Torpaq sahələrinin sərhədlərində ciddi uyğunsuzluqlar mövcuddur 

 

Problemin həlli üçün dəqiqliyin təmin olunmasına imkan verən cihazlar alınıb

 

"Kadastr və daşınmaz əmlakın reyestri" layihəsi üzrə konsept fazasının və tender mütəxəssisinin maliyyələşdirilməsi məqsədilə ötən gün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) ilə Almaniya İnkişaf Bankı (KfW) arasında müqavilə imzalanıb. Azərbaycan hökuməti ilə Almaniya hökuməti arasında imzalanmış maliyyə əməkdaşlığı haqqında saziş çərçivəsində layihənin Gəncə və Şəki bölgələrində həyata keçirilməsi nəzərdə tutulub. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mətbuat xidmətindən bildirilib ki, layihənin icrasında məqsəd göstərilən ərazilərdə daşınmaz əmlakın rəqəmli kadastr xəritələrinin hazırlanmasından ibarətdir. Eyni zamanda, layihə bu bölgələrdə vətəndaşların mülkiyyətində olan torpaqlardan daha səmərəli istifadəyə şərait yaradılmasına, əmlak bazarında aktivliyin və şəffaflığın təmin olunmasına, bölgədə iqtisadi inkişafın stimullaşdırılmasına yönəlib. Qurumdan qeyd edilib ki, KfW Bankının qiymətləndirmə missiyası 2008-ci ilin 10-18 martında ölkəmizə səfər edib. Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra xidmətlə missiya arasında keçirilən görüşlərin protokolu imzalanıb. Bununla da layihənin konsept fazasının başlanması mümkün olub.

Qurum tərəfindən həyata keçirilən digər işlər "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" çərçivəsində aparılır. Belə ki, Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış həmin layihə əsasında DƏDRX-in ərazi idarələrinə elektron çöl-ölçmə cihazları - 21 ədəd CPS, 11 ədəd "Total-station" alınıb. Hollandiyanın "Trimbl" şirkətinin istehsalı olan bu avadanlıqlardan daşınmaz əmlakın, o cümlədən həm xüsusi mülkiyyətdə, həm də bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının və sərhədlərinin yüksək dəqiqliklə təyin edilməsində, xidmətin bu istiqamətdə yerinə yetirdiyi tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılmasında istifadə olunacaq. Xidmətin ərazi idarələrinin yerquruluşu və kadastr mütəxəssislərinin iştirakı ilə elektron çöl-ölçmə cihazlarından istifadə qaydaları ilə bağlı təlim də keçirilib. "Trimbl" şirkətinin nümayəndələri və xidmət Aparatının mütəxəssisləri tərəfindən aparılan təlimlərə DƏDRX-in 70-ə yaxın əməkdaş cəlb edilib. Xidmət mütəxəssislərinin şərhinə görə, bu gün yaşayış məntəqələrindən kənar torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarında, sərhədlərində bir sıra ciddi uyğunsuzluqlar mövcuddur. Hüquq sahibləri tərəfindən təqdim edilən sənədlərdəki ölçü və sərhədlərlə torpaq sahələrinin naturadakı vəziyyəti arasında özünü göstərən fərqlər hüquqların dövlət qeydiyyatı zamanı müəyyən problemlər yaradır. Müasir informasiya texnologiyalarının ən son nailiyyətlərinə aid edilən bu cihazlar isə qeyd edilən problemlərin həllinə, daşınmaz əmlakın rəqəmli məlumat bazasının formalaşdırılması prosesində yüksək dəqiqliyin təmin olunmasına imkan verəcək. Qurumdan söylənilib ki, qanunvericiliyə edilən əlavə və dəyişikliklərə müvafiq olaraq bələdiyyə torpaqları yalnız hərrac vasitəsilə satılmalıdır. Torpaq sahələri hərraca çıxarılmazdan əvvəl isə bələdiyyələrin həmin torpaqlar üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Alınmış avadanlıqlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bu sahədə də səmərəli fəaliyyətini təmin edəcək. Bu avadanlıqlardan daşınmaz əmlakın vahid kadastrı sisteminin yaradılmasında və kadastrın ayrılmaz tərkib hissəsi olan ünvan reyestrinin aparılmasında DƏDRX tərəfindən geniş istifadə ediləcək. Qurumdan o da söylənilib ki, çöl-ölçmə işlərinin dəqiq aparılması və məlumatların operativ qaydada əldə edilməsi üçün "Daşınmaz əmlakın qeydiyyatı Layihəsi" çərçivəsində ölkənin bütün ərazisində 37 ədəd fasiləsiz fəaliyyət göstərən istinad stansiyası yaradılacaq.

 

 

HƏQİQƏT

 

Kaspi.- 2009.- 4 fevral.- S. 4.