“Yataqxanaların olmasını universitetlərin qarşısında şərt kimi qoymalıyıq”

 

Fuad Muradov: "Söhbət gənclərin problemlərinin kompleks həllindən gedir"

 

Azərbaycan vətəndaşlarının ən ciddi problemlərindən biri də mənzil təminatı ilə bağlıdır. Hökumət problemin həlli ilə bağlı müxtəlif layihələr həyata keçirsə də, ortada ciddi nəticə yoxdur. Parlamentin daimi komissiyalarının son iclasında ölkədəki yataqxana infrastrukturunun bərpası təklifləri səsləndirildi. Qeyd edildi ki, mənzil probleminin aradan qaldırılması üçün həllini gözləyən məsələlərdən biri də yeni yataqxanaların tikilməsidir. Bu təklifi irəli sürənlərdən biri də Milli Məclisin deputatı, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov idi. O hesab edir ki, vətəndaşların sosial problemlərinin həll olunması dövlətin əsas vəzifələrindəndir:

- Biz hazırda sosial dövlət yaradırıq. Burada əsas məsələlərdən biri də insanların mənzillə təmin olunmasıdır. Məncə, ilk növbədə ali təhsil müəssisələrinin yataqxanaları fəaliyyətə başlamalıdır. Yataqxanaların olmasını biz universitetlərin qarşısında şərt kimi qoymalıyıq. Bunun üçün universitetlərə dövlət tərəfindən subsidiyalar da verilə bilər. Bizim əsas problemlərimizdən biri də uşaq evlərində yaşayan yeniyetmələrin 18 yaşına çatdıqdan sonra evsiz-eşiksiz qalmaları ilə bağlıdır. Xüsusilə də internatlarda yaşayan 18 yaşlı qızların bu cür vəziyyətə düşməsi çox böyük problemdir. Düzdür, internatlarda yaşayan oğlanlar da bu problemlə üzləşirlər. Amma qızlarla müqayisədə onlar özləri üçün şərait yarada bilirlər. Buna görə də dövlətin mənzil fondu olmalıdır ki, bu cür problemləri həll edə bilsin.

- Parlamentdə gənc ailələrin sosial müdafiəsi ilə bağlı qanun layihəsinin hazırlanacağı da bildirilirdi. Amma hələlik qanun layihəsi müzakirələrə təqdim olunmayıb.

- Bu qanunun qəbul olunması çox yaxşı olardı. Parlamentin müvafiq komissiyaları da gənc ailələrin sosial müdafiəsi ilə bağlı qanunvericilikdəki müddəaların daha da gücləndirilməsi ilə bağlı təklifləri müdafiə edirlər. Söhbət gənclərin problemlərinin kompleks həllindən gedir. Məsələn, biz Skandinaviya ölkələrində olduğu kimi, gənc ailələri ailə qurduqları ilk illərdə mənzillə təmin edə bilərik. Bəzi ölkələrdə gənc ailələr ailə qurduqdan sonrakı ilk 3, bəzilərində isə 6 ili müvəqqəti olaraq mənzillə təmin olunurlar. Onlar həmin müddətdə çox cüzi kirayə haqqı ödəyərək dövlətə məxsus mənzillərdə qalırlar. Həmin müddətdə gənc ailələr özlərinin mənzil problemini həll etməyə çalışırlar. Biz də bu təcrübədən istifadə edə bilərik. Ümid edirəm ki, qeyd etdiyiniz qanunu yaxın zamanlarda qəbul edə biləcəyik. Bu qanun layihəsi üzərində işləməyə keçən ildən başlamışıq. Amma bəzi texniki məsələlər dəqiqləşmə tələb edir. Bilirsiniz ki, bütün bu məsələlər maliyyə tutumludur. Ona görə də müvafiq qurumlarla razılaşdırılmalıdır.

- Siz bu günlərdə Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının Cənubi Qafqaz üzrə Mərkəzini təsis etmisiniz. Bu ideya necə gündəmə gəldi?

- Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində dövlət səviyyəsində iş aparılır. Məlum olduğu kimi, bu məqsədlə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Komissiya dövlətin korrupsiyaya qarşı mübarizə istiqamətində qəbul etdiyi proqramların icrasını həyata keçirir. O da məlumdur ki, müxtəlif beynəlxalq təşkilatlar dünya ölkələrinin korrupsiyaya qarşı mübarizə istiqamətində gördüyü işlərin hesabatını yayırlar. Bütün bunlar onu göstərir ki, korrupsiya problemi bütün dünyanı narahat edir. Azərbaycan bu istiqamətdə fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Ölkəyə maliyyə axınının böyük olduğu şəraitdə ictimai nəzarət mühüm əhəmiyyət kəsb edir. Bütün bunları əsas tutaraq millət vəkilləri - mən, Əli Hüseynov və Çingiz Əsədullayev Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının Cənubi Qafqaz üzrə Mərkəzinin Azərbaycanda yaradılması təşəbbüsü ilə çıxış etdik. Qeyd edim ki, bu təşkilatda hazırda 160-dan çox ölkənin parlamentarisi təmsil olunur. Belə demək mümkündürsə, bu təşkilat hazırda dünyada mövcud olan korrupsiya əleyhinə ən böyük şəbəkədir. Təşkilat dünyada korrupsiyaya qarşı mübarizə aparan bütün beynəlxalq qurumlarla əməkdaşlıq edir. Bizim təşəbbüsümüzə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya da müsbət rəy verdi. Biz komissiyanın tövsiyəsini nəzərə alaraq təşkilatın rəhbərinə müraciət etdik. Gürcüstan parlamentinin deputatları ilə apardığımız müzakirələrdən sonra regional mərkəzin Azərbaycanda yaradılmasını razılaşdırdıq. Qeyd edim ki, təşkilatda regional statusda təmsil olunmaq bizə əlavə imkanlar verəcək. Mərkəzimizin nümayəndələri təşkilatın əksər tədbirlərində iştirak imkanı əldə edəcəklər.

- Bu mərkəzin Azərbaycanda yaradılması bizə nə verəcək?

- Birincisi, nəzərə almaq lazımdır ki, Avropa ölkələrinin əksəriyyətində korrupsiyaya qarşı mübarizə tədbirlərinə nəzarət parlamentlərin əlindədir. Avropa ölkələrinin korrupsiyaya qarşı mübarizə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı çox mükəmməl təcrübələri var. Bu, bizim üçün maraq kəsb edir. Azərbaycan istəyir ki, həmin təcrübədən istifadə etsin. Biz avropalı həmkarlarımızla birlikdə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə bağlı birgə konfranslar keçirə bilərik. Onların nümayəndələrini Azərbaycana dəvət edərək fikirlərini öyrənmək də mümkündür. Onu da deyim ki, bu təşkilatda Azərbaycana böyük maraq var. Təşkilat rəhbərliyi bizə açıq şəkildə dedi ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Buna görə də təşkilatın regional nümayəndəliyinin Bakıda fəaliyyət göstərməsi təbiidir. Digər tərəfdən, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində yaxşı qanunvericilik bazasına malikdir. Bu təşkilata üzvlüklə biz dünya ölkələrində korrupsiyanın səviyyəsi ilə bağlı hazırlanan hesabatların işlənməsində iştirak edəcəyik.

- Təşkilatın Bakıda ofisi olacaqmı?

- Bəli, olacaq. Bu barədə təkliflərimizi təşkilat rəhbərliyinə təqdim etmişik. Müzakirələrdə biz dedik ki, bu mərkəzin digər ölkələrdə yaradılmasına da razıyıq. Amma son nəticədə mərkəz kimi Bakı seçildi. Bizim qarşımızda Ermənistanın regional təşkilatda iştirakı ilə bağlı şərt qoyulmadı. Amma biz özümüz başa düşürük ki, korrupsiyaya qarşı mübarizə hər bir dövlət üçün vacibdir. Gələcəkdə biz GUAM ölkələri ilə də əməkdaşlıq edəcəyik. Nəzərdə tutulur ki, təşkilatın rəhbəri Əli Hüseynov, icra qurumunun rəhbəri isə mən olum. Gürcüstan parlamentinin Hüquq komissiyasının sədri isə müavin olacaq.

- Əməkdaşlıq məsələləri ilə bağlı digər ölkələrin parlamentariləri ilə müzakirələr aparılırmı?

- Artıq bu istiqamətdə işlər başlayıb. Təşkilatın texniki imkanlarını formalaşdırdıqdan sonra ilk işimiz GUAM, Baltikyanı ölkələrin parlamentariləri ilə əlaqələrin yaradılması olacaq.

- Qeyd etdiyiniz kimi, Azərbaycanda korrupsiyaya qarşı mübarizə məsələləri ilə bağlı qanunvericilik bazası formalaşdırılıb. Bu qanunların icra səviyyəsi sizi qane edirmi?

- Bəli, bu problem cəmiyyətimizi narahat edir. Bizim təşkilat da qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, bu sahədə görülən işləri diqqətdə saxlayacaq. Biz bu istiqamətdə müəyyən proqramlar həyata keçirməyi planlaşdırırıq. Bilirsiniz ki, Avropa ölkələri bu sahədə çox böyük nailiyyətlər əldə ediblər. Biz onların təcrübəsini öyrənməyə çalışacağıq. Nəzərə almaq lazımdır ki, Azərbaycan yeni müstəqillik əldə etmiş dövlətdir. Bu baxımdan insanlarımızın maarifləndirilməsinə böyük ehtiyac var. Yəni korrupsiyaya qarşı mübarizə yalnız bir neçə qanunu qəbul etməklə həyata keçirilə bilməz. Bu prosesdə bütün ölkə vətəndaşları iştirak etməlidirlər. Bəzən insanlarımız özləri korrupsiyaya yol açırlar. Bu baxımdan, korrupsiyanın qarşısının alınması bir qədər vaxt tələb edir. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya bu istiqamətdə davamlı aparır. Ölkə prezidentinin tapşırığına əsasən, bu prosesdə ictimaiyyət iştirak etməlidir. Korrupsiyanın kökünün kəsilməsi üçün qanunlardan da vacib olan cəmiyyətin buna hazır olmasıdır. Görülən işlər kompleks xarakter daşımalıdır.

- Fuad müəllim, korrupsiyaya qarşı mübarizə tədbirlərindən biri dövlət qulluqçularının, məmurların gəlir bəyannamələrinin təqdim edilməsidir. Amma bu xeyli vaxtdır yubanır.

- Bu istiqamətdə gedir. Bizə bir az vaxt lazımdır. Yaxın vaxtlarda bu məsələ həllini tapacaq. Bilirsiniz ki, parlament hazırda çirkli pulların yuyulmasının terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasını nəzərdə tutan yeni qanunvericilik aktını müzakirə edir. Bu qanunda da məsələ konkret şəkildə qoyulur.

 

 

İlham QULİYEV

 

Kaspi.-2009.-10 fevral.-S.6.