Milli bəstəkarlıq
məktəbinin korifeyi
Tofiq
Quliyevin həyat və yaradıcılığına həsr
olunan fotosərgi açılıb
"Yalnız fotolarda insanın daxili aləmini, emosiyalarını, yaşantılarını hiss etdirmək olar" - dahilərdən birinin söylədiyi bu fikir dünən Muzey Mərkəzinin sərgi qalereyasında Xalq artisti, Dövlət Mükafatı laureatı görkəmli bəstəkar Tofiq Quliyevin həyat və yaradıcılığına həsr olunan fotosərginin açılışında səsləndi.
Fotosərgidə Tofiq
Quliyevin həmkarları, böyük bəstəkarlar - Qara
Qarayev, Fikrət Əmirov, görkəmli şair və
yazıçılar, İran müğənnisi Mərziyə
xanım, böyük türk şairi Nazim Hikmət, yapon vokal
kvarteti "Dak-Dake"nin üzvləri və başqa görkəmli
şəxsiyyətlərlə fotoları nümayiş olundu.
Tədbir iştirakçıları dilsiz fotoların dili ilə
bir neçə il bundan əvvələ qayıdıb
böyük bəstəkarın həyat və
yaradıcılığı ilə yaxından tanış
oldular. Tofiq Quliyevin uzun illərdən bəri ölkəmizdə
və onun sərhədlərindən uzaqlarda səslənən,
ilkin təravətini itirməyən mahnıları. Bu
mahnılar illərdən bəridir ki, həyatımızın
salnaməsinə çevrilib. O, Azərbaycan musiqi mədəniyyəti
tarixinə keyfiyyətcə yeni olan kütləvi
mahnının yaradıcısı kimi daxil olub. Buna görə
də təbiidir ki, başqa janrlarda bir sıra əsərlər yazmasına
baxmayaraq, T.Quliyev hər şeydən əvvəl fərdi
üslub xüsusiyyətlərinə malik mahnıların
müəllifi kimi tanınıb. Onun əsərləri içərisində
musiqili komediyalar, kantatalar, instrumental nümunələr, kino
musiqisi var. Lakin bütün bu əsərlərdə də məhz
mahnı bəstəkarının dəst-xətti
müşahidə olunur. Onun operettaları da, kantataları da, filmlərə
yazdığı musiqi də mahnıvariliklə
aşılanıb.
T.Quliyevin nadir melodik istedadı və
emosionallığı - bəstəkarın dəst-xəttinin
başlıca cəhətlərindən biridir ki, bu da onun
mahnılarına fərdilik, bənzərsizlik və səmimiyyət
verir. Bəstəkarın
mahnılarının melodikası müasir mahnının, estrada və caz musiqisinin xüsusiyyətlərini
özündə daşıyır. Bununla belə,
bu melodikanın ən mühüm mənbəyi - xalq
mahnısı və buna xas olan intonasiyadır.
T.Quliyevin mahnılarında eyni zamanda müəllifin -
milli musiqimizin, muğam, mahnı, rəqslərin səciyyəvi
xüsusiyyətlərinə arxalanan Azərbaycan bəstəkarının
şüurlu yanaşması və zövqü
özünü büruzə verir. Odur ki, T.Quliyev
yaradıcılığı daim tədqiqatçıları
və bəstəkarları cəlb edir. Görkəmli
bəstəkarın yaradıcılığındakı bu
çalarlar fotosərgidə sərgilənən əsərlərdə
gerçək həllini tapmışdı.
Tədbiri
giriş sözü ilə açan Əməkdar incəsənət
xadimi Cəmil Quliyev görkəmli bəstəkarın həyat
və yaradıcılığına həsr olunan fotosərginin
rəhbərlik etdiyi Dövlət Film Fondu və Dövlət
Kino Foto Sənədləri Arxivi ilə birlikdə
hazırlandığını bildirdi: "toplanan fotoların
bir hissəsi Dövlət Kino Foto Sənədləri Arxivində
qorunub saxlanıb, bir hissəsi də Gürcüstandan şəxsi
arxivdən bizə hədiyyə olunub. Biz bu
fotolarla Tofiq Quliyevi yaşadırıq. Bu fotolarda məşhur
bəstəkarın bütün hiss və həyəcanlarını,
yaşantılarını görmək olur".
Tədbir iştirakçılarına görkəmli bəstəkarın
bioqrafiyası haqqında məlumat verildi. T.Quliyev 1917-ci il noyabrın 7-də Bakıda doğulub. 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası
yanında peşə məktəbinə, 1934-cü ildə
Konservatoriyaya daxil olub. Həm
İ.S.Aysberqin sinfində fortepiano, həm də
S.Q.Ştrasserin sinfində dirijorluq dərsi alıb. Hələ 1931-ci ildə Asəf Zeynallının məsləhətiylə
M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını
bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram
Teatrında dirijorluğa başlayıb. 1951-ci
ildə "Azərbaycan xalq rəqsləri" toplusunun
hazırlanmasında iştirak edib. 1956-1958-ci
illərdə bir neçə mahnısı "Azərbaycan
mahnıları" cildlərinə salınıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə
"Rast", "Segah", "Zabul", "Dügəh"
muğamlarını fortepianoda hazırlayıb. Sonra Ü.Hacıbəyovun təşəbbüsüylə
təhsilini davam etdirmək üçün Moskva Dövlət
Konservatoriyasına göndərilib. Tezliklə
A.Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianist işləməyə
başlayıb. Bakıya qayıdandan sonra
1941-ci ildə "Qırmızı ordu" ansamblını
yaradıb. 402-ci diviziyanın tərkibində
çalışan ansambl üçün müxtəlif
patriotik mahnılar yazıb. 1943-cü ildə
iki yerə bölünən ansamblın
"Qırmızı flot" hissəsinə rəhbərliyə
başlayıb. Müharibədən sonra
bir neçə teatrla əməkdaşlıq edib. 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında
təhsilini davam etdirib. Sonra aspiranturaya daxil olaraq A.Qaukun
rəhbərliyi altında elmi iş müdafiə edib. 1954-cü ildə Azərbaycan Dövlət
Konservatoriyasında dərs deməyə başlayıb. Daha sonra Filarmoniyanın bədii rəhbəri, sonra
direktoru olub. 1960-70-ci illərdə bir
çox beynəlxalq konfrans, festival, incəsənət
günləri iştirakçısı olub. 70-ci illərin
sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri,
o cümlədən "Bakı payızı"nı yaradıb.
Bəstəkar yüzlərə nəğmənin, bir
neçə operettanın müəllifi kimi bir çox dram
tamaşaları və filmlərə musiqi bəstələyib. Milli kinomuzun
inkişafında onun xidmətləri böyükdür.
T.Quliyev "Səbuhi", "Bəxtiyar",
"Görüş", "Qızmar günəş
altında", "Ögey ana", "Onu
bağışlamaq olarmı?", "Telefonçu
qız", "Möcüzələr adası", "Sən
niyə susursan?", "O qızı tapın", "Nəsimi",
"Dərviş Parisi partladır", "Xoşbəxtlik
qayğıları", "Qayınana", "Nakəs"
və s. bədii, 20-dən artıq sənədli filmə, o
cümlədən "Şəfa nəğməsi",
"Bakıdan Göygölədək", "Sovet Azərbaycanı",
"Bakı və bakılılar", "Alagöz
yaylağında" və s. kinolentlərə musiqi bəstələyib.
Bəstəkarlar
İttifaqının katibi Lalə Hüseynova Tofiq Quliyevin
musiqisini həyatımızın ayrılmaz bir hissəsi kimi
dəyərləndirdi: "Zaman keçir, ancaq bu sənətin
cazibəsi daha da artır. Böyük sənətin
gücü bəlkə də bundadır. Tofiq
Quliyev fenomen sənətkar idi. Onun
formalaşmasında heç şübhəsiz, ailə
köklərinin də rolu olub. O, elmə, sənətə
bağlı olan bir ailədə doğulmuşdu. Tofiq Quliyev böyük istedadını peşəkarlıqla
qovuşduran sənətkar idi. O, Moskvada təhsil
almışdı. Təbii ki, Moskva incəsənətinin
ab-havası onun formalaşmasında böyük rol
oynamışdı. Bütün bunlar da
onun gözəl mahnı incilərinin yaranmasına səbəb
olmuşdu. Tofiq Quliyev gözəl
pianoçu idi. O, bu sənətin dalıyca getsəydi,
bəlkə də böyük pianoçu ola
bilərdi. Amma eyni işdə saatlarla
çalışmaq onu cəlb etmirdi. Böyük
bəstəkar bütün janrlarda yazıb
yaradırdı".
Lalə
xanım Tofiq Quliyevi həmçinin böyük ictimai xadim
kimi dəyərləndirərək onun insani keyfiyyətlərindən
söhbət açdı: "Mən 15 il onunla bir yerdə
işləmişəm. O, Bəstəkarlar
İttifaqının sədri olanda, mən ittifaqın katibi
işləyirdim. Tofiq müəllim hamıya
xeyirxah yanaşırdı. Baxmayaraq ki, həyatında
çox ağır günlər keçirmiş, müharibənin
ağrı-acısını dadmışdı, bütün
bunlar onun insanlara sevgisini azaltmırdı. Onunla
ünsiyyətdə olan, onu yaxından tanıyan adamların
hamısı Tofiq müəllimin bir insan kimi gözəl
keyfiyyətlərindən həmişə danışırlar.
Tofiq Quliyev həm də ona görə xoşbəxt
sənətkar idi ki, onun yaradıcılığı, şəxsiyyəti
ölkə hüdudlarından kənara
çıxmışdı, dar bir çərçivədə
qalmamışdı".
Xalq
artisti Oqtay Zülfüqarov fotosərgini seyr etdiyi zaman gözləri
önündə əziz xatirələrin, dəyərli
anların canlandığını dilə gətirdi: "Mən
Bəstəkarlar İttifaqında işləyəndə orada
çox görkəmli insanlarla ünsiyyətdə olurdum. Tofiq Quliyev mənə həmişə atalıq
edib. O, həmişə mənim dayağım olub. Bu xeyirxahlıq sonrakı bütün
yaradıcılığımda mənə dəstək oldu".
Xalq
artisti Canəli Əkbərov da Tofiq Quliyev kimi bir bəstəkarla
işlədiyi üçün özünü xoşbəxt
sənətkar adlandırdı: "Tofiq Quliyev
Filarmoniyanın rəhbəri olanda mən orada solist işləyirdim.
Onun milli musiqimizə, muğamlara, estradaya, caz
musiqisinə olan rəğbətindən zövq
alırdım. Həmin dövr
Filarmoniyanın məsuliyyətli dövrü idi. Sonralar Tofiq müəllim mənim evimdə də
qonaq olub. O, bununla mənə olan məhəbbətini
sübut edib. Tofiq Quliyevin rəhbərliyi
altında işlədiyim üçün indi də qürur
duyuram".
Kinoşünas Aydın Kazımzadə görkəmli bəstəkarın kino yaradıcılığından söhbət açdı: "Mən də o xoşbəxt insanlardanam ki, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev kimi bəstəkarlarla söhbət etmişəm. Tofiq Quliyev Bəstəkarlar İttifaqının sədri olanda mən kino ilə bağlı onunla saatlarla danışırdım. İlk mahnısı Mirzə Ələkbər Sabirin sözlərinə "Məktəbə gedən bir uşaq" olan Tofiq Quliyev sonradan Azərbaycanın ən görkəmli bəstəkarına çevrildi.
Tofiq Quliyevin yaradıcılığı kino ilə sıx bağlıdır. Onun həmişə sevilən mahnıları həyata məhz kinofilmlərdən adlayıb.
Tofiq Quliyev bütün rejissorlarla işləyirdi. Bununla belə, onun öz rejissorları vardı. Məsələn, o, Həsən Seyidbəyli ilə bir çox filmdə işləyib. Tofiq Quliyev peşəkar dirijor olduğu üçün filmlərə yazdığı mahnını səsləndirərkən, simfonik orkestri özü idarə edirdi. Həmin filmlərin uğur qazanmasında heç şübhəsiz musiqinin də rolu olub. Xalq musiqisi ilə estrada musiqisinin sintezindən yaranan bu əsərlər bu gün də səslənir və ruhumuzu oxşayır. Məhz buna görə də Tofiq Quliyev milli bəstəkarlıq məktəbinin korifeyi kimi tanınır və onun adı musiqi tarixmizə həkk olunub".
Tədbirin sonunda bəstəkarın oğlu, tanınmış kinorejissor Eldar Quliyev və bəstəkarın nəvəsi Cəmilə xanım fotosərginin təşkilinə görə təşkilatçılara minnətdarlıqlarını bildirdilər.
Təranə MƏHƏRRƏMOVA
Kaspi.-2009.-12
fevral.-S.11.