Çirkli pulların yuyulmasını çətinləşdirən qanun qəbul edildi

 

Qanunun icrasına nəzarəti həyata keçirmək üçün maliyyə nəzarəti orqanı yaradılacaq

 

Milli Məclisin dünənki iclası cari məsələlərin müzakirəsi ilə başladı. Müzakirələrdə çıxış edən millət vəkilləri onları narahat edən müxtəlif məsələlərə toxundular.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Qubadakı kütləvi məzarlığın məhv olmaq təhlükəsi ilə üzləşdiyini bildirdi. Onun sözlərinə görə, məzarlığın qorunması istiqamətində işlərin aparılması üçün prezident sərəncamına ehtiyac var. Millət vəkili spikerdən xahiş etdi ki, bu problemin həll olunmasında səlahiyyətlərindən istifadə etsin.

Millət vəkili paytaxtın mərkəzi küçələrində "Dövlət dili haqqında" qanunun tələblərinin pozulmasına da diqqət yetirdi. Onun sözlərinə görə, xüsusilə də Nizami, Səməd Vurğun, Hüseyn Cavid prospektlərindəki mağazalarda satıcılar alıcıların suallarını rus dilində cavablandırırlar. Bu küçələrdəki reklamlar və restoranların menyuları da rus dilindədir. Millət vəkili dedi ki, qanunvericilik bu cür hallara yol verənlərin inzibati qaydada məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. Amma bugünə qədər dövlət dili ilə bağlı qanunu pozan heç bir vətəndaş cəzalandırılmayıb. "Müvafiq icra strukturları bu məsələ ilə bağlı monitorinlər aparmalı və qanun pozuntusuna yol verənləri cəzalandırmalıdırlar" - deyə F.Ağamalı vurğuladı.

 

Xarici radiostansiyalarla bağlı müzakirələr bitməlidir

 

İclasda Milli Televiziya və Radio Şurasının xarici radiostansiyaların FM tezliyində yayımının dayandırılması ilə bağlı qərarı da müzakirə mövzusu oldu. Milli Məclis sədrinin müavini Bahar Muradova bildirdi ki, Azərbaycanda xarici radiostansiyaların milli tezlikdə yaymının dayandırılması ətrafında müzakirələr birdəfəlik bağlanmalıdır. Çünki xarici radiostansiyaların yayımı dayandırılmayıb. Onların yayımı qanunvericiliyin tələbələrinə uyğunlaşdırılıb. Vitse-spikerin fikrincə, MTRŞ-nin xarici radiostansiyalarla bağlı qərarı tamamilə qanunauyğundur və hamı tərəfindən qəbul olunmalıdır. B.Muradova onu da dedi ki, bəziləri xarici radiostansiyaların milli tezlikdə yayımının dayandırılmasını gündəlik mövzuya çeviriblər. "Azərbaycanda qanunvericiliyin aliliyi hər şeydən üstündür" - deyə vitse-spiker vurğuladı.

 

Deputatlar türk seriallarına baxmaq istəyir

 

İclasda MTRŞ-nin türk seriallarının Azərbaycan dilinə tərcümə olunması barədə qərarı də müzakirələrə səbəb oldu.

Bu barədə məsələ qaldıran Müsavat deputat qrupunun təmsilçisi, millət vəkili Pənah Hüseyn bildirdi ki, teleradio yayımını tənzimləyən qanunda türkdilli verilişlərin, filmlərin dövlət dilinə tərcümə edilməsi ilə bağlı heç bir imperativ norma yoxdur. Bu baxımdan MTRŞ-nin türk seriallarının Azərbaycan dilinə tərcümə olunması ilə bağlı qərarı səhvdir. "Bu qərar ləğv olunmalı və türkdilli verilişlərin, filmlərin yayımına imkan yaradılmalıdır" - deyə millət vəkili vurğuladı.

Vitse-spiker Bahar Muradova isə dedi ki, qanunların tətbiq edilməsi hansısa digər dilin sıxışdırılması kimi başa düşülməməlidir. "Biz müxtəlif dilləri mənimsəyib danışa bilərik. Amma bu bizim dövlət dilimizin sıxışdırılması hesabına həyata keçirilməməlidir. Nə qədər bizə yaxın dillər olsa da, hər bir millətin öz dövlət dili var. Dövlət dilinin tətbiqi ilə bağlı görülən tədbirləri süngü ilə qarşılamaq olmaz" - deyə B.Muradova vurğuladı.

 

Arzu Səmədbəylidən populist təkliflər

 

Müsavat deputat qrupunu təmsil edən millət vəkili Arzu Səmədbəyli populist təkliflərlə çıxış etdi. O bildirdi ki, qlobal böhranın ölkə vətəndaşlarına təsirinin azaldılması üçün qazın, elektrik eneryisinin və suyun qiyməti iki dəfə aşağı salınmalıdır. Onun bu təklifi iclasa sədrlik edən spiker Oqtay Əsədov tərəfindən etirazla qarşılandı: "Siz həmişə populist çıxışlar edirsiniz. Dünyadakı maliyyə böhranının Azərbaycana da təsir etməsi sizin arzunuzdur. Lakin bunu görməyəcəksiniz".

 

Şəbəkə oyunları deputatları narahat edib

 

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu deputat seçildiyi Sabunçu rayonunda qanunsuz tikilmiş evlərin sökülməsinə diqqəti çəkdi. O qeyd etdi ki, bu evlərin çoxunun heç bir sənədi yoxdur. Evlərin sökülməsi ilə bağlı məhkəmələr tərəfindən də qətnamələr qəbul edilib. "Məhkəmələrin çıxardığı qərar təbii qəbul edilməlidir. Lakin həmin evlərdə yaşayanlar da Azərbaycan vətəndaşlarıdır. İmkan daxilində hökumət həmin evlərdə yaşayanlara kompensasiya verməlidir" - deyə millət vəkili vurğuladı.

Millət vəkili son vaxtlar ölkədə geniş yayılmağa başlayan şəbəkə oyunlarına da son qoyulmasını tələb etdi. Onun sözlərinə görə, bu cür oyunlarda yüzlərlə insan aldadılır. Millət vəkilinin fikrincə, Daxili İşlər Nazirliyi şəbəkə oyunlarının qarşısını almaq üçün əhali arasında qeyri-rəsmi maarifləndirmə işi aparmalıdır.

Millət vəkili Əhəd Abıyev də bu təklifi dəstəklədi. O qeyd etdi ki, şəbəkə oyunlarının təşkilatçıları regionlara da ayaq açıblar: "Bu işlə məşğul olanlar insanlardan 100 min manatlarla pul yığıblar. Adını da qoyurlar ki, xaricdəki uşaq evlərinə kömək edirik. Şəbəkə biznesinə cəlb olunanlar əvvəlcə 500 manat ödəməli, sonra isə iki nəfəri də bu işə cəlb etməlidirlər. Bu, xalqın pulunun dolayı yolla yeyilməsidir.

 

Uşaq əməyindən istifadə halları artıb

 

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə son vaxtlar ölkədə uşaq əməyindən istifadə hallarının artdığını bildirdi. Onun sözlərinə görə, belə hallara daha çox restoranlarda rast gəlinir. Əyinlərinə bəzəkli paltar geyindirilmiş uşaqlar restoranın qapısı qarşısında saatlarla bəylə gəlini gözləyirlər. Bəylə gəlin gələndə isə onların ayaqları altına gül səpirlər. Bundan əlavə, restoranlarda gecə saatlarında işləyən uşaqlardan ibarət rəqs qrupları da fəaliyyət göstərir. Hətta uşaqları onların əxlaqlarına mənfi təsir göstərə biləcək, yaşlarına uyğun olmayan rəqslərə də məcbur edirlər. Millət vəkili restoranlarda uşaq əməyindən istifadənin qarşısının alınmalı olduğunu bildirdi. Onun sözlərinə görə, bu cür hallara yol verən restoran sahibləri cəzalandırılmalıdırlar.

Bitərəf millət vəkili Cəmil Həsənli isə iki həftədən sonra Xocalı faciəsinin 17-ci ildönümünün qeyd olunacağını xatırlatdı. Onun sözlərinə görə, aradan keçən illər ərzində faciənin günahkarlarının tapılması istiqamətində hansı işlərin görüldüyü barədə ətraflı məlumat yoxdur. C.Həsənli təklif etdi ki, hərbi prokuror bu məsələ ilə bağlı parlamentdə çıxış etməli və millət vəkillərini məlumatlandırmalıdır.

Mövzunu davam etdirən millət vəkili Pənah Hüseyn Hərbi Prokurorluğun Ermənistanın hərbi təcavüzü ilə bağlı yaydığı açıqlamalarda günahkarlar siyahısında Robert Köçəryanın və Sery Sarkisyanın adlarının olmamasına etiraz etdi. O, Hərbi Prokurorluğun bu məsələyə aydınlıq gətirməsinin məqsədəuyğun olduğunu bildirdi.

 

Pənah Hüseyn parlamentdən yardım istədi

 

Millət vəkili referendumda iştirak etmək üçün müxalifət partiyaları tərəfindən yaradılan təşviqat qruplarının qeydiyyatının Mərkəzi Seçki Komissiyası tərəfindən gecikdirilməsinə etiraz etdi. O, bu məsələdə Milli Məclisdən kömək istədi.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bu təklifin əleyhinə çıxdı. Onun sözlərinə görə, Milli Məclis MSK-dan heç bir təşəbbüs qrupunun qeydiyyata alınmasını xahiş edə bilməz. Çünki təşviqat qrupları xahişlə deyil, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq qeydiyyata alınırlar.

Məsələyə münasibət bildirən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirdi ki, dövlət orqanlarının səlahiyyətləri qanunvericiliklə müəyyənləşdirilir. Əgər referendum keçirilməsi haqqında qərarı Milli Məclis verirsə, təşviqat qruplarının qeydiyyata alınması səlahiyyəti MSK-ya məxsusdur: "Xatırlayırsınızsa, bir qədər əvvəl bir sıra müxalifət partiyaları parlamentə müraciət edərək referendumun keçirilməsi ilə bağlı qərarın ləğvini istəmişdilər. İndi isə müxalifəti təmsil edən təşviqat qruplarının qeydiyyatına kömək göstərilməsi xahiş edilir. Müxalifət düşərgəsində bu qədər dağınıq mövqeyin olması onların çaşqın vəziyyətə düşməsindən irəli gəlir".

 

Elmira Axundova televiziyalarda az göstərilməsindən narahatdır

 

Millət vəkili Elmira Axundova deputatların fəaliyyətinin kütləvi informasiya vasitələrində dolğun işıqlandırılmamasına toxundu. Millət vəkili dedi ki, Azərbaycanda deputatların fəaliyyətinin işıqlandırılması üçün parlament televiziyasının və ya ikinci ictimai kanalın yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, bu məsələni təkcə spikerin üzərinə qoymaq olmaz: "Gəlin bütün millət vəkilləri bir araya gələrək imza yığaq və Milli Televiziya və Radio Şurasına müraciət edək".

Təklifə münasibət bildirən O.Əsədov dedi ki, E.Axundovanın çıxışı onu pis vəziyyətdə qoyur. Belə çıxır ki, parlament televiziyasını spiker açmaq istəyir.

 

Çirkli pulları yumaq çətinləşəcək

 

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. Deputatlar "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsini üçüncü oxunuşda müzakirə etdilər. Bu barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov bildirdi ki, qanunun icrasına nəzarəti həyata keçirmək üçün maliyyə nəzarəti orqanı yaradılacaq. İkinci oxunuşdan sonra bu orqanın sahibkarların fəaliyyətinə əlavə problemlər yaratmaması üçün layihəyə bir sıra dəyişikliklər edilib. Dəyişikliyə əsasən, maliyyə nəzarətindən keçəcək pulun minimum məbləğini və əmlakın dəyərini müvafiq icra orqanı müəyyənləşdirəcək. Qanuna görə, maliyyə əməliyyatı həyata keçirən şəxs bu barədə müvafiq icra orqanına məlumat verməlidir. Qurum iki iş günü ərzində cavab hazırlamalıdır. Yeni yaranacaq qurum maliyyə monitorinqi zamanı şirkətlərin dövriyyəsini 72 saat ərzində dayandıra bilər.

İclasda iştirak edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı da qanun layihəsinin sahibkarlar üçün hər hansı təhdid yaratmadığını bildirdi. O qeyd etdi ki, bu qanunun qəbul edilməsi Avropa Şurasının da diqqət mərkəzindədir: "Gələn həftə cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə aparan Avropa Şurasının müvafiq qurumunun iclası olacaq. Həmin iclasa qədər qanunun qəbulu çox yaxşı olardı".

Müzakirələrdən sonra qanun layihəsi qəbul edildi.

 

 

İlham QULİYEV

 

Kaspi.-2009.-11 fevral.-S.6.