"Biz obyektiv tənqiddən qorxmuruq" 

 

Səməd Seyidov: "AŞ-dən nailiyyətlərimizin qeyd olunmasını istəmək təbii haqqımızdır"

 

"Biz Avropa Şurasından gördüyümüz işlərlə bağlı müsbət rəy, konstruktiv əlaqələr gözləyirik. Biz obyektiv tənqiddən qorxmuruq. Ancaq nailiyyətlərimizin də qeyd olunmasını istəmək təbii haqqımızdır". Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, Avropa Şurası Azərbaycanı tamamilə batmış, demokratik prinsiplərə zidd olan hərəkətlər edən ölkə ilə eyniləşdirir.

- Bu ilin yanvar ayında Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul edilməsinin 8 ili tamam oldu. Bu illər ərzində Azərbaycan-Avropa Şurası münasibətləri hansı səviyyədə inkişaf edib? Ümumiyyətlə, ölkəmiz Avropaya inteqrasiya sahəsində hansı addımlar atıb?

- Avropaya inteqrasiya Azərbaycanın könüllü və məntiqi olaraq seçdiyi yoldur. Bu yol Qərb sivilizasiyasına yaxınlaşmaq və bu sivilizasiyanı Azərbaycana da tətbiq etmək və dünyanın ən öndə gedən dövlətləri səviyyəsinə ölkəmizi də yüksəltməkdən ibarətdir. Tarix elə gətirib ki, Qərb dünyasında Yer kürəsinin ən inkişaf etmiş dövlətləri mövcuddur. Təbii ki, bu ölkələrlə ünsiyyət qurmaq, əlaqə yaratmaq, birgə fəaliyyət göstərmək Azərbaycan xalqının həmişə arzusu olub. Məlumdur ki, bu istiqamətdə Azərbaycan tərəfindən xeyli işlər görülüb. Beynəlxalq təşkilatlara üzvlük, dünyada mövcud olan təhlükələrə qarşı birgə fəaliyyət, birgə iqtisadi layihələrin-Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşması, Bakı-Tbilisi-Qars, "Nabukko" və digər layihələrin də həyata keçirilməsi istiqamətində əldə edilən uğurlar da onu göstərir ki, Azərbaycan Qərb sivilizasiyasina artıq qovuşub. Eləcə də mədəniyyət və təhsil baxımından da Qərb sivilizasiyasına qoşuluruq. Beynəlxalq təşkilatlarla - AB, AŞ, AŞPA, ATƏT-lə sıx əməkdaşlıq edirik. Mədəniyyət və təhsil sahəsinə gəlincə isə, YUNESKO ilə əməkdaşlığı, Boloniya prosesinə keçidimizi göstərmək olar. Bütün bunlar qısaca olaraq göstərir ki, Azərbaycan Qərb dünyasının, xüsusilə Avropa sivilizasiyasının ayrılmaz tərkib hissəsidir. Azərbaycan qanunvericiliyində mövcud olan qanunların hər hansı biri ilə Avropada mövcud olan qanunları tutuşdursaq görərsiniz ki, bizim qanunlar Avropa qanunlarından heç də aşağı səviyyədə deyil, hətta mən deyərdim ki, daha yüksəkdədir. Bundan başqa, bu qanunların özləri də Avropada ekspertizadan keçirilib. Bir daha təkrar edirəm ki, Azərbaycanın Avropa Şurasına üzvlüyü təkcə dövlətin seçdiyi yol deyil, xalqın iradəsidir, xalqın dünyada ən müasir dəyərlərə qovuşmaq istəyindən və bu dəyərləri Azərbaycana gətirmək istəyindən doğan niyyətdir. Amma bu prosesdə biz ya birtərəfli, ya böyük-kiçik, ya "mən güclü-sən zəif", ya da "mən inkişaf etmiş və sən isə inkişaf etməkdə olan dövlətsənsə səninlə başqa cür danışmaq lazımdır" - bu kimi meyarları qəbul etmək niyyətində deyilik. Biz 70 il Sovet İmperiyasının tərkibində olaraq "Böyük qardaş" fəlsəfəsini gördük.

- Avropa qurumlarının Azərbaycanın xoşməramlı siyasətinə qarşı mövqeyi necədir? Onların dəyərləndirməsini qənaətbəxş saymaq olarmı?

- Azərbaycan müstəqil dövlətdir, öz müstəqil siyasətini yürütmək niyyətindədir və bu istiqamətdə atdığı atdığı addımlarda israrlıdır. Ona görə biz hansısa qurumlara, hansısa dəyərlərə qovuşmaq istəyiriksə, eyni münasibəti onlardan da gözləyirik. Biz o dəyərləri ölkəmizə gətirməklə yanaşı öz milli dəyərlərimizi uca tutmalıyıq. Biz istəmirik ki, Qərbin bütün dəyərləri kor-koranə Azərbaycana gətirilsin. Azərbaycanda olan gözəl tarixi və mədəni dəyərlər nəzərə alınmasın. İsətyirik ki, Azərbaycanda olan proseslər təxminən eyni səviyyədə qarşılansın. İkincisi, bunları qarşılamaq çətindirsə, heç olmasa ölkədəki proseslərə tam dəqiq qiymət verilə bilmirsə, Azərbaycan subyektiv şəkildə tənqid olunmasın. Biz obyektiv tənqiddən qorxmuruq. Əksinə, obyektiv tənqid hamının xeyrinədir. Ancaq qərəzli, altında bəzi başqa niyyətlər ehtiva edən tənqidlər qəbul olunmazdır.

- Belə yanaşmalar ikili standartların təzahürü deyilmi?

- Azərbaycan Avropa məkanı ilə yaxın münasibət qurduğu halda, inkişaf etdiyi halda, dünyanın sivil dövlətləri arasına qatılmağa layıq olduğu halda, beynəlxalq qurumların bəziləri tərəfindən ikili standartlarla qarşılaşır. Belə vəziyyət dünyada hər zaman olub. Təəssüflər olsun ki, bu vəziyyət dünyadakı problemlərin yaranmasında böyük rol oynayıb. Bu baxımdan, qeyri-obyektiv münasibət yalnız problemlərə gətirib çıxara bilər. Azərbaycan isə bu ikili standartlarla mübarizə aparmaq üçün həmişə özündə güc tapıb. Lakin bəzi hallar da olur ki, bu məsələ ikili standartlaşma məcrasından çıxaraq ölkəyə qarşı qərəzli və qeyri-obyektiv, içində tamamilə başqa niyyətlər olan siyasətə çevrilir. İlk baxışdan belə vəziyyəti təbii qəbul edərək fikirləşmək olar ki, keçid dövrüdür, öz fəaliyyətimizlə bu vəziyyətə son qoya bilərik. Amma görəndə ki, gördüyümüz işlər, sübutlarımız nəinki başa düşülmür, əksinə başa düşülmək istəmir və gördüyümüz işlərə göz bağlanılır, onlara kölgə salınır, onda hər bir ölkə də, qurum da nəticə çıxarmalıdır.

- Səməd müəllim, prosesləri izləyərək görürük ki, nədənsə regionumuzda ikili standartlar yalnız Azərbaycana qarşı tətbiq edilir. Sizcə nə üçün hədəf seçilmişik?

- Ötən il regionumuzda dəhşətli vəziyyət baş verdi ki, bu da Ermənistanda keçirilən prezident seçkiləri idi. Heç bir çərçivəyə, beynəlxalq qanunlara sığmayan bu seçkilər erməni xalqının iradəsini əks etdirmədən dünyaya təqdim olundu. Nə ilə təqdim olundu: insanların öldürülməsi ilə, yüzlərlə insanın həbs olunması ilə, zirehli maşınların mitinqləri vəhşicəsinə dağıtması ilə, QHT-lərin bağlanması ilə, medianın çökməsi ilə, elektron vasitələrin qapanması ilə və s. Sözün əsl mənasında Ermənistanda baş verən bu hadisə demokratik inkişafa tam zidd olan proses kimi qiymətləndirilməlidir. Ən maraqlı, daha doğrusu ən faciəli vəziyyət isə seçkilərdən sonra yarandı. Fikirləşirsən ki, bu qədər faciədən sonra daha dəhşətli faciə nə ola bilər? Baş verə bilərmiş& Əgər birinci faciə insanın ölümüdürsə, ikinci faciə o insanın ölümünə göz yumulmasıdır. Bundan dəhşətli faciə isə həmin ölümü tamamilə qeyri obyektiv tərzdə şərh edərək dünyaya təqdim etməkdir. Bax, Ermənistanda da təxminən belə bir şey oldu. Beynəlxalq aləmdə bu hadisəni ört-basdır, seçki zamanı ölümlə müşayiət olunan vəziyyəti kiçik bir münaqişə və böyük narahatlıq doğurmayan hal kimi göstərdilər. İlk öncə Avropa Şurası bununla bağlı bir qətnamə qəbul etdi və bu qətnamədə Ermənistandakı seçkilər kəskin şəkildə pisləndi. O da qeyd olundu ki, seçkilərin nəticəsi qısa müddətdə dünyaya düzgün çatdırılmasa və nəicələrin tezliklə ləğv olunması istiqamətində addımlar atılmasa, Ermənistan nümayəndə heyətinin səsvermə hüququ əlindən alınacaq.

İlkin baxışdan bu, normal bir qərardır. Amma bu qərarın həyata keçirilməsinin o qədər də asan olmadığı göründü. AŞ PA-nın sonuncu sessiyasında nəinki səsvermə hüququndan məhrum edilmə gündəmə gəlmədi, əksinə, Ermənistana kömək, onun başından sığallamaq və bunu demək olar ki, ört-basdır edərək məsələnin növbəti sessiyaya atılmasının şahidi olduq.

- AŞ PA-nın Bürosunda ölkəmizə yenidən "siyasi məhbus" məsələsi üzrə məruzəçinin təyin olunması haqda müzakirələr aparılıb. Azərbaycanı AŞ PA-da təmsil edən nümayəndə heyəti qurumun qış sessiyasında yaranmış vəziyyətə lazımi səviyyədə reaksiya verə bildimi?

- Azərbaycan nümayəndə heyəti bu məsələ ilə bağlı öz kəskin mövqeyini bildirdi. Mən də bu barədə parlamentdə kəskin şəkildə çıxış etdim. Amma bu, hələ işin bir hissəsidir. Azərbaycanla bağlı prosesi görməmək bir problem, Ermənistandakı dəhşətli məsələlərə göz yummaq ikinci problem, Ermənistanla Azərbaycanı eyniləşdirmək üçüncü problem və ölkəmizdə süni şəkildə problemlər yaratmaq da dördüncü problemdir. Təəssüflər olsun ki, biz bu dördüncü halla rastlaşmışıq. Bu hal da ondan ibarətdir ki, Azərbaycanda görülən işlər nəinki nəzərə alınmır, bizi işğalçı dövlətlə eyniləşdirirlər, hələ bu azmış kimi, Azərbaycana qarşı gözlənilmədən, çoxdan qapanmış, öz aktuallığını itirmiş "siyasi məhbus" məsələsini gündəmə gətirirlər. Biz AŞ-dən gördüyümüz işlərlə bağlı müsbət rəy, konstruktiv əlaqələr gözləyirik. Biz obyektiv tənqiddən qorxmuruq. Ancaq nailiyyətlərimizin də qeyd olunmasını istəmək təbii haqqımızdır. Bunun əvəzində, bizi tamamilə batmış, demokratik prinsiplərə zidd olan hərəkətlər edən ölkə ilə eyniləşdirirlər. Hələ bu azmış kimi müsbət işlər görən ölkə üçün xüsusi məruzəçi təyin olunur. O zaman biz buna necə reaksiya verməliyik? Yaranmış vəziyyət indi deyəcəyim misalla eynidir: Tutalım ki, bir müəllimin qarşısında sizinlə bir yerdə imtahan veririk. Müəllim deyir ki, ikiniz də suallara cavab verməlisiniz. Birimiz suallara tam cavab veririk, o birimiz isə bundan imtina edirik. Müəllim də, cavab verəni imtahandan kəsir, verməyənin balını yüksəldir. Buna necə münasibət bəsləmək lazımdır?

Bir ölkədə ki, normal proseslər gedir, buna göz bağlamaq yox, bunu qiymətləndirmək lazımdır. Ancaq Avropa Şurası hansısa normal inkişaf edən ölkəyə qərəzli münasibət göstərərək, o biri ölkənin vəziyyətinə salmaq istəyirsə, xüsusi məruzəşi təyin edirsə, buna qarşı ölkə səsini qaldırmalı, etiraz etməlidir.

- Necə hesab edirsiniz, qurum xüsusi məruzəçinin təyin olunması haqqında qərar qəbul edəcəkmi?

- Mən inanmıram ki, Avropa Şurası Azərbaycana siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin edəcək. Amma təsdiqləyirəm ki, Avropa Şurasının Bürosunda siyasi məhbuslarla bağlı qərar çıxarılıb və Hüquq Komitəsinə tövsiyə edilib. Məruzəçinin hələ təyin olunması yoxdur və biz etiraz çıxışlarımızla, Avropa Şurasında olan ikili sandartlarla bağlı verdiyimiz məlumatlarla bunu saxlamışıq. Tam səmimi deyirəm, mən inanmıram ki, Avropa Şurası bu addımı ata bilər. Əgər atsa, bu təşkilatın nə üzv olan dövlətə hörməti var, nə özünə hörməti var, nə də insan haqları məsələsini araşdırmağa haqqı var. Avropa Şurası hansı addımlar ata bilər? Misal üçün, Avropa Şurası Qafqazda insan haqlarını araşdırsa, lap gözəl olar. Niyə də araşdırmasın? İnsan haqları elə bir məsələdir ki, daim araşdırılmalıdır. Ancaq bütün başqa ölkələri kənarda qoyub onlara göz yummaq, hüquqşünaslıqda, beynəlxalq qanunvericilikdə olmayan "siyasi məhbus" terminini bir ölkəyə şamil etmək, o biri ölkələrə isə həmin termini nəinki şamil etmək, əksinə bu terminin çıxardılmasına nail olaraq, "azadlıqdan məhrum olmuş insanlar" adı altında düzəlişlər vermək bu təşkilatın problemidir, ölkənin problemi deyil. Biz də ona görə öz münasibətimizi ciddi şəkildə ortaya qoymalıyıq. Avropa Şurası bir tribunadır. Biz buradan axıra qədər istifadə etməliyik. Necə ki, Dağlıq Qarabağ haqda qətnaməni orada qəbul etdirdik. Baxmayaraq ki, təzyiq də var idi, ikili standartlar da var idi, biz bu qətnaməni qəbul elətdirdik. Ona görə də, bütün bu məsələlərə baxmayaraq Avropa Şurası ilə əlaqələri pozmamaq, obyektivliyə nail olmaq istiqamətində işləmək lazımdır. Bu ikili standartları, qeyri-obyektiv münasibəti onlara sübut etmək lazımdır.

- Səməd müəllim, Milli Məclisdə çıxışınız zamanı bildirdiniz ki, əgər "siyasi məhbuslar" üzrə məruzəçi təyin olunsa, Azərbaycan Avropa Şurası ilə münasibətlərə yenidən baxa bilər. İctimaiyyətə çox maraqlıdır ki, belə olarsa, ölkəmiz konkret hansı addımları atacaq?

- Bu münasibət ondan ibarətdir ki, konkret və ciddi olaraq Avropa Şurasına Azərbaycanın mövqeyi çatdırılacaq. Münasibət müxtəlif tərzdə təhlil oluna bilər. Azərbaycan yalnız AŞ PA-dakı fəaliyyətlə kifayətlənmir. Bu qurumun Nazirlər Komitəsi, Regionlar Konqresi var, gənclərin təşkilatları var, dövlətin qanunları və ekspertizası var. İndi elə bir nazirlik yoxdur ki, Avropa Şurası ilə əlaqədə olmasın. Hamısının öz proqramları var. Avropa Şurasının Azərbaycan dövlətinin maraqları çərçivəsində olan hər bir addımı təhlil olunmalı və qəbul edilməli, maraqlarımıza zidd olan hərəkətlər isə açıqlığı ilə rədd olunmalıdır. Əminəm ki, bu il 60 illiyini qeyd edən Avropa Şurası bizim ölkəmizə qarşı bu dərəcədə qeyri-obyektiv addım atmaqdan çəkiləcək. Yenə də deyirəm ki, Azərbaycan tərəfi heç bir məruzədən və məruzəçidən nə qorxmur, nə də çəkinmir. Ancaq məruzəçinin təyin olunması obyektiv olmalıdır. İnsan haqlarının öyrənilməsi həm Azərbaycanda, həm regionda, həm də Avropada çox vacib məsələdir. Yaxşı olar ki, regiondakı digər ölkələrin real vəziyyəti bu quruma doğru çatdırılsın.

 

 

K.HACIYEV 

 

Kaspi.- 2009.- 7-9 fevral.- S. 4.