür. Belə ki, dünyanın qabaqcıl ölkələri ilə geniş təcrübə mübadiləsi aparılır və səhiyyə sahəsində treninqlər keçirilir. Həkimlərimiz tez-tez MDB ölkələrində keçirilən konfranslarda və başqa tədbirlərdə iştirak edirlər. Son 2 il ərzində həkimlərimiz Fransada keçirilmiş mədə-bağırsaq xəstəlikləri üzrə, Almaniyada - cərrahiyyə əməliyyatlarının yeni tibbi aparatla edilməsi üzrə, Avstriyada rentgen və daha yeni şüa müayinələri ilə aparılan müayinələrin öyrənilməsi üzrə, Türkiyədə endoskopik müayinələrin öyrənilməsi üzrə, Moskva, Sankt-Peterburq, Xarkov şəhərlərində təşkil olunan konfranslarda, elmi-praktiki tədbirlərdə və müxtəlif sərgilərdə iştirak edib.
İskəndər Quliyev
Kaspi.- 2009.- 4 fevral.- S. 8.