Azərbaycanda azuşaqlılığa meyil özünü göstərməkdədir 

 

Hicran Hüseynova: "Qadınlarımız ilk növbədə ana olmaq borcunu yerinə yetirməlidirlər"

 

Bu gün Avropa dövlətlərinin üzləşdiyi ən ciddi problemlərdən biri də əhalinin qocalmasıdır. Buna səbəb isə Avropa ölkələrindəki ailələrin çoxuşaqlılıqdan imtina etməsidir. İndi avropalı ailələrdə 1, bəzi hallarda isə 2 uşağın böyüməsi artıq ənənə halını alıb. Bu isə son nəticədə əhalinin yaşlı hissəsinin sayının gənc nəslə nisbətən artması ilə nəticələnir. Bəzi mülahizələrə görə, artıq Azərbaycan da belə bir problemlə üzləşmək ərəfəsindədir. Çünki son vaxtlar Azərbaycan ailələri də daha çox 2 uşaq böyütməyə üstünlük verirlər. Ekspertlərə görə, bu, gələcəkdə ölkədə demoqrafik problemlər yarada bilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da bu fikirdədir. Onun fikrincə, Azərbaycan gələcək demoqrafik problemlərdən yan qaçmaq üçün indidən qabaqlayıcı adımlar atmalıdır.

- Hicran xanım, bugünlərdə Əmək Məcəlləsinin yeni variantının ictimai müzakirəsi zamanı belə bir fikir işlətdiniz ki, Azərbaycanda yaxın gələcəkdə demoqrafik problem yarana bilər. Sizcə belə bir problemin yaranmasına səbəb olan amillər hansılardır?

- Bəli, doğrudan da, sözügedən məcəllənin müzakirəsi zamanı qarşıdan gələn illər ərzində Azərbaycanda demoqrafik problemin yarana biləcəyi ehtimalı ilə bağlı fikirlərimi və narahtçılığımı ifadə etdim. Bu da səbəbsiz deyil. Qeyd edim ki, bizim komitə YUNİSEF təşkilatı ilə bu yöndə mütəmadi araşdırmalar, monitorinqlər aparır. Bunların nəticəsi olaraq belə bir ilkin təəssürat yaranır ki, digər ölkələrlə müqayisədə Azərbaycanda demoqrafiya problemləri yoxdur. Ancaq mənim şəxsi qənaətim belədir ki, bununla kifayətlənməməli, yerimizdə sakit dayanmamalıyıq. Ona görə ki, demoqrafiya çox incə və həssas bir problemdir. Son dövrlər apardığımız monitorinqlərin nəticələri də göstərir ki, Azərbaycan qadınları bir və yaxud iki övlad dünyaya gətirməyə meyillidirlər. Yəni Azərbaycan qadınları arasında azuşaqlılığa meyil özünü göstərməkdədir. Bu isə bizi bir qədər narahat edir və demoqrafiya sahəsində yaşanacaq gələcək problemlərdən xəbər verir...

- Sizcə bu tendensiyanın kökündə nə dayanır?

- Bilirsiniz, bunun çoxsaylı səbəbi ola bilər. Amma ilk növbədə ailədaxili münasibətlərdən irəli gələn problemlərə, o cümlədən cəmiyyətimizdə hələ də müşahidə olunan sosial problemlərə və digər məqamlara diqqətlə yanaşmalıyıq. Yeri gəlmişkən, baxmayaraq ki, son dövrlər bizdə ana və uşaq ölümü əvvəlki illərlə müqayisədə azalmaq üzrədir, yenə də bu problem qalmaqdadır. Biz bu yöndə də araşdırmalar aparırıq və görürük ki, yaşlı nəsil faiz etibarilə getdikcə daha çoxalır, gənc nəsil isə azalır. Bu tendensiya, ümumiyyətlə, dünyada mövcuddur. Özü də qeyd edim ki, bu problem Qərb ölkələrində daha qabarıq şəkildə özünü göstərməkdədir, bizdə hələ ki, bu məsələ təhlükə doğuracaq həddə deyil. Lakin bir daha qeyd edirəm ki, bizdə də belə bir problem artıq özünü birüzə verməkdədir. Ona görə də bu haqda indidən ciddi şəkildə fikirləşməli, götür-qoy etməli, lazımi addımlar atmalıyıq.

- Dövlət Komitəsi bu yöndə hansı addımları atır?

- Biz bu məsələ ilə mütəmadi olaraq məşğul oluruq. Dövlət başçısına da dərin minnətdarlığımızı bildiririk ki, 2009-cu ili Azərbaycanda "Uşaq ili" elan edib. Bu il bizim görəcəyimiz işlərin bir qismi də elə bu problemlə əlaqəli olacaq.

- Hicran xanım, sizcə son vaxtlar Azərbaycan qadınları nəyə görə qız uşaqlarından imtina edirlər?

- Biz bu məsələni dəfələrlə qaldırmışıq, gündəmə gətirməyə çalışmışıq. Hətta Azərbaycan qadınlarının 3-cü qurultayında ölkənin birinci xanımı hörmətli Mehriban Əliyeva da bu məsələ ilə bağlı çıxış etmiş, öz narahatçılığını dilə gətirmiş və xüsusilə bir məqamı diqqətə çatdırmışdı ki, təəssüflər olsun, bizdə bəzi ailələr öz övladlarını uşaq evlərinə verirlər. Yəni bu gün elə uşaqlar var ki, onların hər iki valideyninin sağ olmasına baxmayaraq, uşaq evlərində yaşamaq məcburiyyətindədirlər. Bunun özü də elə bilirəm ki, böyük bir problemdir. Bundan başqa, burada ikinci problem də odur ki, indiki dövrdə bəzi qadınlar karyera dalınca getməyə daha çox üstünlük verirlər. Onların fikrincə, ailə qurmaq, uşaq dünyaya gətirməklə bağlı məsələlər gözləyə bilər. Bu isə bir o qədər də düzgün yanaşma deyil, çünki Qərb ölkələrində artıq bunun fəsadları özünü göstərməkdədir. Bir qədər konkret şəkildə desək, 29-30 yaşlarından sonra qadınlarda uşaq, övlad dünyaya gətirmək daha riskli olur. Bu da nəticə etibarilə qeyd etdiyimiz problemlərin yaranmasına gətirib çıxarır. Bu baxımdan hesab edirəm ki, burada səhiyyə ilə bağlı profilaktik tədbirlərin, qadınlar arasında maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var. Eyni zamanda, biz apardığımız maarifləndirmə işlərinin nəticəsi olaraq inanırıq ki, qadınlarımız əldə etdikləri məlumatlar, informasiyalar əsasında hamiləliyə daha yaxşı hazırlaşa biləcəklər. Bu yerdə onu qeyd etmək istəyirəm ki, bu kimi halların ortaya çıxmasında həmçinin bəzi gənc ailələrin mənzil təminatının yaxşı olmaması dayanır. Belə demək mümkünsə, bəzi gənc ailələr mənzil təminatlarının yaxşı olmadığını əsas gətirərək, dünyaya uşaq gətirməyi sonraya saxlamağa üstünlük verirlər. Bunun özü isə sonradan digər problemlərin yaranması ilə nəticələnir. Yəni sonradan həmin ailələrdə övlad dünyaya gəlmir. Dövlət Komitəsi olaraq bu problemləri araşdırır, onların aradan qaldırılması istiqamətində bir sıra addımlar atırıq və atmağı nəzərdə tuturuq. Mən inanıram ki, bu addımların yekunda müsbət, arzuladığımız nəticə özünü göstərəcək.

- Hicran xanım, bu yaxınlarda Dövlət Statistika Komitəsi belə bir məlumat açıqladı ki, Azərbaycanda əvvəlki illərlə müqayisədə ötən il xüsusilə gənc ailələr arasında boşanma halları çoxluq təşkil edib. Sizcə bu, nə ilə əlaqədardır?

- Bilirsiniz, burada yuxarıda qeyd etdiyim kimi, sosial problemlər müəyyən qədər rol oynaya bilər. İkincisi, bu, gənclər - ərlə arvad arasında düşüncə fərqlərinin, karyera məsələsinin ortaya çıxmasından irəli gələ bilər və sair. Biz apardığımız maarifləndirmə işləri zamanı da əsas diqqəti ona yönəltməyə çalışırıq ki, gənc qızlarımız, qadınlarımız ilk növbədə ana olmaq borcunu yerinə yetirməlidirlər. Oğlanlar, kişilər isə daha çox ailə başçısı funksiyasını yerinə yetirməyə çalışmalıdırlar. Ancaq əfsuslar olsun ki, bəzi oğlanlarımız bu funksiyanı yerinə yetirmək üçün özlərində güc, təpər hiss etmirlər. Onlar çox zaman gözləyirlər ki, kənardan kimlərsə - xüsusilə ailə üzvləri onlara kömək edəcəklər. Bunlar da təbii ki, ailədaxili problemlərin yaranmasına, boşanmaların sayının artmasına gətirib çıxarır. Ona görə hesab edirəm ki, oğul övladı böyüdənlər elə etməlidirlər ki, onların övladları həqiqətən də sabahın əsl kişisi, ailə başçısı kimi yetişsin, formalaşsın. Yeri gəlmişkən, mən problemlərlə yanaşı, gənc ailələr arasında müşahidə olunan müsbət bir məqamı da dilə gətirmək istəyirəm. Bu məqam da ondan ibarətdir ki, son dövrlər gənc ailələr - ərlə arvad arasında bir bərabərhüquqluluq hissi yaranmaqdadır. Yəni onlar həm işləməyə, həm ailələrini saxlamağa, həm də ailənin əsas mənbəyi sayılan övlad dünyaya gətirməyə cəhd göstərirlər. Ancaq belə ailələrin sayı hələ ki, azlıq təşkil edir. Odur ki, bu istiqamətdə də geniş işlər aparılmalıdır.

- Son olaraq qızlarla bağlı erkən nikah yaş həddinin neçə olması məsələsinə də münasibətinizi bilmək istərdik...

- Bildiyiniz kimi, Azərbaycanda qızlar arasında erkən nikah yaş həddi 17 yaş müəyyən olunub. Ancaq dünyada, elə bizim qoşulduğumuz uşaq hüquqları haqqında müvafiq konvensiyada da erkən nikah yaş həddi 18 yaş göstərilib. Demək istəyirəm ki, bu məsələ bizi də düşündürür, narahat edir. Biz də istəyirik və çalışırıq ki, Azərbaycanda da qızlarla bağlı erkən nikah yaş həddi 18 yaş olsun. Açığını deyim, bunu beynəlxalq təşkilatlar da bizdən tələb edir. Bu baxımdan inanıram ki, nəhayət, bu il bu məsələ öz həllini tapacaq.

 

 

İ.QULİYEV 

 

Kaspi.- 2009.- 7-9 fevral.- S. 11.