Azərbaycanın şəhər
kadastrı yaradılır
Layihə ilə bağlı işlər 2012-ci ilə qədər
yekunlaşdırılacaq
Respublikada
aparılan aqrar islahatların birinci mərhələsi
artıq başa çatıb. Belə ki,
ölkədə mövcud olan 2032 kolxoz və sovxoz ləğv
edilib, onların torpağı və əmlakı vətəndaşlara
pulsuz olaraq paylanıb. Ölkə
başçısının 1999-cu ildə verdiyi "Bələdiyyə
əraziləri və torpaqları haqqında" fərmana
uyğun olaraq həmin vaxt 49-u şəhər bələdiyyəsi
olmaqla 2666 bələdiyyə yaradılıb. Hazırda
isə bələdiyyələrin sayı 2744-ə, şəhər
bələdiyyələrinin sayı isə 59-a çatıb.
Bundan başqa, ölkədə 840 min ailəyə və ya
3,5 milyon vətəndaşa torpaq payı verilib. Bu sözləri
dünən YAP qərargahında keçirilən mətbuat
konfransında Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin (DTXK) sədri Qərib Məmmədov bildirib.
Komitə rəhbəri 41 təsərrüfatda islahatların
qismən aparıldığını vurğulayıb:
"Onların bir hissəsi vətəndaşlara verilib, bir
hissəsi də elit toxumçuluq və cins mal-qara
qoruyub-saxlamaq üçün dövlət nəzarətində
saxlanılıb". Bu vaxtadək yalnız 2 təsərrüfatda
islahatların aparılmadığını deyən Q.Məmmədov
əlavə edib ki, islahatların gecikdirildiyi ərazilərdən
biri Qusarın "Qazıməmməd" təsərrüfatıdır.
Digəri isə Xaçmazın Muxtadır qəsəbəsidir.
Torpağın birbaşa verilməsi neqativ hallar
yaradıb
Q.Məmmədov
2744 bələdiyyədən 60-na qədərinə xəritə
verə bilmədiklərini də deyib. Belə ki, 8 bələdiyyənin
ərazisi işğal bölgələrinə
düşür: "49 bələdiyyənin arasında
mübahisə var. 24-ü yeni yaradılan
bələdiyyədir. 16-sı isə dövlət
mülkiyyətində yerləşmiş bələdiyyələrdir".
Bu ərazilər Meşə Fondu torpaqları və
qış otlaqlarında yerləşən kəndlər olub.
Meşə Fondu və qışlaqlar isə
Dövlət Fondu olduğuna görə həmin ərazilərdə
islahatlar getməyib. Bu səbəbdən də həmin ərazilərdə
yaşayan insanlara torpaq verilməyib: "Bu məsələnin
müsbət həllinə çalışırıq".
Komitə sədri
torpaqların təyinatının dəyişdirilməsi məsələsinə
də toxunub: "Heç kimin torpağın təyinatını
dəyişdirmək səlahiyyəti yoxdur. Bunu
ancaq hökumət dəyişə bilər. 2002-ci ildən bu vaxta qədər torpaqla
bağlı müxtəlif səpkidə 5 mindən çox
qanun pozuntusu olub. Onun 3600-nün komitənin
mütəxəssislərinin müdaxiləsi ilə
qarşısı alınıb. 1600-ü
hüquq-mühafizə orqanlarına verilib və cərimələrdən
4 min manata qədər vəsait dövlət büdcəsinə
köçürülüb. Belə halların təxminən
130-u məhkəmələrə, 20-yə qədər iş
isə polisə verilib".
Ölkənin şərti
yararsız və az yararlı torpaqlarından da danışan
komitə rəhbəri bildirib ki, ümumilikdə bu, 3,7 hektardır. Həmin ərazilər
əkinçilik üçün rezerv torpaqlar hesab olunur və
zaman-zaman əkinə cəlb olunmalıdır. Bundan başqa, respublikada hazırda 30 min hektar neftlə
çirklənmiş torpaqlar mövcuddur.
İmkanlı adamlar torpaqları əkin dövriyyəsindən
çıxarırlar
"Azərbaycan aztorpaqlı ölkədir və adambaşına 0,18 hektar torpaq düşür. İşğal olunmuş əraziləri də nəzərə alsaq, bu sahə yenə də az olar. Normal torpaq əmələgəlmə şəraiti olarsa, 300 ilə 1 sm torpaq qatı əmələ gələ bilər. Onun münbitliyini dağıtmaq üçün isə bir neçə ay, həftə lazımdır"-deyən Q.Məmmədov "Torpaqlardan istifadə və mühafizədə dövlət nəzarəti" fərmanı ilə komitəyə əlavə səlahiyyətlər verildiyini xatırladıb. Belə ki, DTXK sədri eyni zamanda baş dövlət müfəttişi, rayon torpaq şöbələrinin müdirləri isə dövlət müəfəttişləri sayılır. Ölkədə torpaq bazarının həyata keçirilməsinin də komitəyə tapşırıldığını söyləyən qurum sədrinin sözlərinə görə, qanunla bələdiyyələr vətəndaşlara torpağı birbaşa, hərrac və müsabiqə yolları ilə verməlidir: "Çox təəssüf ki, bu günə qədər bələdiyyələr torpağı ancaq birbaşa veriblər. Bu isə bir sıra neqativ hallara gətirib çıxarıb. Çünki torpaqlar təsərrüfatla məşğul olanların əlinə çatmır. İmkanlı adamlar torpaqları alıb saxlayırlar və əkin dövriyyəsindən çıxarırlar". Bu halların baş verməməsi üçün 2007-ci il dekabrın 1-dən etibarən bələdiyyələrin torpaq satma və icarəyə vermə səlahiyyətləri dayandırılıb. 2008-ci il dekabrın 10-da isə prezidentin fərmanı ilə DTXK-nin yerli qurumlarına - rayon və şəhər şöbələrinə yeni səlahiyyətlər verilib. Belə ki, müsabiqə və ya hərrac komissiyası tərəfindən verilən şəhadətnamə əsasında hərrac, ya da müsabiqədə qalib gəlmiş hüquqi, fiziki şəxslərlə komitənin yerli qurumları arasında mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Dövlət torpaqlarına dair münasibətlə bağlı bu müqavilənin bağlanması 20 gündən gec olmayaraq həyata keçirilməlidir. Q.Məmmədov əlavə edib ki, bundan sonra hərrac və ya müsabiqə predmeti olacaq dövlət mülkiyyətinə aid torpaqlar əvvəllər müvafiq yerli icra hakimiyyətləri tərəfindən bilavasitə icarəyə verilirdi. Hüquqi və ya fiziki şəxslərlə müqavilə də həmin yerli icra hakimiyyətləri ilə bağlanılırdı. Fərmanla komitəyə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının təşkilatçısı səlahiyyəti verilib. Q.Məmmədov bildirib ki, torpaq sahələrinin hərrac və ya müsabiqələr vasitəsilə icarəyə verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamə və s.) 9 forması hazırlanıb.
Komitə sədri
müsabiqə ilə hərracların fərqinə də
toxunub. Belə ki, müsabiqə lokal xarakter daşıyır
və orada yalnız müəyyən ərazinin vətəndaşları
iştirak edə bilər. Hərraclarda isə bütün
respublikanın iştirakı üçün nəzərdə
tutulur: "Hərracın qiyməti də əvvəlcədən
bəlli olur".
Peyk Geodeziya Şəbəkəsi
yaradılacaq
Dəyişikliklərə gəlincə, fərdi yaşayış evinin tikintisi üçün hərbi qulluqçulara bir dəfə pulsuz torpaq sahəsinin verilməsi, icarəyə torpaq ayrılmasına dair münasibətdə isə yalnız hərrac və müsabiqə zamanı onlara üstün hüququn verilməsi nəzərdə tutulub. Həmçinin həmin qanunlarla bələdiyyə ərazisində daimi yaşamaqla ən azı 5 il yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnu yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edə bilərlər. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə müəyyən şəxslərə üstünlük də veriləcək. Belə ki, bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə üstünlük veriləcək. Bu şansı qazananlar sırasında yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) da var. Bundan başqa, üstünlük sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə, müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə, müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan ölkə vətəndaşlarına da şamil olunacaq.
"Daşınmaz
əmlakın qeydiyyatı"ndan da söz açan komitə
sədri bildirib ki, layihənin icrası üçün
Dünya Bankı tərəfindən 38 milyon dollar həcmində
kredit ayrılıb. Bu vəsaitin 15 milyon dolları komitəyə
aiddir. Prosesin 3 mərhələdən ibarət olduğunu deyən
Q.Məmmədovun sözlərinə görə, DTXK layihədə
"topoqrafiya, geodeziya və kadastr" komponentinə
cavabdehlik daşıyır: "Azərbaycan ərazisində
daimi fəaliyyət göstərən Peyk Geodeziya Şəbəkəsi
yaradılacaq. Şəbəkəyə 37 daimi fəaliyyət
göstərək peyk geodeziya mərkəzi daxil olacaq". Bu
şəbəkə vasitəsilə Azərbaycanın istənilən
yerinə tələb olunan nöqtənin geodeziya
koordinatlarını bir sm dəqiqliklə alınması nəzərdə
tutulub: "Layihənin yekunu olaraq ortofotoxəritələrin əsasında
kadastr xəritələri tərtib ediləcək. Azərbaycanın
şəhər kadastrı yoxdur. Yəni şəhər,
küçələr, küçələrdəki bianalar,
binaların mərtəbələri, mərtəbələrin
mənzilləri, mənzillərin sakinləri, onların milli
və cinsi tərkibi və s. informasiyalar hazırlanacaq". Kadastr xəritələrinin hazırlanması ilə
bağlı pilot seçilmiş məhdud ərazidə
işlərin davam etdirildiyini deyən komitə sədri qeyd
edib ki, nəticədən asılı olaraq model bütün
respublika ərazisinə tətbiq ediləcək. Ümumilikdə
isə layihə ilə bağlı bütün işlərin
2012-ci ilə qədər yekunlaşdırılması nəzərdə
tutulur.
Rusiya ilə 3 məntəqə
razılaşdırılmayıb
Sərhədlərin delimitasiyası və demarkasiyasına gəlincə, Rusiya ilə Azərbaycanın 490 km sərhədindən bu günə qədər yalnız 95 faizi razılaşdırılıb: "3 məntəqə üzrə isə razılaşdırma olmayıb. Onlar Balakəndə 30 hektara qədər sahə, Su qovşağı adlı ərazidə 17,5 km ərazi, Xaçmazda Yalama meşəsində isə təxminən 8-8,5 km ərazidir. Bununla bağlı ekspertlər səviyyəsində müəyyən işlər aparılıb. İndi Rusiya nümayəndə heyətinin Azərbaycana gəlişini gözləyirik".
Gürcüstanla Azərbaycan arasında olan 480 km-lik sərhəddən isə təxminən 300 km-i razılaşdırılıb: "Bizim gürcülərlə razılaşdırılmayan 9 yarımsahəmiz var. Bununla bağlı danışıqlar gedir. Burada əsas narazıçılıq yaradan məsələ 1938-ci ildə tərtib edilən xəritə ilə 1945-ci ildə tərtib olunan xəritə arasındakı fərqdir".
İrana gəlincə, bu ölkə ilə Azərbaycanı 765 km-lik sərhəd ayırır. Həmin ölkə ilə heç bir sərhəd probleminin olmadığını deyən Q.Məmmədov problemlərin yalnız yağış yağanda üzə çıxdığını bildirib: "Lakin biz burada redemarkasiya işləri aparırıq. Belə ki, Araz çayı boyunca bizim sərhəd nişanlarımız var. Bəzən sel suları olanda onları yuyub aparır. Koordinatlarla onları müəyyənləşdirib nöqtələri bərpa edirik". Türkiyə ilə 15 km-lik sərhəddə isə heç bir problem yaşanmır: "SSRİ ilə Türkiyə arasında bağlanan müqavilədə sərhədlər müəyyən olunub".
Xəzər dənizinin orta xəttinin təyini ilə bağlı aparılan işlərin də davam etdirildiyini deyən Q.Məmmədovun sözlərinə görə, artıq bu sahədə Qazaxıstan və Rusiya ilə razılıq əldə olunub. Türkmənistan və İranla isə danışıqlar aparılır.
HƏQİQƏT
Kaspi.- 2009.- 7-9 fevral.- S. 1,5.