Yubiley olacaq!
İlham
Namiq Kamalı teatr sahəsindəki xidmətlərinə
görə mükafatlandırılıb
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev 60 yaşı yenicə
tamam olan Musiqili Komediya Teatrının aktyoru İlham Namiq
Kamalı teatr sahəsindəki xidmətlərinə görə
mükafatlandırıb. Ə.Qarayevin bu münasibətlə
imzaladığı əmrdə İlham Namiq Kamalın
yaradıcılığı yüksək qiymətləndirilib,
onun yubileyinin keçirilməsi Musiqili Komediya Teatrının
rəhbərliyinə həvalə edilib. İlham Namiq Kamal
1966-cı ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun "Dram-kino aktyorluğu" fakültəsinə
daxil olub. 1972-ci ildə Akademik Milli Dram Teatrına dəvət
alan aktyor bu səhnədə Müsyö Yordan və Dərviş
Məstəli şah ("Müsyö Yordan və Dərviş
Məstəli şah"), Sarı Qarayev ("Varlı
qadın"), Zaman müəllim ("Bu dünyanın
adamları"), Gülən adam ("Hərənin öz
payı"), Kişi ("Mənim ərim dəlidir"),
doktor Qaratay ("Afət") kimi rollarda
çıxış edib.
1989-cu
ildən Dövlət Gənclər Teatrında
çalışan İlham Namiq Kamal burada Məsuliyyətsiz
("Çarəsiz sərnişinlər"), Dadaşbala
("Dadaşbala əməliyyatı"), Sultanqulu
("Sultanqulu körpüsü"), Kələntər
("Dağ tikirik"), Daniel ("Arvadımın
qatili"), Kazbek ("Arvadımın əri özüməm")
kimi baş rolların ifaçısı olub.
Elə
həmin vaxtlardan Azərbaycan Dövlət Gənclər
Teatrında işləməklə yanaşı, Musiqili
Komediya Teatrında da aktyor kimi çalışan İlham Əhmədov
bu teatrda Albadam ("Sevgilimin anası və yaxud evlənmə
əməliyyatı"), Adil ("Qarğa məndə qoz
var"), polkovnik Mikayıl ("Qısqanc ürəklər"),
İbad İbadov ("Mən dəyərəm min cavana"),
Meydan ("Şeytanın yubileyi"), eyni zamanda rus bölməsində
Eduardo de Flipponun librettosu əsasında Fərəc Qarayevin bəstələdiyi
"Filumeno Marturano" komediyasında Dominseko Soriano kimi
obrazları yaradıb.
Aktyor
"Azərbaycanfilm"in istehsal etdiyi ekran əsərlərinə
də çəkilib. Onun İlqar ("Qayınana"), Əbdürrəhman
(iki seriyalı "Qəribə adam"), MİS müdiri
("Arvadım mənim, uşaqlarım mənim"),
Yurnalist ("Uzun ömrün akkordları"), Əli
("Qızıl qaz"), Anar ("Bəyin
oğurlanması") filmlərindəki rolları daha
çox yaddaqalandır. Onlarca televiziya verlişində satirik
obrazlarda, "Mozalan" satirik kinoyurnalında yüzə
yaxın bədii süyetdə uğurla çıxış
edən aktyor bu gün tamaşaçıların sevimlisinə
çevrilib.
İlham
Namiq Kamal 1997-ci ildən pedaqoyi fəaliyyətlə də məşğuldur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində kafedra müdiri, professordur.
2000-ci
ildə "Qızıl Dərviş" mükafatına
layiq görülüb, Prezident
mükafatçısıdır.
İlham
Namiq Kamal 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar
artisti, 2002-ci ildə Xalq artisti fəxri adları ilə təltif
olunub.
Hazırda
mədəniyyət və turizm nazirinin əmrinə uyğun
olaraq Musiqili Komediya Teatrında aktyorun yubiley gecəsinə
geniş hazırlıq işləri görülür. Gecənin
ssenarisini yazıçı Maarif Məmmədov yazacaq.
İstedadlı reyissor, Prezident mükafatçısı Əskər
Əskərovun quruluşunda tamaşaçılara təqdim
olunacaq yubiley gecəsində teatrın bütün kollektivi
iştirak edəcək. Aktyorun həyat və
yaradıcılığından bəhs edən yubiley sərgisini
isə teatrın rəssamları Mirteymur Mirsəlimov və Fərid
Nəcəfov ərsəyə gətirəcək. Novruz
bayramı ərəfəsində nəzərdə tutulan
yubiley gecəsi tamaşaçılara əsl bayram sovqatı
olacaq.
Təranə
Kaspi.-2009.- 11 fevral.-S.12.