KİNOSTUDİYANIN ƏN RAHAT AKTYORU
Yaratdığı
hər obrazla Münəvvər Kələntərli
arasında bir oxşarlıq vardı
Böyük
bir sənət yolunun yolçusu idi Münəvvər Kələntərli.
Ömrünün son illərinə qədər yorulmadan
yeni-yeni zirvələri fəth etdi və bircə an nəfəs
dərmək üçün belə, bu yolda dayanmadı. Sənətin
yeni üfüqləri onu daim cəlb edirdi.
Ürəyəyatımlı
təbəssümü, xanım-xatın duruşu, ədası,
məlahətli siması ilə təkcə əzizlərinin
deyil, bütün xalqının sevimlisi idi. Taleyinin
ağrı-acısını çıxmaq şərtilə,
sənətə gəldiyi gündən ömrünün
sonunadək bəxti gətirən sənətkarlardan oldu. O, həm
dramatik, həm də komik aktrisa kimi sənətdə öz
sözünü deməyi bacardı. Respublikanın Əməkdar
artisti Münəvvər Kələntərli barəsindəki
şux, duzlu olduğu qədər də həzin
söz-söhbətlərdən, lent yazısının
yaddaşına köçürülən təkrarsız
ifasından aldığım təəssüratları
qardaşı oğlu Hacı Səməd Kələntərlinin
xatirələri daha da zənginləşdirdi.
Haşım
və Münəvvər
Kələntərlilər
nəsli tariximizə bir çox görkəmli şəxsiyyətlər
bəxş edib. Bu soyadın daşıyıcıları olan
8 generalın adı Azərbaycanın hərb tarixində əbədiləşib.
Nəslin
ağsaqqalı Səməd bəy Kələntərlinin
mülkü Lənkəranın Böyükbazar adlanan məhəlləsində
yerləşirdi. O, ticarət məqsədiylə tez-tez
İrana gedib-gələrmiş. Səməd bəyin
çoxlu uşağı olmuşdu. Ancaq o uşaqlardan
altısı sağ qalmışdı - Haşım,
Xanımbacı, Humra, Məmmədhüseyn, Cabbar və
sonbeşik Mina (Münəvvəri lap uşaqlıqdan evdə
belə çağırıblar). Səməd bəy
dünyanı tərk edəndə Münəvvərin
iki-üç yaşı vardı.
- Bu
nəslin hər bir nümayəndəsi demək olar ki, gözəl
səslə doğulur. Amma əmim Haşım Kələntərli
kimi heç kəs ömrünü xanəndəliyə həsr
eləməyib. O dövrdə musiqisevərlərə Kələntərlilər
soyadını tanıdan əslən şamaxılı Yavər
Kələntərliydi. O, bizim ocağa gəlin gələndən
sonra qızlıq soyadını dəyişmişdi.
Yavər
xanımın Lənkərana hər gəlişi Kələntərlilər
üçün əsl toy-bayrama çevrilərdi. Bir gün
də Lənkəranda şadlıq məclisinə
yığışır və Haşım əmidən
oxumasını xahiş edirlər. O da bir "Segah" oxuyur.
Əmimin səsi Yavər Kələntərlini elə
ovsunlayır ki, məclis başa çatdıqdan sonra
Haşım əmimə deyir: "Sənin səsin buralıq
deyil. Bakıya gəl, böyük səhnələrdə
oxu".
1930-cu
ildə Haşım Kələntərli Bakıya gəlib. Əvvəlcə
Filarmoniyada oxuyub. Çox keçmədən Opera Teatrına
dəvət alıb. Sonra onu Akademik Dövlət Dram
Teatrına çağırıblar. Münəvvər Kələntərlinin
də çox gözəl səsi olduğunu bilən Yavər
xanım onu da oxumağa həvəsləndirir.
1929-cu
ildə 17 yaşlı Münəvvər Bakıya gəlir.
Ürəyində minbir arzu, könlündə minbir niyyət.
Yavər xanımın köməyi ilə bibimin səsinə
qulaq asan sənətkarlar onun sənət aləminə gəlişinə
xeyir-dua verirlər.
1933-cü ildə Müslüm
Maqomayev onu operaya dəvət edir. Qayğı dolu, sevinc dolu
çətin bir yol başlanır. Münəvvər Kələntərli bu səhnədə bir-birindən
maraqlı rolların ifaçısına çevrilir.
Bir gün Həqiqət Rzayeva Leyli, Münəvvər Kələntərli
isə Leylinin anası rolunda çıxır səhnəyə.
Həqiqət Münəvvərdən yaşca böyük olduğundan, bu, obrazda da hiss olunur. Hətta "anası qızından
cavandır" - deyə
tamaşaçılar gülüşürlər
də.
Kino tariximizin təkrarsız obrazları
Münəvvər xanım operanın səhnəsində bir-birindən
maraqlı, yaddaqalan obrazlar yaradır. Amma onun
ürəyində başqa
bir arzu vardı - Musiqili Komediya Teatrının səhnəsində oynamaq
istəyirdi. Çox keçmir,
onun bu istəyi
də gerçəkləşir.
"Arşın mal alan"da Xala, "O olmasın bu olsun"da Yengə, "Özümüz bilərik"də
Xədicə və daha neçə-neçə
irili-xırdalı rollar
oynayır. Sanki oynadığı bütün
obrazlar boyuna biçilmişdi.
Tezliklə radio dalğalarından diktorun səsi eşidilir: "Konsertimizə
başlayırıq. Oxuyurlar Haşım
və Münəvvər
Kələntərlilər". Bacı-qardaşın ifa etdiyi xalq mahnıları, muğamlar dinləyiciləri
heyran qoyur.
Münəvvər Kələntərlini bugünkü
nəslin yaddaşında
yaşadan heç şübhəsiz, kinofilmlərdə
oynadığı rollardır. Kino sənətində
yolu isə Böyük Vətən müharibəsinin qızğın
illərində çəkilməyə
başlayan Üzeyir Hacıbəyovun "Arşın
mal alan" filmindəki Xala roluyla başlayıb.
"Arşın mal alan"nı Stalinin icazəsiylə çəkirlər.
Xala obrazına təsdiq ediləndə aktrisa - Münəvvər Kələntərlinin
cəmi 32 yaşı
vardı. M.Kələntərli də daxil olmaqla
aktyorların əksəriyyəti
demək olar ki, Üzeyir bəyin seçimi ilə müəyyənləşmişdi.
"Arşın mal alan"
filmi yaradıcı heyət üçün uğurlu oldu. 1946-cı ildə filmə Moskvada ictimai baxış keçirildi. Filmdəki ifasına
görə mükafat
alanlar arasında Münəvvər Kələntərli
də var idi. O, SSRİ Dövlət
Mükafatına layiq görülmüşdü.
İllər keçdikcə, Münəvvər
xanımın yaradıcılıq
bioqrafiyasına - "Bəxtiyar",
"Qızmar günəş
altında", "O olmasın,
bu olsun", "Görüş", "Mən
rəqs edəcəyəm",
"Onun böyük ürəyi", "Sevimli
mahnılar" filmlərindəki
rolları da yazıldı. O, 10-dan artıq
filmdə oynadığı
rollarıyla milli kino tariximizə təkrarsız obrazlar bəxş etdi.
Münəvvər Kələntərli kinostudiyada
ən rahat aktyorlardan sayılıb. Həmişə bir dubla çəkilib.
Ona görə də reyissor Ədil İsgəndərov deyərmiş
ki, Mina, bu camaat (çəkildiyi filmlərin reyissorlarını,
reyissor assistentlərini,
operatorları nəzərdə
tuturdu) ən çox səninlə işləyəndə istirahət
edir.
Kino aləmində yaratdığı
hər obrazla Münəvvər Kələntərli
arasında bir oxşarlıq var.
- "O olmasın, bu olsun" filmində belə bir səhnə
var: Münəvvər
Kələntərli (Sənəm)
qapının arasından
baxır və qəflətən qapı
açılır. O, yıxılır. Həmin
səhnədə - yerə yıxılanda çeçələ
barmağı sınmışdı. "Bəxtiyar"
filmindəki rolu da onun uğurlu obrazlarından idi.
Yadımdadır, mən Moskvada institutda oxuyanda bir gün tələbə
dostlarımla Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin
qabağında Rəşid Behbudovu gördük.
Yoldaşlarıma fərəhlə dedim ki, o mənim
qohumumdur. Gəlib yaxınlaşıb salamlaşdım. Camaat
da ətrafda dolu idi. Dedim ki, sizin xalanız mənim bibimdir, biz
qohumuq. Rəşid gülümsəyib: "Sən mənə
necə qohumsan?" - deyə soruşanda, "Münəvvər
Kələntərli sizin xalanızdı, mənim də
atamın bacısıdır" - dedim. Rəşid məni
qucaqladı. Uşaqlar hamısı bizə heyrətlə
baxırdılar. Sonradan rəhmətlik Rəşid məni
görəndə, "qohumum, necəsən?" - deyə
soruşardı.
1953-cü
ildə bibimi "Vətən" kinoteatrına direktor
müavini təyin etdilər. Bu vəzifəyə keçəndən
sonra teatrdan uzaqlaşdı. Amma filmlərə çəkilirdi.
Qonaq-qaralı
ev
- Bibim ailə quranda 25 yaşı olub. Həyat yoldaşı Ənvər
Qusar rayonundan idi. 1938-ci ildə
Validə adlı qızları dünyaya gəlir. Minayla Ənvər əvvəllər
xoşbəxt yaşasalar
da, evlilik həyatları uzun sürmür. Ayrılmalarının səbəbi Ənvərin
Qusarda yaşamasıydı.
Ənvər orada baytar işləyirdi. Bibimi dilə
tuturdu ki, mənimlə gedək.
Ancaq o, razılıq vermirdi:
- Qusarda
yaşayan idimsə, elə Lənkəranda qalardım. Orada
yaşasam, gərək sənətimdən əl çəkəm.
Bunu edə bilmərəm.
Bibim ondan sonra ailə qurmadı. Ənvər onlara baş
çəkmək üçün
hərdənbir gəlirdi
Bakıya. Validə də
atasını çox
istəyirdi. Ancaq hər
halda qızının
bütün qayğılarını
bibim çəkirdi.
Münəvvər xanım duzlu-məzəli zarafatları, şirin-şəkər söz-söhbətləriylə yadımda qalib. Onun çox şən xassiyyəti vardı. Bibimin keçmiş Krupskaya küçəsində evi vardı. Tez-tez onlara gedərdim. Stolunun üstündən "taxta" peçenye, qrilyay şokolad və manpası əskik olmazdı. Süfrəsi açıq olardı həmişə. Deyərdi ki, sən ye, mən də qulaq asım. Mən xırtıldadıb yeyəndə onu yuxu tutardı.
Münəvvər xanımın evi həmişə qonaq-qaralı idi. Bir gün Lənkəranın Şilavar kəndindən Musabala adlı bir qohumumuz instituta imtahan verməyə gələrək bibimgildə qalır. Bibim də yatanda yaman xoruldayırdı. Musabala bir az gözünün acısını alıb imtahana gecə hazırlaşmaq fikri ilə yatır. Amma nə qədər çalışırsa, bibimin xorultusundan gözünə yuxu getmir. Musabala görür ki, nəinki yatmaq, heç oxumaq da mümkün deyil. Səhər açılır. Durub getməyə hazırlaşanda Münəvvər xanım:
- Get, ay bala, Allah işini avand eləsin.
Musabala da:
- Ay bibi, işim avand, mən heç instituta da girmirəm, getdim Lənkərana - deyir.
Bibim sonralar bu əhvalatı danışaraq şaqqıldayıb
gülərdi.
Məni onun evinə çəkib-gətirən bibi
məhəbbəti, incə
ruhlu, səliqəli, şux, deyib-gülən, zarafatcıl bir insanla təmasda olmaq istəyi ilə yanaşı, bu gözəl ocağın işığına
yığışanları görmək marağı
idi. Bu evə kimlər gəlməzdi?
Ağasadıq Gəraybəyli,
Məmmədrza Şeyxzamanov,
Məmmədsadıq Nuriyev,
Həqiqət Rzayeva, Cahan Talışinskaya,
Sara xanım, Şövkət
xanım idi bu evin əziz
qonaqları. Gələrdilər, həmişə açıq süfrəsindən
yeyib-içər, dərd-qəmlərini
unudardılar.
Tacikistanın Xalq artisti Leyla
Şaripova o vaxt Bakıya gələndə
bibimin evində qalardı. Bibim onun bütün
əyin-başını, pal-paltarını alırdı.
Sonradan
o, Tacikistandan acıq edərək Bakıya qonaq kimi yox,
yaşamağa gəlmişdi.
Leyla xanım bir ilə yaxın bibimin evində qaldı. Bibim onu doğma
balasından ayırmırdı.
Sonralar Leyla Şaripova Almaniyada yaşayırdı.
Azərbaycan barədə
danışanda hər
zaman deyirdi ki, "mənim orada bir anam
var idi"...
Həyatla vidalaşanda Münəvvər
Kələntərlinin 51 yaşı
vardı. Korbağırsağında cərrahiyyə əməliyyatı
düzgün aparılmadığından
dünyasını dəyişir.
Taleyin yazısına bax, qızı Validə də özü kimi 51 yaşında vəfat edir.
Münəvvər xanım Moskvaya kino çəkilişinə
gedəndə orada sancısı tutur. Xəstəxanada
onu müayinə edən həkimlər:
"Korbağırsağınızda cərrahiyyə əməliyyatı
aparılmalıdır" - deyirlər.
Bakıya qayıdandan sonra əməliyyatı tanışları
olan bir professor boynuna götürür. Cərrahiyyə əməliyyatından sonra
M.Kələntərli ikicə
gün yaşayır.
Professor böyük səhvə yol vermişdi. Əməliyyat
düzgün aparılmamışdı:
həm korbağırsağı
kəsəndən sonra
düzgün tikməmişdi,
həm də yeganə böyrəyi zədələmişdi.
Münəvvər Kələntərli ilə
vida görüşü
Musiqili Komediya Teatrında keçirildi. Həmişə sevə-sevə çıxdığı
bu səhnəyə indi özü də son dəfə çıxmışdı. Mərasimə təkcə sənətkarlar
deyil, onu sevən insanların hamısı gəlmişdi.
İzdihamın ardı-arası kəsilmirdi.
Sanki hamı öz sevimli Münəvvəriylə
vidalaşmağı özünə
borc bilirdi...
Təranə Məhərrəmova
KASPİ.-2009.-5 fevral.-S.11.