Sosial ödənişlər
üzrə borc halları aradan qaldırılıb
Fərdi
uçot sisteminin inkişafı istiqamətində işlər
gücləndiriləcək
Dövlət Sosial Müdafiə
Fondunda (DSMF) ötən gün 2008-ci ilin yekunlarına həsr
olunmuş kollegiya iclası keçirilib. İclas barədə
məlumat verən fondun İctimaiyyətlə əlaqələr
sektorundan bildirilib ki, DSMF sədri Səlim Müslümov həyata
keçirilən genişmiqyaslı islahatlardan söz
açıb. Belə ki, islahatların tərkib hissəsi
kimi sığorta-pensiya sisteminin yenidən qurulması və
davamlı inkişafına nail olunması, həmçinin əmək
pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri 2008-ci ildə uğurla davam etdirilib.
Sığortaolunanların sayı
artıb
DSMF-nin ötən ildəki fəaliyyətinə gəlincə, ilkin məlumatlara əsasən, fondun gəlirləri 1395 milyon manat təşkil edib. Bu da 2007-ci ilə nisbətən 427 milyon manat və ya 44,1 faiz çoxdur: "2008-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2007-ci ilə nisbətən 39,3 faiz və ya 270,4 milyon manat artaraq 957,9 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatlarının ödədikləri məcburi dövlət sosial sığorta haqlarının məbləği keçən ilə nisbətən 37,1 faiz və ya 151,5 milyon manat, proqnoza nisbətən isə 17,7 milyon manat çoxdur". S.Müslümovun sözlərinə görə, bu artım ölkə üzrə əməkhaqlarının artımından 6 bənd yuxarı olmaqla fərdi uçotun tətbiqi dairəsinin genişləndirilməsi, uçotdan yayındırılan işçilərin və əməkhaqlarının leqallaşdırılması hesabına təmin edilib.
Bundan başqa, hesabat dövrü ərzində həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslərdən daxilolmalar 82 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 69 faiz artıb. Yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi əsasında qeydiyyatının təşkili ilə bağlı qeydə alınan sığortaolunanların sayı da sürətlə artıb.
2008-ci ildə qurumun xərclərinə gəlincə, bu, 1394 milyon manat olub. Fond sədri qeyd edib ki, hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond tərəfindən 1341 milyon manat vəsait yönəldilib: "Bu da əvvəlki ilə nisbətən 387 milyon manat və ya 41 faiz çoxdur. Pensiya xərcləri 2007-ci ilə nisbətən 41 faiz və ya 379 milyon manat artaraq 1306 milyon manat təşkil edib. 2008-ci ildə əhaliyə 35 milyon manat məbləğində müavinət ödənilib. Bunun da 38 faizi hamiləliyə və doğuma, 34 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 20 faizi dəfn, 8 faizi isə digər müavinətlərin payına düşür".
S.Müslümovun sözlərinə
görə, daxilolmaların səviyyəsi pensiya və
müavinətlərin vaxtında maliyyələşdirilməsinə
imkan verib: "Digər xərclər isə 53 milyon manat təşkil
edib. Bu da 2007-ci il üzrə göstəricidən
7 milyon manat və ya 3,5 faiz çoxdur. Ötən il prezidentin
müvafiq sərəncamları ilə yaşa görə əmək
pensiyasının baza hissəsi yanvarın birindən 60 manata,
sentyabrın birindən isə 75 manata
çatdırılıb, yəni təkcə 2008-ci il ərzində
50 faiz artırılıb". Eləcə də
ölkə başçısının əmək
pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi
ilə bağlı sərəncamına əsasən,
bütün pensiyaçıların 47 faizinin
pensiyasının sığorta hissəsinə 16,7 faizlik
artım tətbiq edilib: "Pensiyaçıların
ayrı-ayrı qrupları arasındakı əvvəlki
pensiya sisteminin yaratmış olduğu sosial ədalətsizliyin
aradan qaldırılması tədbirləri davam etdirilib. Bu məqsədlə qanunvericiliyə edilmiş dəyişikliyə
uyğun olaraq, əvvəllər əməkhaqqına məhdudiyyət
tətbiq edilməklə hesablanmış 90 min nəfərdən
artıq pensiyaçının əmək pensiyası məhdudiyyət
götürülməklə yenidən hesablanıb. Beləliklə,
pensiyalar orta hesabla 24 manat artırılıb. Hərbi
qulluqçular və xüsusi rütbəli şəxslərin
vəzifə maaşlarında baş vermiş artımlarla
bağlı həmin şəxslərin pensiyaları orta
hesabla 75 manat artıb". Dövlət
qulluqçularının məvaciblərinin
artırılmasına uyğun olaraq göstərilən
kateqoriyadan olan 8500 nəfərin pensiyası isə iyulun 1-dən
orta hesabla 50 faiz artırılıb. Praktikada ilk dəfə
olaraq bu artımlar barədə pensiyaçıların fərdi
məlumatlandırılması sistemi də tətbiq olunub.
1
milyon 490 min sosial sığorta nömrəsi verilib
Fond
sədri bildirib ki, əmək pensiyalarının minimum və
orta aylıq məbləği 2003cü ilin 1 oktyabr tarixinə
müvafiq olaraq 20 manat və 25 manat təşkil edib. 2008-ci
ilin 1 oktyabr tarixinə isə bu göstəricilər 3,8 dəfə
artaraq minimum pensiya üzrə 75 manat, orta aylıq pensiya üzrə
isə 96 manat olub: "Hesabat dövründə vətəndaşların
müəyyən olunmuş qrafikə uyğun olaraq qəbulu,
onların müraciətlərinə baxılması və
haqlı tələblərinin həll olunması da təmin
edilib. İl ərzində fondun mərkəzi
aparatına vətəndaşlardan 9632 müraciət daxil
olub".
S.Müslümovun sözlərinə görə, həyata
keçirilən islahat tədbirlərinə uyğun olaraq,
2006-cı ilin 1 yanvarından məcburi dövlət sosial
sığorta haqları hesabına müəssisə və təşkilatlar
tərəfindən aparılan sosial ödəmələrin
idarə olunmasının DSMF-yə verilməsi də öz səmərəsini
verib. Belə
ki, bunun nəticəsində işləyənlər üzrə
pensiya və müavinətlərin ödənişinin iş
yerlərindən aparılması səbəbindən yaranan
problemlər, o cümlədən sosial ödənişlər
üzrə borc yaranması halları artıq aradan
qaldırılıb.
Bu ödəmələrin yeni əsaslarla təşkili
və plastik kartlarla həyata keçirilməsi təmin
edilib. Bununla
yanaşı, 100 min nəfərdən çox işləyən
pensiyaçıya yaşa görə əmək
pensiyasının 50 faizi həcmində ödənilməsi
kimi mənfi praktika aradan qaldırılıb və onlar öz
pensiyalarını tam məbləğdə almağa
başlayıblar: "2006-cı ilin 1 yanvarından sonra
pensiyaların əməkhaqqına məhdudiyyət qoyulmadan
hesablanmasına keçilib. 2007-ci il yanvarın
1-dən hərbi qulluqçular və xüsusi rütbəli
şəxslərin məcburi dövlət sosial
sığortasına cəlb edilməsi və həmin şəxslərin,
həmçinin dövlət qulluqçularının əmək
pensiyaları ilə təminatına keçilməsi nəticəsində
ölkədə vahid sığorta-pensiya sisteminin qurulması
başa çatdırılıb". Qurum
rəhbəri əlavə edib ki, həmin sistemin
üstünlüklərindən hər kəsin istifadə etməsinə
imkan yaradılıb. Onun sözlərinə görə,
yeni sistemin əsas məzmunu olan sığortaolunanlar
üçün ödənilən sığorta
haqlarının fərdi uçotu qurularaq, vətəndaşların
pensiya təminatının həmin uçotun məlumatlarına
əsasən aparılması işləri də intensivləşdirilib:
"2009-cu ilin 1 yanvar tarixinə 1 milyon 490 minə yaxın
sığortaolunana sosial sığorta nömrəsi verilib.
Onlar üçün fərdi hesab açılıb, 1 milyon
477 min nəfərə isə sosial sığorta şəhadətnaməsi
təqdim edilib: "Bundan başqa, islahatların əsas mərhələsi
kimi 2004-cü ildən etibarən pensiya və müavinətlərin
əhaliyə çatdırılmasında müasir
texnologiyaların tətbiqinə nail olunub". 2008-ci ilin
sonuna olan göstəricilərə əsasən, şəhərlərdə
yaşayan pensiyaçıların 100 faizi, kəndlərdə
isə 84 faizi, ümumilikdə ödənişdə olan
pensiyaların 92,4 faizə yaxını, yəni 1 milyon 30 min nəfəri
pensiyasını plastik kartlarla alır. Bu məqsədlə
ümumilikdə 417, o cümlədən kənd və qəsəbələrdə
51 bankomat qurularaq istifadəyə verilib: "Bu göstərici
üzrə Azərbaycan dünyada ən şəffaf praktikaya
malik ölkələrdən biri hesab olunur".
Məcburi
dövlət sosial sığorta haqlarının toplanması
işləri gücləndiriləcək
S.Müslümov
əlavə edib ki, ötən dövr ərzində regionlarda
yeni iş yerlərinin açılmasına, fondun
ayrı-ayrı rayon (şəhər) orqanlarının
inzibati binalarının əsaslı təmiri və rekonstruksiyasına, beynəlxalq standartlara cavab
verən avtomatlaşdırılmış iş yerlərinin
yaradılmasına da diqqət yetirilib. Onun sözlərinə
görə, beş il ərzində fondun
60-dan yuxarı yerli şöbəsinin yeni inzibati binası
istifadəyə verilib, hər bir binada müasir informasiya
texnologiyalarına əsaslanan lokal şəbəkə qurulub:
"Sistemdəki kompyuterlərin sayı 2280-ə
çatdırılıb və beləliklə, 1
işçiyə 1 kompyuter prinsipi ilə müasir standartlara
cavab verən avtomatlaşdırılmış iş yerləri
yaradılıb. Rayon şöbələrində
yerli şəbəkələr qurulub və həmin şəbəkələrin
10 regional mərkəz və respublika üzrə mərkəzi
məlumat bazasına birləşdirilməsi davam edir".
S.Müslümov nəzərdə tutulan işlərdən
də söz açıb. Belə ki, perspektivdə
sığorta-pensiya sisteminin özü-özünü tənzimləyən
və müstəqil gələcək inkişafına nail
olunması, bu konteksdə əsas məqsəd və vəzifələrin,
həyata keçiriləcək tədbirlərin müəyyənləşdirilməsi
mühüm əhəmiyyət kəsb edir. Qurum rəhbəri
respublika prezidentinin 2008-ci il 30 dekabr tarixli
sərəncamı ilə təsdiqlənmiş proqrama da
toxunub. Belə ki, "2009-2015-ci illərdə Azərbaycanda
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı" qeyd olunan vəzifələrin kompleks həllinə
yönəlib və ölkədə sığorta-pensiya
sistemində həyata keçirilən islahatların növbəti
mərhələsini müəyyənləşdirir:
"Proqramla müəyyən edilmiş tədbirlərin həyata
keçirilməsində sığorta-pensiya sisteminin maliyyə
dayanıqlığına nail olunması, sosial sığorta
prinsiplərinin daha da gücləndirilməsi, bu zəmində
vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi
xüsusi diqqət mərkəzində saxlanılacaq". Bundan başqa, 2009- cu ildə məcburi dövlət
sosial sığorta haqlarının toplanması, fərdi
uçot sisteminin inkişafı istiqamətində işlər
daha da gücləndiriləcək.
Qurumdan o da qeyd edilib ki, kollegiya iclasında fondun 2008-ci
ildəki fəaliyyəti qənaətbəxş hesab olunub.
HƏQİQƏT
Kaspi.-2009.-13
fevral.-S.9.