Bakalavr
ixtisaslarının sayı kəskin azaldılıb
Məleykə
Abbaszadənin sözlərinə görə, bu, qəbul
planının azalması deyil
Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən
"Abituriyent" jurnalının 1-ci sayı artıq nəşr
edilib. Jurnalda 2009/2010-cu tədris ili üçün respublika
ali məktəblərinə və orta təhsil bazasından
orta ixtisas məktəblərinə qəbul qaydaları, Nazirlər
Kabineti tərəfindən təsdiqlənmiş bakalavr
ixtisasları siyahısı öz əksini tapıb. Ali və
orta ixtisas məktəblərinə, hərbi liseylərə qəbul
proqramları, xüsusi təyinatlı məktəblərə
qəbul elanı, fənlər üzrə test
tapşırığı nümunələri də jurnalda
yer alıb. Gözlənilən yeniliklərə gəlincə,
bu barədə dünən Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasında keçirilən mətbuat
konfransında TQDK sədri Məleykə Abbszadə məlumat
verib. Qəbul qaydalarından danışan komissiya sədri
bildirib ki, ali və orta ixtisas məktəblərinə ərizə
qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər
TQDK tərəfindən təyin olunacaq vaxtda internetdə
özlərinə aid məlumatları, ixtisas qrupu və
bölmələrini göstərməklə "Elektron ərizə"
dolduracaqlar. Daha sonra təyin olunmuş müddətdə
müvafiq sənədlərini Sənəd Qəbulu
Komissiyasına təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər.
Qəbul imtahanları keçirildikdən sonra abituriyentlər
topladıqları ballara və müsabiqə şərtlərinə
uyğun olaraq "Elektron ərizə"lərində qəbul
olmaq istədikləri ixtisas kodlarını qeyd edəcəklər:
"Abituriyentlərin əvvəllər olduğu kimi, ərizələrində
öz istəklərinə uyğun 8-dək ixtisas kodu qeyd etmək
hüququ var".
İctimai elmlər düzgün qiymətləndirilmir
M.Abbaszadə
qəbul qaydalarına edilmiş əsas dəyişikliklərdən
də söz açıb. Belə ki, müsabiqə zamanı
ümumi balı eyni olan iki və daha çox abituriyentin
hamısını qəbul planı çərçivəsində
yerləşdirmək mümkün olmadıqda nəzərə
alınan göstəricilər siyahısına "əsas fənlər
üzrə attestat qiymətlərinin cəmi" daxil edilib. M.Abbaszadə
bildirib ki, TQDK yerləşdirmə zamanı attestat qiymətlərinin
qəbul nəticələrinə təsir göstərməsinin
tərəfdarıdır. Amma biliyin səviyyəsi ilə
attestat qiymətləri üzrə qurumun mütəmadi
araşdırmaları məsələnin tam tətbiqinin hələlik
tez olduğunu göstərir. Komissiya sədri yalnız son illər
bu sahədə müəyyən nəticələrin
müşahidə olunduğunu deyib: "Xüsusilə də
bu, əlaçı uşaqlara aiddir. Onların sayı kəskin
azalıb, amma azalma ilə yanaşı, onlar əsasən
çox yaxşı nəticə göstərən
uşaqlardır. Əlaçıların çox az faizi
müəyyən fənlər üzrə nisbi bal olaraq 50
baldan aşağı nəticə göstərirlər. Ona
görə də ilkin olaraq qəbul qaydalarına belə dəyişiklik
eləmişik. Belə ki, plan yerləri əvvəlcədən
məlum olur. Eyni bal toplayanların arasında formal seçim
etmək üçün isə müvafiq fərqləndirici
göstəricilər lazımdır. Bundan sonra belə vəziyyət
yarananda TQDK əsas, yəni hər qrupda əmsalı ikiyə
bərabər olan fənlər üzrə nisbi attestat ballarının
cəmindən yararlanacaq". M.Abbaszadə növbəti illərdə
fərqləndirici göstəricilərin daha da təkmilləşdirilməsini
məqsədəuyğun saysa da, attestat qiymətlərində
bəzi fənlər üzrə qiymətləndirmənin hələ
də özünü doğrultmadığını deyib:
"Çox istəyərdik ki, gələcəkdə
ümumiyyətlə, eyni bal toplayan uşaqların ikinci mərhələdə
nisbi balları yox, attestat üzrə balları müqayisə
olunsun. Amma görürük ki, ən yaxşı qiymətləndirmə
dəqiq elmlər üzrə aparılır. Təəssüflər
olsun ki, ictimai elmlər üzrə qiymətləndirmə əsas
bilikləri əks etdirmir".
İxtisasların qrupları dəyişdirilə
bilər
Qəbul
qaydalarında nəzərdə tutulan digər yenilikdən də
söz açan komissiya sədri bunun xüsusi qabiliyyət tələb
edən ixtisaslarla bağlı olduğunu deyib. Belə ki,
xüsusi qabiliyyət tələb edən pedaqoji, idman və
texnoloji ixtisaslar üzrə müsabiqə test
imtahanlarının nəticələrinə əsasən
aparılacaq. Bu ixtisaslar üzrə qabiliyyət
imtahanlarının nəticələri "məqbul" və
ya "qeyri-məqbul" qiymətləndiriləcək. Digər
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə
müsabiqə isə abituriyentlərin qabiliyyət
imtahanlarında topladığı orta bal əsasında
aparılacaq. Ancaq bu zaman abituriyentin müsabiqəyə
buraxılması üçün onun qabiliyyət
imtahanındakı orta balı və test imtahanında
topladığı ümumi bal TQDK tərəfindən müəyyən
edilmiş tələblərə uyğun olunmalıdır.
Bakalavr ixtisaslarına gəlincə, TQDK sədri
bildirib ki, həmin siyahı Nazirlər Kabinetinin 12 yanvar 2009-cu
il tarixli qərarı ilə təsdiq edilib. Qərar "Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə
bağlı bəzi tədbirlər haqqında" ölkə
başçısının sərəncamının
icrası ilə bağlı verilib. M.Abbaszadə qeyd edib ki, bu
il bakalvr pilləsinə qəbul "Ali təhsilin bakalavr pilləsi
ixtisaslarının siyahısı"nda yer alan ixtisaslar
üzrə aparılacaq: "Bu siyahı yeni ixtisaslarla
yanaşı, müəyyən köhnə ixtisasları da cəmləşdirir.
İxtisasların sayı kəskin azalıb. Amma bu o demək deyil ki, qəbul
planı da azalacaq. Sadəcə, ixtisaslar ümumiləşdirilib".
Komissiya sədrinin sözlərinə görə, 2009/2010-cu tədris
ili üçün respublika ali məktəblərinə 149
adda bakalavr ixtisası üzrə qəbul aparılacaq. Bu
ixtisaslar üzrə qəbul planı isə həmişə
olduğu kimi, qəbul imtahanları ərəfəsində təqdim
olunacaq. İxtisasların bir istiqamət üzrə cəmləşdirilməsinə
gəlincə, bu, ölkənin Boloniya prosesinə
qoşulması ilə əlaqədardır: "İstəyirik
ki, bizim uşaqların oxuduğu proqramlar Avropada qəbul
olunan proqramlara uyğun olsun. Bu ixtisasların
siyahısını YUNESKO-nun ali məktəblər
üçün təqdim olunan ixtisasları ilə müqayisə
etsək, demək olar ki, tam üst-üstə
düşür. Müəyyən ixtisaslar var ki, yalnız Azərbaycana
aiddir. Bu il ixtisasları çap edəndə hansı
ixtisasın hansı qrupa aid olduğunu da qeyd etmişik.
Çünki abituriyentlər ali məktəblərə
hazırlaşanda konkret ixtisas seçimində öz
qruplarını da seçirlər. Bu il
çalışmışıq ki, əvvəlki qruplar
üzrə olan ixtisaslar həmin qruplarda da cəmləşdirilsin".
Amma gələcəkdə bu sahədə müəyyən dəyişikliklər
edilə bilər. Belə ki, ali məktəblərə yeni tədris
proqramlarını tərtib etmək tapşırığı
verilib: "Hələlik bu proseslər davam edir. İlin
axırına qədər nəticələr, proqramlar əldə
olunduqdan sonra ixtisasların qrupları dəyişdirilə bilər".
Xarici
dildən imtahan fənləri sırasına rus dili də daxil
ediləcək
Komissiya
sədri ali və orta ixtisas məktəblərinə qəbul
proqramlarından da danışıb. Belə ki, TQDK-nın nəzdində
fəaliyyət göstərən fənlər üzrə
elmi-metodiki seminarlarda aparılan təhlillər, müzakirələr
nəticəsində 2009/2010-cu tədris ili üçün
ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının
proqramları hazırlanıb: "Proqramlar qüvvədə
olan məktəb proqramlarına və dərsliklərə
tamamilə uyğun tərtib olunub".
Orta
ixtisas məktəblərinə əsas təhsil bazasından
(9 illik) qəbul imtahanı proqramlarına gəldikdə isə
bu istiqamət üzrə təhsil almaq istəyənlər
Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verirlər.
Hərbi
litseylərə qəbul imtahanı proqramlarından da söz
açan M.Abbaszadə deyib ki, həmin təhsil müəssisələrinə
qəbul olmaq arzusunda olan gənclər Azərbaycan dili,
riyaziyyat, fizika və kimya fənlərindən imtahan verirlər.
TQDK sədri xüsusi təyinatlı məktəblərə qəbul elanlarından da danışıb. Onun sözlərinə görə, xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Polis Akademiyasına, Ali Hərbi Məktəbə, Tibb Universitetinin Ali Hərbi Tibb Fakültəsinə, Orta Hərbi Tibb Məktəbinə və Hərbi liseylərə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verilməlidir: "Yurnalda yuxarıda qeyd olunan tədris müəssisələrinə sənəd qəbulunun tarixi, tələb olunan sənədlərin siyahısı və digər zəruri materiallar dərc olunub. Bu bölmədə Türkiyə Respublikasının Quru Qoşunlarının Ali Hərbi Məktəbinə və Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə qəbul elanları da təqdim olunub".
Model test tapşırıqlarının nəşrindən də danışan TQDK sədri bildirib ki, onlar imtahanların çətinliyini abituriyentlər üçün əvvəlcədən təyin etməyə imkan verir: "Test tapşırığı nümunələri yurnalın bu sayında dərc edilib. Abituriyentlər bu testlər vasitəsilə öz hazırlıq səviyyələrini yoxlaya, növbəti qəbul imtahanlarında onlara təqdim olunacaq sualların məzmununu müəyyənləşdirə bilərlər. Növbəti bölmədə həmin test tapşırıqlarının düzgün cavabları və balların hesablanması qaydası da verilib. Apreldə keçiriləcək sınaq imtahanları da məhz bu model testlərin əsasında aparılacaq".
Xüsusi qabiliyyət ixtisaslarını seçənlər də diqqətdən kənarda qalmayıb. Komissiya sədrinin sözlərinə görə, TQDK xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərə elmi-metodiki kömək məqsədilə "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsaitlər çap edib. Vəsaitdə əksini tapan materialların həcmi geniş olduğuna görə və onların abituriyentlər tərəfindən asan qavranılması, eləcə də abituriyentlərin ixtisas seçimi istəkləri nəzərə alınaraq onlara xüsusi qabiliyyət tələb edən ixtisasların istiqamətlərinə uyğun olaraq 5 kitabça da nəşr edilib. Bu kitabçalar Təsviri sənət, Musiqi sənəti, Memarlıq və dizayn, Teatr, kino və xoeoqrafiya sənəti, Bədən tərbiyəsi və idman adı altında nəşr edilib. Vəsaitlərdən qabiliyyət ixtisaslarının yığcam xarakteristikası və onların hansı ali məktəblərdə mövcud olması haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər və s. təqdim olunur. 9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə də müvafiq materiallar da ilk dəfə olaraq dərc edilib.
Növbəti illərdə gözlənilən dəyişikliklərə gəlincə, bu məlumatlar da jurnalda yer alıb. Belə ki, 2010-cu ildən etibarən ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənləri sırasına rus dili fənni də daxil ediləcək.
HƏQİQƏT
Kaspi.-2009.-11 fevral.-S.9.