Ortaq
türk dilinin əsasında Azərbaycan dili
dayanmalıdır"
Gövhər
Baxşəliyeva: "Bu dili qorumaq dövlətin və hər
bir vətəndaşın borcudur"
Milli Televiziya və Radio Şurasının telekanallarda bütün proqramların Azərbaycan dilində səsləndirilməsi ilə bağlı qərarının icrası geniş müzakirələrə səbəb olub. Xüsusilə də şuranın türk seriallarının dublyayı ilə bağlı qoyduğu tələblər bəziləri tərəfindən etirazla qarşılanır. Bu fikirdə olanlar hesab edirlər ki, Azərbaycan və Türkiyə türkcəsi təxminən eyni dil olduğundan dublyaya ehtiyac yoxdur. Əks fikirdə olanlar isə hesab edirlər ki, "Dövlət dili haqqında" qanunda dövlət dili kimi Azərbaycan dili müəyyənləşdirilib. İndi qanun icra edilməli, dövlət dili qorunmalıdır. Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva Milli Televiziya və Radio Şurasının qərarının düzgün olduğu fikrindədir. Onun sözlərinə görə, ictimaiyyət şuranın dövlət dilinin qorunması istiqamətdə atdığı addımları dəstəkləməlidir:
- Qəti əminəm ki, Milli Televiziya və Radio Şurasının qərarı çox düzgün və vaxtında atılmış addımdır. Azərbaycan dili Konstitusiyamızda təsbit olunmuş dövlət dili statusuna malikdir. Bu dili yaşatmaq, inkişaf etdirmək, tətbiqini təmin etmək, saflığını qorumaq dövlətin və hər bir vətəndaşın borcudur. Azərbaycan dili günümüzə qədər böyük inkişaf yolu keçib. Bu gün dilimiz bütün türk dilləri içində öz leksik tərkibinə, qrammatik strukturuna görə ən zəngini, ən inkişaf etmişidir. Eyni zamanda, müasir Azərbaycan dili türk dilləri içərisində öz təmizliyini və genetik xüsusiyyətlərini ən yaxşı qoruyub saxlamış dildir. Bu mənim subyektiv fikrim deyil. Bütün dilçi-alimlər tərəfindən qəbul olunmuş həqiqətdir. Deyək ki, 18-ci əsrin sonunadək Orta Asiyada türk dili məhz Füzulinin "Leyli və Məcnun"u vasitəsilə tədris olunurdu. Belə olan halda dilimizin tətbiqinin məhdudlaşdırılması hətta digər türk dilləri hesabına belə, xalqımıza lazımdırmı? Eyni zamanda, türkdilli xalqların bir-birinə yaxınlaşmasında, qarşılıqlı inteqrasiya prosesində dil probleminin olduğu da həqiqətdir və bir çox elm adamının fikrincə, ortaq türk dili bu problemi aradan qaldırar. Söhbət yeni dil yaradılmasından getmir - bütün türk xalqları üçün ümumi ola bilən dilin seçilməsindən gedir. Yəni bu xalqlara hansısa yabançı, xarici dil və yaxud da "Esperanto" kimi süni düzəldilmiş dil təklif olunmur, söhbət əcdadlarımızın min illərlə danışdığı, sonrakı nəsillərə ərməğan verdiyi dilin hamı üçün anlaşılan bir formasının ümumi qəbulundan gedir. Burada ortaq dil kimi hansı dilin seçilməsi də digərini aşağılamaq, yaxud onun dilinə sayğısızlıq kimi qiymətləndirilə bilməz. Çünki bu gün özbək, qazax, qırğız, türkmən, tatar, başqırd, Azərbaycan və sair adlarla adlandırdığımız dillərin hamısı bir kökdən, bir mənbədən gəlir. Vaxtilə hamımızın əcdadları bu dildə danışmaqla bir-birlərini başa da düşüb, fikirlərini də çatdırıb. Biz niyə eyni köklü xalq olduğumuz halda bir-birimizi başa düşməyək, niyə bizim aramızda dil sərhədi olsun? Buna etiraz edənlər niyə düşünmürlər ki, ortaq dilin seçilməsi həm də bu dillərin hər birinin zənginləşməsinə, onlardakı yabançı sözlərin təmiz türk sözləri ilə əvəzlənməsinə gətirib çıxara bilər. Fikir verin, Türkiyə ilə əlaqələrimiz vaxtilə dilimizdə olmuş, sonradan isə rus dilinin təsiri ilə sıxışdırılaraq unudulmuş nə qədər təmiz türk sözünün yenidən bərpa olunmasına səbəb olub. Məsələn, müstəqillik dönəminə qədər Azərbaycan dilində "subyektiv" sözünün təmiz türkcəsini çox az adam bilirdi. İndi isə hamı "özəl" deyir. Təmiz türk sözüdür, dilin bütün qanunlarını özündə əks etdirir. Yaxud sovet dövründə "multiplikasiya" deyilən bir söz var idi, hətta dilin işlək fonduna daxil edilmişdi. Mətbuatda da, televiziyada da belə yazılırdı. Lakin sonradan Türkiyə türkcəsi vasitəsilə dilimizə qayıdan "cizgi" sözü onu birdəfəlik arxivə atdı. "Cizgi" dilə də asanlıqla yatır, tələffüzü də asandır. O cümlədən, "birbaşa translyasiya" ifadəsi. İndi "canlı yayım" deyirik. Birləşmənin hər iki tərəfi təmiz türk mənşəli sözlə ifadə olunub. Bir sözlə, ortaq dil türk respublikalarının inteqrasiyasına şərait yarada biləcəyi kimi, həm də bu dillərin etno-milli əsasda təmizlənməsini, inkişafını təmin edə bilər; dil saflaşar, durulaşar. Mən bu bir neçə misalın nümunəsində Azərbaycan dilinin Türkiyə ilə əlaqələr hesabına nə qədər yabançı sözdən xilas olduğunu görürəm. Yəqin ki, eyni proses Türkiyə türkcəsində də gedib. Orta Asiyanın türkdilli respublikalarına gəlincə isə burada türk dillərinin vəziyyəti daha acınacaqlıdır. Qazax, qırğız, türkmən dilləri rus dilinin təsirinə daha çox məruz qalıb. Onların hətta ziyalıları danışanda hər cümlədə bir neçə rus sözü işlədirlər. Hətta yazılı ədəbiyyatda da yeri gəldi-gəlmədi rus dilindən alınma söz və birləşmələrə rast gəlinir. Əlbəttə, ortaq dil bu dillərin təmizlənməsinə, paklaşmasına, özünə qayıdışına şərait yarada bilər. Ən başlıcası isə xalqların inteqrasiya prosesini sürətləndirər, onlar arasındakı mənəvi yaxınlığı daha da dərinləşdirər.
-
Dediklərinizdən aydın olur ki, siz bir alim kimi ortaq türk
dili ideyasını yüksək dəyərləndirirsiniz... Lakin
onu da qeyd edək ki, söhbət hələlik ideyadan gedir.
Tutaq ki, sabah konkret işə keçmək lazım gəlindi,
onda siz bu dillərdən hansının ortaq dil olmasına
üstünlük verərdiniz?
- Heç şübhəsiz ki, mən ortaq türk dilinin əsasında Azərbaycan dilinin dayanmasını istərdim. Ona görə yox ki, özüm azərbaycanlıyam, öz dilimi daha çox sevirəm. Mən məsələyə daha çox dilçilik aspektindən, dilin öyrənilməsi səviyyəsindən, təmizliyindən, norma və qanunları gözləməsindən, tarixi-ənənəvi keyfiyyətləri qoruması baxımından yanaşıram. Təxminən min il bundan öncə yazıya alınmış "Kitabi-Dədə Qorqud" dastanı ilə bugünkü Azərbaycan dili arasında çox az fərq var. Müasir Azərbaycan oxusucu "Dədə Qorqud"u oxuyur və asanlıqla başa düşür. Yəni müasir Azərbaycan dili türk dilləri içərisində öz təmizliyini, genetik xüsusiyyətlərini ən yaxşı qoruyub saxlamış dildir. Digər tərəfdən, Azərbaycan dili kifayət qədər ciddi öyrənilib, dil materialı linqvistik baxımdan təhlil edilib. Adi bir misal deyim, Mahmud Kaşğarinin hələ 12-ci əsrdə türk dillərində kəşf etdiyi ahəng qanunu bu gün ən çox Azərbaycan dilində izlənilir. Bu da dilin axıcılığında, rəvanlığında özünü göstərir. Ona görə də Azərbaycan dili tez anlaşılır və başa düşülür. Dilimizin bu xüsusiyyətini nəzərə alaraq bir vaxtlar M.Y.Lermontov yazırdı ki, fransız dili Avropa üçün nədirsə, azərbaycanlıların da dili Şərq üçün həmin şeydir. Hesab edirəm ki, ortaq türk dilinin əsasında Azərbaycan dilinin dayandığı təqdirdə onun bütün türkdilli xalqlar üçün ümumişlək dilə çevrilməsi problemi olmayacaq.
-
Görünür, bu, dilçi alimlərimizin böyük sənətkarlarımızla
birgə uzun müddət dilimizin saflığı uğrunda
apardıqları mübarizənin bəhrəsidir. Dilimiz ərəb-fars
tərkiblərindən təmizlənib, dilin ən
"dözümlü" hissəsi olan fellər əsasında
onlarla yeni söz yaranıb...
- Tamamilə haqlısınız. Qaldı məsələnin ortaq türk dili müstəvisinə gətirilməsinə, mən demirəm ki, ortaq türk dili kimi Azərbaycan dili qəbul olunmalıdır, mən deyirəm ki, ortaq türk dilinin əsasında Azərbaycan dili dayansa, daha yaxşı olar. Əlbəttə, həmin dilə Türkiyə türkcəsindən də, türkmən dilindən də, qazax dilindən də, qırğız dilindən də sözlər, ifadələr gələ bilər. Çünki dil daim inkişaf etməyi, zənginləşməyi sevən ictimai ünsiyyət vasitəsidir. Tutaq ki, bu gün bizim dilimizdə elə alınma sözlər işlənir ki, onların təmiz türkcəsini bilmirik. Sabah həmin söz qazax və yaxud qırğız dili vasitəsilə dilimizə qayıdıb möhkəmlənə bilər. Bunun nəyi pisdir ki? Əksinə, dilimiz zənginləşir. Ortaq dil məsələsinə gəldikdə isə yenə deyirəm, mən həmin dilin əsasında Azərbaycan dilinin dayanmasını istərdim. Bu isə o demək deyil ki, digər türk dilləri, o cümlədən Türkiyə türkcəsi inkar olunmalıdır, yox, sadəcə, dilimizin qrammatik strukturu, fonetik qanunları ortaq türk dilinin əsasını təşkil etməyə optimal imkan verir.
-
Gövhər xanım, inanırsınızmı ki, ortaq dil
türk dünyasının inteqrasiyasında əsas rolu
oynayacaq?
- Bilirsiniz, qloballaşan dünyada sərhədlər rəmzi mahiyyət daşımağa başlayır, ölkələr və xalqlar qovuşur. Heç kəs bu proseslərdən kənarda, təcrid olunmuş vəziyyətdə yaşaya bilmir. Görün, bu gün dünyada nə qədər birlik var: Avropa Birliyi, Ərəb Ölkələri Liqası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və sair və ilaxır. Bütün bu birliklər ümumi inteqrasiya və bundan da öncə qloballaşmanın qanunauyğunluğundan doğur. Belə bir zamanda türk respublikalarının da siyasi, iqtisadi və mədəni inteqrasiyaya can atmaları təbiidir. Əgər bu gün türk respublikaları arasında ortaq dil problemi həll olunarsa, sabah digər sahələrdəki maneələr də aradan qalxar. Bir sözlə, türkdilli respublikaların yaxınlaşması üçün əsas çoxdur və mənim fikrimcə, belə bir inteqrasiya bizim qloballaşmaya verdiyimiz ən yaxşı töhfə ola bilər.
QULİYEV İlham
Kaspi.-2009.-13 fevral.-S.4.