Rövnəq Abdullayev klub rəhbərləri ilə görüşdən
razı qalıb
Yığma məşqçiləri klubların məşqlərinə
qatılacaqlar
AFFA prezidenti Rövnəq Abdullayev Premyer Liqada mübarizə aparan klubların rəhbərləri ilə
dünənki görüşün
ardından brifinq keçirib. Apasport.az saytının məlumatına
görə, assosiasiya
başçısı yurnalistlərin
müxtəlif suallarını
cavablandırıb.
- Klub rəhbərləri ilə
görüş necə
keçdi? Əsasən hansı məsələlər
müzakirə olundu?
- Tədbir
çox yaxşı keçdi. Bildiyiniz kimi, fevralın
14-də Premyer Liqanın
ikinci dövrəsi başlanır. Klubların
mövcud durumu, problemlər barədə müzakirələr
aparıldı. Çempionatın yüksək
səviyyədə keçirilməsi üçün nələrin
lazım olması haqda fikirlər, arzular, istəklər dinlənildi.
İclasda məqsəd konkret qərar
çıxarmaq deyildi. Biz klubların
ötən mövsüm hansı irəliləyişlər əldə
etmələri, qarşılaşdıqları çətinliklər
barədə fikir mübadiləsi apardıq. Həmçinin,
bu il üzləşə biləcəkləri
problem və onların aradan qaldırılması məsələsinə
baxıldı. Bu görüş sayəsində
AFFA və klublar arasında yeni dönəm yarandı. Milli komandanın
çalışdırıcılarının klubların məşqlərinə
qatılmaları, onlara məsləhət vermələri məsələsi
həllini tapdı. Hesab edirik ki, müəyyən
standartlar əldə etmək, yəni klublarda taktiki yox, fiziki
hazırlığı yaxşılaşdırmaq məqsədilə
yığmanın məşqçilərinin səy göstərmələrinin
məqamı çatıb. Klubların
fiziki hazırlığını dünya standartlarına
uyğun təmin etməliyik. Tədbir
zamanı klub rəhbərləri də bu addımı
alqışladılar. Onlar da bizə
kömək edəcəklərini bildirdilər. Nəticədə yığmanın düşərgəsinə
gələn futbolçular fiziki cəhətdən
hazırlıqlı olacaqlar. Bundan
başqa, görüşdə çempionatın gedişi,
hakimliklə bağlı məsələlərdən
danışıldı. Çox sevinirəm
ki, klub rəhbərləri ötən mövsümdə
hakimliyi yüksək qiymətləndirdilər və bu sahədə
böyük dönüş olduğunu bildirdilər. AFFA hakimliyi prioritet sahə sayır və bunun
inkişafından ötrü əlindən gələni əsirgəmir.
- Növbəti
mövsümdə də çempionatımızda legionerlərə
limit qoyulmayacağı bildirilir.
- Elədir. Gələn
mövsüm yeni sistemə keçəcəyik, Premyer Liqada
12 komanda oynayacaq. Növbəti
çempionatda da əcnəbi futbolçulara sayına məhdudiyyət
qoyulmayacaq. Yalnız yeni sistemi sınaqdan
keçirdikdən sonra bu məsələyə
baxmağın lazım olub-olmadığını müəyyənləşdirəcəyik.
Ən əsası, legioner limiti qoymaq
üçün möhkəm baza yaratmalıyıq. Buna
görə isə uşaq futbol məktəblərində
inkişafa nail olmalıyıq. Ölkəmizdə
peşəkar futbolçuların sayını
artırdıqdan sonra legioner limiti məsələsinə
qayıdacağıq.
- Konkret hansısa klubun
qarşısına futbol məktəblərinin inkişafı
ilə bağlı şərt qoyuldumu?
- Belə şərtlər
lap əvvəldən var. İclasda uşaq futbolunun
inkişafı naminə lazımi məsələlərə
yenə baxdıq. Bir sıra klublardakı
böyük nəticələri müzakirə etdik. "Bakı", "Neftçi", "Xəzər-Lənkəran",
"İnter"in uşaq futbol məktəbləri
mövcuddur. Artıq "Qəbələ"
də bu işə qoşulub. Sevindirici
haldır ki, regionlarda da uşaq futbol məktəbləri,
akademiyalar yaradılması istəyi yaranıb. "Qəbələ" klubunda belə bir akademiya
fəaliyyətə başlayıb. Regional
Futbol Federasiyaları Qəbələdə
yarışların keçirilməsi, uşaq futbolunun
inkişafı məqsədilə böyük işlər
görəcək. Biz bunu digər klublara
da tövsiyə edirik.
- Maliyyə böhranı ilə
əlaqədar legionerlərin üzvlük haqqını
azaltmaqla klublara güzəşt olunması nəzərdə
tutulmur?
- Legioner limitini götürməklə,
ilk növbədə Azərbaycana aşağı səviyyəli
oyunçuların gətirilməsinin qarşısını
almağa çalışmışıq. Eyni
zamanda, Azərbaycan futbolçusunun transfer qiymətini də nəzərə
almışıq. Bu məbləğin müəyyən
həddən az olmasınmı istəyirik.
Amma legionerlərə limit qoyulsa, yerli futbolçulara tələbat
artacaq və yenə süni bahalaşma baş verəcək.
- AFFA 2009/10
mövsümündən etibarən hər bir klubun
özünə aid stadionu olması tələbini irəli
sürüb. Bu tələbin yerinə yetirilməsi
nə dərəcədə realdır?
- Bu istiqamətdə işlər
gedir. Ancaq bilirsiniz ki, dünyada maliyyə
böhranı mövcuddur. Çox klublar
stadion tikintisinə başlayıb. Bununla belə, "1
klub, 1 stadion" layihəsini 1 il təxirə
salmağımız mümkündür.
- Yəqin ki, bu məsələ
İcraiyyə Komitəsində müzakirə olunacaq?
- Yox, hələ müzakirə
edilməyib. Bu, mənim şəxsi fikrimdir.
- Fevralın 1-də milli
komandamızın Özbəkistanla yoldaşlıq
görüşü 1:1 hesabı ilə başa
çatdı. Nəticədən razı
qaldınızmı?
- Nəticədən
razıyam. Artıq yığmada yeni
oyunçular özünü göstərməyə
başlayıb. Futbolun inkişafı
üçün yeni nəsil yetişib. Özbəkistanla
matçda əsas oyunçulardan çox, cavan
futbolçular meydançaya çıxmışdı.
- Yığmamız martın 28-də Moskvada dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya ilə qarşılaşacaq. Rusiyalılarla görüş barədə proqnozunuz nədir?
- Bu oyuna
proqnoz vermək çətindir.
Kaspi.- 2009.- 5 fevral.- S. 12.